Page 2 of 2 · 50%

Xatirələr də payıza düşür, bu yarpaqlar kimi solur, saralır və bu yarpaqlar kimi, bir gün yox olacaq, çürüyəcək, torpağa qarışacaq.

Payızın qurtarmağına az qalmışdı və bu seyrək yarpaqların da ömrünə az qalmışdı.

... Dünyada çox adlı-sanlı, ağıl-zəka sahibi kişilər ilin fəsilləri haqqında deyiblər ki, üçü bizə yağıdı, üçü cənnət bağıdı, üçü yığar gətirər, üçü vurar dağıdar; vurub dağıdan payızın soyuq küləyi, adamın bütün içini dolduran tənhalıq nəfəsi ömrü aparmaq üçündür, həyatı vurub-dağıtmaq üçündür; fəsillər haqqında bunu da deyiblər ki, bir kişinin dörd evi var, biri yaşıl, biri al, biri sarı, biri də ağ; bəs, bunu necə yozursan, əziz dost? Yoz görüm; gözüm üstə: ağ – kəfən rəngi, sarı – ölüm rəngi, yəni bu yaşıl-sarımtıl seyrək yarpaqlar, al – qızdırma, yaşıl – nə? Yaşıl nə? Yaşıla da bir qara yax, tez elə...

Amma yaşıla qara yaxa bilmədi, çünki yaşıl birdən-birə gözlərinin qabağında rəng verib rəng aldı və bu gülən, sevinən, günün işığı ilə oynayan yaşılın içində sifətinin hamar dərisi, hər bir cizgisi sağlamlıqdan, həvəsdən, gizli ehtirasdan xəbər verən o gözəl almayanaq sifəti, yaşıl içində işım-işım işıldayan o qara gözləri gördü və əvvəlcə bu görümü tanımadı, təkcə bir doğmalıq, yaxınlıq, əzizlik hiss etdi bu sifətdə, bu gözlərdə, sonra tanıdı.

O qızın adı nə idi? Ora hara idi? Deyəsən, atası ilə kəndə getmişdilər və o Yaşıl həmin kəndin yaşılı idi, hər halda yadına gəlir ki, atası ilə faytona minmişdilər və faytonda gedirdilər və uzun-uzun illərin arxasında qalmış o fayton sevinci ilə həmin Yaşıl və həmin alma yanaqlar, qara gözlər bir-birinin davamı idi.

O qız ondan böyük idi, on üç-on dörd yaşı olardı, onun on, on bir yaşı vardı, qız qollu-budaqlı bir qoz ağacına dırmaşmışdı, o da altdan-yuxarı qıza baxırdı və o qızın çılpaq baldırları açıq-aşkar görünürdü və o qız gülürdü: məni alarsan böyüyəndə? hə; sonra nə eləyərsən? niyə dinmirsən? niyə dinmirsən? nə eləyərsən mənnən? və qoz ağacına dırmaşmış o qız gülürdü, qapqara gözləri işım-işım işıldayırdı.

Arvadı diqqətlə toxuduğu əlcəyə baxdı, əli ilə əlcəyin naxışlarına sığal verdi, öz işi özünün xoşuna gəldi və özü də öz işinə gülümsədi, yəqin ki, nəvələrini yadına saldı və yenə də gülümsədi, başını buladı, sonra ona baxdı və gülümsəyən gözlərindən bir nigarançılıq keçdi.

O, arvadının gözlərindəki həmin ani nigarançılığı hiss etdi və bu hiss yaşılsarımtıl seyrək yarpaqların sırasını daha da artırdı, elə bil bu son payız çağında o çılpaq budaqda da hamısı xəzəl sarısına büründü.

Arvadı tamam qocalmışdı.

Təqvim özü də son payız çağında üşüm-üşüm üşüyən ağacdır, gündə bir sarı yarpaq salır.

Qoz ağacının yoğun budağı üstündə dayanıb yuxarıdan aşağı baxa-baxa gülən o qız indi nə edir? indi, bu qədər il keçəndən sonra? indi də gülə bilirmi? yox, gülə bilmir, çünki ölüb. O həmin qızın kim olduğunu yadından çıxartmışdı, sonrasından, taleyindən xəbəri yox idi, həmin qızı daha görməmişdi, amma indi bütün varlığı ilə hiss etdi ki, o qız ölüb və gözlərinin qabağına tabut içində qocalıb əldən düşmüş bir qarı gəldi və qarının sifəti həmin qıza oxşayırdı, amma gülüşündən əsər-əlamət yox idi; sonra ölümün soyuğu bu yaşıl-sarımtıl seyrək yarpaqların sırasına qarışdı və soyuq həmin sarı rəngi bircə anın içində dondurub şəffaf sarı buz kimi sürüşkən elədi.

O, ölümdən qorxmurdu, bəlkə də, əksinə, ürəyinin hansı bir dərinliyində isə elə ölümün özü üçün darıxırdı, çünki onsuz da öləcəkdisə – əlbəttə, öləcəkdi – onda bu qədər yaşamağın nə mənası vardı? amma bu sualın özündə də bir yalan var idi, riyakarlıq var idi, çünki ürəyinin elə həmin dərinliyində bir yoxluq xofu var idi və əslində bu payız sarısı da hərdənbir o xofu oyadırdı, o xofu dindirirdi.

Birinci dəfə infarkt olanda hələ işləyirdi, ikinci dəfə pensiyaya çıxandan sonra infarkt oldu, bəs, üçüncü infarkt nə vaxt olacaqdı? – indi də ola bilərdi, sabah da, bir ildən sonra da, amma yaxşısı bu olardı ki, gecə olaydı və hər şey sakit, səssiz olaydı, çünki tamam əmin idi ki, tamam dəqiq bilirdi ki, üçüncü infarktı axırıncı infarktı olacaqdı.

Televizorda nəsə danışırdılar, amma ona elə gəldi ki, bu danışıqları haçansa bir dəfə eşidib, pəncərənin qabağından ayrılıb televizora yaxınlaşdı, dalğasını dəyişdi, arvadından soruşdu ki, bu gün cümə axşamıdı? arvadı dedi ki, yox, deyəsən cümədir, sonra yadına saldı ki, sabah Ərəstun gəlib onlarda qalacaq, hə, dedi, cümədir, sabah şənbədir, Ərəstun gəlib bazarı bizdə qalacaq, sonra da arvadı nəvəsini yadına salıb yenə gülümsədi.

Televizorda gömgöy paltar geymiş bir qız nəsə deyirdi və bu deyilənlərin hamısı yenə də ona tanış gəlirdi, elə bil ki, bütün bunların hamısını eşidib, indicə söylənən hava haqqında məlumata da dünən, ya srağagün qulaq asıb, bu konserti də çoxdan görüb və bu saat arvadı da ona nəsə deyəcək, amma arvadından soruşacağı o «nəsəni» də çoxdan eşidib; arvadı doğrudan da, ona baxdı və soruşdu ki, çoxdandı Əlisəfagildən bir xəbər yoxdur, görəsən, necədirlər və doğrudan da, ona elə gəldi ki, arvadı bu sualı ikinci dəfə verir, köhnə dostlarının əhvalını ikinci dəfə xəbər alır və o da ikinci dəfə cavab verir ki, Əlisəfanın oğlu İsgəndəri srağagün bulvarda gördüm, deyir ki, Əlisəfa qrip olub.

Rəng necə dəyişərmiş? Sarı da beləcə gülərmiş, beləcə parıldayarmış, beləcə sevinərmiş və o həmin sevinən sarı içində artırmaya qalxdı, nənəsinin tüpürcəklə ucunu yaş eləyib quru və xınalı barmaqları ilə sıxdığı sapı bir göz qırpımında iynənin gözündən keçirib yenə həyətə qaçdı, nənəsi tikiş tikə-tikə öz-özünə nəsə deyirdi; nə deyirdi? Bircə bunun toyunu görsəydim, day dünyada dərdim olmazdı...

Onun toyunda nənəsi sağ idi? – dəqiq yadına gəlmirdi, deyəsən, ölmüşdü... yoxsa sağ idi?... istədi arvadından soruşsun, amma heç nə soruşmadı və o sarının parıltısı yavaş-yavaş söndü, o sarı sevinci yavaş-yavaş yox olub getdi və bu yaşılsarımtıl seyrək yarpaqların sarısı yenə də hər tərəfi bürüdü, amma bu dəfə o sarı içində nəsə bir doğmalıq, bir həzinlik var idi, güclə sezilən narın xətlər var idi, bir baxış, təbəssüm var idi və o başa düşdü ki, bu – nənəsinin sifətinin cizgiləri, qırışlarıdı, nənəsinin baxışı, təbəssümüdü və bu həzinlik də uzun-uzun illər məsafəsidi.

Sonra Əlisəfanın yerinə də ürəyi darıxdı, çünki Əlisəfa, yaşına baxmayaraq, civə kimi bir adam idi, həmişə hərəkətdə idi və indi Əlisəfanı yəqin bezdirib, evdən eşiyə çıxa bilmir, dükandan kefir almır, səhər sübh tezdən növbəyə durub köşkdən qəzet almır, bulvarda pensiyaçılarla oturub domino oynamır... bəs, nə edir?... dərman atır ki, qrip tez keçsin, Gülsüm də pürrəng çay dəmləyib zoğal mürəbbəsiylə birlikdə gətirib qoyur Əlisəfanın qabağına, Gülsüm əlli il idi ki, Əlisəfanın arvadı idi və əlli il idi ki, Əlisəfanın hikkəsinə, hər şeyə qəmiş qoymağına, kin-küdurətinə dözürdü və Əlisəfa özü də bunu bilirdi: mənim tarpıma dözmək də bir hünərdi ha!... ikisi də gülürdü – Əlisəfa da, Gülsüm də.

Qabaqlar hərdənbir məclislər olardı və həmin məclislərdə çox zaman Əlisəfa durub onun və arvadının sağlığına badə qaldırardı: bir dəfə görmədik ki, eşitmədik ki, sən arvadına güldən ağır bir söz deyəsən, həmişə can deyib, can eşitmisiz, bizim içimizdə kim qırx beş-əlli ildi ki, arvadını təkcə adıyla çağırmır, mütləq «xanım»ını da deyir? bizim içimizdə kim arvadına «zəhmət olmasa, xahiş edirəm mənə çay ver» deyir? heç kim, təkcə sən...

Birdən, elə bil, bu seyrək yarpaqların sarısı ona dedi ki, qrip bəhanədi, Əlisəfa bir də heç vaxt yataqdan qalxmayacaq, sonuncu xəstəliyidi Əlisəfanın, yaxın, lap yaxın günlərdə Əlisəfa öləcək, heç bu yaşıl-sarımtıl seyrək yarpaqlar da tamam tökülməyə macal tapmayacaq və birdən-birə ürəyinə daman bu hiss onu sarsıtdı, bu fikri başından çıxarmaq istədi, bu hissi ürəyindən qovmaq istədi, amma olmadı və yazıq Əlisəfanın sifəti də bu seyrək yarpaqların sarısını aldı, gözləri yumuldu; nə qədər etdisə də, bu görüm gözlərinin qabağından çəkilmədi və o başa düşdü ki, bu, həqiqətdi, doğrudan da, belə olacaq. Əlisəfa, doğrudan da, yaxın günlərdə öləcək.

Bulvarda gəzməyə getmək vaxtına hələ bir saatdan artıq qalmışdı, amma daha bu yaşıl-sarımtıl seyrək yarpaqlarla üzbəüz dayanmaq istəmədi, o biri otağa keçib kostyumunu geydi, həmişəki kimi, qalstukunu da taxdı və arvadı onu beləcə geyinmiş görəndə toxuduğu balaca əlcəkləri yumşaq kürsüdə qoyub ayağa qalxdı ki, onun paltosunu tutsun, şlyapasını versin, qapıdan gəzməyə yola salsın.

Arvadı ilə üzbəüz dayandı və birdən-birə onun bütün sinirlərindən bir intiqam hissi baş qaldırdı; kimdən intiqam alırdı? Özündən, bəlkə arvadından? bəlkə o yaşılsarımtıl seyrək yarpaqlardan? bəlkə ildən-ilə yaşanmış davasız-şavasız günlərindən?

O, arvadının yavaş-yavaş rəngini itirən sulu gözlərinin içinə baxa-baxa dedi:

– Sən həmişə mənim üçün yad olmusan.

Ağzından çıxan bu sözlərə özünün də matı qurudu.

Sonra dedi:

– Mən də həmişə sənin üçün yad olmuşam.

Yenə ağzından çıxan bu sözlərə matı qurudu.

Sonra bu sözləri dilinə gətirməyinə görə xəcalət çəkdi.

Arvadı bu sözlərə heyrət etdi, yoxsa narahat oldu?

Yoxsa, bu sözlərdə arvadı üçün təzə bir şey yox idi və qırx beşəlli il idi ki, arvadı onun indicə dediyi bu sözləri bilirdi?

Bəlkə arvadı bunu elə indicə kəşf etdi?

Bəlkə adam qocalanda, doğrudan da, səfehləyir və arvadı da bunu fikirləşib beləcə gülümsəyir?

Sonra aralığa çıxıb sarı rəngli paltosunu geydi, şərfini boynuna saldı, şlyapasını başına qoydu və arvadı da ona yaxınlaşıb şərfini düzəltdi, sarı rəngli paltosunun yaxasını səliqəyə saldı, «–Heç məndən olsa, bu havada gəzməyə getməzsən» – dedi, « – Soyuq dəyər sənə», – dedi, sonra « – Yox». – dedi, « – Yıxılıb eləyərsən birdən, mən də sənnən gedirəm», – dedi və tez-tələsik geyindi, onun qoluna girdi və bir yerdə evdən çıxdılar.

Həmin son payız günü hər tərəfi bir boşluq bürümüşdü və hər tərəfi bürümüş bu boşluq içində onlar yavaş-yavaş gözdən itdilər, təkcə o sarı palto yaşıl-sarımtıl seyrək yarpaqların sarısı ilə bozluq içində bir ləkə kimi görünürdü, sonra o seyrək yarpaqların rəngi də həmin son payız bozluğu içində əriyib yox oldu.

Aprel, 1983.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets