Təğafül eyləmə, ey badi-səba,Tezlik ilə yetir yarə dərdimi.Tutub səri-zülfün, dolan başına,Söylə şuxi-sitəmkarə dərdimi.

Alıbdı sinəmi möhnətü vərəm,Sübhü şam Allahdan ölüm istərəm,Nə yar yazı bilir, yazam göndərəm,Nə deyən var o dildarə dərdimi.

Səg rəqib bilməsin, düşərik qana,Sərzəniş yetişər bəlkə canana.Qorxuram cismü can alışıb yana,Tapşırmışam dili-zarə dərdimi.

Üz qoyub üstümə küduretü qəm,Yaş tökülür gözlərimdən dəmbədəm;Alov tutar kağız, alışar qələmSəbt etsələr hər tumarə dərdimi.

Mən Zakirəm, bu fələyə neylədim,Vermədi muradım, dedim, söylədim,Nə qədər ki, fikrü xəyal eylədim,Çıxartmadı bir kənarə dərdimi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq