İkinci hissə
Page 12 of 17 · 65%
– Əyə, sən burda nə gəzirsən? – deyə sordu.
– Ağa, gördüm çox uzaq gedirsən, ehtiyat elədim... dalınca gəldim.
Vaqif gülümsədi, lakin bu gülümsəmə həsrət acısı ilə dolu idi:
– Get, çadırdan mənim o xırda cecim heybəmi gətir! – dedi.
Nökər bir dəqiqədə qoşub, heybəni gətirdi. Vaqif bir daşın üstünə oturub, onu gözləyirdi. Heybəni aldı:
– Di sən get! – deyə nökəri yola saldı, heybədən qələmdan və kağız çıxarıb, yazmağa başladı. Bütün onu həyəcanlandıran hisslər qələmdən süzülərək kağızın üstünə səpildi:
Al geyinib, çıxsan gülşən seyrinə,
Yığılır başına güllər dolanır;
Məhtabi-hüsnünə bəndə fərmandır,
Qulluğunda aylar, illər dolanır.
Görməmişəm sən tək bir mələkzada,
Dərdini çəkərəm həddən ziyada:
Kirpiklərin ucu düşəndə yada
Bağrımın başında millər dolanır.
Mən bir Fərhad, sən bir Şirin dəhansan,
Dərdin zahir, amma özün nihansan,
Gözəllik babında şahi-cahansan,
Qulluğunda daim ellər dolanır.
Ləblərin bağrımı pürxun eyləmiş,
Axıtmış göz yaşım Ceyhun eyləmiş,
Həsrətin Vaqifi məcnun eyləmiş,
Onun üçün gəzər, çöllər dolanır.
Artıq gecənin boz qanadları ətrafa gərilmişdi. Vaqif kağızdan ayrıldıqda, al geyimli Mədinə ona görünən kimi oldu, şairin gözlərindən iki odlu damcı qopub, kağızın üstünə yayıldı.
Vaqif bu şerə bir məktub da əlavə edib möhürlədi. Heybəsi əlində çadıra doğru düşüncə içində gələn Vaqifi uzaqdan görən nökər yüyürə-yüyürə gəlib, heybəni ağasının əlindən aldı. Vaqif dayanıb dedi:
– Atı min, bu kağızı bu saat apar Qalaya, Mədinə xanıma ver, tezcə dön!
Nökər bir neçə dəfə də belə məktublar aparmışdı:
– Baş üstə! – deyib getdi.
Vaqif yataqda uzanmışdı, amma gözlərinə yuxu gəlmirdi. Çadırın qapısından gecikmiş ayı seyr edir, onun da əfsanəvi bir eşqi olduğunu xatırlayırdı. Ay da əsrlərdən bəri məftunu olduğu məşuqəsi günəşin arxasınca qoşur, onun həsrətində çırpınırdı. O da Vaqif kimi eşq yorğunu olaraq, təpələr arxasından sönük çöhrəsi ilə aləmə tamaşa edir, sevgi üzüntülərinin sirrinə vaqif ola bilmirdi. Saatlar deyil, illər dolanırdı, ömürdən-gündən gedir, çapar gəlib çıxmırdı. Vaqif durub yatağının içində oturdu. Qulağı səsdə idi. Durub çadırdan çıxdı. Həsrəti həsrətə qovuşduran yollar ay işığında ağarırdı. Uzaqdan, deyəsən, toz qopurdu. Bu toz şairin qəlbini sevinc ilə doldururdu. O özünü saxlaya bilməyib, yola doğru endi. Çapar səadət müjdəçisi kimi qoşurdu. Nəhayət, Mədinənin məktubu Vaqifə çatdı. Tez qayıdıb, titrək əlləri ilə şamı yandırıb oxudu: yalnız bircə bayatı yazılmışdı:
Ahular mələr gələr,
Dağları dələr gələr.
Yar yarı istəsə,
Gecəni yarar gələr!
Vaqifin qolları yanına düşdü. Çox düşünmədən, qapıda gözləyən çapara:
– Atını dəyiş, mənim də atımı yəhərlə, Qalaya gedəcəyəm, – deyib, geyinməyə başladı.
13
Fətəli xan Qubaya dönmüş, ellər də çoxdan xaraba qalmış qışlaqlarına enmişdilər.
Məmməd bəy Kəhrizli mülkünə gəlib, bir neçə gün idi arvadları Hürü ilə Ayişənin yanında idi. Bir gün meşədə ovda ikən çapar gəlib onu tapdı:
– Ağa, – dedi, – Ağdamdan adam gəlib, səni oraya çağırırlar.
Məmməd bəy dəyişildi, ala gözləri düşüncəyə daldı:
– Kim çağırır?, – dedi. – Nə olub ki?
Çapar tutuldu, görünür, söyləmək istəmirdi. Məmməd bəy qəzəbləndi:
– De görüm, nə olub, köpək oğlu!
Çapar titrək səslə:
– Ağa, – dedi, – ürəyini xarab eləmək istəmirəm...
Məmməd bəy daha da hirsləndi:
– Məni əl salmısan? – dedi, gözləri hədəqədən çıxmağa başladı.
Çapar məsələni açmağa məcbur idi:
– Ağa, – dedi, – Mehralı bəyin meyitini gətiriblər.
Məmməd bəy atasının ölümünü eşidər-eşitməz donub qaldı. Mehralı bəy neçə il idi Fətəli xanın yanında idi.
Məmməd bəy huşsuz bir halda:
– Ədə, atam ölüb, yoxsa öldürüblər? – deyə sordu.
– Ağa, Bakıdan qayıdırmış, yolda kor Ağası xanın oğlu Əhməd bəyə rast gəlib. Əhməd bəylə rəhmətlik Mehralı bəyin arasında dava olub, öldürülüblər.
Məmməd bəy nökərlərini götürüb Ağdama çapdı. Mehralı bəyin tabutunu xanlıq imarətin bağına qoymuşdular.
İbrahim xan da məiyyəti ilə burada idi. Xan Məmməd bəyi görcək hönkürtü ilə onu bağrına basdı:
– Məmməd, belimiz sındı! Görürsən Ağası qancıq duz-çörəyimi itirib, necə namərdlik elədi!?
Xan dəsmalı ilə göz yaşlarını silərək: – Ananın südü sənə haram olsun, atayın qanını yerdə qoysan! – deyib, meyit namazına durdu.
Mehralı bəyi imarətin həyətində, atası Pənah xanın yanında basdırdılar.
Dəfn mərasimindən sonra qurulmuş iri mağarda xeyrat verildi.
Quba xanı Fətəlinin meyiti təşyi etmək üçün göndərdiyi adamlar da burada idi. İbrahim xan köhnə düşmənçiliyi unudub, qardaşının cənazəsinə hörmət göstərən bu adamlara böyük iltifat bəsləməyə başlamışdı.
O günü Məmməd bəyin sərkərdəliyində qoşun hazırlanıb, Şirvan xanı Ağasıdan qisas almaq üçün Fətəli xanın köməyinə göndərildi. Vaqif bu təşəbbüsə qarşı bir söz belə deyə bilmədi, çünki İbrahim xan qəzəblənmişdi, ağılumulmaz bir halda idi. Vaqif ürəyini deşən dərdlərini mirzə Əliməmmədə açdı. Axşamçağı imarət bağını gəzərkən istehza ilə:
– A seyid, cəddinə qurban olum, bugünkü işlərdən ağlın nə kəsdi? – deyə sordu.
Mirzə Əliməmməd zoğalı çuxasının qolunu çiynindən arxaya atıb, ehtiyatla:
– Axund, – dedi, – qardaş qanıdır... düşmən də olsa, qardaşdır.
Vaqif gülümsədi:
– Yaxşı, a mirzə, – “mirzə” sözünü Vaqif istehza ilə dedi: – Fətəli xanı yıxıb, rahat olmaq üçün Məmmədhəsən xanı Cara göndərdik, qoşun yığdı, Hacı Əbdilqədiri öldürüb, Şəkini aldı; Ağası xana kömək elədik, yenə Şirvana yiyələndi. Indi Şəkidən və Şirvandan gələn qoşun Fətəli xanı boğduğu bir zaman biz dönüb, Fətəlinin hiyləsinə allanırıq... – Vaqif mirzə Əliməmmədi bir az da diqqətlə süzüb, gülümsədi:
– Fətəli xan bizim köməyimizlə Ağası xanı və Məmmədhəsən xanı basar, sonra da... dönər bizə tərəf.
Vaqif sözlərini bitirib, istehza ilə qəhqəhə çəkdi. Mirzə Əliməmməd bir söz belə demədi.
Bu əsnada xan onları çağırtdırdı. Mağarın baş tərəfində əyləşmişdi, sakit idi, görünür, yeməkdən sonra yatıb dincəlmişdi. Mağarın ortasına tirmə süzəni salınıb, üstünə 32 cüz qoyulmuşdu. Ətraf bəy, yüzbaşı və məliklər burada idi, təziyəyə gəlmişdilər. Vaqif ilə mirzə Əliməmməd içəri girdikdə molla: “Allahın min qərətil fatihə!” – deyib, oxuduğu cüzə daldı. Vaqif ilə Mirzə Əliməmməd yuxarı başda əyləşib, fatihə oxumağa başladılar...
14
1786-cı ilin baharı idi. Leysan yağışları iki gün idi ki, ara vermişdi. Sarayın Əsgərana baxan bürcü döşənib, qonaqlar oturmuşdu. Şəhərin bütün əyan və əşrəfı burada idi. Bu ziyafət yenicə Şişəyə gəlmiş Avar xanı Ömərin şərəfinə düzəlmişdi. Ömər xan Gürcüstanı talayıb, Vaxanq qalasından əsir götürdüyü Abaşidzenin iki qızının birini özünə, Yelena adlı o birisini də bir çox hədiyyələrlə bərabər İbrahim xana peşkəş gətirmişdi. İbrahim xan Yelenanın gözəlliyinə heyran qalaraq, onun adını “Cavahir” qoyub, hərəm tacının görkəmli bir yerinə nəsb eləmişdi. Cavahir xanımdan aldığı həzz xanın çöhrəsində həkk olunmuş daimi qəzəb izlərini silib götürmüş, onu xoşrəftar, mülayim bir süfrə sahibinə çevirmişdi: hər kəs məmnuniyyətlə ikram edirdi. Xanın bütün diqqəti yuxarı başda əyləşmiş qartal burunlu, şahbaz baxışlı, çevik hərəkətli və şumal boy-buxunlu Ömər xanda idi. Ömər xan böyük bir iştəha ilə plovu yeyir və Gürcüstan səfərini məxrəcdən gəlmə bir
Dağıstanlıya məxsus tələffüzlə türkcə söyləyirdi:
– Süleyman paşanın məktubunu oxuyub, çox pis oldum. Kişi haqlı idi. Urusların Qızlar tərəfində bizim müsəlmanları qırıb, yerinə urus gətirdikləri çoxdan mənim ürəyimi yandırırdı. Axırda ki Şeyx Mənsur xüruc elədi, bütün Çeçen və Qabarda ayağa qalxdı. Daha durmaq yeri deyil idi. Camaatı yığıb, getdim... – Ömər xan tikəsini ağzına qoyub fəxr ilə İbrahim xanın üzünə baxdı. Xanın gülər gözləri Ömər xanın gözlərinə dikilmişdi. Vaqifin də qulağı onda idi. Ömər xan tikəsini çeynəyib uddu:
– Vallahüləzim, qardaş, sənin Gəncəyə qoşunla gəldiyini eşidib ağladım. “Himmətil rəçal, təqlal cihal” demişlər. Xülasə, Sığnağı, Gümüşxananı qılıncdan keçirdim. Qış düşdü, Axısqaya keçdim. Süleyman paşa bizə çox hörmət elədi. Yazı qayıtdım, Abaşidzenin Vaxanq qalasını da dağıtdıq... İndi İraklinin damağı aşağı idi: urusu çağırmağına peşman olmuşdu. Süleyman paşaya və mənə kağız yazıb, barışmaq istədi.
Qızıl da göndərmişdi, urus böyüyü mənə bir qızıl tütün qutusu da peşkəş yolladı. Yazdıq ki, urus Tiflisdən çıxmasa, barışmayacağıq...
Ömər xan sözünü bitirərək qabdan bir qazmaq götürüb, sağlam dişlərilə xırtıldatmağa başladı.
Vaqif ciddi bir səslə soruşdu:
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-iki-od-arasinda-ikinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
– Ə, Kərbəlayı, vallah elə vuraram ölərsən!– Vurmuyan çox pis adamdır!
HacıHəyətdə şirin dəstəməz almaqda idi. Məxrəcdən gəlmə «salavatlar» axşamın sakitliyində qonşulara dağılıb, hacını səmimi «afərin»lərə nail edirdi. Birdən darvazada tappıltı, gəlib, ahista dəqqülbab oldu. Hacı buna əvvəl zərrəcə də e’tina etmiyib, dəstəməzi ikmala yetirdi və sonra «ayətəlkürsü» qiraət edə-edə darvazaya ravan oldu. Hacı darvazanı açan kibi iki qıvraq geyimli adam bir böyük parça tayını içəri saldılar. Hacı acıqlı, lakin qayət yavaş səslə:– Bu saat bunu buradan aparın, mən oğurluq malı almağı tahı, tövbə eləmişəm.
CavanCavan otağında gəzib öz özünə fikirləşirdi. Zehni dairəsi, cəmi kainata yayılmışdı: istərdi ağlını təbii məhdudiyyətdən qurtarıb hər şeyi bilsin; intihasız yerləri işıqlandırıb təbiətin dərin-dərin sirlərinə agah olsun. Cavan öz özünə fikir edirdi:– Bir şey bir şeyi xalq edər, bəs o bir şeyi kim yaradar?
Son baharSadə bir otaqda çarpayının üstə azarlı bir cavan yatmışdı. Çarpayının aşağı tərəfindən bətbənzi qaçmış ana durub yaşlı gözlərini ciyər parasının üzündən çəkmirdi. Xırdaca qız uşaqları, əlləri qoynunda, hərəsi otağın bir tərəfində oturub mat-məbhut qalmışdılar. Cavan yatmışdı, və hərdən köysünü ötürüb, ağır bir səs ilə inliyirdi. Bu inilti zavallı anaya belə tə’sir edirdi ki, biçarə arvad gözlərini yaşlardan xilas edib daha da zənn ilə balasına baxırdı. Güya bunun ilə onun cəmi dərunini nəzərdən keçirib nazik və cavan ciyərlərini dəlib, fövt edən xəstəliyə çarə arayırdı. Cavan bir iki dəfə şiddətli öysürüb, gözlərini yuxudan açdı. Anası əlini oğlunun alnına qoyub mehriban bir səslə halını xəbər aldı:– Bala yaxşı yatdınmı?
Poems by other poets
Guşə-guşə yanıb nara yaxıldım,Cismim od atəşə qalanıb gedər.
Zalim Şəcər dad əlindənZalım Şəcər dad əlindən,Sən ha nahaq qan eylədin.
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Bunca daş atma fələk, Seyyidi-divanəyə kimBunca daş atma fələk, Seyyidi-divanəyə kim,Atsa bir daş eləyər şişəni sədparə sənin.