Birinci hissə
Page 4 of 10 · 30%
8
O biri gün sabah erkən carçının zil səsi bizi yuxudan ayıltdı:
Caramana car!..
Gənclərə xəbər!
Həkimlər həkimi,
Xəstəlik düşməni,
Xaldeyalı Əmilmərduq.
Sizi çağırır:
Durun, durun,
Gənc oğlanlar!
Uyquya vida!
Sabaha salam!
Xaldeyalı Əmilmərduq
Sizi çağırır.
Caramana car!..
Yatağımdan qalxdım. Sevincimin hüdudu yox idi. Yavaş-yavaş yaxında olacaq şeyləri dərk etməyə başladım. “Xoruz” qəbiləsi adətincə gənclər həkim tərəfindən müayinə olunub, evlənə biləcəyinə icazə verilir. Sonra “Qoç” qəbiləsinə nişanlı aramağa gedilir. Nə böyük məqsəd! Baharın rayihələri arasında gəncliyin də baharı başlayır.
Hər addımda məni izləyən anam da mənimlə bərabər sevinirdi. Otaqdan çıxarkən bir də məni qucaqladı. Üzümdən öpərək: “Oğul, xoşbəxt ol!” – dedi. Anamın başını oxşayıb, bağçaya qaçdım. Hər evdən şən bir gənc səsi eşidilirdi. Səsləşdik. Bir-birimizə qoşularaq, Mazda meydanına toplandıq. Bir də ağacların arxasından Əmilmərduqun şişman heykəli göründü. Bizə təzim etdi, cavab verib, ətrafına toplandıq. Zarafatlar, lətifələr başlandı. Əmilmərduq çox lətifəcil adam idi. Hər bir fikrini anlatdıqca bir misal söylərdi.
Gənclərin hamısı toplandıqdan sonra bizi sıra ilə düzüb tamaşa etdi. Hamımız sağlam vücudlu, qüvvətli, əzələli idik. Yalnız yoldaşlardan birisi qışda xəstəlik keçirdiyi üçün zəif idi. Əmilmərduq onu bizdən ayırıb, kənarda saxladı. Sonra bizi yortdurub, nəbzimizə baxdı.
Hamımızın səhhətindən məmnun qaldı. Zəif arkadaşımız məyus bir halda durub, bizə tamaşa edirdi. Əmilmərduq ona yanaşdı: nəbzinə və dilinə baxdı:
– Bu bahar “Qoç” qəbiləsinə gedə bilməzsən. Səhhətin yerinə gələr də, gələn bahar gedərsən – dedi.
Zəif razı olmayaraq:
– Qaçım, ürəyimə baxın, – deyə həkimdən ricada bulundu. Əmilmərduq bir az duruxub:
– Haydı qaç! – dedi.
Zəif qaçıb təkrar həkimin yanına döndü. Rəngi üzündən götürülmüşdü; ürəyi şiddətlə çırpınırdı. Əmilmərduq:
– Oh! “Qoç” belə ürəyə qız verməz! – deyə qəhqəhə ilə güldü.
Zəif yenə razı qalmadı:
– Bir də qaçım, yenidən baxınız, – deyə israr etdi. Əmilmərduq bir misal söylədi:
– Persopolis20 şəhərində məşhur bir dərzi var idi. Bu, paltar biçəndə maldan oğurlardı. Birisi bunu eşitdi. Mal alıb, dərzinin yanına getdi.
Dərzi malı piştaxtanın üstünə qoyub açdı, qayçını götürdü və... birdən bir şərqi oxudu. Şərqi müştərinin çox xoşuna gəldi – heyrətdən başını itirdi. Bu əsnada dərzi malın bir parçasını kəsib, piştaxtanın altına saldı.
Müştəri dedi:
– Ay dərzi, bir şərqi də oxu.
Dərzi cavab verdi:
– Bir şərqi də oxusam, paltarlığın çatmaz. Hamımız güldük, zəif bizdən də çox güldü. Bir də qaçsa ürək qüvvəsi çatmayacağını duyaraq israrından vaz keçdi.
9
Həkimin müayinəsindən sonra Cəməsbin qəbrini ziyarət etmək adət idi. Musiqiçilər gəldi, hərə bir dəstə çiçək hazırladı. Yeməli şeylər, bir neçə bardaq şərab və bir torba da dən götürüb getdik. Jinduqtu yad etmək üçün Cəməsbin qəbrinin yanında bir çox ağ xoruzlar saxlanırdı.
Ziyarətə gələnlər bunlara dən gətirərdilər.
Qəbir güllü bir bağçada idi. Sandıq şəklində bir daşdan ibarət olub, dörd tərəfinə Cəməsbin həyati vəqələrini təsvir edən qabartma lövhələr qayrılmışdı. Daşın üstündə bir xoruz rəsmi həkk olunmuşdu. Qəbrin ön tərəfində daimi atəş saxlanılırdı. Müəyyən gözətçilər gecəgündüz atəşə nəzarət edirdilər.
Gələr-gəlməz gördüyümüz ilk iş xoruzları bəsləmək oldu. Sonra çiçəkləri qəbrin ətrafına düzüb, əl-ələ verdik və halqa təşkil edərək, oxuya-oxuya qəbrin ətrafına fırlanmağa başladıq:
Biz Cəməsbi yad etdik,
Xoruzları şad etdik.
Totem bizi anladı,
Qanad çaldı banladı.
Günəş kimi nur saçdı,
Cəməsbdən söz açdı.
Xatırladı Jinduqtu,
Quqqulu-qu-quqqulu-qu!
Semiramis qalası –
Gənc qızların bəlası,
Əsrar ocağıdır bu,
Quqqulu-qu-quqqulu-qu!
Biz Cəməsbi yad etdik
Xoruzları şad etdik,
Xoruzlar qanad açdı,
Aləmlərə nur saçdı.
Nurlara salam olsun!
Cəməsbə çox-çox salam!
Jinduqta salam olsun!
Gənclərə çox-çox salam!
Qəbilə abad olsun!
Atəşə çox-çox salam!
Quqqulu-qu-quqqulu-qu!.
Oyun qurtardıqdan sonra Cəməsbin qəbrinə təzim edərək kənara çəkildik. Böyük qoz ağacının altında oturub yeyib içməyə başladıq.
Piyalələrə şərab töküldü. Yoldaşlardan birisi qalxıb, bir təklif etdi:
– Müəllimlərimizdən bir ricamız var, – dedi. – Şərab; haqqında mülahizələrini dinləmək istərdik.
Əmilmərduq:
– Hay! Hay! Mən də dinləmək istərdim, – deyə qəhqəhə ilə gülməyə başladı.
Kəbusey Xanburabinin üzünə baxıb, ayağa qalxdı.
– Övladlarım, – dedi, – qəbiləmizdə cürbəcür xalqlara mənsub və dürlü ölkələrdən gəlmə adamlar var. Bunların heç biri buraya gələndə şəraba yabançı olmamış. Görünür, ölkələrində xalqları arasında məqbul içkilərdən biridir. Şərabın harada və kimlər tərəfindən icad olunduğunu kimsə söyləməz. Şərabın adı ən qədim rəvayətlərdə söylənir.
Zənnimcə şərab bəşəriyyət qədər qədimdir. Deməli, şərab İnsan üçün bir ehtiyacdır. Kef və nəşə aramaq İnsanın təbiətindədir. Ancaq... – burada mühüm bir “ancaq” var – kef və nəşə həyatın kiçik bir hissəsini tutmalıdır. Daimi kef İnsanı bıqdırar. Həmədan sarayındakı keflərə kef deyilməz. Bu pozğunluq və əyyaşlıqdan başqa bir şey deyildir. Kef əməyin süsü olmalıdır. Doğruçu nəşə yalnız əməkdən sonra ola bilər. Ancaq belə nəşə mahiyyət və həzz etibarilə həqiqi sayılar.
Bu nöqteyi-nəzərcə şərab əziz bir yoldaş, dilbər bir sevgilidir.
Yaşasın şərab!
– Quqqulu-qu, – deyə banlaşaraq piyalələri dodaqlarımıza yavıqlaşdırdıq.
Bir az keçmiş Xanburabi ayağa qalxdı:
– Övladlarım, – dedi, – İnsan yalnız beş hissə malik və məhdud ağıllı bir məxluqdur. Bunun çalışmaq iqtidarının da müəyyən dairəsi var. Yorular – dairənin dışarısına belə çıxa bilməz.
Ehtiyac ağırlığından xilas olub, dərin düşünmək imkanı bularsa, dünyaya gəldiyinin belə məqsədini bilə bilməz. Təbiət yaratdığı İnsanın zəfini bilir (zatən onu zəif və idraksız xəlq etməsəydi xaliqinə qarşı üsyan edərdi). Onu müəyyən məqsədə də sövq etmək üçün həzz duyğuları ilə təchiz etmiş: yemək həzzi, içmək həzzi, qadın və övlad həzzi... İnsan bədəvilikdən yüksəldikdə həzzlərinin sayı da artır. Şərab həzzi də İnsanın yüksəliş dövrlərinin birində meydana gəlmiş olacaq.
Odur ki, şərab yüksəlmişlər üçün ehtiyac, yüksəlməmişlər üçün zəhərdir. Yaşasın şərab əhli!
– Quqqulu-qu! – deyə banlaşdıq.
Sıra Əmilmərduqa gəldi. Əvvəl bir az nazlandı. Danışmaq istəmədi.
Sonra:
– Övladlarım, – dedi, – mən həkiməm; sənətim əzəliyyət qədər qaranlıqdır. Bütün bilgi və təcrübələrimə baxmayaraq, xəstənin mürəkkəb vücudu qarşısında daim acizliyimi duyuram. Şərab qarşısında da eyni acizlikdə bulunuram... (Ancaqşərabmı xəstə, mənmi xəstə?)
...Piyalədə olduqca sakinliyinə heyrət edirsən, mədəyə töküldükdə hərəkət bambaşqa olur: İnsanı güldürür, ağladır, nəşə verir, qəmgin edir, cəsarətləndirir, ehtirasını artırır, gözlərini pərdələndirir... Xülasə, şərab mənim üçün bir sirdir. Sizə bir misal söyləyim. Bir xaldeyalı tərki-dünya əyyaş bir ellinə rast gəlib, ona nəsihət etməyə başlayır.
– Şərab içmə, məst olma, xaliq bizi ayıqlıq üçün yaratmışdır, – deyir.
Ellin gülür:
– Aldanma! – deyir, – xaliqin də mənim kimi məstdir. Zatən məst olmasaydı, sənintək axmağı yaratmazdı...
Hər kəs güldü və Əmilmərduqun şərəfinə içdi.
10
Qəbiləmizdə iki sonsuz qadın var idi. Hər bahar “Qoç” qəbiləsinə gedən gənclər adət üzrə bu qadınları ziyarət edərdilər.
Biz də adətə riayət etməli idik. Sonsuz qadınlara sovqat aparardılar.
Biz də dürlü-dürlü kətələr, şərablar, darçın, mixək və dəstə-dəstə çiçək götürüb getdik. İlk ziyarət etdiyimiz yaşlı bir qarı idi. Gəncliyində bir dəfə doğmuş, lakin çocuğu kretin olduğu üçün ağzına yasdıq qoyub öldürmüşdü. Anormal çocuq anası olmağı şərəfinə sığdırmamışdı.
Qarının bu hərəkəti, zatən, qəbilə adətinə müğayir deyildi. Kor, şikəst, əlil çocuqlar yaşamaq haqqından məhrumdurlar. Bu adət bizdə qədim zamandan bəri davam edib gəlmiş. Bu adətə qarşı bir neçə etirazlar edilmiş, bundan dolayı qəbilə məclisi məsələni təkrar-təkrar müzakirə edib, adətin olduğu kimi saxlanılmasına səs vermişdi. Ehtimal ki, bu adət irəlidə də ləğv olunmaz. Çünki gənclik də ona tərəfdardır.
Çalışmaq qüdrəti olmayan, irəliki həyatı əzab içində keçəcək bir çocuğun büsbütün həyatdan məhrum olması əfzəl deyilmi?..
Məsələdən uzaq düşdük.
Sonsuz qarı gələcəyimizi bilərək yeni paltar geymişdi. Xoş bir təbəssümlə bizi qarşıladı.
Salam verdik. Salamı aldı. Əlindən öpdük. Alnımızdan öpdü. Əri işdə idi. Biz gələr-gəlməz bütün şeylərini dışarı çıxarıb, evi silib süpürdük. Hər yeri təmizlədik. Sonra şeyləri silib, səliqə ilə yerlərinə düzdük. Gətirdiyimiz çiçəklərlə evi bəzədik. Masanın üstə süfrə salıb, yeməkləri və içkiləri qoyduq. Qarını başdan əyləşdirib, biz də sağ və sol tərəfində oturduq.
Ceyniz gənclərin vəkili sifəti ilə:
– Ana, buyur, – dedi, – oğulların adət üzrə “Qoç” qəbiləsinə gedirlər.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-qizlar-bulagi-birinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
KİYEVDƏ MİLLƏTLƏR ŞURASI*Millətlər qurultayının qərarına görə əmələ gələn millətlər şurası neçə vaxtlar var işə başlayıb. Sədri professor Qruşevskidir.
İki aləmİKİ ALƏM*Ukrayna cümhuriyyəti elan eylədi... Ol axşam mərkəzi rada millətlər şurası üzvlərinə məxsus (heyəti rəisə arxasında) kürsüdə oturub qarşımda oturan yüzlər ilə xalqa tamaşa edirdim. Rada üzvləri giribçıxırdılar, heyəti-rəisə və Ukraynadakı xırda millətlər vəkilləri salonda yox idilər. Deyirdilər; “Xırda millətlər cümhuriyyətə razı deyillər. Bu barədə məşvərət olur”.
Kiyevdə “Müsavat” şöbəsiKİYEVDƏ “MÜSAVAT” ŞÖBƏSİ*Kiyev türk tələbələrinin milli təşkilatı 1909-cu ildə əmələ gəlib. Əvvəli siyasi məqsədlər təqib eləməyib, ümdə fikri mədəni bir yolda işləmək idi.
Zəruri məsələlərZƏRURİ MƏSƏLƏLƏR I. QOŞUN*Kiyev müsavatçılarının tatar alaylarının Azərbaycana köçürülməsinə dair çıxardıqları qərarları yazmışdıq. Bu səfər müsəlman hərbi şurası tərəfindən Ukrayna işləri ilə aşina olmaq üçün Kiyevə göndərilən miralay Yaqubovskidən aldığım məlumatı yazıram. Həm miralayın söylədiyinə görə, həm də Kiyev müsəlman hərbi komitəsi vasitəsilə aldığım xəbərlərə görə Rumuniya sərhədində tatar qol orduları (süvari ordu – red.) əmələ gəlməlidir.
Poems by other poets
Şair Nizaminin gözəl vətəni,Qoynunda bəsləyib böyütdü səni.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Aşıq Əhməd Paşanın deyişməsi— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.