Babalar var idi, aqil babalar,Haqqın dərgahına enib getdilər.Ayağa düşmədi elin namusu,Yenilməz ordular yenib getdilər.

Arxa yarandılar elə, obaya,Çapdılar atları belədən-belə.Bir əlçim buluda, bir əsim yelə,Bir çaxım şimşəyə dönüb getdilər.

Qurd kimi gödənlər yırtan görəndə,Dünyanı dağıdan, dartan görəndə,Namərdin sayını artan görəndə,Sozalıb getdilər, sönüb getdilər.

Halal süd əmdilər, halal dodaqdan,Halal qız aldılar, halal ocaqdan,Düzgün ayırdılar haqqı, nahaqdan,Haqqın sədasıyla dinib getdilər.

Nəfsi aldatmadı nə gümüş, nə zər,Gözdən yayınmadı nə xeyir, nə şər.Kişilər varıydı, yaxşı kişilər,Yaxşı köhlənləri minib getdilər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq