Gözəllər gözəli
İstanbula baxmağa,İki min göz gərəkdir, iki gözdən kar aşmaz.Gözəllər gözəlini,Bir dəfə görən kimi gördüm demək yaraşmaz!İstanbulu gəzməyə,Bir ömür bəs eləməz, ikinci ömür gərək,Ürək poladdan mətin, iradə dəmir gərək!İstanbulda qalmağa,Vaxt gərək, zaman gərək həftələr, aylar qədər.İstanbulu qucmağa,Qollar uzanmalıdır ən uzun çaylar qədər!İstanbulu duymağa,Qəlbin zəngin olmalı, zəngin saraylar qədər!Qəvvas olmaq gərəkdir sularında üzməyə,Qartal olmaq gərəkdir göylərində süzməyə.Dalğa nə qədər yaşıl, su nə qədər duruymuş,İstanbul bu dünyanın gözlərinin nuruymuş!Məndən soruşsalar ki, İstanbulda nə gördün,Neçə sehrli saray, neçə xəzinə gördün?Gördüyümü deməyə,Dinməyə, danışmağa dilin qüdrəti çatmaz!Tərifini yazmağa qələm aciz, söz kasıb,Havasını çalmağa telin qüdrəti çatmaz!İstanbulu çəkməyə,Dünyanın ən ilahi, dahi rəssamı gələ,Bir əlində çırağı, birində şamı gələ,Olanı göstərməyə əlin qüdrəti çatmaz!İstanbul bir qaladı,Bir daşını salmağaQasırğanın, tufanın, selin qüdrəti çatmaz!Tarixlərin şahidi, qədim, möhtəşəm, ulu,İndi özünüz deyin:Bircə dəfə baxmaqla,Necə deyim görmüşəm, gəzmişəm İstanbulu!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-gozeller-gozeli
← → düymələri ilə keçid, R — təsadüfi şeir