Çırpın, şair ürəyi, sənə düşəcək bu yük,Çağır sevda yolunda insanları yarışa.Bütün yamanlıqları döndər yaxşılıqlara,Qovuşdur insanları məhəbbətə, barışa.

Niyə düşüb, kim salıb – qara saçda dən ara,Sən soruş, sən maraqlan, itənləri sən ara.Kimlər küncə qısılıb, kim çəkilib kənara,Tapmaq üçün onları gəl çıxaq axtarışa.

Özünü darta-darta heç kəs oxlov udmasın,Heç kəs qarşıdakını qoy təkəlli tutmasın.Dünyaya sığmayanlar dünyanı unutmasın,Onsuz da sığacaqlar beş-altıca qarışa.

2004, 21 oktyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri