Eşqə qadağa yox, sevgiyə sərhəd,Xatirən canlıdır, şöhrətin diri.Ömrünün mənası millətə xidmət,Adının mənası Allahın şiri.

Ruhun dolaşacaq başımız üstə,Adın yaşayacaq təbiət kimi.Neçə doğma qanda, doğma nəfəsdəQəlbin döyünəcək məhəbbət kimi.

Xalqı zirvələrə qaldırmaq üçünSevgi şahlığının taxtına çıxdın.Oğul xalq üçündü, zirvə dağ üçün,Nə yaxşı bu xalqın baxtına çıxdın.

Şəxsiyyət girəndə elin qəlbinə,Onunla birlikdə taxt ucalarmış.Tapınıb eşq adlı Tanrıya, dinə,Zaman ucalarmış, vaxt ucalarmış.

Tanrının, Allahın sözünə baxar,Şeytanın felinə uymaz bu dünya.Kəmfürsət düşməni yandırar, yaxar,Səni unutmağa qoymaz bu dünya.

Döydü qapıları qara bir xəbər,Hərə öz içinə qısılı qaldı.Təyyarə torpağa enənə qədər,Baxışlar göylərdən asılı qaldı.

Bu, ərzi titrədən bir xəbər idi,Çiçəklər saraldı, gül həşəm oldu.

Həyatın nə qədər mötəbər idi,Ölümün o qədər möhtəşəm oldu.

Yazsın yaddaşına tarix bu sözü,Zaman bu çəkidə qəm görməmişdi.Dünya yaranandan dünyanın gözüBir xalqı bu qədər cəm görməmişdi.

Dağları daşıyıb çiyinlərində,Bağrının başında bir yük görmüşəm.Nə qədər olsa da dərdi dərində,Bu xalqı həmişə böyük görmüşəm.

Dincəlib özünə gələcək yenə,Qəmin ləngərindən yorğundu xalqım.Sığışmır zamanın cazibəsinə,Caviddi, Müşfiqdi, Vurğundu xalqım.

Bu xalqa bağlıdır öndərin canı,Ulu həqiqəti heç kəs danmasın.Böyük kişilərin adı, ünvanıXırdalar dilində xırdalanmasın.

Dindi ürəyimdə saz pərdə-pərdə,Onun ürəyini, ağlını sevdim.Qəhrəman gəzmədim yad ölkələrdə,Mən öz millətimin oğlunu sevdim.

Başına tac bildi torpağı, daşı,Vətən bayrağıdı, millət canıdı.O, mənim xalqımın mərd vətəndaşı,Şeirimin əbədi qəhrəmanıdıl

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq