(Anaların dilindən)

Hansı ildə doğuldun,İlinə qurban olum.Hansı gündə dil açdın,Dilinə qurban olum.

Sığalıma yatmayan,Qaşın üstə çatmayan,Hələ daraq tutmayan,Telinə qurban olum.

Ay ömrün şirin barı,Yarı, dünyadan yarı.Sındır oyuncaqları,Əlinə qurban olum.

Bax illərə, aylara,Hay verən ol haylara.Baş vur dəli çaylara,Selinə qurban olum.

Torpaq, müqəddəs ana,Hopsun iliyə, qana.Bağlan Azərbaycana,Elinə qurban olum!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri