14. Əbdül Qafarzadə
Page 2 of 10 · 10%
Onda Əflatun tramvay sürürdü, Əbdülgil də məhəllənin uşaqları ilə qaçıb gedib o tramvaya minirdilər, gedə-gedə tramvaydan atılırdılar və bir dəfə Əflatun bunu Xıdıra xəbər vermişdi və yazıq Xıdır, Allah ona min kərə rəhmət eləsin, bu işin üstündə Əbdülü o qədər döymüşdü ki, yadına düşəndə, indi də o sillələrin, o təpiklərin yerini hiss edirdi. Xıdır bir dəfə də Əbdülü papiros çəkmək üstündə beləcə döymüşdü. Xıdır istəyirdi ki, Əbdül güclü olsun, sağlam olsun, Xıdır istəyirdi ki, bu canavar dünyada Əbdüldən çəkinsinlər, Əbdül yem olmasın, yeyən olsun. Yazıq Xıdır gərək indi sağ olaydı...
Hər dəfə Xıdır yadına düşəndə Əbdül Qafarzadənin ürəyində, elə bil, təptəzə yara yeri ağrıyırdı, illər keçirdi, amma o yara sağalmırdı, hətta Orduxan bu dünyadan köçəndən sonra, Əbdül Qafarzadənin ürəyində Orduxanın o dəhşətli yarası ilə bir yerdə Xıdırın da yarası öz yerində qalırdı – Orduxanın o dəhşətli yarası Əbdül Qafarzadənin ürəyində Xıdırın yarasını yox etməmişdi.
Xıdır indi qırx ildən artıqdır ki, dünyada yoxdu, amma bu balaca adam, bu Əflatun necə vardısa, eləcədi, civə kimi bir şeydi, burnunu çəkə-çəkə, «o adı nədi, şey...» – deyə-deyə burdan vurub ordan çıxır. Nə olar, dünyadı, qoy yaşasın... Xıdır ilə Əflatunun münasibətləri yaxşı idi; bədəni, elə bil, tuncdan tökülmüş Xıdırın yanında balaca Əflatun həmişə kiçiklik etmişdi, birdən-birə partiyaya keçəndən, tramvay sürməyi buraxıb məktəbdə müdir müavini işləməyə başlayandan sonra da o pis zəmanədə Əflatun Xıdırın yanında qudurmamışdı, əksinə, əlləşib-köməkləşib Xıdırı həmin məktəbə idman müəllimi düzəltmişdi və Əbdül Qafarzadə bunu heç vaxt yadından çıxartmayacaqdı, ömrünün axırına kimi Əflatuna çörək verəcəkdi.
– Yox, Əflatun, heç nə lazım deyil, çox sağ ol. – Əbdül Qafarzadə bu sözləri dedi və fikirləşdi ki, əslində, hərgah dünyada, doğrudan da, xoşbəxtlik deyilən bir şey varsa, onda, bax, bu balaca adam, bu Əflatun dünyanın elə ən xoşbəxt adamıdı ki, var – beşdə alacağı yox, onda verəcəyi, qəpik-quruşunu qazanır, ailəsini dolandırır, həyatdan da razıdır, vəssalam; Əbdül Qafarzadənin hərdənbir beləcə «balaca adam» lara həsəd aparmağı var idi və ona elə gəlirdi ki, bu həsəd hissi tamam sidq-ürəkdəndir.
Qarovulçu Əflatun bir müddət eləcə dayanıb Tülkü Gəldi Qəbiristanlığına tərəf gedən Əbdül Qafarzadənin ardınca baxdı... Əflatun iclaslarda Mir Cəfər Bağırovu çox görmüşdü, o gözəl vaxtlarda ki, partiya fəalı idi, Bakıdakı bütün iclaslara gedirdi. Doğrudan gözəl vaxtlar idi, hamı Əflatundan qorxub çəkinirdi və Əflatun da partiyanın yolunda canını qoymuşdu. Bir dəfə – 1939-cu ilin yazı idi, Bakı maarif işçilərinin filarmoniyanın binasında keçirilən siyasi yığıncağında filarmoniyanın qapısından içəri girən Mir Cəfər Bağırov dəhliz boyu hər iki tərəfdən divar dibinə çəkilib heykəl kimi dayanmış adamlarla görüşəndə Əflatunla da əl tutuşmuşdu və Mir Cəfər Bağırovun çeşməyin altındam baxan gözləri, sifəti heç zaman qarovulçu Əflatunun yadından çıxmırdı, o gözlərdə, o sifətdə elə bir daxili soyuqluq vardı ki, adamın bədəninə üşütmə salırdı. Və qarovulçu Əflatun Əbdül Qafarzadə ilə də, beləcə yaxından üzbəüz dayananda onu Mir Cəfər Bağırova oxşadırdı və təbiət qarovulçu Əflatuna zəngin hisslər bəxş etməsə də, həmin daxili soyuğu, Əbdül Qafarzadənin də baxışlarında, qalın dodaqlarının təbəssümündə hiss edirdi, münasibətləri çox yaxşı olsa da, əslində, bu adamdan da vaxtilə Mir Cəfər Bağırovdan qorxduğundan az qorxmurdu...
Əbdül Qafarzadə eləcə fikirli-fikirli Qəbiristanlıq İdarəsinin həyətindən çıxıb Tülkü Gəldi Qəbiristanlığının içinə girdi və onu görəndə özlərini yığışdıran – kimisi gülməyini saxlayırdı, kimisi əlindəki siqareti gizlədirdi, kimisi danışığını kəsirdi – işçilərinə fikir vermədən, o işçiləri heç görmədən İdarədən uzaqlaşdı.
Əflatun, Xıdırı kaş o məktəbə heç düzəltməyəydi, Xıdır o məktəbdə satqın adamların, alçaqların qurbanı oldu və 1939-cu ilin o qarlı qış gecəsi üç nəfərin qapını döyərək içəri girib Xıdırı aparmaqları bütün təfərrüatı ilə Əbdül Qafarzadənin yadında idi.
Həmin qış gecəsi Əbdül qalın yorğanın altında yatmaq istəyirdi, amma yata bilmirdi, çünki Əbdül dünənki gecədən hiss etmişdi ki, nəsə olub və bu «nəsə»
xeyirliyədir, bu elə bir «nəsə»dir ki, Xıdırın işləri yaxşı olacaq, Xıdır daha da böyüyəcək. Bu «nəsə» dünən gecə olmuşdu, Xıdır məktəb müdirinin qızının ad gününə getmişdi, Əbdül bunu bilirdi və orada nəsə bir hadisə baş vermişdi. Əbdül bilmirdi ki, bu nə hadisədir, amma hiss edirdi ki, Xıdırın işləri yaxşı olacaq.
Xıdır qonaqlıqdan gec gəldi, soyunub yerinə girdi, amma səhərə kimi yata bilmədi, otağın qaranlığında Əbdülün də yatmadığını hiss etdi: «– Sən niyə yatmırsan?» – soruşdu, «– Yat» – dedi, amma bilirdi ki, Əbdül yatmayacaq, çünki Əbdül Xıdıra o qədər öyrənmişdi ki, Xıdırı o qədər istəyirdi ki, Xıdırla baqlı bütün hissləri açıq elektrik xətti kimi həssas idi, böyük qardaşının həyəcanını o saat duyurdu.
Və qonaqlıqdan qayıtdığı o gecə Xıdır: « – Yat... – dedi. – Yat... Hər şey əla olacaq. Bizimki hələ bunnan sonradı. Əntiqə günlər hələ bunnan sonradı. Sənin üçün də əntiqə olacaq, yat!» Xıdır o sözləri elə dedi ki, o sözlərdə də Xıdırın bədənindəki əzələlər kimi bir güc, bir inam var idi və balaca Əbdül onda o qalın yorğanın altında Xıdırın dediyi o «əntiqə» sözünün ürəyə yayılan, xoş, mülayim, hətta yorğan-döşəyin içinə bir nəvaziş gətirən təsiri ilə yuxuya getdi.
İkinci növbədə oxuyan Əbdül qonaqlığın səhəri məktəbdən qayıdanda Xıdır evdə idi, kefinin kök çağlarında olduğu kimi, fitlə «Sarı bülbül» çalırdı (indi də hər dəfə «Sarı bülbül» çalınanda, oxunanda Əbdül Qafarzadənin bütün daxili aləmi riqqətə gəlirdi və hər dəfə elə bil ki, o «Sarı bülbül» Xıdırın bəxtsiz taleyi üçün çalınırdı, oxunurdu), soğanla qoyun əti qızartmışdı ( Xıdırın bişirdiyi o sonuncu xörəyin, o ət qızartmasının dadı indiyə kimi Əbdül Qafarzadənin yadında idi, xatırladıqca o dadı ağzında hiss edirdi), Əbdülə bir şüşə limonad, özünə bir qrafin pivə almışdı; iki qardaş mizin arxasında oturub çörək yedilər. Xıdır hərdən baş barmağını qaldırıb özündən, az qala, iyirmi yaş kiçik olan qardaşına göstəriridi «– Əla olacaq işlər, əla» – deyirdi. Əvvəlcə Əbdülə elə gəlirdi ki, söhbət hansısa bir idman yarışından, idmanla bağlı nədənsə gedir, amma mizin arxasında Xıdırla üzbəüz oturub o gözəl ət qızartmasını yedikcə o on yaşlı balaca oğlan başa düşürdü ki, yox, bu dəfə söhbət idmandan getmir, bu dəfə nəsə daha böyük bir iş olacaq və o böyük iş Xıdırı da, Əbdülü də daha artıq xoşbəxt edəcək. Əbdül heç nə soruşmurdu, çünki bir-birlərini çox istəsələr də, bu iki qardaş arasında böyük-kiçiklik var idi, lazım bilirdisə Xıdır özü deyəcəkdi, lazım bilmirdisə Əbdülün sual verməyi hörmətsizlik olardı.
Həmin qış gecəsi Əbdül yenə də qalın yorğanın altında idi. O qalın yorğan evdə tək idi və Xıdır o qalın yorğanı Əbdülə vermişdi, özü qışda da üstünə adyal salırdı. Çox soyuq olanda adyalın üstündən paltosunu salırdı. O qalın yorğan Əbdülün üzünü görmədiyi atasından, güclə xatırladığı anasından qalmışdı və o yorğanın ən gözəl, ən şirin cəhəti o idi ki, Xıdır onu özünə qıymırdı, o qalın yorğanla Əbdülü elə bil ki, təkcə soyuqdan qorumurdu, ümumiyyətlə, dünyanın buz kimi üşüdən işlərindən, bəd əməllərindən qoruyurdu.
Sonra qapı döyüldü, o üç nəfər içəri girdi, yorğan-döşəkdən qalxmış yuxulu Xıdıra geyinməyi əmr elədilər, sonra da Xıdırı qabaqlarına qatıb apardılar.
O on yaşlı uşaq o saat başa düşmüşdü ki, bu üç nəfər xeyir işdən ötrü gəlməyiblər və qorxudan daha çox anlaşılmaz bir təəccüb, heyrət hissi o uşağın kiçik varlığını bürümüşdü: dünən gecəki o gözəl «əntiqə» sözündən sonra, axşamüstü mizin arxasında oturub yedikləri o gözəl qızartmadan sonra, Xıdırın hərdənbir baş barmağını qaldırıb dediyi o «əla» lardan sonra bu üç nəfərin gecəyarısı bu cür gözlənilməz gəlişi, Xıdırla bu cür hörmətsiz rəftarı o on yaşlı uşağı çaşdırıb mat qoymuşdu və həmin uşaq yalnız o vaxt özünə gəldi ki, o üç nəfər Xıdırı otaqdan çıxarır.
Əbdül qalın yorğanı üstündən bir tərəfə atıb ayağa sıçradı, dəli kimi qışqırdı və o zaman Xıdır arxaya çevrilib otaqda yanan onluq nöyüt lampasının işığında Əbdülə baxdı. «Qorxma, – dedi, – qayıdacağam». Xıdırın o sözlərindən sonra Əbdülün ürəyinə bir arxayınlıq gəldi, Əbdül sakitləşdi, çünki Xıdır kimi güclü adama kim nə edə bilərdi? (Bu balaca axmaq – Əbdül – o zaman Stalin baba haqqında ancaq gözəl nağıllar eşitmişdi: Stalin baba yetmiş iki dil bilir, Stalin baba sovet idmançılarının dostudur – bunu yazıq Xıdır tez-tez deyirdi – Stalin baba Kursk vağzalında bir yetim oğlanı ac görüb ağlayıb, öz maşınını həmişəlik o oğlana bağışlayıb... Amma əziz Stalin baba canavardır – bunu o balaca axmaq hardan biləydi?.. ) O onluq lampanın işığında Xıdırın sifətində elə bir mehribanlıq vardı, dodaqlarındakı təbəssümdə elə bir doğmalıq vardı ki və bu mehribanlıq, bu doğmalıq o üç nəfərin sifətindəki, hərəkətindəki, danışığındakı soyuqluqdan, yadlıqdan o qədər seçilirdi ki, Əbdül o arxayınçılığa baxmayaraq ağlamağa başladı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-olum-hokmu-14-ebdul-qafarzade
Use ← → keys to move, R for a random poem
More by this author
Fikrət Əmirov vəfat etdi...Düzdür, illər keçəcək, «Şur» da, «Kürd ovşarı» da, «Gülüstan Bayatı-Şiraz» da dünən və bu gün olduğu kimi, ürəkləri ovsunlayacaq, həyatdan söz açacaq, hisslərin saflığından, təmizliyindən deyəcək.
İki qız və sərçəMaşınımda işdən evə qayıdırdım və tinlərdən birinin qabağında qırmızı işıq bizi saxladı.Qarşıdakı səki ilə bizə tərəf iki qız gəlirdi: ozündən razı, həddən artıq dəblə geyinmiş, ding-ding dingildəyən və bütün görkəmləri ilə, yerişləri, gülüşləri ilə aləmə meydan oxuyan iki qız.
Habilin kamançasıHabil Kaman kamançanı dizinin üstünə alıb çalmağa başlayır və bir azdan gözlərini yumur, çaldığı musiqinin hisslər aləminə gedir, o aləmin rəngləri, həyəcanları, görümləri ilə yaşayır.Hər dəfə səhnədə, yaxud televiziya ekranında Habilə baxdıqca, onun musiqisinə qulaq asdıqca, elə bil, o dəm onun qapalı gözlərinin qarşısından keçənləri mən də görürəm.
Ağabəyim AğaAxır vaxtlar tez-tez Ağabəyim ağanın iki yüz il bundan əvvəl söylədiyi o iki misra yadıma düşür:Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Poems by other poets
Əhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,
Müxəmməs: Gəlmiş ol alicənabın qasidi istər tüfəngGəlmiş ol alicənabın qasidi istər tüfəngEy gözüm, nəzzarə qıl, bax hər yana axtər tüfəng
Gözəl insanBir gözəl qız yaramaz bir dəli ceyran kimidir,Çırpınan odlu könüllər ona heyran kimidir.
MaralSəhər-səhər çeşmə üstəDurur boyu bala, Maral,