Birinci hissə
Page 2 of 10 · 10%
saxlaya bilməyib qışqırdım. Daxmanın qapısı açıldı, bəkçi başını içəri salıb, qorxu ilə ətrafı süzdü və məni görüncə gözlərinə inanmadı.
Əvvəl çəkildi və sonra bir atırvanla içəri girib, məni apardılar.
Anamın halını xatırlayaraq ayıldım. Bir də başımın üzərində Şizi gördüm.
Abdal və qorxunc gözləri məni hiddətlə seyr edirdi. Üzünə baxdığımı görər-görməz əlini atıb, qulağımdan yapışdı:
– Daxmaya çocuqların girməsi yasaq olduğunu bilmirsənmi? – deyə sordu.
Cavab belə vermədim.
Başıma bir-iki qapaz saldı; mən də ona bir dürtmə vurub, əlindən qurtarıb qaçdım.
O birisi gün atəşgədəyə getməyib, hey daxmanın ətrafına dolaşaraq ağladım. Axşam atam məni yanına çağırıb, yavaş səslə dedi:
– Oğul, ölüm Əhrimənin məhsuludur. Biz ölümə qarşı zəiflik göstərsək, divləri sevindirərik. Mətanətli ol. Divləri acıqlandırmaq üçün nəşəli görün. Ananın ruhu üç gün himayəsiz qalacaq, üç gündən sonra mühakimə edilərək günəşin himayəsinə veriləcək. Bu üç gündə divlər himayəsizlikdən istifadə edərək, yazığın ruhunu oğurlamağa çalışacaqlar. Divləri dəf etmək üçün qüsl yerində atəş yakmalısan.
Onda divlər gəlməzlər, çünki işıqdan qorxurlar. Bunu etmək ağlamaqdan daha faydalıdır.
Bacım Jinduqtla birlikdə qüsl yerinə gedib, atəş yakdıq və sabaha qədər orada oturaraq, atəşi sönməyə qoymadıq.
Jinduqt kefsiz idi: anamızın ölümündən başqa bunun ayrı bir dərdi olduğu da görünürdü. Gözlərini alovlanan ocağa dikib, acı düşüncələrə dalmışdı. Hərdən bir burnunun tənələri qanadlanıb, gözlərindən yaş süzülürdü.
İkimiz bir ocağın qırağında daşın üstündə oturmuşduq. Yan tərəfdən bacıma tamaşa edərək öz dərdimi belə yaddan çıxarmışdım.
Sanki yuxudan ayıldım. Jinduqtun kədərləri məndə maraq oyatmağa başladı. Birdən yavaş səslə:
– Jinduqt, – dedim, – ümumi dərdimizdən başqa, səndə ayrı bir dərd də olduğunu duyuram. Zərdüşt eşqinə, söylə görüm, nə olmuş?
Jinduqt başını qaldırıb, heyrətlə üzümə baxdı və yenə aşağı saldı.
Bu dəfə daha da şiddətlə ağladı. Qalxıb gözlərinin yaşını qurutmağa çalışdım. Axırda başını çiynimə söykəyib susdu. Bir az keçmiş təkrar soruşdum:
– Jinduqt, – dedim, – səndən kiçik də olsam, yenə qardaşınam.
Dərdini mən də bilməyib, kim biləcək?!
Jinduqt ah çəkərək köksünü ötürdü və tutqun səslə:
– Dərdim böyükdür, bəlkə də əlacsızdır! – dedi.
– Əlacsız dərd olarmı?
– Görürsən, olur.
Sözlərini qurtarıb, Jinduqt üzümə baxdı. Baxışından dərdini anladım:
– Atamız evlənəcəkmi? – deyə cəld soruşdum. Jinduqt cavab olaraq ağladı. Məni də düşüncəyə daldırdı. Zərdüşt qanununca kişinin bacısı və qızı ilə evlənməsi savab hesab olunurdu. Qanuna görə Jinduqt atamın arvadı olmalı idi...
Çox düşündüm. Əvvəl Zərdüşt ehkamları qalın bir səd kəsilərək fikrimi əhatə etdi; çıxacaq yol bula bilmədim. Hiddətləndim, qısqandım və on dörd yaşında bir çocuq olaraq, acizliyimi duyub, odlandım.
Bir-birimizə sığınaraq sabaha qədər atəşin qarşısında oturduq. Xoruz banı bizi sükutdan ayıltdı, qalxıb evə getdik.
4
“Böyük qardaşım Eyzədəsb əyalət atəşgədələrinin birində möbid idi. Bir gün gəlib Həmədana çıxdı. Evlənmək məqsədi ilə gəldiyini sonra anladım. Bu da Jinduqtu nəzərdə tutmuş imiş. Jinduqt məsələni bilirdi. Qardaşım ona təklif etmiş və rədd cavab belə almışdı. Bunların hamısını Jinduqt mənə anlatdı və qəti olaraq dedi:
– Nə atama, nə qardaşıma ərə getməyəcəyəm – nə olur-olsun!
Mən cavab və məsləhətdən aciz qaldım. Qanunun qüdsiyyətinə inanır və çıxacaq yol bula bilmirdim. Jinduqt isə başqa cür düşünürdü – onun qanunla əlaqəsi az idi; ayinə belə gəlməzdi; qüdsiyyət və qeyri-qüdsiyyətin nə olduğunu anlamazdı. Bunu atam bilirdi və onu qanuna vaqif etmək üçün son vaxtlarda çox çalışırdı. – “Zend”in və “Avesta”nın ayrı-ayrı yerlərini oxuyur, şərh edirdi. Və qanuna tabe olmayanların zəlalətə düşdüklərini dəhşətli hekayələrlə isbat etmək istəyirdi. Bir gün Vendidatı17 açdı, oxudu: “...Müqəddəs qanuna görə sadiqlərin ruhunun təsviyəsi üçün onlara yasdıqla təchiz olunmuş parlaq bir iqamətgahı kim verəcək?
– “Müqəddəs qanuna görə bunu sadiq kişilərə vücudu qüsurdan xali, gənc və bakirə bir nişanlı qız verəcək.
– Dünyanı yaradan, bu gənc qız kim olmalıdır?
Ahura Mazda cavab verdi:
– Bu qız kişinin qızı və ya bacısı olmalıdır; ləkəsiz adı, on beşdən yuxarı yaşı olmalı və qulaqlarına qədər cehizə batmalıdır. Bu qız qanuna sadiq kişiyə ərə verilir.
Müqəddəs qanuna görə, bu qız ruhunun yaxşılığı üçün sadiqlərə on dörd baş kiçik heyvan verir; on dörd gənc köpək böyüdür;
Axar su üzərində 14 körpü salır;
Bədənlərinə yara düşüb, pisləşmiş on yeddi it təmizləyir.
On yeddi sadiqə ət, çörək, şərbət və şərab paylayır...
Atam “Avesta”nı oxuduqca gözləri parlayır və arabir Jinduqta baxırdı. Eyzədəsb atamın ehtiraslı həyəcanından pərt olaraq, qısqanclığından yerində aram tapa bilmirdi.
Nəhayət, səbir kasası doldu və hiddətinə malik ola bilməyib dedi:
– Ata, qanunu bilirik, təkrar etməyə lüzum yoxdur. Lakin qanun yol versə də sən evlənməkdən vaz keçməlisən.
Qardaşımın sözləri bir ox olaraq atamın ürəyinə sancıldı. Haman bağırdı:
– Nə? Axırda müqəddəs qanunu təhqir etməyəmi qalxışdın? Sən belə möbid imişsən? Müqəddəs atəşgədəni beləmi idarə edirsən?..
Eyib olsun!..
Qardaşım atamıza qarşı hörməti unudaraq:
– Sənə eyib olsun! – dedi. – Qocalıqdan yerindən tərpənə bilmirsən, hələ evlənmək niyyətinə də düşürsən.
“Qocalıq” sözü atamı daha da odlandırdı, özündən çıxaraq:
– Sus, turani, murdar iskit, – deyə qardaşımı təhqir etdi.
Hirsdən ikisinin də gözləri pərdələnib, bir-birinə hücum etməyə başladılar. Eyzədəsb atamı vurub yıxdı, sonra da təpikləməyə başladı.
Jinduqtla kənarda durub, bu həngaməyə tamaşa edirdik. Nədənsə atamıza qarşı ürəyimizdə müştərək bir nifrət bəsləyirdik, o döyüldükcə nifrətimiz yavaşıyırdı.
Axırda Eyzədəsb qələbə çalaraq atamı tərk edib, Jinduqtun əlindən yapışdı:
– Müqəddəs qanuna görə sən mənimsən! – dedi.
İndiyə qədər Eyzədəsbin şücaətindən həzz duyan Jinduqt əlini qardaşımın əlində gördükdə diksindi, ikrah edərək ağladı. Mən də gözlərimin yaşlarını susdura bilməyib, Jinduqtu qucaqladım. Bir də qardaşımın yumruqları üzərimə töküldü. Eyzədəsb mənim də məramım olduğundan şübhələnərək məni şiddətlə döyürdü. Mən də məsələni izah etmədən bunu vurmağa başladım...”
5
Kəbusey Ceynizi yenə dayandırdı:
– Yəqin yoruldun, – dedi, – dincəl!
Yoldaşlarımızda o qədər maraq var idi ki, kimsə yerindən qımıldanmadı.
Görünür, əcdadın tarixini bilmək böyük bir ehtiyac təşkil edirdi. Övzaı Kəbusey duyaraq gülümsədi və mənə müraciət edib:
– Çopo, mabədini sən oxu, – dedi.
İrəliləyib, sıra ilə düzülmüş iki kərpici qaldıraraq oxudum:
“O gecədəki vəqədən sonra həyatımız alt-üst oldu. Bir neçə gün evə gəlməyib, məbəddə yatdım. Gündüzlər isə daxmanın ətrafına dolaşaraq, Jinduqtla bərabər ağlayırdıq. Bir dəfə də tülək şahinə rast gəldim, – hasarın üzərində oturub, dimdiyini daşa sürtürdü.
– Jinduqt, Jinduqt! – deyə quşu bacıma göstərdim, – bax, anamın gözlərini didən bu quşdur, – dedim.
İkimiz də daş götürüb quşa atdıq.
Bunu görən daxma bəkçisi ağac qapıb bizi qovdu.
Şəhərə dönərkən xaldeyalı bir qocaya rast gəldik. Qocanın uzun zərli paltarına yamaqlar salınmışdı; başı açıq və ağarmış saçları qıvrım idi. Saqqalının isə qıvrımları açılaraq, tükləri bir-birinə qarışmışdı: görünür, çoxdan dəllək yanına getməmişdi. Gözlərinə sürmə çəkmişdi.
Kəmərinin yan tərəfindən bir quru qabaq asılmışdı. İçində su var idi. Falçı olduğunu bilərək ona yanaşdıq.
– Salam, qoca! – dedik.
– Sizə də salam! – dedi və əlini ağzına uzadıb, sonra gözlərinin üstünə qoydu.
– Falımıza baxarsanmı? – deyə sorduq.
– Baxaram, – dedi, – bir dirhəm versəniz, baxaram. Qoca əyri əsasını yerə salıb, üzünü qırışdıraraq çökdü, bir az vaysılandı:
– Belim ağrıyır, – dedi. – Babil nefti sürtürəm, o da fayda vermir, suziyanlı bir həkim yağ vermişdi, bu da qurtardı; heç olmasa o bir az ağrımı azaltmışdı...
Halını bildirdikdən sonra qoca cibindən bir-iki alabəzək muncuq çıxarıb, yerə atdı və onlara baxaraq cəld dedi:
– Utarid altında doğuldunuz, yenə o ulduzun himayəsindəsiniz.
Taleyiniz hələ təyin olunmamışdırsa da, parlaq görünmür. Qan qarışacağı var. Fəlakət var. – Yol görünür. Məskən dəyişiləcək. Xeyirli bir quş rəhbər olacaq. Ənasiri-ərbəə ilə xitam bulacaq. Günəş doğacaq.
Qoca sözlərini qurtarıb, əsrarəngiz gözləri ilə bizi süzdü. Veriləcək sual çox idisə də, heç birimiz cəsarət edib bir söz belə sormadıq.
Qocanı tərk edib getdik.
Atəşgədənin yanından keçərkən Şizi gördük. Hiddətlə yanaşıb:
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-qizlar-bulagi-birinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
KİYEVDƏ MİLLƏTLƏR ŞURASI*Millətlər qurultayının qərarına görə əmələ gələn millətlər şurası neçə vaxtlar var işə başlayıb. Sədri professor Qruşevskidir.
İki aləmİKİ ALƏM*Ukrayna cümhuriyyəti elan eylədi... Ol axşam mərkəzi rada millətlər şurası üzvlərinə məxsus (heyəti rəisə arxasında) kürsüdə oturub qarşımda oturan yüzlər ilə xalqa tamaşa edirdim. Rada üzvləri giribçıxırdılar, heyəti-rəisə və Ukraynadakı xırda millətlər vəkilləri salonda yox idilər. Deyirdilər; “Xırda millətlər cümhuriyyətə razı deyillər. Bu barədə məşvərət olur”.
Kiyevdə “Müsavat” şöbəsiKİYEVDƏ “MÜSAVAT” ŞÖBƏSİ*Kiyev türk tələbələrinin milli təşkilatı 1909-cu ildə əmələ gəlib. Əvvəli siyasi məqsədlər təqib eləməyib, ümdə fikri mədəni bir yolda işləmək idi.
Zəruri məsələlərZƏRURİ MƏSƏLƏLƏR I. QOŞUN*Kiyev müsavatçılarının tatar alaylarının Azərbaycana köçürülməsinə dair çıxardıqları qərarları yazmışdıq. Bu səfər müsəlman hərbi şurası tərəfindən Ukrayna işləri ilə aşina olmaq üçün Kiyevə göndərilən miralay Yaqubovskidən aldığım məlumatı yazıram. Həm miralayın söylədiyinə görə, həm də Kiyev müsəlman hərbi komitəsi vasitəsilə aldığım xəbərlərə görə Rumuniya sərhədində tatar qol orduları (süvari ordu – red.) əmələ gəlməlidir.
Poems by other poets
Şair Nizaminin gözəl vətəni,Qoynunda bəsləyib böyütdü səni.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Aşıq Əhməd Paşanın deyişməsi— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.