14. Əbdül Qafarzadə
Page 3 of 10 · 20%
Küçədə maşının çırpılan qapısının səsi eşidildi, sonra maşın yerindən tərpəndi və o maşının səsi içində apardığı Xıdırla birlikdə Əbdülgilin evindən uzaqlaşdı.
Əlbəttə, 1939-cu ilin o qarlı qış gecəsi o on yaşlı uşağın ağlına gələ bilməzdi ki, o maşın Xıdırı, əslində, bir yoxluğa apardı, həmişəlik apardı; o on yaşlı uşağın ağlına gələ bilməzdi ki, indən belə qocalıb əldən düşmüş bibisinin himayəsində bir qarnı ac, bir qarnı tox, kimsəsiz və köməksiz böyüyəcək... Bu azad və xoşbəxt ölkədə özü özünə bir gün ağlayacaq, özündən başqa bir köməyi, bir dayağı olmayacaq...
Hər şey keçib gedir və bütün bunlar da həmişəlik bir keçmişdə qalmışdı, bütün bunlardan nə yazıq Orduxanın xəbəri vardı, nə Sevilin xəbəri vardı, nə də balaca Əbdülün xəbəri vardı; bütün bunlar Əbdül Qafarzadənin həyatının qisməti idi və bütün bu acı xatirələr yalnız ona məxsus idi; hər bir adam öz taleyini öz çiyinlərində daşımağı bacarmalı idi.
İki gün əvvəl yağış yağmışdı və qəbiristanlığın içi ilə gedən yeganə asfalt yolun hər iki tərəfindəki torpaq hələ də qurumamışdı, adda-budda xırda gölməçələr var idi, palçıq idi. Amma o çirkli gölməçələr də, o palçıq da qəribə idi, bu dəm elə bil ki, Tülkü Gəldi Qəbiristanlığına nəsə kiçicik bir həyat əlaməti gətirirdi, çünki o aprel günü əllərini arxasında birləşdirib, sinəsini qabağa verərək asta-asta addımlayan Əbdül Qafarzadə qəbiristanlıqda heç zaman duymadığı bir quruluq hiss edirdi; bu qəbir daşları da, elə bil, qupquru quma dönmüşdü, indicə tökülüb dağılacaqdı.
Bu quruluq hissi, elə bil ki, qəbiristanlıqdan qalxıb Əbdül Qafarzadənin özünün bədəninə keçmişdi, içinə dolmuşdu, bu dəm kişinin bədəni də, iç-ciyəri də qupquru qum idi, qum saatındakı kimi, indicə süzülüb asfaltın üstünə töküləcəkdi; iki stəkan çay içdiyinə baxmayaraq, kişinin ağzında da bir quruluq var idi və bu quruluq da öz növbəsində, elə bil ki, fikirlərə, düşüncələrə, xatirələrə keçirdi və indicə o fikirlər, düşüncələr də, o xatirələrdə qupquru qum olub o qəbir daşları kimi, yerə töküləcəkdi.
Birdən-birə baş qaldırmış bu quruluq hissi o qədər gücləndi ki, Əbdül Qafarzadəyə elə gəldi, elə bil, burnu, qulaqları, gözləri də, saçı da o qupquru qumla dolub və kişi az qaldı əlini arxasından çəkib saçını, qulağını qumdan təmizləsin; bu quruluq hissi Əbdül Qafarzadənin həmişəki təmkininə güc gəldi, kişi sürətlə addımlaya-addımlaya, az qala qaça-qaça üç il bundan əvvəl qəbiristanlığın ortasında, yolun kənarında düzəltdirdiyi bulağa tərəf gəldi.
İki gün bundan əvvəl Molla Əsədulla bu bulağın qabağında idi, qəhvəyi rəngli Buxara papağını başından götürüb bulağın daş sürahısının üstünə qoymuşdu və tələsmədən əl-üzünü yuyurdu, Əbdül Qafarzadənin gəldiyini görəndə dərhal suyun yanından kənara çəkildi və qız əli kimi zərif əlləri ilə ağappaq qısa saqqalını sığalladı. İki gün bundan əvvəl Əbdül Qafarzadə, bax, bu bulağın başında Molla Əsədullaya tamam-kəmal bir salam verdi:
– Əs-səlami əleyküm, molla dayı.
Molla Əsədulla yaxınlıq eləməsə də, bu adamın, yəni Qəbiristanlıq İdarəsinin müdirinin Bakının çox mükəmməl kişilərindən biri olduğunu yaxşı bilirdi. Əbdül Qafarzadənin qudası (deyirdilər ki, guya, yazıçıdır) Mürşüd Gülcahani bir müddət Molla Əsədullagilin həyətində yaşamışdı (faytonçu Əliməmmədin – çoxdan rəhmətə gedib – qızı Ədiləni almışdı və öz evi olmadığı üçün Əliməmmədgildə qalırdı, duzsuzun, qanıb-qandırmazın biri idi, o necə yazıçı olub, Allah bilir...) və Molla Əsədulla uzaqdan-uzağa da olsa, Qafarzadələrin ailəsinə bələd idi, buna görə də Əbdül Qafarzadənin yarıistehzalı, yarızarafat salamını ciddi qəbul etdi (başa düşürdü ki, belə adamlarla zarafatın axırı onun üçün yaxşı qurtarmaz) və bu salama tam dəstgahı ilə cavab verdi:
– Əleyküm əs-salam və rəhmətullahi və bərəkətühü!1, dadaş.
Əbdüll Qafarzadənin Tülkü Gəldi Qəbiristanlığına gəlib-gedən mollaların heç biri ilə xüsusi tanışlığı yox idi və ümumiyyətlə, bu adamın mollalardan xoşu gəlmirdi, çünki indi əsl mollaları barmaqla saymaq olardı, əksəriyyəti fırıldaqçı idi, pul qazanırdı. Əbdül Qafarzadə, xüsusən, axır vaxtlar dinlə çox maraqlanırdı, axşamlar boş vaxtlarında (o vaxtlar ki, evdə ikisi olurdu – Qaratellə Əbdül Qafarzadə və Qaratel də taqətsiz halda divanda uzanıb gözlərini yumurdu) kresloda oturub özü dəmlədiyi hil qarışıq hind çayından içə-içə dini kitablar oxuyurdu və hər dəfə də bu qərara gəlirdi ki, din başqa şeydir, mövhumat başqa şeydir: din – ciddi məsələdir, mövhumat isə nadanlıq və cəhalətdir.
Əbdül Qafarzadə Tülkü Gəldi Qəbiristanlığındakı dəfn mərasimlərində iştirak edib pul qazanan mollalarla şəxsən tanış olmasa da, bu adamların hamısı haqqında məlumatı var idi və o cümlədən, indi bulağın qabağında onunla üzbəüz dayanmış bu Molla Əsədullanın da hansı yuvanın quşu olduğunu yaxşı bilirdi, buna görə də həmin istehzasını – zarafatını davam etdirdi:
– Riba nə deməkdir, molla dayı?
Molla Əsədulla nə diksindi, nə də gözünü qırpdı, əksinə, bir müəllim ədası ilə Əbdül Qafarzadənin sualına cavab verdi:
– Ribanın mənası müamilə deməkdir, dadaş, yəni ki, sələmçilik. Bizim indiki dilimiznən desək, dadaş, yəni ki, borcun faizi. Riba qadağandır, dadaş və nəinki riba özü qadağandır, o şeyə ki, ribanın kiçik bir ünsürü var, o da qadağandır, misal üçün, lotereya. Belədir, dadaş!..
– Bay? Başıva dönüm sənin, molla dayı, yəni Quranda bir şey yazılıb bu barədə?
– Əlbəttə, yazılıb, dadaş, əlbəttə! Bəs necə yazılmayıb? Quranda deyilir ki, «Allah alış-verişi halal, sələm almağı isə haram etmişdir». Bir başqa ayədə də deyilir ki, dadaş, «Allah sələmlə qazanılan malın bərəkıtini məhv edər, sədəqəsi verilmiş malın isə bərəkətini artırar».
Cəmi məxluqatın əşrəfi olan insan, doğrudan da, eyni zamanda dünaynın ən qəribə məxluqu idi: Əbdül Qafarzadə yaxşı bilirdi ki, indi beləcə mömin bəndə olub mollalıq edən bu adam – Molla Əsədulla, müharibənin bütün dörd ilinin dördünü də ərləri, ataları, oğulları, qardaşları cəbhədə vuruşan, öldürülən, itkin düşən arvadların, uşaqların sonuncu qızıl üzüyünü, qızıl saatını, boyunbağısını müamilə ilə girov götürüb və o dörd ildə – 1941 ilə 1945 arasında bir padşah xəzinəsi qızıl yığıb.
Uşaqlarına bir qarın çörək almaqdan ötrü sonuncu üzüyünü gətirib yüksək faizlə Əsədullanın yanında girov qoyan arvadların çoxu sonradan pul tapıb gəlib o nişan üzüyünü, yaxud ata-babadan qalmış o qızıl saatı, yaxud anasından, nənəsindən qalmış yeganə qızıl boyunbağını, bilərziyi, sırğanı Əsədulladan geri götürə bilmirdi və bütün o varidat qalırdı papaqçı Əsədullaya. Əsədulla o vaxtlar papaq tikən idi, mollalığa sonralar başladı, müharibədən xeyli keçmiş – N.S. Xruşşovun vaxtında...
Molla Əsədulla mollalıqdan çoxlu pul qazanmağına baxmayaraq, hərdənbir – oğlanlarını evləndirəndə, ya qızlarını ərə verəndə – yığdığı o qızıllardan xırım-xırım satırdı və Molla Əsədullanın heç xəbəri də yox idi ki, Qəbiristanlıq İdarəsində işləyən ocaqçı Mirzəibiyə satdığı (əsasən, ona satırdı) qızılların hamısı gəlib çatırdı Əbdül Qafarzadəyə; bu qızılları Mirzəibinin vasitəsilə Molla Əsədulladan Əbdül Qafarzadə alırdı.
Molla Əsədulla yenə yaxşı idi, heç olmasa, Quranı bilirdi, düzdü, «riba»
sözünü izah edəndə heç utanıb-qızarmırdı, amma hər halda, Qurandan sitatlar gətirirdi; indi bu qəbiristanlığa elə lotu mollalar gəlib gedirdi ki, əslində heç Qurandan xəbərləri də yox idi: həbsxanadan çıxmış keçmiş dələduzlar, vaxtilə elmi ateizmdən mühazirələr oxuyan keçmiş müəllimlər, hətta bir nəfər keçmiş sirk artisti...
Əbdül Qafarzadə iki gün bundan əvvəl boz gözlərini qıyıb çeşməyinin üstündən düz Molla Əsədullanın gözlərinin içinə baxdı və:
– Bizim bu qəbiristanlığa gələn mollaları tanıyırsan? – soruşdu.
Molla Əsədulla:
– Niyə tanımıram, dadaş? – dedi. – Əlbəttə, tanıyıram.
– Hamısını?
– Çoxunu! – Molla Əsədulla bu sual-cavabların mənasını başa düşməsə də – müdir onun biliyini yoxlayırdı, nədi? – səbrlə və ciddi cavab verirdi. – Çoxunu tanıyıram.
Hərgah Molla Əsədulla bu mollaların çoxunu tanıyırdısa, deməli, yaxşı bilirdi ki, bunların hamısı lotu-potudur. Əbdül Qafarzadə indicə verəcəyi suala əvvəlcədən gülümsədi, çünki bu sualla, elə bil ki, Molla Əsədulladan kiminsə, nəyinsə intiqamını alırdı və soruşdu:
– Sən öləndə bu mollalardan hansı gəlib sənin üstündə yasin oxuyacaq?
Əbdül Qafarzadənin hərdən sözü beləcə şax, beləcə üzə deməyi vardı, amma Molla Əsədulla da köhnə qurd idi, heç gözünü də qırpmadı və əlini narın və ipək kimi yumşaq ağ saqqalına çəkib:
– Mən hələ ölənəcən, dadaş, – dedi, – özüm çox adamın üstündə yasin oxuyacağam!..
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-olum-hokmu-14-ebdul-qafarzade
Use ← → keys to move, R for a random poem
More by this author
Fikrət Əmirov vəfat etdi...Düzdür, illər keçəcək, «Şur» da, «Kürd ovşarı» da, «Gülüstan Bayatı-Şiraz» da dünən və bu gün olduğu kimi, ürəkləri ovsunlayacaq, həyatdan söz açacaq, hisslərin saflığından, təmizliyindən deyəcək.
İki qız və sərçəMaşınımda işdən evə qayıdırdım və tinlərdən birinin qabağında qırmızı işıq bizi saxladı.Qarşıdakı səki ilə bizə tərəf iki qız gəlirdi: ozündən razı, həddən artıq dəblə geyinmiş, ding-ding dingildəyən və bütün görkəmləri ilə, yerişləri, gülüşləri ilə aləmə meydan oxuyan iki qız.
Habilin kamançasıHabil Kaman kamançanı dizinin üstünə alıb çalmağa başlayır və bir azdan gözlərini yumur, çaldığı musiqinin hisslər aləminə gedir, o aləmin rəngləri, həyəcanları, görümləri ilə yaşayır.Hər dəfə səhnədə, yaxud televiziya ekranında Habilə baxdıqca, onun musiqisinə qulaq asdıqca, elə bil, o dəm onun qapalı gözlərinin qarşısından keçənləri mən də görürəm.
Ağabəyim AğaAxır vaxtlar tez-tez Ağabəyim ağanın iki yüz il bundan əvvəl söylədiyi o iki misra yadıma düşür:Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Poems by other poets
Əhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,
Müxəmməs: Gəlmiş ol alicənabın qasidi istər tüfəngGəlmiş ol alicənabın qasidi istər tüfəngEy gözüm, nəzzarə qıl, bax hər yana axtər tüfəng
Gözəl insanBir gözəl qız yaramaz bir dəli ceyran kimidir,Çırpınan odlu könüllər ona heyran kimidir.
MaralSəhər-səhər çeşmə üstəDurur boyu bala, Maral,