Könül, baxa-baxa rüxi-zibayəGözündə qüvvəti-bəsər qalmamış.Gözəl sevən gərək dözə cəfayə,Qocalıbsan, səndə hünər qalmamış.

Nə dizdə taqət var, nə təndə təvan,Alıbdır sinəni rənci-xofəqan,Bərgi-yasəmən tək dağılıb dəndən,Xəzanədə dürri gühər qalmamış.

“Dal”ə dönüb “əlif” qəddin bükülmüş,Çöhreyi-alından ziya çəkilmiş,Tündbadi-həvadisdən tökülmüş,Nəxli-müddəadə səmər qalmamış.

Götürülüb vəhdət, tərk olub səfa,İfrata yetibdir cövr ilə cəfa;Deyirlər, sabiqdə var imiş vəfa,İndi dəxi ondan əsər qalmamış.

Bu aləm məhəlli-iqamət deyil,Yola düş vəqt ikən, etmə təğafül;Sövdayi-bazari-dəhrdə, ey dil,Sivayi-nöqsanü zərər qalmamış.

Mərdümi-zəmanə yeksərü yekcə,Olub gizbü təqəllübə mübtələ;Aşinayə yalan satar aşinə,Heç kimsədə doğru xəbər qalmamış.

Pozulub sərasər bünyadi-ülfət,Bağlanıb hər yandan rəhi-məhəbbət;Məşuqun hüsnündə nəşəyi-behcət,Aşiqin ahında şərər qalmamış.

Özgə əyyam idi əyyami-dirin,Tapmaq olmaz indi onların birin;Hansı Əzra, hanı Leyla və Şirin,Bir vəfalı məddi-nəzər qalmamış.

Yoxdu rahi-nicat bizlərə oslaƏnqərib olmasa zühuri-mövla.Mehri-şəriətdə, nə deyim, aya,Pərtövi-bəşarət məgər qalmamış?

Ömür başa yetdi bir saat, bir dəm,Bu dövri-fanidə olmadıq xürrəm;Girdabi-bəlayə qərqdir aləm,Bir canibə rahi-güzər qalmamış.

Ya şəfi-müznib, ya əffi-günah,Qərqi-məsiyyətdir Zakiri-gümrah,Əmələ ümid yox, taətə pənah,Sizdən özgə bir çarəgər qalmamış.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq