Səri-zülfün kimi titrər ürəyim,Gələ-gör ki, səri- muyin istərəm.Duzlu hekayətin, nəməki sözün,Pəsəndidə xülqü xuyin istərəm.

Bir otaqda oturuban biz ilən,Könlümü aldığın şirin söz ilən,Eyhamü işarə, qaşu göz ilən,Gahi həzin göftiguyin istərəm.

Səndən ayrılandan bəri lalam mən,Ümüd yoxdu gələn ilə qalam mən;And olsun Kəbəyə xəstəhalam mən,Can verməyə səru-kuyin istərəm.

Kəsibsən bizimlə aramı nədən,Nə müddətdən bəri yox gəlib-gedən,İntizar çəkirəm ta ki, sübhədənOl badi-səbadan buyin istərəm.

Mən Zakirəm səni görəndən bəriDüşmüşəm çöllərə dəli, sərsəri;Neylərəm günəşi, mahi-ənvəri,Üzarın anaram, ruyin istərəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri