Bir nəfəscik söyləyəyim,Dinləməzsən, neyləyəyim?Eşq dəryasın boylayayım,Ümmana dalmağa gəldim.

Eşq xərmənində sovruldum,Həm ələndim, həm yoğruldum,Qazana girdim, qovruldum,Meydana yenməgə gəldim.

Mən haqqa oldum aşina,Qalmadı könlümdə nəsnə,Pərvanəyəm ataşına,Şəm’inə yanmağa gəldim.

Şah Xətayidir özümdə,Heç xilaf yoxdur sözümdə,Əskiklik kəndi özümdə,Darına durmağa gəldim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri