İkinci hissə
Page 5 of 13 · 31%
Gecə yarısı əlli beş nəfər yola çıxdıq. Nuşa aramızda yox idi.
17
“Yel” meşəli dağlar arasında çayın kənarında salınmış bir ulusdur. Ağ evləri yeni olan kimi, sakinləri də gənclərdir. Qırx yaşından yuxarı adam yoxdur. Zatən buradakılar ətraf qəbilələrin mühafizəkar adətlərindən qaçmış gənclərdən ibarətdirlər.
Yellilər bizim köçməmizdən son dərəcə məmnun oldular. Hər bir ailə birər müsafir qəbul edərək bizləri yerləşdirdi.
Ulusu gəzdik, çox xoşladıq. Təsərrüfatları yeni idisə də, müntəzəm idi. Otlaqda gözəl ilxıları, ayrıca bir həyətdə ev quşları vardı. Tarla və bostanları hamımızı ödəyəcək qədər zəngin idi.
Burada da xüsusi mülkiyyət yox idi. Əmək iqtidarı olanların çalışması məcburi idi. Ulus şurasının əmri hər kəs üçün məcburi idi və əməklə, əmək məhsulunun paylanması da ona həvalə olunmuşdu.
Şura rəisi bizə izahat verdi:
– Arkadaşlar, – dedi, – bizdə heç bir adət yoxdur: Hər kəs nərədən və nə zaman kimlə istərsə evlənə bilər. Ulus şurası yalnız həyata faydalı şeylərlə məşğul olur. Hər kəsə istirahətli bir həyat təmin eləmək, ən böyük məfkurə hesab edilir.
İnsanın yalnız həyatı lüzumlu olduğu üçün meyiti yandırılır və ondan etibarən adı belə çəkilmir. Ulusa yenilik gətirmək üçün ildə bir neçə adam səyahətə çıxır və bir müddət gəzdikdən sonra geri dönür.
Başqa xalqların həyatında gözəl işlər varsa haman biz də tətbiq edərik.
Baxın, uzaq ölkələrin birindən palaz toxumaq öyrənmişlər. Biz də toxuyuruq. Dəmirçimiz arabalarımızın şəklin dəyişdirmişdir...
Yurduna böyük bir eşq bəsləyən rəisin sözləri bizə gözəl təsir bağışladı və o gündən etibarən ulusa ürəkdən bağlandıq.
İki gündən sonra bizim üçün tikiləcək evlərin yerlərini təyin etdik və bütün ulus işə başladı.
18
Dəstəmizin rəhbəri Mimrə adlı bir qız idi. Mimrə “Meymun” qəbiləsində bir usta yanında üç il bənna şagirdi olmuş. Bununla bərabər çalışan oğlanlar usta ünvanı almışlar da, nədənsə ona bu adı verməmişlər.
Mimrə “Meymun” qəbiləsində ustalığa çatmayacağını duyaraq bir gecə ailəsindən xəlvət “Yel”ə qaçır. Burada şura rəisinə müraciət edərək sənəti sahəsində bir iş istəyir. Rəis nümunə üçün bir ev yapmasını ona tapşırmış və bizi də yardımçı göndərmişdi.
Təqribən on səkkiz-on doqquz yaşlarında olan bu qız son dərəcə ciddi və bəlkə bir az da sərt təbiətli idi. İlk gündən bizi ikiyə ayırdı.
Bir neçə nəfəri dağa daş qırmağa göndərdi, o birilərini bünövrə qazmağa təyin etdi.
Bünövrə qazmadan əvvəl yeri ölçdü, cızıqları çəkdi və nərədənnərəyə qədər qazacağımızı göstərdi. Biz də xəndək qazarkən Mimrə palçıq yoğururdu.
Günəş qübbənin ortasına gələr-gəlməz, bir şərqi səsi eşidildi. Haman hər kəs işi tərk edərək ümumi yeməkxanaya getdi.
Mimrə işdən aralanmadı. Palçıqdan bir şey qayırmaqda idi. İki hordan2sonra geri döndük. Mimrə böyük bir daşın üzərində yapdığı ikiotaqlı bir evi tamamlayırdı.
– Bu nədir? – deyə sordum.
– Yapacağımız evin çeşnisidir, – dedi. – Hər otağın boyu on addım və eni yeddi addım olacaq
Əməkdaşlar maraqlandı və Mimrəyə müxtəlif suallar verməyə başladılar. İşi hələ başlamamaq məqsədi ilə biri söhbəti uzatmaq istədi.
Mimrə hiddətlə:
– İş zamanı söhbət olmaz! – dedi və onun sözlərini kəsdi. Mimrənin sözləri haman bizi xəndəyə sövq etdi. Işə başladıq. Lakin yeməkdən sonra çalışmağa çox da həvəsimiz yox idi. Hamımızda bir süstlük vardı.
Bir də Mimrə başımızın üstünü kəsdi. Palçıqlı əllərini belinə qoyub tamaşa edər-etməz sanki bizə qüvvət gəldi, əmək şərqimiz haman dilimizin ucundan töküldü.
Hay, hay,
Huy, huy,
Hay, hay,
Huy, huy!..
Günəş yatağına enməmişdi ki, xəndəyi qurtardıq. Mimrə gəlib baxdı, xoşuna gəldi. Ağacı götürüb yenə yeni cizgilər çəkdi və o biri gün görəcəyimiz işləri təyin etdi.
19
Evi tikib qurtardıq, şura rəisi bir neçə şura üzvləri ilə bərabər gəlib evə baxdı, bəyəndilər. Evin cəbhəsindəki qabarma şəkillər və nəqşlər hər kəsin nəzərini özünə cəlb etdi.
Rəis Mimrədən razılıq etdi və dedi:
– Sənətinə əbədiyyət qazandırmaq üçün yanına bir neçə çocuq göndərəcəyəm. Onları öyrət.
Mimrənin sərt üzü parladı:
– Yaxşı, göndər, – dedi və simasını yenidən ciddiləşdirərək.
– Ancaq tənbəl olmasınlar, – deyə əlavə etdi.
– Tənbəl deyillər.
– Yaxşı, gəlsinlər.
Evə baxdıqdan sonra Mimrə daşın üzərindəki çeşnini göstərdi.
Rəis diqqətlə baxdı, düşündü; sonra üzvlərdən birinə müraciət edərək dedi:
– “Yel” get-gedə böyüyür. Bizə böyük bir yemək evi lazımdır. Bunun çeşnisini Mimrəyə tapşırmalı.
Üzvlər rəisin fikrinə şərik oldular. Öz aralarında bir az danışdılar, sonra Mimrəyə tərəf yönələrək:
– Ulusa bir yemək evi lazımdır. Onun çeşnisini yap, – dedilər.
– Neçə adamlıq olsun?
Rəis hesabladı, sonra üzvlərlə məsləhətləşib dedi:
– İki yüz adamlıq olsun.
Mimrə çox düşünmədən:
– Belə bir bina üçün ulusun içində əlverişli bir yer görmürəm, – dedi və əli ilə ulusun üst tərəfini göstərərək: – oralar dağlıqdır.
Ulusun yuxarıya doğru genişlənməsinə imkan yoxdur. Ulusun gələcək mərkəzi çayın yuxarısında olmalıdır.
Ulus vəkilləri Mimrənin sözlərinə əhəmiyyət verərək çay yuxarı getdilər. Çayın dönəcəyində geniş bir düz var idi. Mimrə onu göstərərək:
– İştə, yemək evi bunun mərkəzində salınmalı. Şübhəsiz ki, buralar bir zaman evlərlə dolu olacaq, mərkəz təşkil edən yemək evi ətraf evlərdəkilər üçün bir qolaylıq olar.
Rəis Mimrənin mülahizələrini məmnuniyyətlə dinlədi:
– Şəxsən sənin fikrinə tamamilə şərikəm, – dedi. – Məsələni ulus şurasında müzakirəyə qoyaram, bir heyət gələr də bu yerə baxar, sonra qəti bir qərar çıxararıq.
20
Bir gün daş qırmaqdan dönərkən gözlərim yeni evlərdən birisinin həyətində işləyən Mimrəyə çarpdı. Böyük bir çeşni yapırdı.
İçəri girdim. Salamlaşdıq.
– Bu nədir? – deyə sordum.
– Şuramızın təsvib etdiyi məhəllənin çeşnisidir. Çayın yuxarısında sizə göstərdiyim yerdə belə bir məhəllə salınacaq – dedi. – Bu ortadakı yeməkxana; ətrafdakılar da cürbəcür evlərdir. Bu çocuq yurdu, o xəstəxana, o əlillər evi, bu məktəb...
Çeşni son dərəcə gözəl idi. Bu tikililər başa gəlsəydi, “Yel” qəbilələr arasında yüksək bir mövqe tutacaq idi. Məmnuniyyətimdən
Mimrənin çamurlu əllərini götürüb, yanaqlarıma sürtdüm. Üzünə qan səpildi, gülümsədi. Mənim bu hərəkətim oradakı şagirdlərin nəzərini cəlb etdi. Bunu görən kimi Mimrənin üzünə bir sərtlik gəldi, haman şagirdlər başlarını aşağı salaraq işlərinə davam etdilər.
Ruhumda dərin bir həzz daşıyaraq Mimrədən ayrıldım. Yolda Ceynizə rast gəldim. Bağçada çalışırdı. Mimrədən bəhs etdim.
– Bu qız ulusda birinci adam olacaq, – dedi.
– “Meymun” necə bunun qədrini bilməmiş? – deyə heyrət etdim.
– Mühafizəkarlıq “Meymun”u çürütmüş, yalnız “Meymun” deyil, bir çox qəbilələr adətlər bataqlığında çürüyür.
– Yeni məhəllə salınması təsvib olunmuş, deyirlər.
– Elədir. Ulusun böyüyəcəyi mühəqqəqdir. Onun üçün yeni evlər hazırlamaq icab edir.
– Tikilişin ümumi idarəsi kimə həvalə olunur?
– Mimrəyə. Şura Mimrəyə “baş usta” ünvanı verəcək və bu münasibətlə böyük bir ziyafət olacaq.
– Çox gözəl, çox gözəl! Bütün sənətkarlar təşviq olunmalıdır.
– Çopo, sonra bir təşəbbüsüm də var, yəqin bunu da təsvib edəcəksən.
Bu yaxınlarda şuranın iclası olacaq. Bütün qəbilələrdəki qüvvətli adamların “Yel”ə yığılması məsələsini müzakirəyə qoyacağam. O cümlədən Kavus və İlyusun da ulusa cəlb olunmasını tələb edəcəyəm.
– Fikirlərini alqışlayıram, – dedim. Ceyniz gülə-gülə:
– Səndən də istifadə olunacaq, – dedi.
– Mən təbiətən mütəvazi adamam, çox yüksək xidmətlərdən xoşlanmam.
– Bizdə yüksək və yüksək olmayan adam yoxdur. İşin hər bir şəkli təqdir olunur, yalnız... mühafizəkarlığa qarşı oxlar yağdırırıq.
Ceyniz sözlərini qurtarmadan qəhqəhə çəkib güldü. Gülüşündə mənim keçmiş ənənəpərəstliyimə qarşı bir tənə duydum:
– Bütün keçmişimi “Qoç”da gömdüm gəldim, – dedim. Sözlərim Ceynizin xoşuna getdi.
– “Yel” ruhların xarab havasını təmizləyir. Burada bütün ruhlar büllur kimi təmizdir. Buranı qüvvətləndirib, o biri qəbilələri də duruldacağıq. Zatən bu yazdan başlayaraq hər qəbilədən ildə iyirmi-otuz nəfər mühafizəkarlıq düşməni gətirib, ulus idarəsi ilə aşna edəcəyik.
– Belə olursa qəbilələrin yeniləşməsinə heç bir maneə ola bilməz.
21
Qışı yeni evlərimizdə keçirdik. Ulus adətincə, günəşlə yatır, günəşlə qalxırdıq. Evimizin ziynət və müxəlləfatını tamamlayırdıq.
Xalılar toxuduq, yataq yapdıq, palçıqdan qablar qayırıb kürələrdə bişirdik. Tam bir istirahət edərək bahara çıxdıq.
Yazın ilk ayında ulus şurasının qərarına görə səfərə çıxmam icab etdi. İki aya qədər şimal tərəfdəki ölkələri gəzib dönməli idim.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-qizlar-bulagi-ikinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
Kərbəlayı Həsən axşam bazardan qayıdanda paltarını soyunub, şəbkülahını geyinib, zircamədə gəldi süfrənin başında oturdu, və arvada tapşırdı ki, arvad, sən atayın goru bu gecə ölülər gələcək, elə dolanaq ki dava şava olmasın, bəlkə rəhmətliklərin ruhları şad qayıda gedə.Arvad ərinin cavabında başını aşağı salıb dinmədi və qaşlarını qovzuyub ağzını büzdü. Arvad elə bil bunun ilə onu demək istəyirdi: «Oyana get, ağrım sənin ürəyinə, mənim səndən zəhləm gedir».
1905-ci ilKöhnə imarətin yuxarı mərtəbəsinin pəncərəsindən uzun bığlı və zəhimli bir baş çıxıb neçə dəfə «Alı, Alı!» deyib çağırdı, səsə artırmanın altında at axırlarının qabağında uzanan nökər Alı öz özünə belə cavab verdi:– Boğazına biləyim, ay Məhəmməd Səfi ağa! Elə bilirsən qədimki zaman kibi çağıranda səsinə baş üstə gələcəyəm?! Xeyir, o zaman getdi! İmdi bəyin sözünə bir qəpik verən yoxdur!
«Din ayrı qardaşlar»Qürbət bir şəhərin bazarında iki adam qabaq qabağa gəlib bir-birinə zənn ilə baxdılar. İkisi də əvvəl duruxdu, döyükdü və sonra nəfrət-əngiz bir heyrətdə dönüb qaldılar.– Pa, allah saxlasın, kəbla-Məhəmməd kirvə! Sən hara bura hara?
Məşədi və Kərbəlayı– Ə, Kərbəlayı, vallah elə vuraram ölərsən!– Vurmuyan çox pis adamdır!