Heç zaman ağlıma gəlməzdi, heç zaman,Əqidə dəyişmək bu qədər asanmış…Bir anda özünü danarmış insan,Özünün əliylə özünü asarmış…

Çökərmiş üstünə fəlakət buludu,Enərmiş zirvədən dərəyə, təpəyə,Vücudu qaralmış, qup-quru vücudu,O da ki, dəyməzmiş bir qara qəpiyə…

Yalanmış bu qədər vuruşmaq, döyüşmək,Bu qədər and-aman eyləmək yalanmış…Nə qədər asanmış əqidə dəyişmək,Lap corab dəyişmək qədər asanmış…

Varmıdır de, bundan dəhşətli cinayət,Ən qatı qatildir, əqidə qatili…Əxlaqa xəyanət, inama xəyanət,Ən böyük satqınlıq, ən böyük cahillik…

Nədir ki, bu xalqın görəsən günahı,Ki, içi bu qədər manqurtla dolubdur,Bu necə dövrdür, özün de, ilahi,Ki, əqidəsizlik əqidə olubdur…

Milləti üzübdür çəkişmək, didişmək,Bu da qanımızda lap köhnə azarmış…Nə qədər asanmış əqidə dəyişmək,Bir qurtum su içmək qədər asanmış…

Hirsimdən sıxıram dişimi dişimə,Axı, hey yazıblar binayi-qədimdən,Amalı yolunda can verib kişilər,Amalı yolunda ölümə gediblər…

Əqidə idarə eləyir cahanı…O nəhəng ağacdır soy-kökü dəyişməz…Babalar deyiblər: həqiqi insanın,Dünyası dəyişər,məsləki dəyişməz…

Nə qədər çox imiş kölgədə yatanlar,Əyilməz vicdanlar nə qədər az imiş…Nə qədər çox imiş məsləksiz nadanlar,Məsləki olanlar nə qədər az imiş…

Əqidə doğrusa, zaval yox, doğruya,Mayası poladdır o sınar əyilməz…Atamdır əqidəm-atamın oğluyam,Dəyişməz əqidəm, heç zaman dəyişməz…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets