İkinci kitab, dördüncü hissə
Page 11 of 15 · 67%
Rüstəmbəy qolunu onun əlindən xilas edərək:
– Qulu, – dedi, – bunu əvvəldən kişicəsinə deməli idin. Bu yolla bizə yanaşmaq olmaz. Fikrini həmişə açıq söylə.
Qulu səsində bir az kin ifadə edərək:
– Axır siz də zemlyaçestvo xətti-hərəkəti ilə gedirsiniz. Belə olarmı?
Rüstəmbəy qəti:
– Düz yolu qoyub, əyri yolla getməkdən fayda çıxmaz. Komitə üzvləri ruhlarında qalibiyyət nəşəsi daşıyaraq, otağı tərk etdilər. Qulu onları mehriban bir halda təşyi edir və təkrar-təkrar:
– Mən ölüm, bir yerdə işləyək, – deyirdi.
35
Rüstəmbəy gecə saat üçə qədər qədim yunan dövləti təşkilatına dair bir kitabın mütaliəsi ilə məşğul olmuşdu. Buna baxmayaraq, adəti üzrə sabah saat yeddidə oyandı. Özündə bir ruh əzikliyi və bədbini hisslər duydu. Dünyanı sanki ələmlər bürümüş, çıxacaq yollar qalmamışdı.
Zəhərli şübhələr ruhunu bulandırmağa başladı. Gözləri çarpayısının yanındakı kitab və qəzetlərə sataşdı; axşam onlara bəslədiyi həvəs indi tühafına gəldi. Içində yaşadığı tarixi hadisələr, siniflərin, zümrələrin və fərdlərin siyasi sahədə çarpışmaları ona qəribə göründü.
O öz-özünə: “İnsan nə tühaf məxluqdur: sanki dünyada başqa işlər yoxmuş da, qanlı vuruşmalarda, mücadilə və çarpışmalarda istirahəti- qəlb arayırmış!.. Yox, bu doğru yol deyil; özünə tərəf dönməli, şəxsi səadət aramalıdır!..”
Rüstəmbəydə çoxdan bəri susmuş ikilik yenidən canlandı. Dəruni böhranlara qapılaraq, tənhalıq iztirabında alovlanmağa başladı. Bir də Musya bütün faciəli cazibəsi ilə xəyalını istila etdi.
Rüstəmbəy xəstə bir halla qalxıb, yanındakı zəngi basdı. Bir neçə dəqiqə sonra xidmətçi qız samovarı və o günkü qəzetləri gətirdi.
– Maşa, bir az xəstəyəm, çayı ver burada içim.
Dəruni ağırlıqdan xilas olmaq üçün qəzetləri gözdən keçirdi: Brest-Litovskdakı sülh müzakirəsi uzun sütunlar məşğul etmişdi.
Bunları gözdən keçirdikdən sonra Kiyev hadisələrini oxudu: Ukrayna hökuməti Kiyevi tərk etmək istəməyən bolşevik əsgərlərini həbs etmişdi...
Rüstəmbəy qəzeti kənara qoyub, çay içməyə başladı. Saat on ikiyə yaxın Qulamrza gəlib Rüstəmbəyi yataqda gördü.
– Yəqin, dincəlirsən? – deyə sordu. Rüstəmbəy məyus bir halda:
– Bilmirəm, – dedi, – yorğunam. Qulamrza:
– Bu gün səni, – dedi, – radada gözlədim, gəlmədin; dedim, yəqin xəstələnmisən.
Rüstəmbəy cəld:
– Vacib bir işmi vardı?
– Brestdən adam gəlib, bizlərdən birinin oraya getməsi lazım gəlir.
– Nə üçün?
– Sədri-əzəm Tələt paşa burada türk təşkilatı olduğunu bilmiş, bizlə görüşmək istəmişdir.
Rüstəmbəy gülümsənərək fikrə daldı və birdən dedi:
– Sülh konfransında bizim işimiz varmı?.. Kimin səlahiyyəti ilə gedəcəyik?
Qulamrza dəyişilib:
– Sən məsləhət görmürsən? – deyə sordu. Rüstəmbəy sakit səslə:
– Məncə, lüzum yoxdur, – dedi və susdu. Bir az sonra:
– Brestdən vacib işimiz çoxdur. Ukrayna istiqlaliyyətə doğru yürüyür.
İndi bizim təbəələrin himayəsini rəsmi bir orqana tapşırmalıdır. Qulamrza Rüstəmbəyin fikrini anlamayaraq:
– Necə yəni? – deyə sordu.
– Səfarətxana təşkil etməli və səni də səfir sifəti ilə hökumətə tanıtmalı.
Qulamrza Rüstəmbəyin sözlərinə inanmayaraq qəhqəhə çəkib güldü:
– Canım, məni işə qoyma! – dedi.
Rüstəmbəy təkidlə:
– Çəkinəcək bir şey yoxdur; səfir ol, camaatı başına topla. Qulamrzanı fikir götürdü.
36
Bir neçə gün sonra yerli qəzetlərdə qısa olaraq: “Xariciyyə sekretarı Azərbaycan səfirini qəbul etdi”, – deyə yazılmışdı. Rüstəmbəy qəzeti büküb cibinə qoydu. İki gündən bəri yağan qar davam edirdi.
Yel olmadığı üçün hava lətifdi. Rüstəmbəy nəşəli bir halda Kreşşatikə doğru enirdi. Hər yerdə mağazaların rusca lövhələrini çıxarıb ukraynacasını asırdılar
Krımlı Əhməd əfəndi Rüstəmbəyə rast gəlib təzim etdi.
– İşlər fənadır, əfəndi, – deyə şikayətləndi. İrəliki gün bunun bir araba ununu həcz etmiş imişlər. Rüstəmbəy çörəkçini diqqətlə dinləyib dedi:
– Sabah komitəyə gəlin, kağız alın da, toxunmasınlar.
Rüstəmbəy məsələni Qulamrzaya bildirdi. Bütün tacirlər üçün kağızlar hazırlanıb paylandı. Sonra Qulamrza türk tələbələrinin maddi vəziyyətinin ağırlığından bəhs etdi.
– Axır vaxtlar işə də soyumuşlar, – dedi. – Çünki qarınları acdır.
Rüstəmbəy birdən səsini dəyişərək:
– Həsənoğlu gözümə görünmür, haradadır?
Qulamrza cürətsiz bir səslə:
– Burada yoxdur, – dedi və başını aşağı saldı.
Qulamrzanın vəziyyəti Rüstəmbəyi maraqlandırdı. Təkidlə:
– Doğrudan, haradadır?
Qulamrza qızararaq:
– Çox pulsuzlamışdı, saxarin alıb aparmışdır.
– Qafqazamı getmişdir?
– Zənn etməm. Don tərəf qarışıqdır, yolda qatarları soyurlar. Yəqin şimala getmişdir... Hər halda, bir yerdə satıb dönəcək.
Rüstəmbəy düşündü. Tələbənin qaçaqçılıq etməsi ona tühaf göründü.
Dedi:
– Bir müsamirə düzəltməliyik. Zənn edirəm, on-on beş min toplanar. Qulamrza Rüstəmbəyin fikrini təsvib edərək:
– İmranın bir yəhudi dostu var. Bu adam müsamirə düzəltməsi ilə məşhurdur. Xərcini də öhdələrinə götürürlər. Qazancı bölərik.
– Yaxşı. Sən danış, işə başlayaq.
Bu əsnada Müslüm gəlib çıxdı. Islanıb aşağıya doğru sallanmış bığlarını düzəldərək sobanın yanına keçdi.
– Qiyamətdir, – deyə əllərini qızdırmağa başladı. Rüstəmbəy ondan:
– Haradan belə? – deyə sordu.
– Radadan gəlirəm. İşlər xaraba bənzəyir: Ukraynaya qarşı bolşevik orduları hərəkət etmədə imiş. “Daxili işimizə qarışmayın”, – deyə verdikləri notadan bir şey çıxmır.
Rüstəmbəyi fikir götürdü. Qulamrza bir az sükutdan sonra:
– Yanı, dava olar? – deyə Rüstəmbəyin üzünə baxdı. Rüstəmbəy ciddi sima ilə:
– Davaya ehtiyac varmı? Bolşeviklər qarşıdakılarını içindən əridirlər.
Bir də görəcəksən Ukrayna ordusu çökdü; çünki bolşeviklərin meydana atdığı şüarlara qarşı deyiləcək bir söz ola bilməz: aydın, gözəl!
Yalnız dövləti ənənəyə malik, qatı milli hissi olan bir millət, zənnimcə, müqavimət göstərə bilər.
Müslüm əlini-əlinə sürtərək güldü:
– Siz öləsiniz, – dedi, – kişilər yaman adamdırlar! Əvvəl gözə görünməyib sonra bir də yerdən qaynayır, göydən yağır, aləm bolşevikə dönür.
Qulamrza da zarafata başlayıb:
– Yəqin, çin deyilən bunlardır, – dedi.
Müslüm:
– Cin də bunlardan qorxur!
Rüstəmbəy ciddi simasını dəyişməyərək:
– Bolşevikliyi doğuran şərait çoxdur, – deyə yerindən qalxdı.
37
Bolşevik-Ukrayna münasibəti gərginləşərək, kəskin bir şəkil almışdı. Yeni qurulmuş dövlət idarəsi yavaş-yavaş çözülür; ordu pozulub dağılmada idi. Terror başlamışdı: bolşevikliyə mənsub mühüm simalar oğurlanıb öldürülürdü... Nəhayət, gizli mücadilələr açıq bir şəkil aldı: iki tərəf də silaha sarılıb küçələrdə vuruşmağa başladı.
Rüstəmbəy iki gündü otağında oturub hadisələri pəncərəsindən seyr edirdi. Zahirən bir-birindən ayrılmayan, ikisi də əsgər, yaxud sivil geyimli adamlar biri digərini təqib edərək öldürür. Atışma səsindən qulaq tutulur. Evlərin içəri pilləkənlərinə toplanan kirəçilər min bir şayiə yayırdılar:
– Bolşeviklər hökumət binasını almışdır.
– Ukraynalılar məktəbi səngər edən yüzlərcə bolşevikləri qırmışlar.
– Ölüləri toplamaq üçün mütarikə olmuşdur...
Qapıdan başlarını dışarıya göstərməyə belə cəsarət etməyən bu adamlar bir saat sonra yeni xəbərlər söyləməyə başlayırdılar... Rüstəmbəy darıxırdı. Oxumağa həvəsi qalmamışdı. Otaq ona zindan kəsilmişdi.
Axşama yaxın atışma bitdi. Iki gündən bəri evlərdə qapanan xalq küçələrə səpildi. Rüstəmbəy də çıxdı. Şəhərdə bolşeviklərin sakin olunması duyuldu.
Rüstəmbəy haman Qulamrzanın yanına qoşdu. Bəzi küçələrdə səngərlər yapılmışdı. Xalq qaynaşmada idi. Əlləri vedrəli su arayanlar, çörək dalınca qoşanlar ötüb keçmədə idi. Ara-sıra Ukrayna əsgərləri tərəfindən həbs olunmuş işçilər gözə çarpırdı. Sərt və inad baxışları ilə ətrafdakıları süzərək, güllələnməyə gedirdilər...
Bunları seyr edən Rüstəmbəyin dərunində yenə şübhələr qaynaşmağa başladı. İnsan qanı tökülməsi onda ikrah hissi oyatdı. “Bu vəhşətlərə lüzum varmı?” – deyə düşündü və önündəki məfkurə zənn etdiyi parlaq ulduz sislərə batdı.
38
Komitə üzvləri bir yerə toplanaraq söhbətə məşğuldular. Nədənsə hamı nəşəli idi: ciddi danışıqdan çox zarafat meydan almada idi.
Müslüm:
– Görəsən, Mametoviç necə oldu? – deyə fırlatdı.
– Yəqin, bir xəlvətdə gizlənib məqam güdür.
Rüstəmbəy:
– Mametoviç zamanı deyil. Hadisələr min Mametoviç kimi zabitləri yuyub aparır.
Həqqi:
– Bizim müsamirə də Mametoviçin yanına getdi, – deyə qəhqəhə ilə güldü.
Qulamrza kibrit ucuna pambıq dolayıb, qulağını qurdalayaraq:
– Pir olmuş, – dedi, – xalq bir-birini qırır, sən də toy axtarırsan. Bu gün-sabah bolşeviklər gələcək, Qulu bizə elə bir “müsamirə” düzəldəcək ki, dadı qiyamətə qədər damağımızdan getməyəcək.
Qulamrzanın zarafatı Rüstəmbəyi ciddi olaraq məşğul etdi. Qulunun komitə üzvlərinə qarşı kin bəslədiyini nəzərə alaraq dedi:
– Doğrudan, uşaqlar, Qulu bizə xətər yetirəcək. Bunu bilməliyik. O ən kirli vasitələrdən belə istifadə edəcək...
Qulu məsələsi bir müddət yoldaşları məşğul etdi. Bir çox mülahizələr yürüdüldü. Nəhayət, məsələ yenə zarafatla bitdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-studentler-ikinci-kitab-dorduncu-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqındaFRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).
Əcəmilik möhürü və onunla mübarizəƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...
Dil məsələsiDİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.
Poems by other poets
Bivəfadırsa əgər yar, o bilər - mən bilərəm,Ya vəfa əhlidi dildar, o bilər - mən bilərəm.
Qaç baba!Yatma, dəxi gözlərini aç, a Babayi-Əmir!Təzə danosbaz çıxıb, qaç, a Babayi-Əmir!
BahariyyəMaşallah fəsli-gülüstandırRuyi-zəmin lalə vü reyhandır
QızAşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız