Sevgilim, anama qocasan demə,Gəl, onun eşqinə, gəl, işinə bax!Kövrələn qəlbindən süzülüb gələnŞirin nəğmələrin gəlişinə bax!

Uzansın daha da ömrünün yolu,Demə ki, incəlib, üzülməsi var.Sən xallı-xalçalı bir otaqdasan,Onun hər naxışında yüz ilməsi var!

Gülsə, doxsan ilin dodağı qaçar,Ağlasa, dünyanın çatılar qaşı.Havalı gəzsən də, havasına yat,Yanından keçəndə bir az yavaşı.

Sənə o qədər də asan gəlməsin,Rənginin, saçının dümağ olması.Burula-burula ipə dönənin,Bükülə-bükülə yumaq olması!

O bütün güllərdən əzizdir mənə,Ətri min çəmənin ətrinə dəyər.Qara tellərinlə çox da öyünmə,Ağaran tellərin xətrinə dəyər!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri