İkinci kitab, dördüncü hissə
Page 13 of 15 · 80%
Rüstəmbəy:
– Deməli, Qulu çalışmağa başlayıb, – deyə sürətli addımlarla enməyə başladı.
Rüstəmbəy Qulamrzanı Əhməd əfəndinin mənzilində buldu.
Əhməd əfəndi rus qadını ilə qarşı-qarşıya oturub, qəhvə içmədə idi. Rüstəmbəyin gəlməsinə Əhməd əfəndi heç də əhəmiyyət vermədi.
Burada adam yox imiş kimi, arvadı ilə danışır, qonaqlara qəhvə belə təklif etmirdi. Qulamrza Rüstəmbəyi böyük otağın bir guşəsinə çəkib:
– Görürsən, nə soyuq köpək oğludur? – deyə şikayətləndi. – Biz lazım olanda necə ətrafımıza dolanırdı. Neçə dəfə ununu həczdən qurtardıq...
Rüstəmbəy məyus bir halda:
– Onlardan keçib. İnsanın üzü dönük olar, demişlər. Başımıza çarə qılmaq lazımdır, çünki bu gecə daldalanmağa yerimiz yoxdur.
Qulamrza düşündü. Uzun müddət sakitlik keçdi. Arabir Əhməd əfəndi gülür və ya qəhvə fincanını şıqqıldadırdı. Rüstəmbəy bu zəngin krımlını süzərək:
– Bilirsən, – dedi, – bu adamın özü də bizi ələ verər. Tacirlərin dini, məzhəbi olmaz.
Qulamrza acı bir qəhqəhə ilə güldü. Rüstəmbəy də gülümsünüb dedi:
– Gəl şəhər mühafizinin yanına gedək. Nə olacaq-olsun; başqa çarəmiz yoxdur.
– Əşi tutar, güllələdər. Dəli şeylərdir.
– Heç bir şey olmaz. Gedək.
– Gedək, nə deyək?
– Söz tapılar.
Rüstəmbəy Əhməd əfəndiyə bir söz deməyərək, otağı tərk etdi. Qulamrza da tərəddüdlü addımlarla onu izlədi.
Qonaqların otaqdan çıxması Əhməd əfəndinin hal və vəziyyətində heç bir dəyişiklik doğurmadı. Yenə əvvəlki kimi arvadına bir şeylər anladıb, arabir qəhqəhə ilə gülürdü.
44
Mühafizin qəbul otağı adamla dolu idi. Əsgəri libaslılar girib-çıxır, bərkdən danışır, əmrlər verirdilər. Şəhərin cürbəcür təşkilatları tərəfindən göndərilmiş nümayəndələr orada-burada toplanıb yavaş səslə danışırdılar. Papiros tüstüsü havada lay-lay durmuşdu.
Rüstəmbəylə Qulamrza içəri girdikdə əvvəl nə edəcəklərini bilmədilər.
Sonra ətrafı süzərək, küncdəki masanın arxasında oturmuş bir gəncə müraciət etdilər.
– Yoldaş, – dedilər, – mühafizi görmək olarmı? Gənc mehriban bir səslə:
– Bu gün mühafiz burada yoxdur. Nə vaxt gələcəyi bəlli deyil...
Sabah gəlsəniz yaxşı olar.
Gəncin mülayim səsi Rüstəmbəyin həyəcanını təskin etdi. O buraya böyük qorxu ilə gəlmişdi...
Küçəyə çıxdılar. Hava olduqca soyuqdu. Duruxub düşündülər.
– Sabaha qədər harada qalacağıq? – deyə Rüstəmbəy soruşdu.
– İmranın yanı qorxuludur.
Qulamrza cavab olaraq onun üzünə baxdı, bir şey söyləmədi.
Düşüncəli bir halda yola davam etdilər. Birdən Qulamrzanın dodaqları təbəssümlə parladı:
– Rüstəmbəy, – dedi, – Tapdığın yanına gedək.
– Tapdıq kimdir?
– Pah! Burada bir Tapdıq var. Qəribə adamdır. Neçə ildir buradadır.
Peşəsi lotuluqdur. Üç ay əvvəl məni evinə qonaq aparmışdı. Özü də Podolda olur.
Rüstəmbəy heyrətlə:
– Balam, hardan-hara? Deməzmi, nə münasibətlə?
Qulamrza sevinclə Rüstəmbəyin qoluna girdi.
– Əşi, o elə adam deyil. Gör necə razı olacaq.
Rüstəmbəy istər-istəməz yola düşdü.
Tapdıq Podolun ən qarışıq və kirli bir küçəsində yaşayırdı. Alçaq qapını döydülər, uzunsaqqal, qara ləbbadəli bir yəhudi bunları qarşılayıb, fəna qoxulu bir koridora götürdü. Səsə sol tərəfdəki, üzərinə keçə çalınmış qapı açıldı, qara sifət, iri burunlu bir baş göründü.
Tapdıq:
– Buyurun, buyurun! – sözləri ilə qonaqları xırda, qaranlıq və rütubət qoxulu otağına aldı.
Pinti geyinmiş, üzünü tük basmış Tapdıq hər sözündən nəzakət yağdıraraq:
– Məni bağışlayın, mənə xəcalət verdiniz, – deyə kirli yatağının üstündə yer göstərdi.
Oturdular.
Rüstəmbəy otağı gözdən keçirdi. Divardan iplə asılmış rəfdə toz basmış süni çiçəklər qoyulmuşdu; divarlara cürbəcür şəkillər vurulmuşdu: burada çılpaq qadınlarla bərabər Səttar xanın şəkli də asılmışdı.
Xırda pəncərənin pərdəsi darçını ləkələrlə dolu idi.
Tapdıq Rüstəmbəyin otağı seyr etməsini görərək:
– Qulamrza, daha sən məni tanıyırsan. Ancaq... yoldaşının yanında başıaşağı oldum.
Sözlərini qurtarıb, məhcub bir təbəssümlə Rüstəmbəyin üzünə baxdı:
– Bağışlayın, dərvişlikdir, – dedi. – Mənim atam Qafqazda bir kişidir.
Dövlətli də olmasa, özünə görə varı var. Kağız yazır ki, gəl, getmirəm...
Mən də belə dəliyəm.
Rüstəmbəy:
– Zərər yoxdur, – dedi. – İnsanların hərəsi bir cür dəlidir.
– Cahıllıqdır... Dalını düşünmürəm... Əh, beş gün dünya deyilmi? Harada xoş keçir, orada yaşa.
Qulamrza əlini boğazına uzadaraq:
– Tapdıq, – dedi, – mən ölüm, siçan davası satdığını bir nağıl elə. Tapdıq cavab verməkdən çəkinib, gözlərini yerə dikmişdi.
Qulamrza gülə-gülə:
– Rüstəmbəy, bir gün Tapdığın pulu qurtarır. Ha düşünür, bir çarə tapa bilmir. Deyir, gəldim evə, çörəyin içini çıxarıb, ondan həblər qayırıb bazara apardım. “Siçan davası, siçan davası!” – deyə çığırır. Podol bir yerdir ki, camaat siçanın əlindən zardır. Tökülüb həbbin birini bir abbasıya göydə götürürlər.
Qulamrza nağıl etdikcə Tapdıq utanıb qızarırdı. Axırda durub koridora çıxdı.
Tapdığın olmamasından istifadə edərək, Qulamrza onun macəralarını Rüstəmbəyə anlatdı.
Rüstəmbəy zarafatla:
– Canım, – dedi, – məni haraya gətirdin? Gecə durar bizi öldürər.
– Yox. Hər kəsi dolandırar. Amma qonağa xəyanət eləməz. Bu xəspuşların qəribə xasiyyəti var: duz-çörəyə xəyanət etməzlər. indi bax gör bizə nə hörmət edəcək. Ölümə göndərsək gedər.
Rüstəmbəy heyrətli gözləri ilə otağın təkrar seyrinə daldı:
– Qulamrza, – dedi, – xəspuş da olsa, məslək sahibinə bənzəyir. Bax, bunun da özünəməxsus bir hüsni-təvəccöhü var... Səttar xanın rəsmini görürsənmi? Düşünmüş də, şahın deyil, Səttar xanın rəsmini asmış.
Bu əsnada qapı açıldı. Tapdığın məhcub siması göründü.
45
Naharı ev sahiblərinin yemək otağında etdilər: quru balıqla kolbasa yedilər. Tapdıq ət tapmadığı üçün:
– Bağışlayın, – dedi, – sizin yanınızda xəcalətli oldum. Nə edim, başqa bir zaman gəlmədiniz. Bildir əlimə Məkkəyə gedən bir-iki tatar keçmişdi. Bilirsiniz, kefim necə kökdü. Ey! Nə vaxtlar vardı! Studentlər inqilab salıb aləmi dağıtdılar.
“Student” sözünü deyərkən Tapdıq qonaqlarının üzünə məna ilə baxıb, zarafat etdiyini duydurdu.
Yeməkdən sonra yenə Tapdığın otağına çəkildilər. Qulamrza düşüncəli idi:
– Tapdıq, – dedi, – Sayaddan nigaranam. Get, bir xəbər gətir.
Tapdıq əlini başına tərəf qaldırıb:
– Gözüm üstə! Kağız yazsan yaxşı olar, – deyib Qulamrzanın üzünə baxdı və fikrinin təsvib olunmasını duyaraq, haman taxtın altındakı taxta sandığı irəli çəkdi. – Kağız tapılar... məni bir o qədər də avam bilməyiniz.
Tapdıq bir dəstə yıpranmış kitabçaların arasından bir parça kirli və əzik kağız götürüb Qulamrzaya verdi:
– Konvertim yoxdur, bağışlayın, – dedi. – Kağız yazmağı sevmirəm.
Alın, kitab da verim. Oxuyun, yoxsa darıxarsınız. Bildir kefim kök olanda, axşamlar bu kitabları oxurdum... Ey!.. Nə vaxtlar vardı!..
Tapdıq köksünü ötürərək, Nat Pinkertonun macəralarına dair biriki kitabça çıxardı:
– Qəribə nağıllardır. Çox idi, ev xanımına verdim, ondan da tanışları aparmışdır.. Yaxşı kitab olduğu üçün cibişdana saldılar getdi...
Mən də istəmədim... Bilirsiniz, dilim gödəkdir; birdən bir il otaq kirayəsi vermirəm. Əl həmişə dolu olmur. Dədəmizdən pul qalmayıb, sənətimiz də ki, yoxdur...
Tapdıq Rüstəmbəyə alışaraq uzun-uzadı danışdı. Qulamrza da məktubu bitirib verdi. Rüstəmbəy:
– Tapdıq, – dedi, – bizim evdən də xəbər gətirərsənmi? Tapdıq müti bir əsgər kimi:
– Baş üstə! Gətirərəm... adres ver də.
Tapdıq lazımi məlumat aldıqdan sonra qırağı getmiş dəri papağını başına basıb, qızartdaq yapıncısını çiyninə salaraq:
– Bilirsiniz, bu yapıncının altında bu il İmrana nə, qədər tüfəng daşımışam. Arsenalda bir zabit var, yüzəcən tüfəng satmışdı. Bir dəfə bir çamadan naqan gətirdim. Zəhrimar nəfəsimi kəsdi... Xülasə, Allah yetirir...
Görək yoldaşlardan nə qazanacağıq.
46
Tapdığın geri dönməsi bir neçə saat çəkdi. Tramvay işləmədiyi üçün uzun yolu piyada gedib gəlmişdi. Yapıncını yerə qoyar-qoymaz:
– Axtarıb itirən yoxdur. Salamatlıqdır. Hərənizə bir məktub gətirdim, – dedi. Rüstəmbəy ev xanımından və Qulamrza da Sayaddan gələn məktubları cəld oxuyub sakit oldular. Axtarış bir daha olmamışdı.
Yalnız bir əsgər Rüstəmbəyi soruşub getmiş imiş.
Tapdıq istehza ilə gülərək:
– İndi, yoldaşlar, – dedi, – axşam düşüb. Balıq-çörəyimizi yeyək, siz yatmaqda olun, mən də qarovula gedim. Bizim ev komitəsinin sədri yaman adamdır, qarovula çıxmayanın atasını yandırır.
Qulamrza:
– Saat neçəyə qədər qarovul çəkəcəksən? – deyə sordu.
– Düz sabaha qədər. Evin qabağında o yana get, bu yana get...
Birdən şən və laübali Tapdıq məhcub bir hal aldı:
– Vallah, – dedi, – Rüstəmbəydən xəcalətli oldum. Pis vaxtda gəldiniz.
Mən ölüm, ölkə düzəlsin, mənə əməlli-başlı bir qonaq gəlin.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-studentler-ikinci-kitab-dorduncu-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqındaFRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).
Əcəmilik möhürü və onunla mübarizəƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...
Dil məsələsiDİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.
Poems by other poets
Bivəfadırsa əgər yar, o bilər - mən bilərəm,Ya vəfa əhlidi dildar, o bilər - mən bilərəm.
Qaç baba!Yatma, dəxi gözlərini aç, a Babayi-Əmir!Təzə danosbaz çıxıb, qaç, a Babayi-Əmir!
BahariyyəMaşallah fəsli-gülüstandırRuyi-zəmin lalə vü reyhandır
QızAşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız