Yanmağı bilməyən bişməyi bilməz,Nə çiyə, nə də ki, xama gedirəm.Zərli saraylara tamah salmadım,Nurlu bir daxmaya, dama gedirəm.

Adı min bir olan, özü birim var,Alışan ocağım, yanan pirim var.Həqiqət elmində kəm-kəsirim var,Bütövə can atıb, tama gedirəm.

Səslər dünyasının zili, pəsiyəm,Udun fəryadıyam, neyin səsiyəm.Qırxlar məclisinin pərvanəsiyəm.İçməyə şərbətə, cama gedirəm.

Nəfsin xatasından ötüşməliyəm,Min parça olsam da, bitişməliyəm.Tanrı dərgahına yetişməliyəm,Uca bir arzuya, kama gedirəm.

Dost dedim, dolaşdım yeddi iqlimi,Hər yerdə dost dedi qəlbimin simi.Mövlana eşqinə pərvanə kimi,Konyaya can atıb, Şama gedirəm.

Bu gediş adicə bir səfər deyil,Gedib kef çəkəsən, kef eləyəsən.Bu yolun tilsimli qapılarından,Bütün sınaqları, çətinlikləri,Gərək imanınla dəf eləyəsən.

Bu gediş adicə bir səfər deyil,Bu yolu getməyən bəxtəvər deyil.

Əqidə sirdaşın, düşüncə dostun,Gərək yumaq kimi çözələnəsən.Özünü tapasan onu tapanda,Hər gün içəridən təzələnəsən.

İncələ-incələ ip olmalısan,İncəlib, iynənin gözündən keçibNazilə-nazilə sap olmalısan.Şam kimi əriyib səhra qumunda,Səhra küləyində çöp olmalısan.Bu gediş adicə bir səfər deyil,Yerdə çiçəklərdi onun heyranı,Göydə mələklərdi onun heyranı,On nəfər, yüz nəfər, min nəfər deyil.

Gizlindən səs gəldi qulaqlarıma,Fikir dənizində üz görüm indi.Dərya qasırğalı, həyat tufanlı,Mərcanı saplara düz görüm indi.

Yeni bir yön versin dövrana dünya,Gətirdi ilhamı cövlana dünya.Dünya Mövlanadı, Mövlana dünya,Sən orda ilhamla gəz görüm indi.

Dodaqda bir neydi, ürəkdə bir saz,Aparar, o, səni yollarda qoymaz.Onun ruhundakı ucalığı yaz,Yaza bilirsənsə, yaz görüm indi.

Hara baxdım, onu gördüm,ruhun kökündə MövlanalGöyün uca tavanında,yerin təkində MövlanalBaxdım Səməndər quşunayanan tükündə MövlanalQəlbin sönməz işığında,ağlın yükündə MövlanalSonda bir əvvəli gördüm,əvvəldə bir sonu gördüm,Oda, suya, yerə, göyə —hara baxdım onu gördüm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri