İkinci hissə
Page 13 of 17 · 71%
– Urus nə deyir, çıxır, çıxmayır?
Ömər xan cəld:
– Ağam, arxayın ol, gedəcək, – dedi, – Şeyx Mənsur Terek yolunu kəssə, urus Tiflisdə öldü... Şeyx Mənsur imam sayılır, bütün Dağıstanı ölümə aparsa, gedər.
İbrahim xan qürurla:
– İrakli elə bilirdi, urusa daldalanıb, bizi özünə rəiyyət edəcək.
Sevdası tutmadı. Iravan da əlindən çıxdı. Indi oralarda da işlər başqa cürdür. Xoylu Əhməd xana Osmanlı padşahı sərəskərlik verib, mən də Əhməd xana qoşun göndərdim, Təbrizi alıb, Hidayət xanı əsir elədi...
Məclis sakit olub, məmnun bir halda yeməyə dalmış, ağız marçıltısından başqa bir şey eşidilmirdi. Vaqif plovu bitirib, dovğaya keçmişdi.
Bir iki qaşıq alıb, gülərək:
– Mənim qazaxlılarım da köçüb, gəlirlər, – dedi. – Əhməd ağa min beş yüz ailə ilə tərpənib, gəlmək istəyir.
Ömər xan təsdiq etdi.
Qazax, Şəmşəddin İraklinin sağ əlidir. Onlar getsə, heç İraklinin qoşunu olmaz. Qazaxlılar çox igid tayfadır, mən bunları bu dəfə gördüm.
Oddurlar...
Nahar bitə-bitdə lələsi şair Vidadinin gəlməsini Vaqifə xəbər verdi.
Vaqif xandan izin alıb, tələsik evə gəldi. Dostu Vidadini pəncərənin içində oğlu Qasım ağa ilə söhbətdə gördükdə, onu ayağa qalxmağa qoymayıb, özü irəlilədi, öpüşüb-görüşdülər.
Vaqif soruşdu:
– Hələ de görüm, toxsan, acsan?
Vidadi mütəvazi bir halda:
– İltifatın artıq olsun, xörək verdilər, yedim, – dedi.
Vaqif oğlu Qasım ağaya yönələrək:
– Bizə qəhvə bişirt! – dedi. – Sonra Vidadi ilə qarşı-qarşıya oturub, çoxdan bəri həsrətində olduğu dostu ilə şirin söhbətə başladı.
Vidadi ortaboylu, çalsaqqal, arıqvücudlu və nurani sifət bir kişi idi: çox dindar və dünyadan əl üzmüş bir adam idi. Yeddi-səkkiz yaş Vaqifdən böyük, təbiətcə şən və nəşəli Vaqifin əksi olmağına baxmayaraq, aralarında bir dostluq var idi. Daima bir-birilə yazışar və biri digərinə öz şerini göndərərdi.
Vaqif dərin bir sevgi saçan gözləri ilə dostunu oxşayaraq:
– Yaxşı, – dedi, – nə əcəb? Bilirsən ki, səni çoxdan gözləyirdim.
Vidadi əllərini ovxalayaraq:
– Köçdüm, mən də köçdüm, – dedi. – Qazaxda yaşamaq çətin olub, dedim, gedim bir Qarabağa bələd olum, sonra, mümkün olsa, arvaduşağı da yığışdırım.
– Yaxşı eləmisən, mənim kimi əvvəl cavanşir, sonra da “qızılbaş” olarsan! Haha-ha!..
Vaqif şaqqıldayıb, istehza ilə güldü.
Vidadi yumşaq gülümsəmə ilə dostunu süzüb:
– Pənah, – dedi, – neçə vaxtdır, səni görmürəm: nə qocalmısan, nə nəşədən düşmüsən.
Vaqif təkidlə.
– Ay Molla Vəli, – dedi, – bu, İnsanın özündən asılıdır: İnsan gərək üzdən getsin, çox dərinə əl aparmasın. İnsana bir yaşayış bağışlanmışdır, doyunca yaşamaq lazımdır. “Öl!” – deyəndə də öləcəyik. Amma bu dar dünyanı gərək elə keçirəsən ki, öləndə arxaya baxıb, həsrət çəkməyəsən! Hikmət bundadır.
Vidadi bu fikrə qane olmurdu:
– Bu sən deyənlər İnsanın özündən asılı olmasa?
– Necə yənı olmasa? İnsan faili-muxtardır. Hər şeyi özünə tabe etməlidir.
Vidadi Vaqiflə heç razılaşmayaraq dedi:
– Ölkədəki bu davaları, nahaq qanları, başkəsmə, gözçıxmaları görüb də, rahat olmaq olarmı? İnsanlara qarşı olan məhəbbət İnsanın ürəyini yandırır. Yazıq Müştaq Hüseyn xanı Hacı Əbdilqadir niyə boğdurdu?
Bu səxavət, lütf və kərəm sahibinin günahı nə idi? Axırda Müştağın oğlu Məmmədhəsən xan da atasının qisasını aldı – Hacı Əbdilqadiri öldürdü. Haqqı idi, çatdı, ancaq yeddi oğlunun günahı nə idi? Bu zülmləri görən şad ola bilərmi?
Vaqif ciddi bir səslə:
– Şad olmasan nə çıxacaq ki? – dedi. – Atalar demişkən: Tökülən dolmaz! Ömür əzabla nəşədən yoğrulmuş tikanlı bir güldür: bunun tikanı olmasa, gülü də lətifliyindən məhrum olar. Ömrün nəşəsindən sevinən kimi, əzabını da toy-bayram sanmalısan!
Vidadi gülümsündü, lakin gülümsünməsində əzab ifadəsi duyuldu; o öz şerinin çox sevdiyi məruf parçasını pərişan bir səslə oxudu:
Yüz mövsimi-xoş xürrəm olub, illər açılsa,
Yüz lalə bitib, süsənü-sünbüllər açılsa,
Yüz baği-cahan tazələnib, güllər açılsa,
Könlüm ki, açılmaz neçə müşküllər açılsa!
Lələ qəhvə gətirib getdi. Vaqif fincanı qaldırıb qoxladı:
– Molla Vəli, – dedi, – bax bu qəhvənin qoxusunda duyduğum bu bir ləhzəlik ləzzət dünyanın bütün əzabını unutdurur. Məncə, bütün dünya yerində qurulmuş və gözəl qurulmuşdur. Bu bizi hər dəqiqə dişləyib incidən milçək belə mənə mələk donunda görünür, o uçub gedəndə istəyirəm deyim:
Gedən getmə, bir bəri bax, ay gedən!
Gözüm doymaz səntək gözəl kimsədən:
Gah yaxadan şölə verər ağ bədən,
Gah odur ki, nazik əllər görünür...
Vidadi bu dəfə bütün səmimiyyəti ilə güldü, təsbehini əlinə toplayaraq: – Yox əzizim, – dedi, – mən heç yanılmamışam, sən doğrudan da cavan imişsən: milçəyin də yaxasından şölə verən ağ bədən görürsən. Vaqif qəhvədən ayrılıb, qəhqəhə ilə güldü.
15
Vidadi hələ Şişədə Vaqifə qonaq idi. Vaqif saraydan döndükdən sonra bir yerdə pəncərənin içində oturub, şirin söhbətlə məşğul olurdular.
Bir birinə yeni yazdıqları şeirləri oxuyur, şəhərin və qonşu ölkələrin yeniliklərini danışırdılar. Vaqif zarafatında davam edir, dostunu da gülməyə vadar edirdi.
– Bizdə hər gün bir təzə xəbər var: ya toydur, ya vay, ortası yoxdur.
Ömər xan gəldi, gətirdiyi gürcü gözəlini xana bağışlayıb, əvəzində xanın bacısını alıb apardı. İbrahim xan qardaşı Mehralı bəyin dul arvadına evlənmək istədi, tutmadı...
Vidadi kədərli bir səslə Vaqifin sözlərini kəsdi:
– Doğrudan, a Pənah, deyir Məmməd bəy anasını xana ərə getməmək üçün öldürüb, bu nə işdir?
Vaqif təəssüflə:
– Elədir, – dedi. – Yazıq arvad döşünü çəpkənin yaxasından çıxarıb, deyib: “Oğul, səni südüm tutar, xəncəri qoy yerinə!” Məmməd bəyin gözünü qan tutmuş imiş, xəncəri binəvanın ürəyinin başına soxub, gedib...
Vidadi köks ötürərək:
– Yaman zəmanədə yaşayırıq, – dedi, – ataya-anaya hörmət qalmamışdır: çörək-duz ayaq altda tapdalanır.
Bu faciəli xəbər dostları fikrə daldırdı. Bir az sonra Vidadi üzündə ikrah cizgiləri:
– Bəs İbrahim Xəlil xan bu işə nə deyir? – dedi.
– İbrahim xan nə deyə bilər ki, onsuz da dərd-səri çoxdur. Məmməd bəy də od kimi bir şeydir, dəstəsini götürüb, o gedəndir ki, gedib, heç “gördüm” deyən də yoxdur. Çox elərsən, gedər Ağaməmməd xana qoşular, o daha pis olar, çünki ölkəyə yaxşı bələddir, tərəfdarı da çoxdur.
Vidadi İran işləri ilə maraqlandı:
– A Pənah, – dedi, – Irandan nə xəbər var? Elə vuruşmadır, deyilmi? Müsəlman qanı tökülür...
Vidadi son cümləsini böyük bir iztirabla deyə bildi. Vaqif də eyni iztirabı duyaraq:
– Tökülür, Molla Vəli, həm də boş-boşuna tökülür. Əlimurad xan istisğa illətindən öldü, yerinə Lütfəli xan çıxdı. İsfahan tərəfdə keşməkeşdir.
Ağaməmməd xan da Tehranda, öz Qacar elinin yaxınlığındadır.
Qardaşı Cəfərqulu xanı basıb, Astrabaddan qaçırtdı. İndi Quba xanı Fətəlinin yanındadır, urusun qanadının altına girmək istəyir. Deyirlər, Isfahana Ingilis çoxlu top-topxana göndərib... Xülasə, Molla Nəsrəddin demişkən, ölkə qarış-bulaşır.
Vidadi heyrətlə dinləyib, dedi:
– A Pənah, İnsan yanı axırda ölməyəcək? Bu beş gün dünyanın cahu-cəlalı üçün bu qədər baş ağrısı çəkməyə dəyərmi? Şah da, gəda da ölüb, torpağa qoyulacaq. Axırı ki, ölümdür, bu fani dünyanı zöhd və təqva ilə keçirmək daha yaxşı olmazdımı?
Vaqif dostunun bu tərk-dünyalığına cavab olaraq gülümsədi, Vidadi məsələni anlayıb, cəld:
– Bilirəm, – dedi, – zöhd və təqva işinə gəlmir. Bir az da qocalarsan, ölüm qorxusu canına çökər, onda məsələnə Vaqif olarsan. Hələ Vaqif deyilsən, fəna dünyaya bel bağlayan Pənah oğlansan.
Vaqif güldü:
– Ay molla Vəli, – dedi, – axı ölümü də tanrı yaradıb, eşqi də, nəşəni də, gözəli də. Tanrı axirətdə mənə deməzmi, “Ay yassar, sənə ürək verdim – sevmədin, dodaq verdim – öpmədin, göz verdim – o yaşılbaş sonalara doyunca tamaşa etmədin?” Onda mən tanrıya nə cavab verərəm?
Vidadi güldü:
– Vallah, Pənah, toy-bayramsan! – dedi. – Sənnən danışanda adamın ürəyi açılır.
Vaqif birdən sözü dəyişdi:
– Mən evdə olmayanda darıxmırsan ki? – deyə sordu. – Bəyazlarımı mütaliə etmədinmi?
– Yox, darıxmıram, deyə Vidadi cavab verdi. – Bəyazlarını oxuyuram.
Yaxşıca səliqəli adamsan: həm öz şeirlərini, həm də başqalarınınkını yığıb saxlayırsan. Yazıq Məmmədhüseyn xan Müştağın sənə yazdıqlarını gördüm, yaralarım təzələndi.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-iki-od-arasinda-ikinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
– Ə, Kərbəlayı, vallah elə vuraram ölərsən!– Vurmuyan çox pis adamdır!
HacıHəyətdə şirin dəstəməz almaqda idi. Məxrəcdən gəlmə «salavatlar» axşamın sakitliyində qonşulara dağılıb, hacını səmimi «afərin»lərə nail edirdi. Birdən darvazada tappıltı, gəlib, ahista dəqqülbab oldu. Hacı buna əvvəl zərrəcə də e’tina etmiyib, dəstəməzi ikmala yetirdi və sonra «ayətəlkürsü» qiraət edə-edə darvazaya ravan oldu. Hacı darvazanı açan kibi iki qıvraq geyimli adam bir böyük parça tayını içəri saldılar. Hacı acıqlı, lakin qayət yavaş səslə:– Bu saat bunu buradan aparın, mən oğurluq malı almağı tahı, tövbə eləmişəm.
CavanCavan otağında gəzib öz özünə fikirləşirdi. Zehni dairəsi, cəmi kainata yayılmışdı: istərdi ağlını təbii məhdudiyyətdən qurtarıb hər şeyi bilsin; intihasız yerləri işıqlandırıb təbiətin dərin-dərin sirlərinə agah olsun. Cavan öz özünə fikir edirdi:– Bir şey bir şeyi xalq edər, bəs o bir şeyi kim yaradar?
Son baharSadə bir otaqda çarpayının üstə azarlı bir cavan yatmışdı. Çarpayının aşağı tərəfindən bətbənzi qaçmış ana durub yaşlı gözlərini ciyər parasının üzündən çəkmirdi. Xırdaca qız uşaqları, əlləri qoynunda, hərəsi otağın bir tərəfində oturub mat-məbhut qalmışdılar. Cavan yatmışdı, və hərdən köysünü ötürüb, ağır bir səs ilə inliyirdi. Bu inilti zavallı anaya belə tə’sir edirdi ki, biçarə arvad gözlərini yaşlardan xilas edib daha da zənn ilə balasına baxırdı. Güya bunun ilə onun cəmi dərunini nəzərdən keçirib nazik və cavan ciyərlərini dəlib, fövt edən xəstəliyə çarə arayırdı. Cavan bir iki dəfə şiddətli öysürüb, gözlərini yuxudan açdı. Anası əlini oğlunun alnına qoyub mehriban bir səslə halını xəbər aldı:– Bala yaxşı yatdınmı?
Poems by other poets
Guşə-guşə yanıb nara yaxıldım,Cismim od atəşə qalanıb gedər.
Zalim Şəcər dad əlindənZalım Şəcər dad əlindən,Sən ha nahaq qan eylədin.
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Bunca daş atma fələk, Seyyidi-divanəyə kimBunca daş atma fələk, Seyyidi-divanəyə kim,Atsa bir daş eləyər şişəni sədparə sənin.