Dördüncü pərdə
Page 2 of 3 · 33%
Xəyyam
Şeyx rəis, iştə, o parlaq dəha
Bizlərə hikmətdə böyük rəhnüma. İçsə o, bir suçmu bizim içməmiz,
Qorqusu yoq, sən də gəl iç, ey əziz!
Müfti
Sus bə, şaşırdınmı, köpək sərsəri,
Azma, düşün bir gələcək günləri.
Burda həqiqət sana aydın deyil,
Bəlkə qiyamətdə olursun xəcil! Xəyyam
Xilqətin əsrarını bilsən əgər,
Bəlkə ölümdən də bilirdin xəbər.
Bən sağ ikən anlamadım haq nədir,
Bir ölü, bilməm ki, nə duymaq dilər?
Rəmzi
(gülərək Müftini göstərir)
Azmı bilir bağçamızın bülbülü,
İştə, həqiqətlərə vaqif ölü!
Müfti
(çılğın)
Sən dəmi, ah, sən dəmi güldün bana,
Tanrı cəhənnəmdə verir yer sana.
Xərabati
(qorqulu, yapma təlaşla)
Öyləmi, ah, öyləmi?
Müfti
Ya, öylə ya!
Yoqdur aman haqtanımaz qullara!
Zift ilə zəqqum içəcəklər tamam.
Xərabati
Bən dəmi, ah! Bən dəmi? Lütf et, xocam.
(qədəhi yerə atar)
Tevbələr olsun, daha içməm, yetər,
Bən bilirim orda nələr var, nələr?..
(Ağlayaraq Müftinin ayaqlarına qapanar) Rəmzi
Nerdə, cəhənnəmdəmi?
Müfti
Ya, öylə ya!
Xərabati
Dün gecə, ah, dalmış idim uyquya,
Bir də nə gördüm ki, yanar kainat,
Hər yanım atəş, bana yoqdur nicat.
(Hönkürtü ilə ağlar)
Müfti
Baq, hələ bu uyqu, həqiqət deyil,
Doğru cəhənnəm nə olur anla, bil!
Xərabati
Sardı bütün çevrəmi əqrəb, yılan,
(xocaları ayrı-ayrı süzərək)
Hər biri bir vəhşi öküzdən yaman.
Həpsi alav püskürüb, atəş saçar,
Onları div görsə uzaqdan qaçar.
Müfti
Söz yoq, azanlar bulacaqdır cəza.
Xərabati
Sonra haman gurladı bir əjdəha,
Ah... dilim-ağzım qurusun, söyləməm. Rəmzi
Söylə, nədir?
Xərabati
Müftiyə bənzər desəm,
Çıldıracaq, saldıracaqdır bana.
Müfti
Sus, qəzəb etsin ulu Tanrım sana.
(xoca və müridlərə)
Oh, gedəlim, burda durulmaz daha,
Bunlara Xaliq verəcəkdir bəla!
XacəNizam
Son gediş olsun!..
Müfti
Daha gəlməm, xayır,
Duydum, əvət, haq sözü duymaz sağır.
(Çıqarlar)
Xəyyam
(Xərabatiyə)
Müftini incitməməliydin, saqın,
Cənnətə əsla bizi qoymaz yaqın.
Qadınlar gəlir.
Sevda
Ah, şu həriflər nə qadar sayğısız. Rəmzi
(Xərabatini göstərir)
Onları susdurdu bizim qayğısız.
Xəyyam
Versə də bayquşlar əgər səs-səsə,
Qayğı yaraşmaz bu gülər məclisə.
XacəNizam
Etməyiniz zərrə qadar e’tina!
Onların azğınlığı varmaz sona.
Saqiyə qədəhləri doldurur.
Sevda
(çalınan lirik musiqi ilə bərabər oqur)
Durma, gülüm, Saqiyə! Sən badə ver, Gözləri öpsün yenidən nəş’ələr.
Şairin ilhamı açıb balü pər
Yüksələ ta göylərə, pərvaz ola!
Hərüçqadın
Gülsə günəş, gülsə çəmən, laləzar, Sanma könüllərdə şətarət doğar,
Arif odur gülsün içindən bahar,
Ta ona hər zümzümə bir saz ola!
Xərabati Sabbahın şərbət içdiyini görüncə Rəmziyə baqar.
Xərabati
Bəncə əbəsdir mey olan yerdə su,
Badə verir qəlbə səfa duyğusu. (barmaqlarını şaqlatır, gülərək)
Eşq ola bir xalqa ki, haq yolçusu Həzrəti-müfti kibi canbaz ola!
Dışarıda əskəri musiqi eşidilir. “Urra” səsləri ətrafı çınlatır.
XacəNizam
(təlaş ilə içəri girən Hacibə)
Söylə, bu alqış nə?
Hacib
Məlikşah gəlir.
Xacə Nizam Sabbahla bərabər qalqar, məclisdəkilər də onlarla bərabər qalqar
XacəNizam
Böylə xəbərsiz nə için?
Sabbah
Kim bilir.
XacəNizam
Başqa siyasətmi, nədir? Anlamam! Gəl baqalım, ta ola aydın məram.
Sabbah
(Xəyyamın qolundan tutaraq)
Şairi alsaq eyi olmazmı ya?
XacəNizam
Zevqinə baqsın, gedəlim. (Çıqarlar)
Xəyyam
Öylə ya!..
Xacə bənim halımı rə’na bilir.
(Onları yola salır)
Rəmzi
(Xərabatiyə)
Keyfinə baq, sanki bu dünya nədir?
Məskəni olmuş ulu xaqanların,
Mədfənidir qorqulu sultanların.
Xərabati
(alaycı qəhqəhə ilə)
Dün qara topraqda uyurkən biri,
İştə bu gün taxta çıqar digəri.
Xəyyam
(geri dönər)
Yoq işimiz şah ilə, sərdar ilə,
Xoş keçər ancaq günümüz yar ilə.
Gülsə Vəfa, işvəli Sevda, Səfa,
Biz güləriz, batsa da şahlar yasa.
Birsə məzarında gəda, padşah,
Cami-Cəm olsun bizə ən son pənah!
Qədəhləri qaldırıb içərlər.
Pərdə
Iıı səhnə
Sevda odasında geyinmiş olaraq taxtın üzərində uyumaqdadır. Aqşam mumlar yaqılmış.
Sabbah Əbu Tahirlə bərabər avçı qiyafətində gəlirlər.
Sabbah
(Sevdayı öylə görüncə heyrətlə)
Çocuq xəyalı, mələk ruhu, bir mayıs səhəri
Təcəssüm eyləyərək,
Gülər o çöhrədə şən xilqətin o şah sehri,
Qadınmıdır gerçək.
Sevda qımıldanır.
ƏbuTahir
İştə az qaldı oyansın, gedəlim.
Sabbah
Sən uzaqlaş.
(Əbu Tahir çəkilir)
Sevda
(gözlərini ovaraq)
Kim o?
Sabbah
Əfv et, gözəlim,
Ansızın böylə izinsiz girməm
Səni ürkütməsin əsla.
Sevda
(qalqaraq ətrafa)
Sərsəm!.. Sabbah
Nerdə Xəyyam, onu tez görməliyim, Acı bir sirri xəbər verməliyim.
Sevda
Evdə yoqdur, gələcək, söylə bana, Hanki dəhşətlə gəlir qorqu sana?
Sabbah
Öylə dəhşət ki, çəkilməz, ancaq
Çarə Xəyyam ilə səndən olacaq.
Sevda
Nə imiş söylə?!
Sabbah
Məlikşah gələli
Parlayıb bən onun oldum sağ əli.
Bunu gördükdə qızıb Xacə Nizam Eyliyor qətlimə hər ləhzə qiyam.
Diyor, Alp Arslanı öldürmək için Sən də Yusiflə şəriksin.
Sevda
Lakin...
Bunu isbat edəcək əldə nə var?
Sabbah
Xacə yoqdan belə yüz hiylə yapar.
Sevda
İştə, bir şübhə ki, uydurma, yalan, O deyil hiç də fəna bir insan. Səni qurtardı ölümdən Xacə,
Yoqsa məhv etdirəcəkdim o gecə.
Sabbah
Şimdi məhv et, daha məs’ud olurum, Duyduğum hər acıdan qurtulurum.
(ətrafa)
Ah, o gözlər bəni öldürdü, yetər!
Dışarıdan əskəri musiqi eşidilir. Əbu Tahir təlaşla içəri soqulur.
ƏbuTah ir
Gəldilər, gizlənəlim.
Sabbah
(Sevdaya)
Bir yer ver.
Sevda
Keçiniz!
(Yan odayı göstərir)
Sabbah
Yalnız ümidim sanadır.
Aradan çıqarlar.
Sevda
(gələn Saqiyəyə)
Sən nə yapdın? Saqiyə
Nə dilərsin hazır.
Qarşıdakı pərdəyi bir yana çəkər. Çiçəkli yaşıl bağçanın döşənilmiş olduğu görülür.
Süfrədə badə ibriqi yaxud dəsti-sürahi və boş qədəhlər, məzələr vardır. Ağaclardan
fənərlər asılmış. Üfüqdə üçgecəlik ayla yıldızlar parlar. Xəyyam, Məlikşah və
Xacə Nizam ilə bərabər gəlirlər. Xəyyamın saçı daranmış, saqalı bir az uzadılmışdır.
Xəyyam
Buyurun.
(Sevdaya)
İştə, Məlikşah...
Sevda
Əcəba,
Nerdə rast gəldiniz?
Xəyyam
Əl’an yolda,
Baqdı ilk öncə rəsədxanəmizə, Sonra lütf eylədi kaşanəmizə.
Məlikşah
(Sevdaya)
Halınız?
Sevda
Siz var olun, çoq eyidir.
XacəNizam
(birdən köpürür)
Nə xəyanət o? Nə cür’ət? Məlikşah
(onu sükuta də’vət edər)
Yetişir...
Xəyyam
Yeni bir şeymi var?
XacəNizam
Azğın Sabbah
Şimdi avlaqda ikən biz, nagah
Pusaraq az qala qıymışdı bana.
Xəyyam
Ehtimal, öylə görünmüş bu sana.
XacəNizam
Hər nə olmuşsa, bən etməm təhrif, Son zamanlarda sapıtmış o hərif. Yeri gəldikdə, inan, çıldıracaq,
O da Yusif kibi bütlər qıracaq,
Sanma yalnız bəni izlər, hətta
Qıyacaqdır o şərəfsiz sana da,
Bəsliyor gizli fədin çətəsi,
Qıyacaq hər kəsə ta var nəfəsi.
Onca ərkani-hökumət bir-bir
Yer üzündən silinib getməlidir.
Məlikşah
Baqarız, məhkəmə var, qanun var.
XacəNizam
Məhv edilməzsə o nankör canavar... Məlikşah
(onun sözünü kəsərək)
Dur, bir az dinləyəlim şairi biz.
Xəyyam
Ərzi-şükranə yetişməz dilimiz.
Məlikşah
Gəlməz oldun bu yaqınlarda bana.
Sevda
Çoq zaman dostları həsrətdir ona.
Xəyyam
Son zamanlarda başım pək qarışıq.
Sevda
(kinayəli gülümsəyişlə)
Arayır çünki qaranlıqda işıq.
Saqiyə qədəhlərə şərab doldurur.
Xəyyam
Buyurun, seçmə şərab.
Məlikşah
Siz içiniz.
Xəyyam
Ya siz? Məlikşah
Avlaqda ikən içdik biz.
(Saqiyəyə)
Bir qədəh, varsa, limon şərbəti ver.
Xəyyam
(yalnız içərək)
Var olun!..
Məlikşah
Nuş ola! Bilsən nə qadar
Özlədim şairi Bağdadda ikən.
Xəyyam
Orda xoşdur yaşayış gerçəkdən.
Məlikşah
Səni sıqmazmı Nişabur, əcəba?
Səfər et, baq nə genişdir dünya... Çoq olur feyzi xəyal aləminə,
Gedəlim bizlə Hicazə, Yəmənə, Dəclə sahilləri bilsən nə gözəl,
Hələ məhtabı gözəldən də gözəl. Bir rəsədxanə yaparsın orada,
Sanırım hiç sözün olmaz burada.
XacəNizam
Sizi rədd etməz, əminim. Məlikşah
Nə tuhaf...
Görünür, müftidə yoqmuş insaf.
Söylüyor, hər şeyi atmış Xəyyam,
Olmuş ən sərxoş, uğursuz bir adam.
Xəyyam
Doğru, var içkiyə az-çoq meylim,
Söylənənlər kibi düşkün deyilim.
Çoq zaman özlədiyim neylə şərab
Fikri təbliğ için ahəngi-rübab.
Edərim əski xurafata hücum,
Yeni bir fəlsəfə izlər ruhum.
Xalqı gördükcə səfalətdə həmən
Içərək vaz keçərim kəndimdən.
Içərim həp sevərək, sevməyərək,
Uğramaz fikrimə keçmiş, gələcək.
Avutur könlümü ancaq Sevda,
Versə yalnız o verir ruha qida.
Musiqi... Sevda Xəyyama cavab olaraq bir parça oqur.
Sevda
“Bilməz yarının sirrini bir kimsə cihanda,
Baq zevqinə tale sana yar olduğu anda.
Məhtabə çıqıb könlünü şad eylə ki, bir gün
Özlər də qəmər bizləri, bulmaz şu məkanda”.
(Həsrətli baqışla yeni doğmuş ayı göstərir)
Məlikşah
Kitabxana.az · https://kitabxana.az/en/works/cavid-xeyyam-dorduncu-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Sevimli, nəşəli, dörd-beş yaşında bir sarışın,Mələk baxışlı, gözəl bir qız iştə oynayaraq
Çoban türküsüAçmasın çiçəklər, gülməsin güllər,Ötüşməsin şirin dilli bülbüllər,
Dəniz pərisiHər tərəf nəşədar, hər yer şən...Yenə hər şeydə bir təravət var.
Dəniz tamaşasıGünəş qürub ediyor; göy... mühitimiz gömgöy...Göz işlədikcə könül uçmaq üzrə çırpınıyor,