Baxışların şölə salsın üstümə,Üzdən gülmə, ürəkdən gül, ürəkdən.Ömrüm-günüm sevincinlə bəzənsə,Qorxum olmaz qasırğadan, küləkdən.

Gözü nurlu, qəlbi təmiz olanda,Ağlı dərya, eşqi dəniz olanda,Canan gəlib candan əziz olanda,Seçəmmirəm mən insanı mələkdən.

Yaraşıqdı gün bahara, gün yaya,Çay yaranıb dağa-daşa ün yaya.Matəm üçün gəlməmişəm dünyaya,Sevinc üçün açılmışam bələkdən.

Nemətimiz şirin-şirin yeyilsin,Bar altında bucağımız əyilsin,Elə yaşa, sən köçəndə deyilsin,Saray yapdı xoş arzudan, diləkdən.

Günəş ollam, sürünmərəm çən kimi,Üyünmərəm dəyirmanda dən kimi.Ölərəmmi, məni duysan mən kimi,Bir ömür də borc alaram fələkdən!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar