Üçüncü məclis
Əhvalat vaqe olur həmin otaqda. Zinyət xanım və Güldəstə şəkillərə baxırlar.
Kərbəlayı Rəcəb (daxil olub). Balaqardaş zalım oğlu naqafil anbardan çıxdı, ürəyim qopdu... Gözləri qudurmuş it gözünə oxşayır... Dedi: get Kərbəlayı, gəlirəm bu saat sizin canınıza...
Güldəstə (Zinyət xanıma). Sən dur qaç, qapını da bağla... Qoy gəlsin, mən ona yaxşı cavab verərəm. (Zinyət xanım qaçır.)
Kərbəlayı Rəcəb. Canım, mən də qaçıram... Arığın nə işi var qoruqda, vuralar qılçası sına.
Güldəstə. Afərin sənin kişiliyinə, sən nöşün qaçırsan? Dur yerində. Gələr, səni burada görməz, onda daha pis. Axtarar, tapar, vayını verər.
Balaqardaş (daxil olub). Güldəstə! Bir gözümün içinə dürüst bax! Məni tanıyırsanmı? Bu naqanı görürsənmi?..
Güldəstə. Naqanı da görürəm, gözünün içinə də dürüst baxıram... Sonra nə buyurursan?
Balaqardaş (acıqlı). Bircə mənə de görüm Mahmud bəyin bu evdə nə işi var? Məgər o qanmır ki, kişisiz evə girmək olmaz?!
Güldəstə. Mahmud bəy bu evə gələndə qiyamətmi qopar?
Balaqardaş. Yad kişi bu evə gələndə təpəsinə güllə vurarlar, ayaqları başından aşar. Qiyamət belə qopar.
Güldəstə. Təvəqqe edirəm bir az alçaqdan gedəsən... Səndən qorxan yoxdur... Qabaqcan gərək biləsən Mahmud bəy nə işdən ötrü buraya gəlmişdi, ondan sonra canbaza çıxarsan.
Balaqardaş. Heç bilmək də İstəmirəm!.. Ancaq onu sizə deyirəm ki, ikinci dəfə də onu burada görsəm, vallah doğrayacağam. Sənin özünü də şişə çəkib yandıracağam. Bu sözləri dürüst yadında saxla, eşidirsənmi?
Güldəstə. Vallah, sən mənim yanımdan yel olub ötə də bilməzsən! Özünə bax, sözünə bax!.. Gör kimi hədələyir...
Balaqardaş. Baxarıq, Güldəstə... Mən bir söz idi sənə dedim. Saxla yadında...
Kərbəlayı Rəcəb. Canın üçün, Balaqardaş, Mahmud bəyin bu evdən heç bir təmənnası yoxdur. O, Ağa Heydərin vəsiyyətnaməsini gətirmişdi. Sən lap nahaq yerindən oynayırsan.
Balaqardaş. Rəcəb kişi, sən özün də dinc otur. Yoxsa, vallah, dərini diri-diri soyaram.
Kərbəlayı Rəcəb. Bacı oğlu, mən bir fəqir adamam, heç kəsnən işim yoxdur. Vallah, billah... O günləri Rzaqulu da məni hədələyirdi... Dedim: oğlum, Allah xatirinə, məni heç bir işə qarışdırmayın, mən bir nökər adamam, qoyun bir növ bu qapıda dolanım.
Güldəstə. Bu da bizim cahılımız! Mahmud bəyi tikə-tikə doğrayır, məni şişə çəkir, bir qoca kişinin dərisini diri-diri soyur. Hünərindi, get bu sözləri Rzaquluya de. Bizim yanımızda xoruzlanmaq bir çətin iş deyil.
Balaqardaş. Rzaquluya elə təpinmişəm ki, qorxusundan evdən qırağa çıxa bilmir. Bir yol cəlladlığı mən boynuma götürmüşəm. Hər kim mənə bərəks getdi, vay onun halına!.. Görərsiniz! Mən gedirəm. (Gedir.)
Güldəstə. Get, dalınca bir qara daş! Ağzına bax qoduğun! Öldürəcəyəm, basacağam, kəsəcəyəm... Özün öləsən, igid! Rəcəb əmi get qapını bağla Allah xatirinə. (Kərbəlayı gedir.)
Zinyət xanım (daxil olur). Yamanca bəlaya düşdük... Dünya malından ötrü qorxuram bircə balamı öldürərlər... Güldəstə! Aman günüdür, Yusifimi mən haraya qaçırdım? (Ağlayır.)
Güldəstə. Dəli olma! Nöşün ağlayırsan? Kimin cürətidir Yusifə yaxın gedə bilsin! Heç qorxma! İstəyirsən, sabah gedərəm madamın yanına, deyərəm Yusifi qırağa çıxarmasınlar.
Zinyət xanım. Mən özüm də gedərəm, yalvararam, qandıraram nə səbəbə balamı otaqdan kənara çıxarmasınlar.
Hacı Fərəc (qıraqdan). Qurtarram sənin üzündən Balaqardaş, qurtarram, bu gün, sabah, çox çəkməz, qurtarram.
Güldəstə. Zinyət xanım! Lənətullah gəlir... Sən dur qaç. (Zinyət xanım qaçır.)
Hacı Fərəc (daxil olub). Qızım, işdən mənə bir xəbər.
Güldəstə. İş nədir, zad nədir, a başına dönüm?.. Keçi can hayındadır, qəssab piy axtarır...
Hacı Fərəc. Nə olubdur məgər?
Güldəstə. Nə olacaq?! Bacın oğlu gəlib buraya, buyurur səni şişə çəkəcəyəm, Kərbəlayı Rəcəbin dərisini diri-diri soyur. O yandan Rzaqulu sifariş eləyir ki, balaca Yusifin başını cücə başı kimi kəsərəm. Biz də yetim cücə kimi qısılmışıq hərə bir tərəfdə... Ta bu zindəganlıq olmadı ki!.. Bizim bu halımızda bilmirəm siz nə istəyirsiniz?
Hacı Fərəc. Bilirsən, Güldəstə, nə var?.. Siz heç qorxmayınız, rahat əyləşin yerinizdə... Olar üçün lazımı tədbirlər olunub... Mənə də Hacı Fərəc deyərlər. Elə bu gün ya sabah eşidərsiniz. Ancaq sən, Güldəstə, öz sözünün üstə bərk dur... İnşallah meydan bizim olacaq. İndi mən gedirəm elə o işin dalınca. (Gedir)
Güldəstə (tək). İşlər günü-gündən çətinləşir. Bilmirəm neyləyim? Zinyət xanımın bir kəsi yox. Ona da yazığım gəlir. Bu halda Mahmud bəyə də yaxın durmaq olmaz. O da yazıqdır, öldürərlər. Qeyri şəhərə qaçmaq? O nə təhər olsun? Pənah Allaha, bir neçə gün gözlərəm!..
Kərbəlayı Rəcəb (daxil olub). Xataya düşmüşük canım, vallah! Peşman olursan dalandan kənara çıxırsan, zəli kimi yapışırlar. Rzaqulu bazarda məni tutub, apar deyir, bu pulu ver Güldəstəyə, uzun danışma apar, deyirəm, apar, yoxsa burnunu, qulaqlarını kəsərəm! Zalım oğlu üstümə belə qışqırdı, az qaldı nəfəsim batsın.
Güldəstə (acıqlı). Qəribə adamsan, kərbəlayı, vallah! Yaxşı, atam, sənə kim izin verib mənim adıma özgədən pul alasan? Bu saat apar ver özünə, dayanma! Apar deyirəm sənə!
Kərbəlayı Rəcəb. Bacarmaram, Güldəstə, bacarmaram... Xeyr, xeyr... Əstəğfürullah, məni öldürsən də bacarmaram.
Güldəstə. Rzaqulu istədiyi olmayacaq, kərbəlayı, Allah xatirinə, apar ver özünə. Mənim yaxamı onun əlinə salma.
Kərbəlayı Rəcəb. Güldəstə, qurban olum sənə, bacarmaram, atam sənə qurban, bacarmaram. Qorxuram, qanırsanmı? Qudurmuş itə yaxın gedə bilmərəm.
Güldəstə. O pulu mən almayacağam, qoy qalsın səndə. Bu adını kişi qoyub, başınıza dönüm! Öləsən elə.
Zinyət xanım. Bu gün səhərdən indiyədək neçə dəfə qudurmuşları bizim küçədə görmüşəm... Kərbəlayı! Bu saat özünü yetir Mahmud bəyə, o məhkəmədə olacaq. Ona de ki, bir neçə gün evdən bayıra çıxmasın. Özünü bu heyvanlardan gözləsin. Mən qorxuram.
Kərbəlayı Rəcəb. Bir yarım saat bundan irəli hər ikisini mən bazarda gördüm. Yanlarında yoldaşları. Mahmud bəyi xəbərdar etmək yaxşı fikirdir. Mən bu saat onu taparam. Siz qapını bağlayınız (Gedir.)
Zinyət xanım. Heydər, Heydər! Kaş sən sağ qalaydın, bir gün ac, bir gün tox həsir üstə dolanaydıq. Dövlət qoyub mənə getdin, dövlət olmadı, o mənə bir bəla oldu. (Ağlayır.)
Güldəstə. Genə başladın? Ağlamaq nədir? Uşaqsan? Bəsdir, bəsdir, sən Allah! Köpəklər leş üstündə boğuşacaqlar, sən də göz yaşını tökəcəksən! Qoy boğuşsunlar! Allah verə bir-birinin ətini yesinlər... Bizə nə?
Zinyət xanım. Qorxuram, Güldəstə! Qorxuram. Qurban olum sənə, bacı. (Güldəstəni qucaqlayır.) Allah, dövlət nə böyük bəla imiş!.. İstəmirəm, istəmirəm, qoy aparsınlar, ancaq tifil Yusifimə dəyməsinlər.
Güldəstə. Heç qorxma! Heç darıxma! Darıxma, qurban olum sənə. Kimin ağzı nədir, bu qapıdan içəri girə bilə?
Zəng vurulur.
Zinyət xanım. Bu kim ola? Güldəstə, qorxuram, qapını açma! (Güldəstə qaçıb, əlində naqan qayıdır.) Açma başına dönüm! Aman Allah, aman Allah!
Qaçır yan otağa, qapını bağlayır.
Güldəstə (qapıya yaxınlaşıb). Kimsən? Səsini çıxart! Əcəlin yetməsin, səslən, səslən! Yoxsa vurdum.
Kərbəlayı Rəcəb (qapının dalından). Mənəm Güldəstə, Kərbəlayı Rəcəb... Aç qapını!
Güldəstə. Yanında kimdir? Səslən!
Kərbəlayı Rəcəb. Mahmud bəydir, qorxma! Aç qapını. (Güldəstə qapını açır, Mahmud bəy və Kərbəlayı Rəcəb daxil olurlar.)
Mahmud bəy. Mən buraya gəlirdim. Kərbəlayı Rəcəb qapıda rast gəldi, dedi ki, siz çox xofdasınız.
Zinyət xanım (gəlib). Bax Mahmud bəy, sizdən çox təvəqqe edirəm ki, axşamadək burada qalasınız, çünki o qudurmuşlar buralardan əl çəkmirlər. O xətakunlardan xəta əskik deyil, mən qorxuram...
Mahmud bəy. Hərçənd nahaq yerə qorxursunuz, genə baş üstə, axşamadək kənara çıxmaram.
Hacı Fərəc (qıraqda başı açıq). Köməksiz qalan canım vay! Evi yıxılan canım vay! Balaqardaşım vay!
Mahmud bəy (gedib hacının qolundan tutub gətirir). Gəl, gəl, hacı. Neyləmək olar. Qəza işidir... Əyləş, hacı.
Hacı Fərəc (əyləşib). Çox çalışdım, çox əlləşdim, olmadı... Yalvardım... Ay aman, qoymayız, olmadı... Hamı qaçdı, mən tək qaldım... Olmadı... Vay, evi yıxılan canım vay! (Yalandan ağlayır.)
Mahmud bəy. Olacağa çarə yoxdur, hacı! Ağlamaqdan yara sağalmaz... Özünü toxtat! Nağıl elə görək bu necə müsibətdir?
Hacı Fərəc. Çox çalışdım, çox çalışdım, olmadı. Yalvardım; ay aman, qoymayınız. Balaqardaş yaralı-yaralı... pələng kimi atışırdı. Bir güllə də başından, yıxıldı yerə... Kim vurdusa, Rzaqulu da yıxıldı, dörd-beş adam tələf oldu. Böyük faciə, böyük müsibət...
Mahmud bəy. Hacı! Belə müsibətlərə bais sərmayə və sərmayəçilikdir. Nə qədər ki, yer üzündə davam edən bu nizam var, nə qədər ki, bu nizam təğyir tapmayıb və nə qədər ki, insanın nəfsi ölməyib, o vaxtadək belə müsibətlər, belə faciələr olub, olur və olacaq. Bunları yox etmək üçün, təbdili-nizam üçün çalışmaq gərək.
Hacı Fərəc. Nəfsi öldürmək olmur, a başına dönüm. Neyləyəsən? İnsan belə yaranıb, belə də qəbirə gedəcək.
Kərbəlayı Rəcəb. Hacı, tələf olanlar elə orada qaldılar, yoxsa apardılar?
Hacı Fərəc. Apardılar... Mahmud bəy! Qurban olum sənə. Allah sənin balalarını saxlasın. Zəhmət olmasza bir yerdə gedək, o bədbəxt oğlunu azarxanadan alıb, aparıb verək anasına, yazıqdır.
Mahmud bəy. Baş üstə, hacı, buyur gedək.
Hacı Fərəc. Kərbəlayı, sən də gəl. Gəl, qadan alım, bəlkə lazım oldun.
Kərbəlayı Rəcəb. Hacı, məni bağışla... Mən gedə bilmərəm... Mən bir fəqir adamam. Bir də mən meyitdən qorxan kimi heç bir şeydən elə qorxmuram.
Mahmud bəy. Kərbəlayı, çünki sən getmirsən, papağını ver hacıya. (Verir.) Hacı, buyur gedək.
Gedirlər.
Güldəstə. Biiman, bidin mürtəd, Allahın qəzəbinə gəlmiş məlun! İki cavanı, bir-birinə tutuşdurub, hər ikisini badi-fənaya verdin, məlun lənətullah. Get, məlun, cavan qurbanını dəfn etməyə.
Zinyət xanım ağlayır.
Kərbəlayı Rəcəb – Bir Fərəci-pəlid ibni-Hacı Ziyad hər dəm səd həzar lənət başəd. Salan bu xalqı cahanda bəlaya, verən də ömrümüzü tez fənaya puldur, pul.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/vezirov-pul-duskunu-haci-ferec-ucuncu-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vaqe olur Cənnətəli ağanın otağında. Cənnətəli ağa, Xanpərvər bəyim, Mirzə Əsgər əyləşiblər hərəsi bir tərəfdə, Allahqulu ayaq üstə söykənib divara, belində xəncər. Pərdə qalxır.*Cənnətəli ağa** (güzgüyə baxıb). Nainsaf oğlu, nainsaf elə həna göndərib ki, sən öləsən, Mirzə, heç zada dəyməz. Lap çölə qolazdamalıdı... İki dəfə qoydurmuşam, saqqalım genə hələ kürən ağ yaldı.
İkinci məclisVaqe olur həmin otaqda. Allahqulu, Şahqulu ayaq üstə söhbət edirlər.*Şahqulu**. Allahqulu dayı, sən öləsən, meyitini görüm, qara köpək dərinin üstündən azacıq yırtmışdı, yağı elə xakriz elədik ki, kefin gələ... İndi Şahqulu, vur ki, bacının toyudur. Düyü əldə, yağ əldə, ağaları ver yuxuya, döşən pilov üstə...
Üçüncü məclisVaqe olur həmin otaqda. Cənnətəli ağa Allahqulu ilə danışa-danışa gəlirlər.*Cənnətəli ağa**. Nə danışırsan, ay gədə, necə oldu ki, bir qəpik pul da gətirə bilmədin?
Dördüncü məclisVaqe olur həmin otaqda. Cənnətəli ağa və Mirzə Əsgər danışa-danışa daxil olurlar.*Cənnətəli ağa**. Bəs, Heydərqulu hesab eləyirdi ki, mən onun kimi küçüyün əlində məəttəl qalacağam?.. Sən öləsən, Mirzə, özü çıxdı qabağıma əl verdi... Qəribə oğlandır... Heç bir belə divanbəyi mən hələ görməmişdim... Şikayətimi elədim, buyurdu bu saat yazım pristava, onu qolubağlı göndərər. Dürüst xatircəm ol. Belə də dərd olurmu, ay kişi?.. Mirzə, meyitini görüm, o məni o qədər yandırıbdır ki, bundan sonra onu evə qoymaq istəmirəm.
Başqa şairlərin şeirləri
Pürhəvəs şerə mübtəla bir qız,Nura aşiq sevimli bir yıldız.
BülbülSəhər-səhər dad-fəryad edincə,Varıb bağ küncündə yatsın bülbül,
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Viran olu könlüm evi viranə görəndəViran olu könlüm evi viranə görəndə,Viranə virantər olu viranə görəndə.