Gördüm uşaqlığım keçən günləri,İlk şeiri yazdığım günə qayıtdım.Qayalar qoynuna, dağlar başına,Saldığım haraya, ünə qayıtdım.

Qaynadım çiçəyə, qarışdım gülə,Döndüm çəmənində məxmərə, tülə.Torpağın qoynunda sarı sünbülə,Sünbülün ovcunda dənə qayıtdım.

Alışdım, görmədi yadlar tüstümü,Könül incidimi, xəyal küsdümü?Gördüm qəm buludu alır üstümü,Qarışdım dumana, çənə qayıtdım.

Dağıldı başımdan hisim, dumanım,Min il yaşamağa gəldi gümanım.Obalar dinimdi, ellər imanım,Qayıtdım, imana-dinə qayıtdım.

Ayrılıq çox yerdə boynumu burdu,Körpəlik beşiyim cənnətdi, nurdu.Ey ana nəfəsi, ey ata yurdu,Axır ki, axırda sənə qayıtdım!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar