Ey qoyan könlümə qan, oldumu hüsnün fani,

Tapdımı xarü xəsi-xüşk o tər bostani?

Aldımı badi-xəzan, eylədimi əfsürdə

Baği-hüsnündə gülü sünbülü həm reyhani?

Varmı yadında gədalər kimi boynu burulu

Qabağında sənə əcz eylər idim pünhani?

Həsrətində ləbinin əşk əvəzi didəmdən

Qətrə-qətrə saçılırdı cigərimin qani.

Arizu eylər idim hər çi təkəllüm edəsən,

Ta edim canımı şirin ləbin[in] qurbani.

İndi, səd şükr, o gül bərginə bənzər dodağın

Olub əfsürdə, solub rəngi, qaçıbdır qani.

Şükrililləh ki, mənim surətə düşdün axır,

Yetdi tez başə o naz eylədiyin dövrani.

O gözəllik ki, həmişə ona fəxr eylər idin,

Al ələ ayinə, bax gör o gözəllik hani?

Bəsdi, Bixud ki, camal əhlinə adətdir bu,

Bivəfa olmasa, olmaz işinin samani.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love