Page 7 of 10 · 60%

Artıq ərindən vəfa görən qadına dünyada yaşamaq lazım deyil!” – deyə qəməsini çıxarıb, ürəyinə soxdu. Yıxılarkən başından papağı düşdü, uzun saçları çözülüb, töküldü.

Vəzir hekayəni bitirib susdu. Sənnaşəribin hiddəti yatmışdı. Bütün Babil qadınlarının Fərata atılması fikrindən daşınaraq, yalnız Ninnini suya atdırdı.

Ərən hekayəsini bitirən kimi yenə neylər çalınmağa başladı.

14

Üçüncü pillədə oturan ərən çox tühaf idi – xoruzi papağı əyilib, bir qulağını basıb sallamışdı. Neyi çalaraq coşur, oturduğu yerdə oyanbuyana sallanırdı. Ceyniz üzümə baxaraq gülümsədi.

Üçüncü pilləyə ayaq basmaq istədik. Ərən dik qalxaraq:

– Dur! Dur! – dedi. – Qoca ərənin hekayəsini dinlə. Bunun hər bir hərəkəti tühaf idisə də onu maraqla dinlədik.

Ərən hekayəsini başladı:

– “Samilər diyarında, qumlu səhrada ayaqyalın, başıaçıq bir kişi çıxaraq xalqı başına toplayıb, min bir nağıllar söyləyirdi. “Ey zəlalətdə qalan yazıqlar, yeri-göyü yaradan, axirət gününün sahibi Olan Yekovu tanımırsınızmı? Sizi odlarda yakar, sizi dünya işığından məhrum edər, evlərinizi alt-üst edib, balalarınızı səhralara salar... Mən onun nəbisiyəm. Sizi haqq yola dəvət etməyə gəldim. Gəlin, ətrafıma toplanın!..

Haqq yolu bulun!..”

Hər kəs nəbini dəhşətlə dinləyir, qorxudan tir-tir əsirdi.

Çox çəkmədən nəbinin şöhrəti bütün səhraya yayıldı – vahə xurmalıqlarında, karvan düşərgələrində həp nəbidən bəhs edilirdi.

Turi-Sinayə ticarətə gedən bir ellin nəbi haqqında söylənən sözləri eşidib, onu görmək istədi. Nəbinin yerini göstərdilər. Getdi. Nəbi xurma ağacının altında oturub, çəyirtkə yeyirdi.

Ellin salam verdi, nəbi çəyirtkə təklif etdi, ellin yeməyib dedi:

– Ya nəbi, şöhrətini eşidib, söhbətə gəldim.

– Xoş gəldin, otur! – dedi. – Uzaqdanmı səfərin?

– Atinadan gəlirəm.

– Orası nədir? Şəhərmi, kəndmi?

Ellin heyrətlə:

– Nəbi, Atinanı eşitmədinmi?.. Heyrət! Filosoflar və allahlar şəhərini bilmirsənmi?

“Allahlar” sözü nəbinin hiddətinə səbəb oldu: çəyirtkəni atıb:

– Yahu! Allahlar nə demək? Müşriklik zəlalətində boğulmaq yetməzmi?..

Bir olan, böyük olan əzəli və əbədi xaliqi tanı: onun haqq yoluna gəl! Fani dünyaya uyma! Hər bir şeydən əl götür də, xaliqin yolu ilə get... ondan ədalətli, ondan yüksək bir qüvvə yoxdur...

Ellin bir şey anlamadı:

– Nəbi, – dedi, – o xaliq dediyin nədir? Tərif etməzmisən?

– O böyük, əzəmətli, əzəli, əbədi, dünya və axirətin sahibidir.

Ellin yenə bir şey anlamadı:

– Başlanğıc, davam və intəha Zevsdən ibarətdir, – dedi. – Başqasına qail ola bilmərəm. Olimp dağından ildırım yağdıran Zevsdən böyük bir qüvvə olarmı?

Nəbi yenə hiddətləndi:

– Zevs kimdir? Yekovdan böyük, ondan əzəmətli xaliq ola bilməz.

O təkdir, şəriki yoxdur. Ona şərik qərar verənlər mürtəddirlər. Ellinlə nəbi arasında qovğa başlandı. Bütün karvandakılar buraya toplandı.

Həmədanlı bir tacir sakit səslə:

– Nəbi, – dedi, – yüksək və ədalətli bir qüvvəyə inanmaq, dünya gərdişini, onda olan hadisələri izah etməkdən aciz qalmaq deməkdir.

Yaradılışa hakim ədalətli bir vəhdət, varsa, dünyadakı ədalətsizliyi nə ilə izah edərsən? Gözlülər arasında işığa möhtac korlar var; xoşbəxtlər arasında talesizlər var; bolluqla yaşayanlardan çox yoxsul, ağalardan çox qul, gözəllərdən çox çirkinliyindən utananlar var... Bu ədalətsizliyi kim törədir?.. Yox, nəbi, tutduğun yol düzgün deyil. Dünya hadisələrini vəhdət fikri ilə izah etmək olmaz! Yaradılışda ikilik var; bir qüvvə ədalətə çalışan kimi o biri də ədaləti pozur. Mazdanın işığı ilə

bərabər Əhrimənin də qaranlığı var. Yaşayış bu iki qüvvənin mübarizəsindən ibarətdir. Nəticədə Mazda qələbə çalacaq, dünya işıqlar içində parlayacaq, İnsan əbədi səadətə nail olacaq!.. Həqiqət budur!

Misirli bir qoca söhbətə girişdi:

– Yekov kimdir? Zevs kimdir? Mazda nədir? Misir allahlarından başqası yalandır. Ölülər, elemanlar və günəş allahlarını inkar etmək olarmı? Soqaris, Oziris, Anubis, Neftus, Ra, Nu.. kainata hakim deyillərmi?

Bu həqiqət Ra kimi aşkar və parlaqdır...

Babilli birisi misirlinin sözlərini kəsdi:

– Heç də doğru demirsən. Yalnız bizim Anu göylərə hakimdir.

Bütün ulduzlar onun taxt və tacının ətrafına toplanaraq, aləmə nur saçır.

Anlil yeri idarə edir. Ea isə suların himayəsi ilə məşğuldur. Bunlardan başqa Sin və onun iki övladı...

Bu əsnada şaqqırtı ilə qopan qəhqəhə babillinin sözlərinə xitam verdi. Hər kəs çönərək, qəhqəhədən bayılan Həbəşə tamaşa etməyə başladı. Burnu halqalı bu adam nizəsini yerə ataraq, qəhqəhəyə dalmışdı, arabir əllərini çırparaq:

– Allahın övladı varmış, – deyə sərzənişli sözlər fırladır və gülməsində davam edirdi.

Buradakıların hamısı, zatən, həbəşi vəhşi zənn edərək ondan başqa bir hərəkət də ummurdular. Həbəş də bunları anlamaz zənn edib, boş söhbətləri dinləməyi lüzumsuz gördü. Oxlarını toplayıb, nizəsini götürdü və yenicə ovladığı aslan balasını sürüyə-sürüyə izdihamdan uzaqlaşdı.

Vahənin kənarında yoluq bir xurma ağacı var idi. Həbəşin ailəsi bunun altında yaşayırdı. Çocuqları onu görcək qarşısına çıxdılar və aslant balasından yapışıb, xurma ağacının dibinə apardılar. Döşləri sallaq fitəli bir qadın onun silahını alıb, ağacdan asdı. Kənarda palçıqdan yapılma bir büt var idi. Önündə bir çox heyvan sümükləri tökülmüşdü.

Həbəş bıçaq götürüb aslanı soydu. Qadın ocaq qaladı və aslan ətini onun üstünə salmadan əvvəl həbəş bir yağlı tikə götürüb, bütün dodaqlarına sürtməyə başladı:

– Ya rəbbim, – deyirdi, – bu gün mənə ov yetirdin. Sənə min şükür!

Payını al, ye, doy. Sabah da yetir, yenə payını verim!

Həbəş ibadətini bitirdikdən sonra ailəsini başına toplayıb bütünə minnətdar hisslər bəsləyərək nahara başladı”.

Ərən hekayəsini qurtarıb oturdu. Yenə ney çalındı!.

15

– Bu ərənin hekayəsi də özü kimi tühafdır! – deyə Ceyniz qulağıma pıçıldadı. Bir də dördüncü ərənin:

– Dur! Dur! – deyə hayqırması eşidildi. Ərən hekayəsini başladı.

“– Halic31 çayının qırağında Naramsin adında bir kişi Nada adlı arvadı ilə yaşayırdılar. Naramsin balıq ovlayıb, meşədən meyvə yığıb, evinə gətirir, qarınlarını doyurur, Allah və ilahələrinə dua edirlərdi.

Onların yeganə dərdi övladları olmaması idi. Bir gün Halic kənarına bir qərib gəlib çıxdı. Naramsin qəribi evə qonaq gətirdi. Oturdular, yeyib-içdilər, sonra qonağın ayaqlarını yuyub yatırdılar.

Adət üzrə ev sahibinin arvadı qonağa hörmət edərək onunla yatmalı idi. Nada da adətə riayət edib, qəribin yatağına girdi...

Sabah qərib durub getdi. Ev sahibləri yenə yalnız həyatlarına davam etməyə başladılar.

Ay keçib, il dolandı. Nadanın bir çocuğu oldu. Evdə bir şənlik doğdu. Ərarvadın sevincinin həddi yox idi. Lakin bu sevinc uzun sürmədi – günün birində çocuq iməkləyib, çaya düşüb boğuldu. Ər-arvad yasa batdı.

Çocuq ölən günü Naramsinin damındakı göyərçin yuvasında yumurtadan bir göyərçin balası çıxdı. Naramsin bunu görüb sevinərək arvadına dedi:

– Nada, bax, çocuğumuzun ruhu yəqin bu göyərçin balasına keçmişdir.

Başqa cür də ola bilməz ki... Məsum bir çocuğun ruhu yalnız günahsız bir quşa keçə bilər.

Qadın dindar idi və ruhların diri olaraq bir məxluqdan o birisinə keçməsinə inanırdı. Gedib göyərçin balasını gördükdən sonra dərdini unutdu.

Naramsin yenə əvvəlki kimi ova gedir və arvadı ilə bərabər göyərçin balasını bəsləyirdi. Göyərçin böyüdü və ər-arvada elə öyrəşdi ki, onlar yaşayan otaqda qalırdı.

Bir gün yunanların şərq səfəri başladı. Ordu yürüdü və Halic kənarı düşərgə oldu. Əsgər ətrafda əlinə düşəni yeməyə başladı. Çayda balıq, meşədə heyvan, quş və meyvə qalmadı. Naramsinin qapısını gündə bir adam kəsdirib, yemək istədi. Ailə var-yoxundan çıxdı.

Bir dəfə də ac əsgərlərdən birinin gözü evdəki göyərçinə sataşdı, onu tutub başını kəsmək istədi. Naramsinlə Nada əsgərin ayağına yıxılıb yalvardılar.

– Göyərçin bizim övladımızın ruhunu daşıyır, onu öldürmək bizi sonsuz buraxmaq deməkdir! – dedilərsə də əsgər qərarından dönmədi.

Ər-arvadı ağlar qoyaraq, göyərçini apardı.

Ailə yenidən qəmə batdı.

Göyərçinin ruhunun kimə və nəyə keçməsi onlara bəlli deyildi, çünki ətrafda canlı bir şey qalmamışdı. Nada ümidsiz bir halda bütün günü çayın qırağında oturub, göyərçin deyə ağlayırdı. Nəhayət, dərdlərə dözə bilməyib, xəstələnib öldü.

Naramsin yalnız qaldı. Bir axşam çayın qırağında oturub düşüncələrə dalmışdı. Bir də bir bayquş gəlib, evin üstündə ulamağa başladı.

Naramsin düşüncədən ayrılaraq, bayquşa baxdı və onun qəmgin səsində

Nadanın nalələrini duydu. Ayağa qalxıb, evə yanaşdı:

– Gəl, gəl, – dedi, – tənha dərdlərimə şərik ol! Bayquş küsər kimi yerindən tərpənmədi. Naramsin qapını açdı:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets