Əzizim Məmmədəli! (2 yanvar 1911)

Genə bir az kefim yoxdur. Bəlkə bir neçə günə gələm. Gələn poçt ilə sənə məqalə və şəkil göndərərəm.Abunə pullarını poçtdan al, ver poçtxanadakı sbereqatelni kassada qalsın jurnalın adına. Kassanın kitabçası mənim stolumun sağ qutusundadır, götür.

Jalil Mammadguluzadeh1 min
Əzizim Məmmədəli! (29 yanvar 1911)

Mənim Manyanın bacısına yüz manat borcum var. Neçə il bundan qabaq məvacibi qalıb, qəbz vermişəm. Qəbzin tarixi 7 iyun 1907-ci ildir. İndi borcunu istəyir. Abunə pullarından haman qıza yüz manata kimi düzəlt ver. Verəndə qəbz al ki, filan tarixdə olan borcu babətindən filan qədər pul yetişib. Əgər birdən versən, qəbzi al saxla.Faiq əfəndi yəqin ki, gedib. Getməmiş olsa, salam söylə. Manyaya, Əbilə və Əziz ilə Əhmədə de ki, mənə kağız yazsınlar.

Jalil Mammadguluzadeh1 min
Əzizim Məmmədəli! (1 mart 1911)

Dünən ittifaqən Həmidədən bildim ki, mən Tiflisdən buraya gələndən sonra jurnalı litoqrafiyada tək-tək çap etdirmisən, nəinki iki nömrəni bir daşda. Guya material olmamağı buna bais olub. Heyf ki, mənə bu əhvalatı heç yazmıyıbsan. Əgər bilsəydim, razı olmazdım, çünki belədə çap baha oturur. Bu xüsusda mənə müfəssəl yaz görüm əhval nə cürdür və nə səbəbə mətbəə buna razı olub, görə-görə ki, belədə çox təfavütü var. Bundan sonra nə qayda üzrə qabaqlarda idi, helə də çap etdir ki, iki nömrə birdən çap olunsun.Sabirin əhvalından mənə hər dəfə yaz.

Jalil Mammadguluzadeh1 min
Əzizim Məmmədəli! (14 may 1911)

Yüz manat çatıbdır. Bu gün açıq kağızın da çatdı. Amma təəccüb ki, Rəştdən Həsən Ağa Həriri giley yazır, çünki onun jurnalı ləng gedir.Sən hesabları çox yubadırsan. Bunun hər bir zərərindən savayı, bir böyük zərəri də budur ki, beləlikdə mən heç bilə bilmirəm ki, məsələn, nə qədər jurnal göndərim. Çünki belə məlum olur ki, sən (jurnalın) satıla bilməyib qalmağına və geri gəlməyinə əhəmiyyət vermirsən. Bir surətdə ki, kağızın indiki bahalığı əsrində bunun ziyanı küllidir. Odur ki, hər həftə açıq kağızla yaz ki, filan qədər satılıb və filan qədər qalıb ki, ona görə də mən Bakı üçün jurnal çap elətdirim. Hesabları da iki həftədən uzağa heç qoyma. Amma indi yeddinci nömrədən başlamış sabah on ikinci nömrə çap olunur ki, hesabını sən mənə göndərməlisən. Bunun vəchindən mənə çatıb 50 və dünən 100 manat.

Jalil Mammadguluzadeh1 min
Həmidə! (10 oktyabr 1911)

Yadımdan çıxdı sənə xatırladım ki, dəmir yolu ilə gələndə yumşaq vaqona bilet alasan, çünki xəstəsən, gərək yolu rahat gələsən.Cəlil

Jalil Mammadguluzadeh1 min
Əzizim Həmidə! (14 dekabr 1911)

Allaha şükür, hamımız yaxşıyıq. Uşaqlar lap yaxşıdırlar. Müzəffər də tez-tez bizə gəlir. Ancaq hamımız sənin üçün darıxırıq.Tiflis elə yaxşıdır ki... Havalar lap yaz havasıdır. İşlərini qurtar, gürcüləri burax, oranı bir adama tapşırıb gəl.

Jalil Mammadguluzadeh1 min
Məmmədəli! (1911)

Göndərdiyin povestkaları – ki, pulu eləsin 33 manat 70 qəpik, – üstünü yazıb Məşədi Ələsgər Bağırovun adına göndərdim. Bunu mən qəsdən belə elədim ki, Üzeyir sənə kağızları və povestkaları yetirən kimi get Bağırovun yanına, povestkaları ona verib əlli manat al, haman saat yetir Mərdanova ki, eyibdir, mən səndən də artıq utanıram.Özün də bilirsən ki, indi Təbrizdən və çox yerdən pul gözləyirik. Gələn kimi Bağırovun pulunu verərik ki, eləsin 14 manat 20 qəpik.

Jalil Mammadguluzadeh1 min
Məmmədəli! (1911)

İki səhifə yarım da şəkil göndərdim. Az olsa, qalanını özün düzəlt.Rotterdən nigaran oldum. Bilmədim otuz manata razı olub şəkil çəkirmi? Hər halda burada pulum yoxdur.

Jalil Mammadguluzadeh1 min
Əzizim Məmmədəli! (1911)

Az qaldı ha: iki həftəyə yəqin orada olarıq və görüşərik. Sən Allah, “Tiflisski listok”un nömrələrini oxuyub qurtaran kimi hər gün sal poçta gəlsin və “Günəş” də göndər, çünki hələ bizə gəlmir. “Russkoye slovo”nun da nömrələrini orada saxla. Sən Allah, Həmidə xanımın çekini göndər geri. Əgər pulu alıb, borca vermiş olsan, yerini doldur: barı yanvar ayında öz borcumuzu özümüz verək.Bunu sənə qabaqlar da istəyirdim yazam ki, Faiq əfəndi bundan sonra orada sahib-ixtiyardır, hər barədə: xərclər və pullar barəsində, habelə jurnalın məzmunu barəsində. Ondan sonra sənsən. Sözsüz, sən özün də bunu bilirsən.

Jalil Mammadguluzadeh1 min
Əzizim Məmmədəli!

Mən hələ burada, Xankəndindəyəm.Kağızın yetişdi, razı oldum ki, işləri yerbəyer eləyirsən. Ancaq Manya səndən giley eləyir ki, onu axşamlar tək qoyursan. Yazır ki, bizim köhnə qaravaşımız Olqa hərdənbir Semyonun yanına, yəni bizə gəlir. Semyona de ki, bir də o qız bizdə görsənsə, onu çıxardıb məvacib vermənəm. Xocaya de Olqa bizə gələndə qoymasın. Vera Akimovnadan mənə yaz görüm hardadır və nə qayırır? Bir neçə günə gələrəm. Bu gün yenə material və şəkil göndərirəm. Bir şəxs dünən mənə yazır ki, guya, sən hər gün keflənirsən, mən inanmıram.

Jalil Mammadguluzadeh1 min
Həmidə! (1911)

Yevlaxa çatdım. Yolda Şamil bəy Vəzirova dəydim... O söz verdi ki, bizim başladığımız işdə yaxından iştirak edəcək və mən əminəm ki, onun bizə çox böyük köməyi dəyəcək.Bərdədə bir neçə nəfər adam heç gözləmədiyim halda Molla Nəsrəddinin dostları çıxdı. Hələ Şamil bəyin yanında olanda bir nəfər bəy Mollaya ehtiramını bildirməyə gəldi, sonra karvansaraya Səfərov adlı birisi gəldi, özü də Şuşadandır, böyük bəzzazdır. Bilmirəm Molla Nəsrəddinə bu şöhrət birdən-birə haradan üz verib.

Jalil Mammadguluzadeh1 min
Mənim əzizim Həmidə!

dekabr (1911)*Tiflis 17*

Jalil Mammadguluzadeh1 min
Əzizim Məmmədəli! (1911)

Sən bu qədər ki, mənə kağız yazıb şəkil və məqalələr istəyirsən. Mən çox nigaran və narahat oluram ki, damağım olmur sənə lazımınca kömək edəm. Genə şükür ki, sən işləri elə ötüşdürürsən ki, bir növ, təskinlik tapıram barı. Pul işləri genə məni məşğul etməkdədir. Məsələn, yanvarın 15-də iki veksel var: Bıxova iki yüz və Səmədova yüz əlli manat.Söz yox, indi abunə pullarından borclarımızı verə bilərik, amma bir şey var ki, sən mənim yazdığıma görə pulları kassaya qoymuş olardın və ayın 15-də qəflətən pul tapa bilməzdin vekselləri alasan (çünki kassadan dəxi sənə geri verməzlər).

Jalil Mammadguluzadeh1 min
Həmidə! (14 iyul 1911)

İki gündür Xankəndindəyəm. Sənin teleqramın dörd gün Məmmədəlidə qalıb. Srağa gün Xankəndinə gəlib aldım və dünən Ələkbərə göndərdim.Bu gün balaca Ənvərin mədəsi yenə xarablayıb. Uşaqlar sağ-salamatdırlar. 5 – 6 gündən sora mən Tiflisdə olmalıyam. Bilmirəm gəlmək fikrin var, ya yox. Xala Kislovodskdadır və ünvanını yazıb göstərməyib, odur ki, sənə yenə Yesentukiyə yazıram. Yevlaxdan Xankəndinə avtomobil işləyir, Şuşaya 10 manata aparırlar. Sən avtomobillə Ağ körpüyə qədər gəl, oradan bizə xəbər göndər, dalınca gələk. Belə yaxşı olar, yoxsa fayton tapmarıq sənin dalınca göndərək, qazalağımızı isə yabılar oraya gətirib çıxara bilməzlər.

Jalil Mammadguluzadeh1 min
Məmmədəli! (23 avqust 1911)

Bu gün zakaznoy kağız içində 50 manatlıq çek göndərdim. Kağızı tez al və pulu al haman bankdan Bıxovun 50 manatlıq vekselini çıxart, saxla. Təfsili haman kağızdadır.Cəlil

Jalil Mammadguluzadeh1 min
Əzizim Məmmədəli! (1911)

Bu gün Səmədovlara tel vurdum, sənə 50 manat versin. Jurnal gəlmir, bilmirəm niyə?Evdən və uşaqlardan muğayat ol.

Jalil Mammadguluzadeh1 min
Əzizim Həmidə! (1 fevral 1912)

Mən işlər barədə səninlə müfəssəl danışmaq istərdim, lakin indi bu kağızın verdiyi imkan dairəsində bir neçə söz deyəcəyəm.Birincisi, Dövlət bankı sənin üçün üç min manat kredit açıb. Hüseynbəyov (hesab komitəsinin üzvü) məsləhət görür ki, sən, heç olmazsa, qonşu mülkədarlardan veksellər alasan. O, söz verir ki, sənin heç olmazsa İbiş bəy, yaxud İbiş bəy kimi başqa bir bəy, ya da Hindarx tacirləri tərəfindən imzalanmış veksellərini buraxdırsın. Əlbəttə, sən onlara iltizamnamə verə bilərsən ki, bu veksellərin pulunu sən özün ödəyəcəksən (ona görə ki, onlar miras haqqında narahat olmasınlar). Mən sənə reyestrli dörd veksel göndərirəm. Veksellərdə (arxa tərəfdə) sən öz adını, familiyanı, yəni “Həmidə xanım Cavanşir-Məmmədquluzadə” yazacaqsan. Mətnin altında isə İbiş bəy, yaxud bir başqası (yuxarıda dediyim kimi) öz ad və familiyasını yazacaqdır. Reyestrdə də sən öz adını və ikimərtəbəli familiyanı yazıb, vekselləri və reyestrin birini mənə göndərəcəksən. Mən K. bankının reyestrini də sənə göndərmişdim. Onu da qırmızı xaç işarəsi qoyulan yerdə imzalayıb göndər, reyestrin qalan bəndlərini mən özüm dolduraram. Çalış 500 manatlıq bir veksel göndərəsən, çünki, fevralın 15-də Bıxovun 300 manatlıq, fevralın 20-də isə 200 manatlıq vekselinin vaxtıdır.

Jalil Mammadguluzadeh2 min
Həmidə! (14 fevral 1912)

Dəyirmançı bu gün yola düşür. Dəyirman üçün bütün işləri görmüşük, lazım olan şeyləri sifariş veririk. Sənə 15 portağal və bir neçə qəzet göndərirəm. Vekselləri və Ələkbərin məktubunu aldım. Gör Kazımbəyov, Ələkbər haqqında necə səmimi məktub göndərib.Bu gün Qayıbova kağız göndərmişəm öyrənsin ki, Ağdamda kirayə verilən ev varmı? Cavabını İrəvana bildirəcəyəm.

Jalil Mammadguluzadeh1 min
Əzizim Məmmədəli! (7 mart 1912)

Çoxdandır ki, istəyirəm sənə kağız yazam, bu gün-sabaha salıram.Mirzağa Əliyev məni ikinci dəfə aldatdı və ona göndərilən jurnaldan bir qəpik də göndərmə [di] və on dəfə də Əsədullah Axundova yalan söylədi ki, Sidqinin yanında [... ] manat poçtnan göndərmişəm. Mən buralarda poçtdan xəbər alıram, amma deməginən orada Mirzağa fəxr eləyir ki, xalqa hiylə eləməyi hamıdan yaxşı bilir. Düşəndə yoldaşlarına giley elə. Göyərçini də görəndə de ki, mən Mirzağaya bir manatlıq jurnal etibar eləyib göndərməzdim, məhz onun xatirəsi üçün göndərdim. Əgər o da ərinin bicliklərinə şərik olur, dəxi sözüm yoxdur.

Jalil Mammadguluzadeh1 min
Həmidə! (27 noyabr 1913)

Arx barədə iş dekabrın 11-nə təyin olunub. Malikanənin planını və o sahə ilə ki, İbiş arx çəkib, həmin sahəyə aid sənədləri təcili göndər. İş ondadır ki, onlar məhkəmədə tələb edəcəklər biz sübut eləyək ki, bu sahə bizimdir.Uşaqlar səlamətdirlər. İşlər köhnə qaydadadır. Amma indi bu alçaq pristavla əlləşmək lazımdır: o inciyib ki, nə üçün şahidlər – Ələkbər, Camal və Qasım istintaqda ifadə veriblər ki, pristav Aslanı döyüb. İstintaqı qəza rəisinin köməkçisi aparırdı. Buna görə pristav bizdən narazı olan adamları başına yığıb, onları öyrədir ki, bizim əlimizdən şikayət eləsinlər. Onlara dil verir ki, dalınızda dayanmışam...

Jalil Mammadguluzadeh2 min
Əziz Həmidə! (1913)

Heç kəsə demə ki, sənə bu cür teleqramlar göndərirəm: məni başa düşməzlər və elə güman elərlər ki, mən sənin yanında lovğalanıram.Sənin Cəlilin

Jalil Mammadguluzadeh1 min
Həmidə! (1 aprel 1914)

Bizdə hər şey öz qaydasındadır. Uşaqlar səlamətdirlər. Bəs haçan gələcəksən? Gələndə limfa da gətir.Burada yaz pis keçmir. Qəmər və Münəvvər sənə salam göndərirlər. Dəyirman işləyir.

Jalil Mammadguluzadeh1 min
Məmmədəli! (1913, ya 1914)

Jurnalın 2-ci nömrəsindən sənə baqacda 5 yüz göndərdim və teleqrafla baqacın nömrəsini məlumat elədim. Ancaq 3-cü nömrədən sənə 3 yüzdən artıq göndərə bilməyəcəyəm, çünki səhvən az çap olunub və bu üç yüzü də poçtla banderol edəcəyəm və satılan jurnalın hər birinə 18 qəpik göndərə bilməsən, Bakı bazarından bizə bir şey qalmayacaq. Çünki, vallah, jurnal qızıl qiymətinə başa gəlir, o dərəcədə hər bir şey bahadır; ələlxüsus bu şəkilləri.Cəlil

Jalil Mammadguluzadeh1 min
Əzizim Həmidə! (7 iyul 1914)

Tiflis*Gəl sən heç narahat olma. Əgər Ələkbər baş verən təzə əhvalatları sənə xəbər verməsəydi, sənin üçün lap yaxşı olardı. Müalicəni qurtarıb gələndən sonra məsləhətləşərik. Məxləs, indi bu məsələni yadından çıxart. Kaş biləydin ki, mən necə uşaqların yanına gəlmək istəyirəm! Ələkbər qabağıma briçka göndərməyə söz verib. Olsun ki, bu yaxınlarda gedəm. Bəs sənin halın necədir? Müalicən nə vaxt qurtarır? Müzəffər necədir? Tiflis bərk istidir, elə istidir ki, yazı yaza bilmirəm. Curnal da, ancaq bu səbəbə gecikir. Çox güman sentyabrda Bakı artistləri pyesimi tamaşaya qoyalar. Məni də oraya dəvət eləyirlər. Əlbəttə, mən istərdim ora səninlə gedəm. Truppa vədə verib ki, pyesi Tiflisdə də göstərsin.

Jalil Mammadguluzadeh1 min

Tags are assigned automatically from keywords and refined by editors.