Page 4 of 13 · 23%

Müəllimlər bu hərəkəti əxlaq üçün zərərli hesab edirdilər. Şair

Milnir tərəddüd içində idi, fikrini aydın söyləyə bilmirdi:

– Qarşılıqlı eşq totem qədər müqəddəsdir, – deyirdi.

İlyus:

– Şair, eşq nədir? – deyə istehzalı təbəssümlə sordu.

– Eşq həzrət qoçun buynuzundan doğan bir nurdur. Eşq – varlıq çeşməsinin müsəlsəl axını, eşq – əbədiyyətin təməl daşı...

– Yetər, şair, mübaliğəyə varma! Eşq – iki ac şəhvətin bir-birinə qovuşmaq iştahasıdır!..

Şibra xatın çıxışı ilə mühakimə və mülahizələrə xitam verdi:

– Qəbilədaşlar! – dedi. – Hər halda qoç ənənəsi pozulmuş. Məsələnin həlli ümumi şuraya bağlıdır. Sabah şura çağırılsın da, müzakirə etsin.

13

Qəbilə gəncləri qəbilədaş sayıldıqlarından bir-birilə evlənə bilməzlər. Bu ənənə əskidən o qədər qüvvətli imiş ki, əksinə hərəkət edəni daşla öldürərlərmiş. Getgedə bu cürm şiddətini qaib etmiş, ətraf qəbilələrdə belə bir ittifaq düşərsə, cürm işləyənləri qəbilədən kənara atarlar. Qəbilələrdən sürgün olanlar “Yel” adlı bir ulus təşkil etmişlər. Bu ulus tamamilə yeni bir qayda və qanuna tabe imiş.

Ümum şuranın açılmasını gözləyən xalq arasında bir çox mülahizələr yürüdüldüyünü eşitdim. Xalqda bir həyəcan vardı. Murdadla Nahuranı parça-parça etmək istəyənlər də çox idi. Nəhayət, Şibra xatın yüksək bir daş üzərində göründü. Rəngi qaçmışdı. Dəruni iztirabını zorla gizləyə bilirdi.

– Qəbilədaşlar! – deyə sözə başladıqda səsi titrədi. Məsələni xalqa anlatdı və cürmə qarşı nə kimi cəzanın veriləcəyini soruşdu.

– Parçalansın!

– Sürülsün!

– Bağışlansın! – deyə müxtəlif rəylər eşidildi. Ceyniz Şibra xatının müsaidəsi ilə sözə başladı.

– Qəbilədaşlar! – dedi. – Bir müsafir sifəti ilə burada danışmağı özümə borc bilirəm. Əvvələn, vaqe olmuş bir hərəkətə qarşı doğru bir mühakimə yürütmək üçün qanları coşdurmamalıdır. İkinci, cürmün doğrudan da cürm olduğunu isbat etmək üçün məsələni bir neçə həkəmə həvalə etmək lazımdır. Murdadla Nahura da çağırılsın, hərəkətlərinin səbəbləri öyrənilsin.

Ceynizin fikrini rədd edənlər tapıldısa da əksəriyyət bu təklifi təsvib etdi. Şibra xatının rəyasəti ilə beş kişilik bir heyət seçildi. İşə başladılar. Ceyniz də bu cümlədən idi.

Xalq Murdadla Nahuranın məhkəmə qarşısına çıxmasını sakitliklə qarşıladı.

Şibra xatının uzun bir nitqindən sonra Murdada söz verildi:

– Qəbilədaşlar! – Xalq dərin bir sükuta qərq oldu. – Yaradılış hissdən nəşət edər. Hiss heç bir ağıl və məntiqə tabe olmadan dünyanın davamına səbəb olmuş və olur. Nahura ilə mənim qarşılıqlı hissimiz də əzəliyyətdən doğan və əbədiyyətdə qurtarmayan böyük bir amilin kiçik bir zərrəsidir. Bu zərrəni söndürmək istəyirsiniz? – Qabil deyil, çünki zərrə bizə deyil, biz zərrəyə tabeyik. Əzəldən belə qərarlanmış.

Murdadın mülahizələri bir çoxlarını qane etmədi. İlyus ağzını əydi və yanındakı Nimrada:

– Bu nə səfsətə? – dedi. – Yaradılışın əzəmətli bir ağıldan doğduğuna şübhə etmək olurmu?

Nimrad:

– Olur, – deyə gülümsədi.

– Olamaz ki! Hiss məntiqin xarici deməkdir. halbuki kainat məntiqə tabedir. Hər axşam göydə eyni intizamla hərəkət edən səyyarələr bunu isbat etməzmi?

– Danışılmasın! – deyə Şibra xatının səsi eşidildi.

Nahura:

– Murdadın dediklərinə tamamilə şərikəm, – deyə qəti cavab verdi.

Həkəmlər məsələni öz aralarında müzakirə edib, hərəkətlərinin əxlaqa müğayir olduğundan dolayı qəbilədən sürülmələrini qət etdilər.

Qərarın ağır olmamasından sevinən gənclik mələşdi, xalqın yaşlı hissəsi isə söylənə-söylənə şuranı tərk etdi.

14

Murdadla Nahura sabah günəşi doğmadan qəbiləni tərk etdi. Bir çox gənc onları hörmətlə yola saldı. Xalqın əksəriyyəti arxalarınca qara daş və odlu kösöv atırdı. Həyəcan bir həftə davam etdi və yalnız bir həftədən sonra şəhadət rəsmi icra oluna bildi.

Bir gün bizi qəbilə kənarındakı böyük qoç heykəlinin ətrafına topladılar. Qoçu güllərlə bəzəmişdilər.

Naçarlılarımızla bərabər sıraya düzüldük. Şibra xatın “Qoç” nümayəndəsi sifəti ilə şəhadətləri qəbul və təsdiq edirdi. Bir neçə gəncdən sonra növbə bizə çatdı. Başımıza çələng qoydular. Əl-ələ verib, qoç qarşısında dizi üstə çökdürdülər.

Bu vəziyyətdə üç addım irəlilədik. Ayağa qalxaraq qoça baş əydik.

Sonra şəhadət başlandı:

– Həzrət qoç! – deyə Şibra başladı, biz də təkrar etdik. – Nurların nuru, pakların pakı! Axar sular yardımı, köklü ağac qüvvəti, yaşıl otlar ümidi! Biz də gəldik, səni deyə gəldik! Sevdik, sevildik; günəş kimi parladıq sular kimi çağladıq. Təsvib et, yardıma yet!

Nelli, nelli, nilelli”
Nelli, nilel, nilelli
Şelli, şilel, şilelli...
Xalq bir ağızla:
Naz-naz-naz,
Tapılı-tapıl-taz...

– deyə əllərindəki daşları bir-birinə vurdu. Şibra xatın kökslərimizə çiçəklər taxaraq alnımızdan öpdü və şəhadət rəsminin bitdiyini söylədi.

15

Gəncləri bir evə apardılar. Ər-arvada ayrıca otaq təxsis edilmiş, hər bir müxəlləfatla təchiz olunmuşdu.

Bir həftə burada yedik, içdik, yatdıq. Sonra Şura rəisi yanına çağıraraq qəbilədaşlıq sifətilə bizə vəzifələr verdi. Ərli-arvadlı hərəmiz bir işə göndərildik. Bütün günü işləyib yalnız yemək zamanı, ümumi təamxanada görüşərdik.

“Xoruz” qəbiləsindən gələnlər “Qoç” qəbiləsi gənclərilə çox yaxın dost olmuşdular. Tühaf burasıdır ki, Ceyniz ikisinin də arasında böyük nüfuza malik idi. Onun mülahizələri artıq mənə belə yabançı deyildi.

Ceyniz nə deyirdi?

Ceyniz şəxsiyyətin azadlığı fikrini daşıyırdı: “İnsana əsarət zənciri kəsilən adət və ayinləri, axmaq ənənələri tərk etməli. Sağlam ağıla mütabiq bir həyat sürməli”, – deyirdi.

Ceynizin məntiqi və iman atəşi ilə dolu sözləri bizi anlaşılmaz iplərlə ona bağlamışdı.

Bir gün bir hadisə oldu. Ceynizin qəbilə ənənəsinə böyük bir təhlükə təşkil etdiyi meydana çıxdı. “Qoç” qəbiləsində ölüləri basdırmazlar, götürüb bir düzdə tərk edər, qurudarlar. Quş və heyvanlardan mühafizə etmək üçün gənclər növbə ilə meyitin yanında keşik çəkərlər.

Meyitin fəna qoxusu, yırtıcıların hücumu gənclik üçün böyük bir fəlakətdir.

Bir həftə əvvəl qəbilədə bir qarı ölmüşdü. Düzə apardıq. Keşik çəkmək on nəfər gəncə həvalə olundu. Ceyniz də o cümlədən idi.

Ceynizin təhriki sayəsində gənclər keşikdən boyun qaçırdılar. Qəbilədə tüğyan baş verdi. Hər kəs yay-oxunu götürüb evləri tərk etdi. Gənclərə hücum yapılacaqmış. Biz də silahlandıq.

Lakin tüğyan İlyus tərəfindən təskin edildi. Məsələnin həlli qəbilə şurasına həvalə olundu.

Şura toplanmadan əvvəl Ceyniz gizli bir gənclər şurası çağırdı.

Qəbilənin lüzumsuz adətləri incədən-incəyə təhlil və tənqid olunaraq, bir səslə adətlərin məhvinə qərar verildi.

Qərardan sonra:

– İcrası qabilmidir? – deyə bir sual verdim. Coşqun qanlara soyuq su tökülən kimi oldu. Hər kəs fikrə daldı. Gənclərdən biri:

– Arkadaşlar, – dedi, bizim mənəvi qüvvətimizdən onların maddi qüvvələri daha çoxdur. Qovğada məğlub olarıq, fikrimiz də qanlara qərq edilər.

– Köçəlim! Köçəlim! – deyə hər tərəfdən səslər eşidildi. Ceyniz də razı oldu. O gecə “Yel” ulusuna köçməyi qərarlaşdırdıq.

16

Axşama doğru Nuşa ilə evə dönərkən ikimiz də sükut içində idik. Arabir Nuşa məndən söz gözləyirmiş kimi üzümə diqqətlə baxır, düşünürdü. Bir söz söyləməyəcəyimi duyaraq yavaş səslə:

– Çopo, – dedi, – bu axşam ciddənmi köçürük?

– Təbii deyilmi?

Nuşa bir söz deməyə cəsarət etmədi. Yanaqları qızardı, yaşlı gözlərini yerə dikdi.

Evə yetişdik. Nuşa özünü yatağa atdı.

– Nə olmuş? – dedim.

Dinmədi.

– Bəlkə, sən getmək istəmirsən?

Başını qaldırıb, yaşılı gözlərini heyrətlə gözlərimə dikdi.

– Gəncliyin qərarı bu. Gərək gedək, – dedim.

– Bəs anam?

– Mənim anam nə oldu, o da elə.

– Sənin anan adətə görə...

– Sənin anan da adəti öldürmək yolunda fəda olunur. Nuşa yenə ağladı.

– Ağlamağa lüzum yoxdur. Fəna bir adət hər kəsi yuvasından məhrum edirdi. Bu bir daha olmasın deyə köçürük... Sənin ana ayrılığı yolunda tökdüyün göz yaşları irəliki nəsillərin səadət çiçəyini suvaracaq.

– Çopo, anamı görüm də sonra qaçaq.

– Gedərsən, sirrimiz açılar, bizə hücum edərlər. Nuşa israr etmək istədi. Mən qəti səslə:

– Ya ana eşqi, ya yoldaş eşqi! Ikisindən biri olmalı. Nuşa susdu. Bu əsnada qapı yavaşca tıqqıldadı. Açdım. Ceyniz idi.

– Hər kəs hazır, – dedi. – Gecə qəbilə yuxuya dalarkən yola düşəcəyik.

– Gözəl! – dedim. Getdi.

Səfərdən əvvəl Nuşa evdən çıxdı, bir daha geri qayıtmadı. Aradım, tapa bilmədim. Ana məhəbbətini yoldaş məhəbbətinə tərcih etdiyi meydana çıxdı.

Əvvəlcə bu vəqədən mütəəssir, çox mütəəssir oldum; sonra ümumi səadəti şəxsi səadətdən üstün görərək təsəlli buldum.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets