“Mənmi, zəmanəmi” – demə, Koroğlu,Zəmanə qocalmaz, sən qocalıbsan.At Misri qılıncı, girmə meydana,Daha Çənlibeldən en, qocalıbsan.

Nigar xəyaldadı, xəstədi Cunun,Gəlmir qəhqəhəsi dağlar oğlunun.Qalıb urvalığın, qurtarıb unun,Hərlənir başında çən, qocalıbsan.

Daha çəkən olmaz nazı-qəmzəni,Əymədi yaltaqlıq, əydi qəm səni.Qıratla yola sal Keçəl Həmzəni,Üyüt dəyirmanda dən, qocalıbsan.

1972, 4 avqust

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale