Üçüncü məclis
Vaqe olur Aslan bəyin otağında, Cahangir bəy, Cabbar bəy və Əhməd əyləşiblər.
Cahangir bəy. Vallahi deyirəm bu saat mənim bir əlliyəcən yaşım var, amma mən bir belə vücud görməmişəm və görməyəcəyəm. Canım, kişi əslindən ağadır və heç kimə müyəssər oğul deyil. Görməmişəm bu qapıya bir adam gələ, məyus qayıda... Allah öz pənahında saxlasın. Adı Aslan, özü aslan.
Əhməd. Bir yol, Cahangir bəy, bacım oğlunu tutmuşdular, gəldim bəyin yanına. Məni görən kimi başladı: genə nə var, a pişik? Ərz elədim mətləbim nədir. O dəqiqə bir balaca kağız götürüb üstündə bilmirəm nə yazdı, nə yazmadı, buyurdu ki, apar ver. Kağızı apardım. Verən kimi uşağı əldən qoydular, götürdüm gəldim... Aslan bəy kimi millətpərəst harda var? Pəhləvandır, pəhləvan! (Kənara.) Həzərat, olsun ki, yalan deyirəm... Bunların heç kimə xeyri olmayıb, ələlxüsus onun böyük qardaşından, lənətüllah!
Cahangir bəy. Bir adama söz verməsin, verdi yeddi fələk də onu poza bilməz. Bilsə ki, on manat zərəri var, yenə öz sözündən qaçan deyil.
Cabbar bəy. A Cahangir bəy, siz mənə dediniz ki, bəyi tamam şəhərdə böyük-kiçik, tanımayan yoxdur; amma mən yüz adamdan soruşdum ki, Aslan bəyin evi haradadır, tanıyan olmadı. Bu nə sirdir?
Cahangir bəy. Xa, xa, xa! Nə söyləyirsən, kişi? Nəinki bu şəhərdə, sən get Tiflisə, Dərbəndə, İrəvana, paytaxt şəhərimizə ki, Peterburq ola, onu tanımayan yoxdur.
Əhməd. Gədə-güdə, qoduq-moduq nə bilsin ki, Aslan bəy kimdir? Sən get knyazlardan xəbər al, yaranallardan xəbər al, tamam divan əhlindən soruş, onda bilərsən ki, Aslan bəy kimdir. Aslan bəy İskəndər kimi sədd açıbdır, nə söyləyirsən, kişi!
Cabbar bəy. Elə bu dəsgahlardan görünür ki, kişi böyük adamdır; doğru buyurursuz. (Qulu başın bulaya-bulaya daxil olur.)
Cahangir bəy. Genə nə olub, a Qulu? Ovqatını təlx görürəm.
Qulu. Ovqatım necə təlx olmasın? Sabahdan indiyə kimi qapı açmaqdan canım boğazıma yığılıb, gəlib-gedənin əlindən təngə gəlmişəm. Xalqda insaf yox, utanmaq yox, həya yox! Biri gəlir dustaq işim var, biri gəlir mənə yer ver, biri gəlir pul ver. Ac qohumların da sanı yox, hesabı yox... Mən də ayaq altında itmişəm.
Cahangir bəy. Bu saat bəyin yanındakı kimdir?
Qulu. Bir knyazdır, Tiflisdən gəlib. (Qapıya baxır.) Deyəsən gedir. (Qulu tələsik çıxır.)
Əhməd (qapıya baxıb, kənara). Afərin, bu knyaza... Şeytan Qulu dəllal Sərkisi knyaz qayırdı, necə ki Cabbar bəy məni “bəy”. Qoçumsan, vallah, Qulu... Xudaya-pərvərdigara, bu evdə nələr qaldı mən görməmiş olam! Hələ yaxşı ki, bəyin böyük qardaşı Ağa Taun burada yoxdur, lənətüllah!..
Qulu (daxil olur). Bilmirəm bu knyazlar yazıqdan nə istəyirlər eyy... Vallah, təngə gəlmişik.
Cahangir bəy. Bizim burada olduğumuzu Aslan bəy görəsən bilirmi?
Qulu. Bu saat çıxar.
Cabbar bəy. Kişilər, Aslan bəyi o mərtəbədə qoydunuz ki, “gəlir” deyəndə bədənimə lərzə düşür.
Əhməd. Xeyr a! Elə adam deyil... Ləzzətli oğlandır... Rəhm, mürüvvəti dəryacandır. Nə söyləyirsən. Bir lortçudur ki, bərabəri yoxdur. İndi gələr, görərsən.
Aslan bəy (daxil olub). Qulu, Allah xatirinə axşamadək heç kimi qəbul eləmə. O qədər yorulmuşam ki, danışmağa taqətim yoxdur... Salam əleyküm. Əyləşin. (Əyləşirlər.)
Əhməd (ayaq üstə). Molla olma, başın ağrımasın. Bizim dərdimizi siz çəkməyəndə görək bəs kim çəkəcək?
Aslan bəy. Canım, dərd bir olar, dərd iki olar, nəinki bu qədər. Vallahı, deyirəm, biz müsəlmanın çox işlərinə baxanda az qalır ki, mən uşaq kimi ağlayam.
Əhməd (kənara). Bax, bu ağlamaq büsatını mən təzə eşidirəm, əvvəl yoxudu... İnanan, atana lənət, anana lənət!
Aslan bəy. Deməkdən, qandırmaqdan dəxi yorulmuşam. Hər kim mənim məsləhətim ilə iş görüb, olub dövlət sahibi. Hər kim mən deyən yol ilə getməyib, axırda olub peşman. Canım, xalqa güclən ağıl öyrədə bilmərəm ki! Ta səy, qardaşlar üçün, bundan artıq olmaz ki!.. Mən neyləyim, vəhşidirlər.
Əhməd (kənara). Gopa, başına gönüm, gopa!.. Məşədi Tağı, yerin boş...
Cabbar bəy. Mənim də dərdimə əlac elə, başına dönüm, qoca kişiyəm, bir kəsim yoxdur, Allahdan aşağı səni deyib gəlmişəm.
Aslan bəy. Cahangir bəy, bu qocanın dərdi nədir, buyursun görək. Hərçənd yorulmuşam, əlac yoxdur. Əhməd demişkən: “Molla olma, başın ağrımasın”.
Cahangir bəy. Bunun Qızılkəndin yanında bir neçə parça yeri var, bir balaca davalı... O yerdən ötrü oğlu bunu darıxdırır. Çünki ikinci övrətindən bir tifil qız uşağı var, gərək o tifili fot eləyəsən, anasını da rəf, mülk qalsın mənə. Yoxsa, deyir, sizi qıracağam
Aslan bəy. Vay yazıqlar, vay biçarələr!..
Əhməd. Zalım oğlu bir neçə gün bundan irəli istəyirmiş barmağını salıb o qızın anasının gözlərin töksün. O gün sizə ərz elədiyim əhvalatdır.
Aslan bəy (acıqlı). Allah xatirinə, Əhməd, belə söhbətləri mənim yanımda danışma, ürəyim nazikdir, dözə bilmirəm. Ах ты мерзавец!.. Ах ты негодяй!.. Да его можно в тюрьму мерзавца! Какая дикая безжалость!
Cahangir bəy. Fəqir kişi, neyləsin, həyasına qısılıbdı.
Aslan bəy. Mən belə söhbətlərə qulaq asa bilmirəm, yoxsa yəqin bil ki, yuxu da mənə haram olar... Hərgah Cabbar bəy istəsə, mən onun biinsaf oğlunu bir gündə yox elərəm.
Cabbar bəy. Göydə Allahı deyib, yerdə səni, gəlmişəm. Başına dönüm, Aslan bəy.
Aslan bəy. Burda heç bir çətin iş yoxdur. Əhməd, Cabbar bəyi bu saat apar nataryusun yanına, bir vəkalətnamə Cahangir bəyin adına yazdır və deyərsən ki, xərci mənim hesabıma yazsınlar. Kişi, Allah ölümdən macal versə, mən sənin o yerlərini çox artıq qiymətə rədd eləyəcəyəm. Sən dürüst arxayın ol və oğlunun barəsində binagüzarlıq nə tövr sənin kefin istəsə... Ay yazıqlar! Ay biçarədir!..
Əhməd. Aslan bəy, dərdin alım, mənim də bir böyük dərdim var axı.
Aslan bəy. Sən də buyur, baş üstə.
Əhməd. Siz mənim adımı “pişik” qoymusuz, lazımdır ki, pişiyə də hərdən-birdən dalaq atmaq.
Aslan bəy. Xa, xa, xa, xa... O da baş üstə. Buyur bu yüz manatı. Ancaq mənim də sənə təvəqqem var; bu gün Cabbar bəy sənə qonaqdır, işləri qurtarandan sonra onu apararsan pakizə müsəlman aşpazxanasına, hər nə xahiş eləsə, versinlər və nə qədər xərc olsa o da mənim boynuma, yaxşı?
Cabbar bəy. Allah səndən razı olsun. Mürəxxəs olum.
Aslan bəy. Xoş gəldin, gedin. (Əhməd və Cabbar bəy gedirlər.)
Cahangir bəy. Kağızlar möhkəm kağızlardır. Təmiz kupçilə alıb-satmaq olar.
Aslan bəy. Biz istədiyimiz də elə odur. Çox göyçək, çox pakizə.
Laçın bəy (çöldən). Əhməd, mən ölüm bir bəri qayıt!.. Yaxşıdır, gedərsən. Hələ bir bəri qayıt! Mən ölüm deyirəm. (Əhməd və Laçın bəy daxil olurlar.)
Laçın bəy. Aslan sənə bir qəribə əhvalat nağıl eləyim. Üç gün bundan irəli bizim Əhmədi o qədər əziblər ki, yerdə ölü qalıbdı... Nişanbazlığa getmişmiş bədbəxt, evdə duyublar... Nə yemisən turşulu... Vurublar ha!.. Vurublar ha!..
Aslan bəy. Yox aaa... A kişi, mən ölüm, qoy, belə zad olmaz ki!
Laçın bəy. Yalan söz yoxdur... Əhməd bir başını buraya gətir... Necə yalvarırmış, necə yalvarırmış!..
Cəmən. Xa, xa, xa... Xa, xa, xa...
Əhməd. Nə olsun, a bəylər, nə üçün gülürsüz? Dost yolunda çovğun olar, qar olar...
Laçın bəy. Bunu ki, təpik altına salmışmışlar, bağırırmış: “A qancıq, niyə kömək eləmirsən?”. Nişanlısına deyirmiş ey!..
Cəmən. Xa, xa, xa...
Əhməd. Burada qalsam, Laçın bəy özündən çox şeylər qayıracaq. (Gedir.)
Cəmən. Xa, xa, xa... Xa, xa, xa...
Aslan bəy. Hay yerində hay... Heç gör özü deyirmi.
Zəng vurulur.
Aslan bəy. A Qulu, gör kimdir? (Qulu gedir.)
Cahangir bəy. Deyirəm mən gedim Cabbar bəyin dalınca. Qorxuram o yan-bu yan eləyə...
Aslan bəy. Xeyr, lazım deyil, ürkər. Əhməd özü ustadır, əldən qoymaz.
Qulu (daxil olur). Bu gün neçə gündür, o qotur Paşadır nədir, məni lap təngə gətirib. Genə gəlib ağzına gələn hədyanı danışır.
Aslan bəy. Hədyan danışır, dəxi mənə niyə deyirsən? Vur boynuna çıxsın çölə.
Qulu. Nə bilim, deyir ki, gedib divana məlum edəcəyəm, düz prokurorun yanına gedəcəyəm, doxsan yaşında kişini alladıb, deyir, yerin əlindən alıbsız, bir köpük də pul verməmisiniz.
Aslan bəy (acıqlı). Mən sənə təəccüb edirəm, Qulu. Necə cürət edib bu sözü gəlib mənə deyirsən? Get bu saat başına döyə-döyə çıxart çölə. Qoy hara istəyir getsin!
Cahangir bəy. Xeyr, lazım deyil... Paşa bihəyanın birisidir, onun ağzın yummaq gərək.
Laçın bəy. Кули обешался, так нечего делать, отдай! Пусть убирается к черту!
Aslan bəy. Onu buraya çağır görüm. (Qulu gedir.) Siz öləsiz, işə düşmüşəm. Bu qotur qırışmal nalbənd güclən deyir: gərək səni soyam... Axırı bunların belə hərəkətləri məni o məqama yetirəcəkdir-ki, mən bilmərrə rəhmimi insandan kəsəcəyəm... Hərgah söz vermiş olsaydım, yenə haqqı var idi.
Qulu və Paşa daxil olurlar.
Aslan bəy. Belə dur görüm. Sən məndən nə istəyirsən, qoçaq?
Paşa. A bəy, acığınız tutmasın, alış-verişdir. Siz mənə səkkiz yüz manat vədə elədiniz, mən də o bədbəxt kişini öyrətdim, mane olmadım. Hər bir desyatini iki min manata dəyən yeri satdı sizə iyirmi manata. Mən sizə bir yamanlıq etməmişəm...
Qulu. Artıq pul deyil. Başınıza dönüm sədəqə eləyin, verin getsin. Bu da kasıb oğlandır, neçə gün işdən-gücdən olubdur.
Cahangir bəy. Xeyir lazımdır, Paşa da yazıqdır.
Laçın bəy. İş görüb görməyib, eybi yoxdur, ver getsin.
Paşa. Mən iş görməmişəm? Mən iş görməmişəm?.. Hay-hay! Kişinin evinə od vurmuşam, dədəsin yandırmışam, qəbirdən çıxarmışam! Nə buyurursunuz?
Aslan bəy. Dəxi uzun eləmə, heyvan oğlu heyvan! Al bu sənin pulun, sürün gözümün qabağından! (Qulu pulu alır.)
Paşa. Doğru buyurursunuz, heyvan olmasaydım, səkkiz yüz əvəzinə səkkiz min alardım. Çifayda iş işdən keçibdir.
Laçın bəy. A Paşa, pulunu aldın, dəxi artıq danışmaq lazım deyil.
Qulu. (Paşanın qolundan tutub) – Məscidin qapısı açıq olanda köpəkdə də bir həya gərək. Dəxi bəsdir, gəl çıx, gəl... Gəl pulunu da sayıb verim, rədd ol!
Paşa. De, hər nə istəyirsən de. Çifayda iş-işdən keçibdir.
Cahangir bəy. Paşa, kifayətdir. Get Allahına şükür elə. Artıq nə istəyirsən, qardaşım?!
Qulu Paşanın qolundan tutub çıxardır.
Aslan bəy. Вот негодяй! Вот мерзавец! Еше пугает... Подите после этого делайте людям добро.
Laçın bəy. Cahangir bəy, buyur gedək. Bəyin ovqatı təlxdir. Biz hesabımızı sonra çəkərik.
Cahangir bəy. Yaxşı, buyurun gedək.
Aslan bəy. Да, пожалуйста. Лачин, после... Этот... мерзавец действительно меня расстроил. Успеем, на днях, как вам будет угодно, так и я сделаю, только не сегодня.
Qulu (daxil olub). Quldurov...
Aslan bəy. Kim?
Qulu. Bir uzun boylu şəxs deyir bəyi görmək olarmı? Adı Quldurov.
Aslan bəy. Baaa. Quldurov... Qulu, buyursun zala... Tez, paltonunu çıxart... Quldurov... Heç bilirsiniz bu kimdir? Bu çox zorba adamların biridir. Замечательнейший коммерсант с колоссальным богатством.
Laçın bəy. Xudahafiz.
Cahangir bəy. Xudahafiz.
Aslan bəy. Xoş gəldiniz... Məni bağışlayın. (Gedirlər.)
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/vezirov-pehlivanani-zemane-ucuncu-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey dörd-beş kasa xamraşı, ya düşbərə yeyib beş-altı dəfə “afiyət olsun” eşidib istirahət edən ağalar! Görürsünüzmü altı-yeddi yaşında, cındır libasda soyuqdan titrəyə-titrəyə küçələr divarlarına pənahlanmış tifilləri? Rast gəlibdirlərmi sizə qoca kişilər dalında cındır yorğan balasının əlindən tutmuş, yanında ayaqyalın övrətləri, qollarında tifilləri?– Ay qardaş! Ancaq, Allah xatirinə!
Balaca mütəfərriqələr 56Birinci nalə**Quzğunlar*
Balaca mütəfərriqələr 57İkinci nalə**Berne adlı bir nəfər vətənsiz yəhudi öz kitabında bu sözləri yazmış: “Özümü sevirəm, külfətimi özümdən artıq sevirəm, külfətimdən artıq vətənimi sevirəm”.
Nə əkərsən, onu biçərsən(Qəziyyə, 4 məclisdə)*Əhli-məclis