Dördüncü məclis
Səhifə 2 / 2 · 50%
Mahmud bəy. Vəkil, əlində vəkalətnamə, yad deyil, hacı. Kərbəlayı Qulam sizi yaman bəlaya salıb. Mən istərdim ki, sizə kömək edəm, amma siz mənə heç inanmırsınız. Hesabınızda saxta qəbzlər tapıblar.
Hacı Fərəc. Mahmud bəy, axır sözünüzü buyuruz, məndən nə istəyirsiniz?
Mahmud bəy. Bu evə bir quruş xərc olmayıb. Cəmi mədaxil gərək çıxsın araya, verilsin banka, vəssalam.
Hacı Fərəc. Mən Sibirə gedəndə, görək məndən nə ala bilərsiniz. Mahmud bəy, indi ki, bu işdən belə bərk yapışmısınız, gəlsənə bir iş eləyək. Sən məndən bir yüz min manat al, işi boşla getsin, mənə də kömək elə, xatadan qurtar.
Mahmud bəy. Bu nə təklifdir, hacı?! Heç utanmırsanmı? Ta nə deyim sənə? Söz də tapmıram deməyə. Eyib olsun sizə, hacı!
Hacı Fərəc. Mən burada heç bir eyibli iş görmürəm. Alış-verişdir, deyirəm, puldur, sən də xərclə, mən də... Qoca kişiyəm, vermə məni kafir əlinə, bir növ məni qurtar.
Kərbəlayı Rəcəb (daxil olub). Hacı, pristav İbrahim bəy gəlib, sizi görmək istəyir.
Hacı Fərəc. Gəlsin görək nə buyurur. (Kərbəlayı Rəcəb gedir. İbrahim bəy daxil olur.)
İbrahim bəy (rəsmi libasda). Salam əleyküm, Mahmud bəy! Ya Allah, əhvali-şərifiniz necədir?
Mahmud bəy. Əziz olasan, bir təhər dolanırıq.
Hacı Fərəc. Buyuruz əyləşiz... Əhvalın necədir, qadan alım, yaxşısanmı?
İbrahim bəy. Sağ ol, hacı. Mahmud bəy, bilmirəm tanıyırsınızmı, bir Kərbəlayı Qulam var, hələm-qələm, xətakün, nadürüst, hacını yaman dolaşdırıb. Neçə gündür ki, prokuror hacını məndən istəyir. Bir yarım saat bundan irəli bir hökm ilə gəlib hacını qəti surətdə məndən tələb eləyib. Ta artıq işi dayandıra bilmədim.
Hacı Fərəc. Kərbəlayı Qulam bizim hamamın icarədarıdır. Yetim ayağı olmağına görə, mən necə ki qəyyum, icarə pulundan keçə bilmədim. Ona görə o gedib məndən şikayət eləyib.
İbrahim bəy. Hacı, sizin xatiriniz üçün mən yanımca adam gətirmədim, tək gəldim. Mən sizi aparram faytonda, heç qanan da olmaz biz hara gedirik. Mən sizə söz verirəm ki, bir tacir taparam, qoymaram sizi bir gün də orada qalasınız... Zaminə götürdərik. Mahmud bəy özgəsi deyil. Sən də, hacı, mənim yolumu görərsən.
Hacı Fərəc. Mənim gözlərim üstə, nə qədər kefindir.
İbrahim bəy. Onda buyuruz gedək.
Hacı Fərəc. Beş dəqiqəliyə mənə vaxt veriz, burada işim var. Çıxınız qırağa, mən də bu dəqiqə gəlirəm. Mahmud bəy, siz də buyurun. (Mahmud bəy, İbrahim bəy çıxırlar.)
Hacı Fərəc (çağırır). Kərbəlayı Rəcəb, Güldəstə! Zəhmət olmasa bir buraya gəliz. (Hər ikisi gəlir.) Kərbəlayı qardaş, qızım Güldəstə! Qəza məni dolaşdırıb, nicatım sizin əlinizdədir. Mən sizi şahid göstərəcəyəm, ikicə kəlmə söz ilən ki, bəli belədir. Siz məni kafir əlindən qurtara bilərsiniz. Sizdən soruşanda ki, bu evə nə qədər azuqə gəlib, deyərsiniz ki, dörd kisə düyü, altı pud yağ, on kisə un, səkkiz kəllə qənd, dörd girvənkə çay və iki yüz altmış min manat nəqd pul; Zinyət xanım alıb qoyub sandığa.
Güldəstə. Bu işdə Quran andı varmı, hacı?
Hacı Fərəc. And içəndə nə olar? Bir müsəlmanı bir kafir əlindən xilas etmək üçün adam Qurana da and içər, hələ desən bir azca da artıq.
Kərbəlayı Rəcəb. Mən qoca kişi, özüm kərbəlayı, namaz qılan, gedim yalandan Qurana and içim? Xeyr, hacı, məni bağışlayız. Bacarmaram.
Güldəstə. Məni də bağışlayınız, hacı. Mən doğru işdən ötrü Quran üstə getmərəm. Biləm ki, başımı kəsəcəklər, genə getmərəm.
Hacı Fərəc. Ola bilərmi ürəyinizdə bir haqq söz tutub, and içib, deyəsiniz, bəli, belədir. Aman günüdür, mənə rəhm ediniz, yazığam, qoca kişiyəm. Atam, anam, balalarım sizə qurban. Qurtarız məni kafirlərin əlindən.
Kərbəlayı Rəcəb. İş ona qalanda, heç bir növ ilən bacarmaram.
Güldəstə. Mən heç bacarmaram.
Hacı Fərəc. Eybi yoxdur... Allah kərim padşahdır... Gedirəm, genə gəlləm, yamanlıq sizə qalar. (Gedir.)
Kərbəlayı Rəcəb. Özgəyə quyu qazan, özü tez düşər. Get, lənətullah.
Güldəstə. Bax, indi mən deyə billəm ki, meydan xali qaldı... Zinyət xanımın canı qurtardı.
Mahmud bəy (daxil olub). Hacı axır görüşə gəlib, nə binagüzarlıq edirdi?
Kərbəlayı Rəcəb. Hacının əhvalı zibil dadırdı, dilini bir qarış çıxarıb bizə yalvarırdı. Atasını, anasını, balalarını qurban edirdi ki, gəliz məhkəmədə and içiniz ki, filan iş belədir. Olmaz, yaramaz, dedik. Suya basılmış toyuq kimi durdu getdi.
Güldəstə (çağırır). Zinyət xanım, bir bəri gəl. (Zinyət xanım gəlir.) Bilirsiz nə var? O iki cavanın vəfatından sonra hacı çox deyirdi ki, meydan xali qaldı, bir tək müştəri mənəm. Mən indi ancaq deyə billəm ki, meydan qorxusuz, xali qaldı, amma bir az vaxtadək. Çünki bal üstə arı çox yığılar... Hacı da təşrif apardı. Təzədən müştərilər çıxacaqlar meydana, bişək-şübhə.
Kərbəlayı Rəcəb (kənara). Genə zalım qızının ağzından dürr tökülür... Qurban olaydım, ay qız, ay qurban!
Güldəstə. Mahmud bəy! Ağa Heydər bəyin vəsiyyətnaməsindən aşkar görünür ki, o cənab sizi vəsiyyətnaməyə daxil etməkdə fikri Zinyət xanımı tapşırıb getmək imiş, belədirmi?
Mahmud bəy. O mərhum məni çox istəyirdi. Bizim fikrimiz, sirrimiz bir olardı. Xəyalat edərdik: məktəblər açarıq, ələlxüsus sənət məktəbi, yüz əlli uşaq üçün böyük təmirat... çifayda, qəza aman vermədi.
Zinyət xanım. Sizdən çox təvəqqe edirəm ki, onun tamam fikirlərini əmələ gətirəsiniz. Dövlətin nə olduğunu mən gördüm... Sərmayə bir bəla imiş. Nə mənə, nə oğluma bir o qədər lazım deyil.
Güldəstə. O fikirlər sonrakı işdir. İndi, Zinyət xanım, o mərhumun qəsdini əmələ gətirmək üçün Kərbəlayı Rəcəbi vəkil edirsənmi sabah Mahmud bəy ilə qazixanaya gedib o mübarək işi qurtarsın?
Zinyət xanım. Bəli, vəkil edirəm...
Güldəstə. Mahmud bəy! Siz də ki bu işə razısınız?
Mahmud bəy. Razıyam. Bu şərtlə ki, Zinyət xanım mənim öz komamda var-yoxuma qane olub, mənə yoldaşlıq edə və mərhumun fikirləri əmələ gələ.
Zinyət xanım. O barədə mən özüm sizdən rica edirəm.
Güldəstə. Allah mübarək eləsin. Nahar hazırdır, buyurunuz gedək. (Gedirlər.)
Kərbəlayı Rəcəb (tək). Mahmud bəyin işi düzəldi. Allah mübarək eləsin. Hacı lənətullah gedəcək Sibirə, cibişdan dolu pul, bir matişka da alıb istirahət edəcək. Mən yazıq da baxa-baxa qəbrə gedəcəyəm. Yerə girəsən, ay bəxt, yerə girəsən, yerə!..
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/vezirov-pul-duskunu-haci-ferec-dorduncu-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Salam əleyküm, ağa Dərviş, əhvalın necədir, qardaş?– Əhvalım pərişandır, kərbəlayı, isti mənə çox əziyyət verir.
Balaca mütəfərriqələr 31Əvvəlinci kəndə getdi, vəssalam, şüd tamam. Dövlət duması buraxıldı. Hökm olundu buyuruz təşrif aparız, çox zəhmət çəkdiniz, kifayətdir, bürokratlar! Gözləriniz aydın olsun, bayramınız mübarək! Həmin su, həmin dibçək: çevir tatı, vur tatı.Atam oğlu, qardaşım! Vay halına, hər yetən təzədən oldu ağan. Yaxın gəldi, sal başını aşağa, qoy vursun qapazı. Olmaya-olmaya cavab qaytarsan. Divanbəyi gəldi, başla titrəməyə: “Belədir, ağa, sən buyurandı. Mən nəkarəyəm? Sənin ayağın biləni mənim başım da bilməz, doğru deyirsən, ağa!” Belə gərək olsun cavabın. “Gətir” desə, bilatəxir gəlsin meydana. Onsuz yaramaz, qardaşım! Nə etməli, fələyin üzü qara olsun. Naçalniyə rast gəldin, düş torpağa bir dilimə söylə: “Atam, anam, bacım, qardaşım, çolpa balalarım sənə qurban, a naçalnik. Ayaqlarının torpağına fəda olum, a naçalnik. Evim-eşiyim, mal-dövlətim sənə qurban a naçalnik”. Gətir desə, o saat gətir. Gecə gətirəsən ki, görən olmasın, dəxi məsləhətdir.
Balaca mütəfərriqələr 32– Yer üzünün cənnəti, bimisl gözəl vətən! Laləzar çəmənlərində, soyuq bulaqlarında, laylay çalan meşələrində bir qarış yer yoxdur ki, balaların orada şad olub, dərd-qüssəyə düçar olmasınlar! Baxınız Dağıstana, uca dağlara, insanı valeh edən tamaşaya, görüz nə hala düşüb! Məzlum, yetim sifətində, kasıb, əlsiz-ayaqsız, naçar ləzgi qardaş! Hanı sənin bir yaxşı mərdanə gəzən günlərin, at belində naz və cürətlə cədəl oynadan günlərin?! Qonaq qabağına şad-xürrəm çıxan günlərin?! Can qardaş! Bəs bir sən söylə görüm nə oldu, siz hansı bəlaya düçar oldunuz?– Köçən köçdü, qocalar getdilər, adət pozuldu, yerlər əldən çıxdı, insan sifətindən bizi çıxardılar... Dərdimiz çoxdur! Hansını söyləyim? Dini-islamın, şəriətin bir tək adı qalıb. Can qardaş! Yaralarıma sən od basdın, bu nə sual idi sən etdin?
Balaca mütəfərriqələr 33Bir amerikalının sualına cavab**Keçənlərdə “İrşad”da bir amerikalı müsəlmanlardan soruşmuşdur ki, həqiqət nədir? İştə cavabını ağa Dərviş verir: