Yalvardım səbayə: şərh et halımı,Yolun düşsə, çeşmi-xumar yanında.Dedi: sənin dərdin yen ziyadədir,Çox danışmaq olmaz bimar yanında.

Can quşu mayildi daneyi-xalə,Təmənnası budur yetə vüsalə;Mən bilirəm gedəcəkdir zəvalə,Zənəxdan dövründə, üzar yanında.

Gəl fərağət otur, dili-bədəməl,Gəncineyi-hüsnə tapmaq olmaz əl,Əfi kimi daim zülfi-müsəlsəlQıvrım-qıvrım olub yatar yanında.

Bilir ləli-ləbə çoxlardı mayil,Bəlkə təmə edə bir əqli zayil,Peyvəstə ox-yayın qəmzeyi-qatilÇilləyə mindirib asar yanında.

Ol keçən dəmləri hanı Zakirin,İtkin olub adı-sanı Zakirin,Qürbətdə çıxacaq canı Zakirin,Yoxdu xeyirxahı o yar yanında.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri