Gözümə işıq ver, qəlbimə güc ver,
Qoy yenə hər döşdə qaynasın bulaq.
Qızılvəng, Alının doğulduğu yer,
Qızılvəng, Alının yatdığı torpaq!

Yenə toy libası geyib gəlmişəm,
Bahar yollarıma xalı çəkibdi.
Göyçə mahalını deyib gəlmişəm,
Bu dəfə meylimi Alı çəkibdi.

Hər kim öz vaxtında görsə işini,
El onu gözünün üstündə saxlar.

Axtara bildisə öz keçmişini,
Onu da bir zaman axtaracaqlar.

Məni qovuşdurdu arzuya, kama,
Odur axtardığım, soraqladığım.
“Divani”, “Müxəmməs”, “Təcnis”, “Bağlama”,
Göyçədir kitabtək varaqladığım.

Bu nadir kitabı oxuyanda mən,
Özümü dünyanın xoşbəxti saydım.
Açmazdı könlümü nə çöl, nə çəmən,
Alı hikmətinə qovuşmasaydım!

Qırıb amanını dumanın, çənin,
Səcdəyə gəlməmək günahdır, günah.
Şagirdi Ələsgər olan bəndənin
Özündə nə varmış, görəsən, Allah!

Ellərin sərvəti yatıb canında,
Silahı açılmaz qıfılbənd olub.
Bircə gün kim qalsa onun yanında,
Bütün ömrü boyu saza bənd olub.

Min könül oxşayıb, min ürək açıb,
Elə arxa olub, xalqa yar olub.
Xallar barmağında gül-çiçək açıb,
Şair düşüncəli bəstəkar olub.

O, sazı götürüb söz oxuyanda,
Göylər də məclisə enib deyirlər.
Ürəkdən keçəni gözdən duyanda,
Pirə, peyğəmbərə dönüb deyirlər.

Könlüm, kamilləri gəl, yadına sal,
Elə doğrudan da piriymiş Alı!

Döyüş meydanında Koroğlu misal,
Deyiş meydanında şiriymiş Alı!

...Aşığın söhbəti, qışın gecəsi,
Yenə Tanrısıdır Alı məclisin.
Göydə buludları titrədir səsi,
Tufandı, dalğadı halı məclisin.

Elə vurulub ki, saza, söhbətə,
Adam var, soruşsan adını bilməz.
Alı bərəkətdi, dönüb nemətə,
Kim belə nemətin dadını bilməz?!

Çoxları ustadı görmək istəyir,
Pərvanə can atar işığa doğru.
El, sözü gül kimi dərmək istəyir,
Baxışlar zillənib aşığa doğru.

Dincəlir dayazda, üzür dərində,
Coşdurur aşığı söhbətin dadı.
Bir el bir ustadın həndəvərində,
Bir kənd bir ocağın ətrafındadı!

Nur yayılır, göz dəmlənir,
Alı yanır ocaq kimi.
Baş endirir telli saza,
Bar gətirən budaq kimi.
O budağın meyvəsinə,
O meyvənin dadına bax!
Necə yanıb şölə çəkir,
Bir ürəyin oduna bax.
Eşidənlər deyir, Allah,
Açılmasın hələ sabah!
Kərəm hələ kül olmasın,
Əsli hələ çəkməsin ah!

Yol uzansın, aşıq Qərib
Yetişməsin Şahsənəmə.
Hələ qalaq intizarda,
Gün doğmasın bəxti kəmə.
Koroğlu da qoy uduzsun
Həmzə adlı bir keçələ.
Yeddi canı olsa belə,
Biri gəlib düşər ələ.
Məclis elə sehrlənib,
Bircə kəlmə dinən yoxdu.
Od götürüb ürəkləri,
Alışan var, sönən yoxdu.
Alı gördü belə getsə
Bəsti deyən olmayacaq.
Kim istər ki, belə yerdə
İstisini kəssin ocaq.
Dünyagörmüş kamil ustad
Cilovladı həvəsini.
Sazı qoyub bir tərəfə
Bir az dərdi nəfəsini.
Elə bu vaxt izin alıb söz istədi bir nəfər:
Dedi: “Ustad, məclisdədi öz balamız Ələsgər.
Neçə vaxtdı ellər gəzir onun sözü, söhbəti,
Gənc olsa da gözü görüb ayrılığı, həsrəti.
Neçə vaxtdır eşqə gəlib saz eşidir, saz deyir,
Axşam çalır, sabah çalır yenə azdı, az deyir.
Öz-özünə havalanıb gecə-gündüz oxuyur,
Yoxdu durub dincəlməyi, bir çalır, yüz oxuyur.
Bələd olsan sinəsinin sərvətinə, varına,
Bağban olub dad verərsən bağçasına, barına.
Bu dünyanın hər sifəti ona yaxşı tanışdır,
İmkan olsa oğlun kimi onu dindir, danışdır”.
Bu xəbərdən, bu söhbətdən Alı xeyli şad oldu,
Yorulmuşdu, birdən-birə elə bil Fərhad oldu!
Yeddi nərin gücü gəldi biləyinə, qoluna,
Xoş arzular işıq saldı sabahına, yoluna.

Gülər üzlə, xoş sifətlə Ələsgərə gəl dedi,
Yaxşı-yaxşı tanış olaq hər şeydən əvvəl dedi.
Nə utanma, nə çəkinmə, sən Ələsgər, mən Alı,
Söz oxuyaq, söhbət açaq, olsun şirin, mənalı.
Xəzinəm var, toplamışam, sünbülümdən dən götür,
Bir saz mənim sinəmdədir, birini də sən götür!

Ustad öz-özünə fikirləşirdi –
Qartalı uçuşda tanımaq gərək.
Görüm nə hikmətdi, görüm nə sirdi,
Köhləni qaçışda tanımaq gərək.

Görüm bir nəyədi meyli, istəyi,
Ürəyi baxışdan duya bilirmi?
Sönəndə bir kəsin eşqi, diləyi,
Yaşı yanağını yuya bilirmi?!

Suallar önündə tutulsa əgər,
Ağrısı sinəmdən getməz ah olar.
Cavan bir oğlandı, xətrinə dəyər,
Belə tez imtahan min günah olar!

Alı

Belə ki, sənətə vurğunluğun var,
De görüm hardandı səndə bu həvəs?
Cavan ürəyini, ay eşqi bahar!
Yolların yoxuşu qorxutmurmu bəs?

Ələsgər

Ustad! Mən gələndə dünya üzünə,
Evdə saz adlanan qüdrət görmüşəm.
Baxıb çeşmələrin qaynar gözünə,
Könlümdə varlığa heyrət görmüşəm.
Öyrənən, öyrədən, anlayan, duyan,
Hikmətə başını əyən görmüşəm.

Atamı saz çalan, şeir oxuyan,
Anamı bayatı deyən görmüşəm.
Belə bir ocaqda pərvazlanan kəs,
Müqəddəs sənətə yad ola bilməz!

Alı

Əhsən, kamalına, ehtiramına,
Səndə ki, bu ağıl, bu ucalıq var,
Çatarsan ən böyük arzu-kamına!
Mənim alqışımı eşidər göylər,
Üzünə xeyirlə açılar səhər!

Ələsgər

Hikmətlər, kəlamlar nurlu səhərim,
Hər ustad dünyası ölməz əsərim.
Nağıllar, dastanlar varım, xəzinəm,
Dolub-boşaldıqca qaynayır sinəm,
Mənim də sevdiyim sözdü, şeirdi,
Bir isti nəfəsəm, bir sözəm belə.
Onunla ucalır, gözəlləşirəm,
Könüllər açanda sözüm, söhbətim,
Elə bilirəm ki, ocağam, pirəm.

Alı

Mən də bir hikməti fikirləşirəm,
Köz varsa, ocağa çevrilməlidir.
Dolu ürəklərdə doğulan eşqin
Damlası bulağa çevrilməlidir.
İndidən görürəm o bulağı mən,
Nəsillər su içər hər qətrəsindən!

Ələsgər

Heç vaxt unutmaram bu əziz günü,
Bu axşam dünyaya gələn günümdü.
Ulu bir ustadla göz-gözə durub,
Şirin sevincimi bölən günümdü.

Təklifim olsaydı ürəyinizdən,
Sizə tapşırardım taleyimi mən!

Alı

O haqda düşünüb darılma qəti,
Əlimdən vermərəm mən bu fürsəti.
Sən mənim bəxtimə çıxan səadət,
Ustad şagirdinə atalıq eylər,
Dədə-babalardan belədir adət.
Olursan bu gündən oğlum, övladım,
Adımla yanaşı yaşasın adın!

Gör-götür dünyası çağırır səni,
Baxışdan söz anla, söz götür, oğlum.
İncilər tükənməz, ümmanlar dərin,
Dolan bu aləmi, göz götür, oğlum.

Oxu nəğməsini təmizin, xasın,
Yarat dastanını bayramın, yasın.
Ellərin hikməti unudulmasın,
Sabahı gözləmə, tez götür, oğlum.

Öyünsün adınla bu yurd, bu torpaq,
Bəzənsin sözünlə hər dil, hər dodaq.
Təkcə mən deyiləm gur yanan ocaq,
Hər oddan, ocaqdan köz götür, oğlum.

Ələsgər

Qədim bir mahaldı laylamı çalan,
Bu layla üstündə dil açan ollam.
Yollara çıxaram xeyir-duanla,
Uzaq mənzillərə yol açan ollam!

Şirin bir avazla ucalanda səs,
Gətirər dünyaya yeni bir nəfəs.

“Divani”, “Gəraylı”, “Təcnis”, “Müxəmməs”,
Şeirin süfrəsini bol açan ollam!

Öyrənən, öyrədən, görən, götürən,
Sorağı hər yana şadlıq yetirən,
Torpağın bağrında çiçək bitirən,
Ellərin qəlbində gül açan ollam!

Alı ustalıqla izləyir onu,
Gördüyü nə varsa, ulu görürdü.
Qarşıda dayanan hikmət oğlunu,
Mərifət elmində dolu görürdü.

Bu necə möcüzə, bu necə sirdi,
Sərvətlə nə qədər dolarmış sinə.
Alı ürəyində baş endirirdi,
Xalqın ürəyinin genişliyinə!

Ustad xəyalından nələr keçirdi:
Dahilər, ölməzlər yetirəndi xalq.
Çağlayar canında çaylar, dənizlər,
Sənətə Allahlıq gətirəndi xalq.

Adını quyladı sağkən ölənin,
Başına tac qoydu qədirbilənin.
Üzdən ağlayanın, üzdən gülənin
İzini, tozunu itirəndi xalq.

Nəğmə də ondadır, bulaq da onda,
İşıq da ondadır, ocaq da onda.
Toxum da ondadır, torpaq da onda,
Göyərdən, becərən, bitirəndi xalq.

Ustad da, şagird də yüksələn dağı,
Millətin şərəfi, ucalığıydı.

Biri cavanlığı, coşub-daşmağı,
Biri müdrikliyi, qocalığıydı.

Ustadın, şagirdin sözü bir oldu,
Bir arzu, bir əməl, bir fikir oldu.
Qoca cavanlaşdı, cavan pir oldu,
Alı Ələsgərlə görüşən günü.

Ana təbiətin çox olsun payı,
Bəxtə işıq saldı Günəşi, Ayı.
Bir dəniz bağrına basdı bir çayı,
Alı Ələsgərlə görüşən günü.

Toyu, bayramıydı gözəlin, yarın,
Ətəkdə çiçəyin, zirvədə qarın.
Açması başlandı bağlamaların,
Alı Ələsgərlə görüşən günü.

Yerləşdi ağlına, düşdü zəndinə,
Yaydı mahalına, yaydı kəndinə.
Dünya açar tapdı qıfılbəndinə
Alı Ələsgərlə görüşən günü.

Çoxaldı sənətin nuru, ziyası,
Qazandı ilhamın, sözün mayası.
Gül açdı Göyçənin daşı, qayası,
Alı Ələsgərlə görüşən günü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri