Ey əziz oxucum, ey əziz insan!
Uşaqlıq nə qədər gülünc olsa da,
Könül ayrılmayır duyğularından,
Onları arabir gətirir yada
Uşaqlıq nə qədər gülünc olsa da.

Yaxşı yadımdadır, doqquz yaşımda
Ağacdan qotazlı bir at mindiyim,
Aranda, yaylaqda, sular başında
Ağır danışdığım, ağır dindiyim,
Ağacdan qotazlı bir at mindiyim.

Bu dünya sonsuzdur, insanlar da çox,
Hər elin, hər günün öz adəti var.
Bunları yazmağa canda qüdrət yox,
Səsimə səs versin məni duyanlar!
Hər elin, hər günün öz adəti var.

Bir dəstə uşaqdıq qonşuluqda biz,
Bir gəzib, bir durub, bir oturardıq.
Bizə toxunmazdı böyüklərimiz;
Gündə bir qapıda məclis qurardıq,
Bir gəzib, bir durub, bir oturardıq.

Dəmir qarmaqlara soxulcan taxıb,
Kürün sahilində balıq tutardıq.
Bəzən də yuxudan yarımçıq qalxıb,
Aylı gecələrdə sümük atardıq!
Gələndə hər bahar Novruz bayramı,

Hərənin başında bir keçə papaq,
Düşüb qapılara gəzərdi hamı,
Hər çıxan tüstüdən bir pay umaraq.
Yığıb çantamıza yerdən-yemişdən,
Yolda gah yüyürüb, gah ötüşərdik.

Sonra yuvamıza dönüncə birdən
Çul kimi döşənib, yorğun düşərdik...
Bəzən təbiəti biz sevə-sevə
Yemlik döşürərdik qara torpaqdan;
Camışlar belində dönərdik evə
Axşam qaranlığı düşdüyü zaman.

Sizə xoş gəlirmi bu əyləncələr?

  • Könül duyduğunu xəyal seyr edər.
    Gəlir xatirimə qərib bir axşam
    Durnalar başımın üstdən keçəndə.
    Yanıb əriyirdi evimizdə şam;
    Onlara quş kimi qoşulub mən də
    Ən uzaq ellərə uçmaq istərdim,
    Evdən baş götürüb qaçmaq istərdim.

İnsan qanadsızdır... Çatıb qaşımı,
İlk dəfə arzusu gözündə qaldım...
Anamın dizinə qoyub başımı
Xəyallar içində yuxuya daldım...

Qurban bayramıydı, gülürdü dağlar,
Qonşumuz xınalı bir erkək kəsdi.
O bayram günündə anamı ağlar
Görəndə, üstümdən bir çovğun əsdi.

Atam oturmuşdu qapımızda tək,
Ömrünün ixtiyar və düşkün çağı,
Zoğal müştüyünü tüstülədərək;
Yenə tökülmüşdü qaşı-qabağı.

Nəydi düşündürən o yazıqları?
Evdə nə ocaq var, nə isti qazan...
Hamıya "gülməzdi" ömrün razgarı.
Deyin yanılmasın tarixi yazan!

Bir tərəfdə bayram, bir tərəfdə yas!..
Böylə keçinmişdir dilsiz əsrlər,
Şairim, könülün duyduğunu yaz!
Odur bu dünyada ən böyük əsər.

O gün qonşumuzun oğlu başına
Qoymuşdu bir qara, buxara papaq;
Qüruru sığmazdı uşaq yaşına.
Yanımdan keçirdi tərs-tərs baxaraq.

Mənsə sallamışdım yerə burnumu
Baxıb köynəyimin yamaqlığını,
Deyirdim: "Dünyanın vəfası bumu?
Hamını almayır öz qılığına".

"Uşaq əziz gündə sınmasın", - deyə
Anam cehizliyi yorğan üzündən
Mənə üst köynəyi tikdi hədiyyə.
Mən də iki dəfə öpdüm üzündən.
Ah, mehriban ana! Ah, əziz ana!
O gündən bəridir həsrətəm sana!..

      Günlər boy atdıqca, mən də boy atdım,
      Gəlib yetişmişdim on üç yaşıma;
      On üç qış keçirib, bahara çatdım.
      Bir qara faciə gəldi başıma;

Bir dolaşam vardı, tükləri yumşaq,
Tumarlardım onun qanadlarını;
O körpə quşcuğaz qanad çalaraq,
Gəzərdi göylərin üst qatlarını.

Bəzən öz əlimlə uçurub onu,
Baxardım ardınca dərin göylərə,
Seyr edib havanın göy boşluğunu
Birdən şığıyardı uçduğu yerə.

Meylimi salmışdım o quşcuğaza,
O da ayrılmazdı mənim yanımdan,
Tutardım arabir söhbətə, saza,
Əziz saxlayardım onu canımdan.

Ağzımda çörəyi çeynəyib bəzən
Xırdaca-xırdaca yemlərdim onu.
O aciz heyvanı bəslədikcə mən,
Bilməzdim axrının heç olduğunu.

Bir sabah nə gördüm? Yazıq quşcuğaz
Yoxa çəkilmişdir damın üstündən.
Mahir və sinanmış bir ovçu kimi
Düşdüm sorağına onun o gündən.

Üç gecə yatmadım, üç gün ağladım,
Gəzib dəymədiyim qapı qalmadı.
Dolaşdım bir kəndi mən addım-addım;
Neyləyim? Mən deyən yenə olmadı.

Ümidim kəsildi, əlim üzüldü,
Məni tək buraxdı o əziz sirdaş,
Nə könlüm açıldı, nə üzüm güldü...
Bir axşam yenə də gözlərimdə yaş

Gəzirdim qapıda dodaq büzərək;
Bir paya başından uçdu quşcuğaz,
Hava dalğasında qanad süzərək,
Gəlib sol çiynimə düşdü quşcuğaz...

Gözlərim yaşardı sevindiyimdən,
Elə bil üstümdən dağ götürüldü.
Anam bir muştuluq istədi məndən,
Deyəsən atam da qımışıb güldü.

Bunun arxasınca keçmədi bir az
Gəldi qonşumuzun uşağı Niyaz;
Yanında üç nökər, bir qara tazı,
Qorxudan sığındı mənə quşcuğaz.

"Dolaşa bizimdir, qaytarın geri!"
Gözümdən od çıxdı, başımdan tüstü.
Yapışdım çomağa: "Çəkilin geri,
Yoxsa qan elərəm bu axşam üstü!"

Qızışdi, get-gedə qarışdı ara.
Artıq itirmişdi döyən-döyəni,
Burnumun üstündən aldığım yara
Çul kimi torpağa sərmişdi məni.

Birdən bir vığıltı eşitdim, ah, mən,
Gördüm çapalayır yazıq quşcuğaz...
Ara qarışanda yönəlib birdən
Quşcuğun başını qoparmış Niyaz.

Ah, insafsız adam, vicdanın hanı?
Günahı varmıdır dilsiz heyvanın?
Xəyalım dolandı bütün dünyanı...
Nəyə qıymamışdır əli insanın?

Quşun ayaqları eşir torpağı,
Başı bir tərəfdə... dimdiyində qan...
Quşun qanadları xəzan yarpağı,
Sərilmiş torpağa qırıldığından...

Uşaq xəyalımda bulanır sular,
Gözlərim qaralır həyəcanımdan:
Ah, sınan könüllər, sönən arzular!
Dumanlar, tüstülər çıxır canımdan...

Dolandı həftələr, dolandı aylar,
Kükrədi, sönmədi qəlbimin kini.
Uşaqda bir tərslik, bir inad da var,
Açıb söyləmədim qəlbimdəkini.

Keçdi fürsətimə günün birində
Mənim gözlədiyim o lovğa "düşmən";
Ceyranlar düzündə, oylaq yerində
Sürüşmək istərkən mənim yanımdan,
Belinə, başına çaldım çomaqla,
Dedim: qüdrətimi yadında saxla!

Sonra qalib gəlmiş ordular kimi,
Çomağım çiynimdə yola düzəldim;
Əsdim çovğun kimi, yağdım qar kimi,
Anamın yanına ağ üzlə gəldim.

Fəqət əskilməyir yenə inadım,
Qorxulu xəyallar keçir başımdan...
Elə bil sınmışdır qolum, qanadım,
Mən ayrı düşmüşəm öz sirdaşımdan.

Quşcuğaz məni tərk edəndən bəri
Könül həsrətilə çox ağlamışdır.
Quşcuğaz dünyadan gedəndən bəri
Qəlbim zənginlərə kin bağlamışdır.

Arabir yadıma salsam da onu,
Bambaşqa tarixlər keçir başımdan...
Dəyişdi dünyanın əvvəlki donu,

Ayrıldım get-gedə uşaq yaşımdan.
Ölkələr dolandım, şəhərlər gördüm,
Dənizdən dənizə çapdım gəmimi.
Mən ağlı-qaralı dövranlar sürdüm,
Sizə xəbər verim son həmdəmimi.

Vuruldum o gün ki, şerə, sənətə,
Unutdum sevdiyim əyləncələri.
Aşiqəm insana və təbiətə
Əlim qələm tutub yazandan bəri.

Bəzən xəyalımda gəzir buludlar,
Bir damcı böyüyüb bir dəniz olur...
Dünyanın ölməyən bir qanunu var:
Bir yandan boşalır, bir yandan dolur.

Mənsə bu varlığın içində qaynar
Bir vulkan kimiyəm, gözlərimə bax,
Könül tərlan kimi baş alıb oynar,
Buluddan buluda qanad çalaraq.

İnsanlar dost kimi oxuyur məni,
Sözüm ağızlarda əzbər çəkilir;
Əlimlə qurduğum sənət bağında
Ətirli lalələr, güllər əkilir.

Öylə səfərbərəm, öylə hazıram –
Qarşımda diz çöküb, göylər alçalır.
Bir yanda kağıza mən söz yazıram,
Bir yanda sevgilim piano çalır.

Ömrümün bu əziz günlərində mən
Düz otuz yaşıma girirəm bu yaz...
Fəqət, xəyalımın önünə bəzən
Gəlir yazıq anam, bir də quşcuğaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri