Səhifə 2 / 2 · 50%

Pirverdi. Qardaş oğlu, indi bu xurcuna sahib ola bilərsiniz. (Verir.)

Camal bəy. Pirverdi, siz tərəflərdə bizi axtaran yoxdur ki?

Pirverdi. Dünən axşam pristav üç yüzədək atlı ilə bizim obanın yanından getdi.

Camal bəy. Naçalnik haradadır, bilirsənmi?

Pirverdi. Naçalnik, deyirlər, aranda əli boşa çıxıb, yenə dağa sarı qayıdıb... Əlavə belə danışırlar ki, naçalnikə üç min manat vədə ediblər...

Camal bəy. Bilirəm, məni öldürənə üç min manat vədə edib... Eşitmişəm... Üç min deyil, qoca, artıqdır...

Pirverdi. Üç min deyil, on min də olsa, heç kimin əli qalxmaz sizin canınıza qəsd etsin.

Bəkir (hövlnak). Qayanın üstündə gördüm iki dəstə atlı bizə sarı yönəliblər, yəqin ki, onlardı.

Camal bəy (ayağa qalxıb). Yoldaşlarını xəbərdar etdinmi ya yox?

Bəkir. İldırıma papaq elədim... Çox böyük dəstədir, görmüyə bilməzlər...

Cahangir bəy (aşağı baxıb). Budur, İldırım da gəlir.

Camal bəy. Darıxmayın... Xəlil hankı tərəfə gedib?

Cahangir bəy. Xəlil köç yoluna gedibdir...

Camal bəy. Cahangir, xanımları çağır gəlsinlər... Yerimiz yaxşı olmadı... Görək, Allaha pənah.

Cahangir bəy gedir.

İldırım (yaxınlaşır). Ağa! Gəlirlər, hazırlaşmaq gərək...

Camal bəy. Xəlil necə oldu? Gör onu çağıra bilərsənmi!

Bəkir (aşağı baxıb). Budur Xəlil də gəlir...

Xəlil (hövlnak). İki dəstədirlər. Az qalıblar üstümüzü alsınlar, piyada gəlirlər...

Cahangir bəy xanımlar ilə gəlirlər.

Camal bəy. Yaxın gəlin... Qaçaq, hara qaçaq? Qaçaq, nə edək?

Bəkir. Özümüzü verək o daşın dalına... Axşamadək vuruşaq, qaranlıq düşəndən sonra yolumuz dolamadır.

İldırım. Mən kəsərəm qabaqlarını, qoymaram yaxınlaşsınlar.

Xəlil. Mən yuxarı tərəfi kəsərəm, ölənədək qoymaram yaxınlaşsınlar...

Səadət xanım. Ata! Mən sənin qabağında duracağam, qoy qabaqca güllə mənə dəysin.

Zinyət xanım. Ay uşaqlar, oğlum pəs harada qalıb?

Cahangir bəy. Gedib özgə yerə, o ələ keçməz... O barədə arxayın olunuz.

Camal bəy. Siz oturun o çökəkdə, əl-ayağa dolaşmayın. O ki qaldı sizə, oğlanlarım, siz bir-birinizdən uzaqlaşmayın... Darıxmayın... Aramla iş görün! Sonra görək Allah nə istəyib...

İldırım. Xanımlar, heç qorxmayınız. Allah qoysa mən onları köç yolunadək qovacağam... Elə qışqırım ki, adları yadlarından çıxsın...

Cahangir bəy (Pirverdiyə). Əmican! Sən bigünah bizim odumuza yanacaqsan... Heyf ola...

Pirverdi. Balaca xanım tüfəngini versin mənə, onda görərsiniz qoca Pirverdi nə afətdir, necə canavardır.

Camal bəy. Hərə öz yerinə! Bismillah-rəhmanir-rəhim. Əşhədən la-ilahə-illəllah. Əşhədən Məhəmmədən-Rəsul-Allah. (Getmək istəyir.)

Pirverdi. Başına dönüm, Camal bəy, bir balaca səbr elə! Nicat yolu tapmışam: bax yanımızdakı dərənin içindən bir uca palıd ağacı, odur ha, bəri çıxıb. Dərəyə düşmək mumkündür... Heç kəsin ağlına gəlməz ki, qaçaqlar özlərini bu ağzıbirə salsınlar... Mənim əl-ayağımı səriyib, yıxarsınız bu ağacın dibinə... Onlar bəri çıxanda mən onlara bir dil tökərəm çaşıb qalarlar. Ağızlarını buraram dolayı... Daha durmaq yeri deyil, səriyiniz məni, səriyiniz, tezcə, tezcə...

Camal bəy. Yaxşı tədbirdir... (Pirverdinin əl-ayağını bağlayıb səriyirlər ağaca.)

Pirverdi. Dayanmayınız! Bismillah! Gedin! Heç qorxmayın, Allah kərimdir...

Cəmən. Yaşasın qoca!

Camal bəy. Pirverdi! Səni Allaha tapşırıb gedirik...

Pirverdi. Gedin, Allah sizə yar olsun! (Gedirlər.) Vay, müsəlman, evin yıxılsın, necə ki elə yıxılıbdır... Yazıq Camal bəy ömründə heç kəsə yamanlıq etməyibdir, yaxşılıqdan başqa, indi gəl gör biçarə nə hala düşübdür. (Səktə.) Allahın lənətinə gəlmiş bəylər yazıq kişini yamanca bəlaya saldılar. (Səktə.) Həriflər deyəsən gəlirlər. Buyurunuz, gözüm üstündə yeriniz var... Gəlin, başınıza bir oyun açım ki, şeytanın da ağlına gəlmiyə. (Çəktə.) Odur ha, birisi üzü yuxarı dırmaşır. Hələ bir az da yaxınlaşınız görək!.. (Qışqırır.) Ay başınıza dönüm, amandır, atam sizə qurban, gəliniz! Gəliniz, qurbanınız olum, gəliniz. (İskəndər bir neçə yasavul la yaxınlaşır.)

İskəndər (naçalnikə). Ay ağa, bir kişini burada ağaca səriyiblər... A kişi, bir bəri bax görüm kimsən?

Pirverdi (kəsə-kəsə). Ölürəm, atam sənə qurban! Ölürəm anam sənə qurban... Aç əl-ayağımı... Allah sənin dayağın olsun...

İskəndər. Qoca, ölməzsən, qorxma... Qoy naçalnik gəlsin, bir az səbr elə, sonra açaram.

İvan bəy yanında bir neçə kazak, təngnəfəs gəlir.

Pirverdi (kəsə-kəsə). Ay ağa... atam... sənə qurban... bacım, qardaşım... sənə qurban... Nə yaxşı ki, Allah... sizi... yetirdi... yoxsa məni... qurd... quş... yırtacaqdı... Gətir ayaqlarından öpüm, ay ağa!

İvan bəy (kötüyün üstündə əyləşib). İskəndər! Aç bu kişinin əl-ayağını. (İskəndər açır.)

Pirverdi. Ay ağa, qurban olum... ayaq üstə... dura bilmirəm, izin veriniz oturum.

İvan bəy. Əyləş qoca! Nağıl elə bu necə işdir.

Pirverdi. Sırağa gün... sabah vaxtı... evdən çıxıb oğlanlarıma... yavanlıq aparırdım. Bu yalın ayağında, köç yolunda... bir dəstəyə... rast gəldim... Allah onlara lənət eləsin... məni dayandırdılar... nə qədər yalvardım, olmadı... saldılar məni qabaqlarına... buradək gətirdilər...

İvan bəy. Onlardan heç olmasa birini tanıdın, ya yox? Qoca, doğrusunu de!..

Pirverdi. Doğrusunu de nədir... ay başına dönüm... Allah onlara qəzəb eləsin... Allah onların evlərini tar-mar eləsin!..

İvan bəy. Tanıdın, ya yox?

Pirverdi. Xeyr ağa, ... tanıya bilmədim... məni qabağa salıb gətirən bir boz çuxa gödək oğlan idi, başına dönüm.

İvan bəy. Burada çoxmu qaldılar?

Pirverdi. Məni ağaca səriyəndən sonra iki saat o böyük ağacın altında çörək yeyib dincəldilər. Haram olsun, gözlərindən gəlsin mənim o yazıq, aranda biçində qalan uşaqlarıma apardığım yavanlıq.

İvan bəy. Sonra?

Pirverdi. Danışa-danışa getdilər.

İvan bəy. Hankı tərəfə getdilər və nə danışırdılar?

Pirverdi. Yavaş-yavaş danışırdılar, qanmaq olmurdu, ancaq qulağıma bir neçə sözləri dəydi: “Dərin göl, sarı bulaq”. Belə dolayı endilər, hara gedəsi oldular, onu qana bilmədim... On beşə qədər adam idilər, başına dönüm...

İvan bəy. Bax bu yanımızdakı dərəyə getmədilər ki?

Pirverdi. Xeyr, ora getmədilər... dörd tərəf qaya, bura getsələr, ağa, tələyə düşən kimi olarlar, ağlım kəsmir. Bir də yol dərəyə aşağıda qalıb... Buralarda yol yoxdur.

İskəndər. Doğru deyir, ağa, onlar heç vaxt özlərini bu ağzıbirə salmazlar.

Pirverdi. O gödək boz çuxa, məlun oğlu başıma bir tatarı vurdu, ağa, gözlərimdən od parladı. Ağa, atam sənə qurban, hərgah yanınızda varsa bir əl böyüklüyü mənə çörək, acam... qurban olum sənə.

İskəndər yasavul dan bir parça çörək alıb ona verir. Pirverdi tez-tez yeyir.

İvan bəy. Haralısan, qoca? Adın nədir?

Pirverdi. Ağdərəliyəm, ağa, adım da Səfi Qurban oğludur. (İvan bəy yazır.)

İskəndər. A qoca, onları görsən tanıya bilərmisən?

Pirverdi. Tanıram da, hələ desən atalarını yandırram da... Sabah elə gələcəyəm ağanın qulluğuna, mənə zülm etdilər məlun uşaqları, uşaqlarımı da aranda ac qoydular.

İskəndər. Ağa, dayanmaq yeri deyil, yola düşmək gərək, yoxsa əldən çıxarlar. (Gedirlər.)

Pirverdi (tək). Gedin, Allahın lənətinə gəlmişlər. Ağa naçalnik, ləhlə, hələ harasıdır, çox ləhləyəcəksən... Ləhlə ağam, ləhlə. (Başını yerə qoyub qulaq asır.) Getdilər, səsləri gəlmir... Şükür xudaya... (Qalxıb ətrafa baxır.) Odur ha gedirlər, dərəni keçdilər, dərəni keçdilər o taya... İndi, qoca Pirverdi, buyur qaya başına, çağır gəlsinlər. Sonra görək Allah nə istəyib... Eyib etməz ki, desəm: yaşasın qoca Pirverdi, yaşasın köhnə hərif!..

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü məclis

Vaqe olur həmin otaqda. Ağa Kərim xan, İskəndər xan, Leyla xanım, Rəhim, Əhməd, Cəfərəli daxil olurlar.*Ağa Kərim xan** (əyləşib). Qatar durun! Adbaad hər nə ki sizə buyuracağam, o bu gün gərək cabəca əmələ gəlsin! Vay o adamın halına ki, nöqtəcən səhlənkarlığı çıxa; ayağın falaqqaya salıb dırnaqların tökəcəyəm!.. Eşidin və yadınızda saxlayın!.. Leyla, yaxın gəl, diqqət və səy ilə həyət-bacanı təmiz-təmiz süpürtdürüb, gül kimi elətdirirsən. Su səpdirib zərrəcən qoymayasan toz qalsın. Otaqları, pəncərələri həmçinin... Vay sənin halına hərgah bir səndəl ya miz xarab ola. Əlavə, özün nə qədər boşqab, nəlbəki, kasa ortalığa gələcək isə, tam hesab ilə verib, hesab ilə də təhvilə gətirərsən. Vaveyla bircəsi onlardan sına, ya oğurlana. Get dur yerində. (Gedir.) Əhməd, yaxın gəl, pişxidmətlik səninlədir. Mizin üstə diqqət-səliqə ilə boşqabları, piyalələri, kasaları düzərsən! Qonaqlar əyləşəndən sonra durarsan kənarda, hər nə buyursalar, o saat əməl elərsən. Bir kəlmə danışmazsan. Zəmani ki, başladılar şərbət içməyi, tez-tez su təklif elərsən. Şərbət istəyənə artıq məhəl qoymazsan, guya ki, eşitmirsən. Neçə dəfə təkrar edəndən sonra piyalənin dibinə bir az şərbət töküb verərsən, hərgah bacarsan, bir az da qaşqabağını turşudarsan... Qandın nə buyurdum?

11 dəq
Dördüncü məclis

Vaqe olur həmin mənzildə.*Ağa Kərim xan** (çöldən). A gədələr! Rəhim, Səfərəli, aman günüdür, gəlin, başınıza dönüm, evim yıxılıbdı, ay aman, ay dad!.. Hər bir tərəfə qaçın, tutun oğrunu, qoymayın, a gədə, (daxil olur) ay Allah, ay peyğəmbər, göylər, ulduzlar! Məni soyublar, dədəmə od vurublar! Pulumu kim apardı, Allah?! Pulumu kim apardı?! Mənim gözəl pullarım, mənim əziz pullarım, gözümün işığı, belimin qüvvəti pulum! Vay, pulum, vay... Şikayət eləyəcəyəm yerdən, göydən... Bir divanxana qoymayacağam!.. On dəqiqə bundan əvvəl baxmışdım, pulum yerində idi... Mən nə işdi düşdüm, camaat? Mən ölürəm. Bax, canım yığıldı boğazıma... Sərbazlar, gəlin, minbaşılar, gəlin. Pulum tapılmasa bu boğazımdan özümü asacağam. Amandı qoymayın!.. (Gedə-gedə) Amandı qoymayın! Amandı qoymayın!.. (Gedir.)

8 dəq
Daldan atılan daş topuğa dəyər

(Komediya)*Əhli-məclis

18901 dəq
Əvvəlinci məclis

Əhvalat vaqe olur Əbdürrəhman bəyin otağında. Əbdürrəhman bəy kürsü üstə əyləşmiş, qabağında stol, stolun üstündə bir stəkan çay, əlində qəzet. Xırda xanım döşəkcə üstə əyləşmiş, dalında püştə.*Xırda xanım**. Xudavənda, görəsən, mənim kimi də dünyada bədbəxt varmı? Qumun, torpağın sayı var, hesabı var, mənim dərdimin hesabı yoxdur. Az qalıb ciyərim od tutub yana... Daş doğaydı mənim əvəzimdə dərin yatmış anam... İçərim özümü yandırır, çölüm özgəni... Xırda xanım budu getdi, Xırda xanım odu getdi... Xırda xanım Əbdürrəhman bəy arvadı. Bəli, bəxtəvər başımıza, ağrım Xırda xanıma da, onun ərinə də... ah, ah!..

18906 dəq

Başqa şairlərin şeirləri