Mənsəbdən, şöhrətdən sərxoş bir adam,Dəniz sahilinə gəldi bu axşam.O baxdı dənizə... Dəniz yenə lal,Durmuşdur hüsnündə böyük bir calal.Durmuşdur torpaqdan, göydən xəbərsiz,Üstündə nə bulud, nə duman, nə sis.

– Bu nədir? Heç mənə məhəl qoymayır,Deyəsən, bu hərif məni saymayır?!Sanki yumruq basdı o, ağızlara,Sanki imza atdı o, kağızlara,Çarpdı harın-harın köksündə ürək:– Od vurub dənizi yandıram gərək!..

Dənizə od vurmaq?! Mən baxdım ona,Və güldüm bu sözün puç olduğuna!O isə durmuşdur... durmuşdur, bəli,Havada oynadı qəzəbdən əli.Sanki yumruq basdı o, ağızlara,Sanki imza atdı o, kağızlara.Çarpdı harın-harın, köksündə ürək:– Od vurub dənizi yandıram gərək!

Oxucum, qəribə gəlsə də sizə,O, kibrit yandırıb atdı dənizə.Dəniz alışmadı, dəniz yanmadı,Dalğalar içində alovlanmadı.O, gördü bu halı, baxdı heyrətlə:– Tez məşəl gətirin! – dedi dəhşətlə.Sanki yumruq basdı o, ağızlara,Sanki imza atdı o, kağızlara.Çarpdı harın-harın köksündə ürək:– Od vurub dənizi yandıram gərək!

Məşəl gətirdilər... Məşəli aldı,Özünü hünərlə o, suya saldı.Yenə də, yenə də dəniz yanmadı,Dalğalar içində alovlanmadı,O özü boğulub qaldı sularda,Buna qəh-qəh çəkib güldü sular da!..Harınlıq eləmə!.. Düşünsən bir az,Od vurub dənizi yandırmaq olmaz!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar