Dördüncü məclis
Səhifə 2 / 2 · 50%
Paşa. A bəy, görünür ki, bu millətpərəstlər bir balaca sizə də toxuyublar... Buraya cəm olanları bir bəlaya salıblar ki, heç yerdə və heç millətdə görünməyibdir.
İmamqulu bəy. Mən də oyun, fən, “birjavay iqra” bəlasına düçar olmuşam. Aslan bəy xeyirxah olub iyirmi desyatin yerimi, adına fən qoyub alıb üç yüz manata desyatini. Qabaqcan satıb yəhudiyə, hər desyatini iki min manata, on günün ərzində otuz dörd min manat nəqd qoyub cibinə. Buyurdu ki, nəcib övladsız, sizə kömək lazımdır, Allah qoysa, deyirdi səni Parisə vıstavkaya aparacağam... Xa, xa, xa!.. Nəcabətindən dəm vururdu ağam...
Laçın bəy. А меня уверял, что сделка с Имамкули беком не состоялась... Вот мерзавец!
İmamqulu bəy. Триста четыре тысячи, триста четыре! Beş gündə. Ağızda deyilir, qardaşım, zarafat deyil!..
Cahangir bəy. Bu iş helədir ki, demək olur: yoğurmadım, yapmadım, hazırca kökə tapdım.
İmamqulu bəy. Gəlmişdim soruşam ki, bəy “birjavay iqra” nə deyən sözdür? Vallahı deyirəm, məni ancaq aldatmaq yandırır, nəinki pul. Ona görə mən gərək vəkilləri bir-bir görəm və bu işə bir əlac tapam.
Paşa. Mən əlacını sizə göstərim... Prokuror. Heç o yan-ba yanı görmək lazım deyil... Juliklik zakonda yoxdur və ola da bilməz... Doxsan yaşında qoca yazdığı kağız divanda qəbul olmaz.
Qurban. Vay, bəlaya düçar olan canım vay!..
Cahangir bəy. Bilirsiz nə var? Mən belə qanıram ki, siz piş əzvəqt təşvişə düşürsünüz, səbr eləyin, qoyun Aslan bəy gəlsin. Hərgah o vəd elədiyi məbləğləri verməsə, baş üstə, mən də sizə köməkçi.
Əhməd. Aslan bəy hərgah bir kəsə qəpik versə, onu fors üçün verir. Vəssalam. Fəqir-füqəraya qəpik də verməz və hərgah bir ianət eləmiş olsa, ölənəcən dağ böyüklükdə minnət qoyacaq o şəxsin boynuna, peşman eləyəcək, o biçarə bilməycək necə qurtarsın o minnətdən.
Cabbar bəy. Mən evi yıxılmışa, bu Cahangir bəyin dövlətindən yüz min manat əvəzinə gərək çataydı 1590 manat. Bir əlli-altmış çatıb, qalanı durur. Amma bu evi yıxılmış kağıza qol qoydurub ki, guya pul tamam-kamal çatdı. Belə yıxıb mənim evimi bu evi yıxılmış, bu yurdu itmiş! (Cahangir bəyə.)
Qurban. Mən evi dağılmışa, bu vəkilimin dövlətindən iki yüz, üç yüz min manat əvəzində gərək çataydı əvvəl-axır iki min manat. Həzərat, and olsun sizi, məni yaradana, necə ki, deyirəm, elə də var. O iki min manatdan mənə nə çatıb bilmirəm. Bir yol veriblər beş manat. Bir yol on. Hər kənddən gələndə beş-on manat veriblər. Bir-iki yol da bu Şeytan Qulu mənə qənd alıb verib... Kağıza mən də qol qoymuşam. Öz əlimlə yurd-yuvamı tar-mar eləmişəm.
Cahangir bəy. Haqdan keçmək olmaz, qardaşlarım, hər ikiniz doğru deyirsiniz, yalan yoxdur.
Laçın bəy. Bəs Hümmət nə eləsin? Özü şəhər əhli ola-ola, vağzal yanında yerini dörd min manata satıb, bir qəpik də pul almayıb. Yerini doxsan min manata satıblar.
Paşa. Bu oldu aşkar quldurluq. Dəxi nə durmusuz, düz gedin prakurora, yainki qubernatora, vəssalam. Boş-boş danışmaqdan çifayda?.. Nə durmusuz? Yoxsa it qulağın kəsəndən qorxar?.. Sizin evinizi yıxanların ümdəsi Aslan bəyin evinin bəzəyi, sonra bu Cahangir bəy, bu Şeytan, Laçın bəy, bu Əhmədin özü.
Əhməd. Doğru deyirsən, doğru deyirsən, qardaşım. İndi neyləmək gərək? Əlacı bunları qırmaqdır, yoxsa divandan bizə haray çatmaz.
Laçın bəy. Kül olmuşdu Aslanın başına ki, öz işini möhkəm aparmaya idi.
İmamqulu. Demək əl çək, get işinin dalıncan, vəssalam. Artıq nə danışmaq, əlac-məlac tapılmaz.
Paşa. Əlacı? Prakuror, prakuror, prakuror, vəssalam! Elə iş zakonda keçməz.
Əhməd. Belə deyil. Hərgah iş başlamaq istəsən, gərək vəkil tutasan. Sən beş verəsən, o həmin vəkilə min verər. Nə itirir? İşi puç elər, hələ artıq xərc də sizə qalar. Belə deyil? Bu müsibəti tapşıraq xudavəndi-aləmin divanına və müsəlman qardaşları xəbərdar edək, onlar bu qapıya yaxın gəlməsinlər. Saniyən, millətpərəstlikdən dəm vurur öz xeyirlərini mülahizə edən şəxslərdən qaçsınlar, əlavə, bəzəkli evdən qorxsunlar. Çünki bəzəkli evlərdə insaf, mürüvvət, rəhm az-az tapılır və bu işlərdən ötrü təklif edirəm: buyurun məscid qapısına, Allah qapısına.
Qurban. Çək, qardaşım, çək bizi Allah qapısına... Gedək. Mən axunda deyəcəyəm ki, axund, bizim vilayətə bir belə qulaqkəsən gəlibdir, aman günüdür, əlac, dərman, başına dönüm.
Cabbar bəy. Mən özüm münacat verəcəyəm, mən özüm minbərdə danışacağam, şəhərbəşəhər gəzəcəyəm, kəndbəkənd gəzəcəyəm, ölənəcən çalışacağam.
İmamqulu. Mən də, qardaşlarım, car çağırtdıracağam: ay müsəlman qardaşlar, oyuna, fənnə girməyin, qorxun “Birjavay iqradan”... Carçı qaban İskəndəri gətirdəcəyəm, dəniz qırağından başlayıb çıxaracağam şəhərin bu başına, sonra o başından bu başına. Bağır, başına dönüm, bağır! Elə bağır ki, qulaq tutulsun.
Paşa. Mən də, siz öləsiz, buradan düz gedəcəyəm Avanes kirvənin yanına, bircə abbası qoyacağam ovcuna, bir yaxşı ərizə yazdırıb verəcəyəm prakurora. Aslan bəyin, Laçın bəyin, Cahangir bəyin və bu Şeytanın əlindən. Vəssalam, nəğmə tamam. Deyəcəyəm buyurun Bayıla, mazut oğurlayanların qulluği-şərifinə. İndi buyurun gedək...
Qurban (gedə-gedə Quluya.). Tfu, gözünün içinə, məlun oğlu məlun! (Gedirlər.)
Bu halda bir qoca ağsaqqal kişi əlində ağac və bir neçə jandarm daxil olurlar, onlardan biri deyir: “Qanun hökmünə görə dustaq edərəm sizi”. Laçın bəy, Cahangir bəy, Qulu bəy hərəsi bir şəklə düşür.
Cəmən. Bu yaxşı iş olmadı.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/vezirov-pehlivanani-zemane-dorduncu-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Salam əleyküm, ağa Dərviş! Oğlan, genə də ovqatını təlx, əhvalını pərişan görürəm. Yəqin isti səni bu halətə salıb...– İsti nədir, qeyri nədir, kərbəlayı, səhv etmə. Müsəlman qardaşlarımızın kəsaləti, camaat işinə kəmmeyl olmağı məni bu hala salıb. İctimai işdə özümüzü kənara çəkib insafın, vicdanın başından basıb, “bizə nə borc” – deyib sakit əyləşirik! Bu zəmanədə dünya işindən xəbərdar olan kəs deyə bilərmi ki, məndən ötdü, qonşuma dəydi, elə bildim ki, saman çuvalına dəydi. Bu gün qonşuna dəyən ox, sabahdan sənə dəyəcək, qardaşım.
Balaca mütəfərriqələr 29Dərvişin fəryadı**Biçarələr, dalında palan, başında mündəris börk, ya dəsmal, libası zibil içindən tapılmış, ömründə hamam görməyən, bir gün tox, bir gün ac, biçarə, bədbəxt, günü qara qardaşlarım!.. Halınız yadıma düşəndə ciyərim odlanır. Xaraba qalsın İran, necə ki qalıbdır. Vəzirləriniz əlimə düşsəydilər, sizləri qətrəbəqətrə düzərdim, qardaşlarım, ərz edərdim cənaba: buyuruz tamaşa ediz bu hala, bu ruzigara, biçarə, sərgərdan, köməksiz qardaşlar! Vətəninizdə insaf, vicdan, rəhm, mürüvvət, namus yox, millət tar-mar olub, vilayətiniz viran... Vüzərayi-İran! Çöküb dizlərim üstə, üzümü tutub xudavəndi-aləmin dərgahına dilisuzanidən hərdəm çıxan əfğanə tapşırıram sizi! Qorxun nalədən, bəd duadan? Eyş-işrətdə ömr keçirib axırı təşrif aparacaqsınız. O dünyada yeriniz məlum. Tarix tutacaq yaxanızdan, cavab istəyəcək, İranı viran qoyub, milləti zar, əli qoynunda, xanlıq etdiniz, nə verdiniz əvəzində? Cavabınız nə olacaq, əfəndilərim?..
Balaca mütəfərriqələr 30– Salam əleyküm, ağa Dərviş, əhvalın necədir, qardaş?– Əhvalım pərişandır, kərbəlayı, isti mənə çox əziyyət verir.
Balaca mütəfərriqələr 31Əvvəlinci kəndə getdi, vəssalam, şüd tamam. Dövlət duması buraxıldı. Hökm olundu buyuruz təşrif aparız, çox zəhmət çəkdiniz, kifayətdir, bürokratlar! Gözləriniz aydın olsun, bayramınız mübarək! Həmin su, həmin dibçək: çevir tatı, vur tatı.Atam oğlu, qardaşım! Vay halına, hər yetən təzədən oldu ağan. Yaxın gəldi, sal başını aşağa, qoy vursun qapazı. Olmaya-olmaya cavab qaytarsan. Divanbəyi gəldi, başla titrəməyə: “Belədir, ağa, sən buyurandı. Mən nəkarəyəm? Sənin ayağın biləni mənim başım da bilməz, doğru deyirsən, ağa!” Belə gərək olsun cavabın. “Gətir” desə, bilatəxir gəlsin meydana. Onsuz yaramaz, qardaşım! Nə etməli, fələyin üzü qara olsun. Naçalniyə rast gəldin, düş torpağa bir dilimə söylə: “Atam, anam, bacım, qardaşım, çolpa balalarım sənə qurban, a naçalnik. Ayaqlarının torpağına fəda olum, a naçalnik. Evim-eşiyim, mal-dövlətim sənə qurban a naçalnik”. Gətir desə, o saat gətir. Gecə gətirəsən ki, görən olmasın, dəxi məsləhətdir.
Başqa şairlərin şeirləri
Bağlandı guş sovt ü sədadan yavaş-yavaşGöz xirələndi, düşdü ziyadan yavaş-yavaş
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
Nə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydıNə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydı,Nə ayinə, nə səfa, ey könül, nə cövhər olaydı.
Xoş olsun ol könül, eşqə məkandırXoş olsun ol könül, eşqə məkandır,Var olsun ol fikir, eşqə həyandır.