Page 5 of 10 · 40%

Tülkü Gəldi Qəbiristanlığında üstünü ot-alaq basmış, unudulmuş, daha heç kimin ziyarət etmədiyi xeyli miqdarda köhnə qəbirlər var idi və Əbdül Qafarzadə bəzən həmin qəbirləri də təzədən qazdırıb, yeni sahələr kimi camaata verdirirdi, o köhnə qəbirlərdən çıxan sür-sümükləri isə alkoqoliklər dərin qazdıqları quyuya tullayırdılar.

Bəzi adamlar isə hələ sağ ikən özləri üçün Tülkü Gəldi Qəbiristanlığında yer götürürdülər, qəbri qazdırıb hördürürdülər, hətta boş qəbrin üstündə günbəz tikdirirdilər, ətrafında söyüd, nar, əncir ağacı, gül-çiçək əkirdilər, özləri də həftədə bir-iki dəfə gəlib gələcək qəbirlərinin yanındakı o ağacları, o gül-çiçəyi sulayırdılar. Bu adamlar, əsasən, ömrünün sonunu yaşayan qocalar idi, ya öz pullarına, ya da oğullarının, kürəkənlərinin pullarına Əbdül Qafarzadədən həmin yeri on beş, iyirmi qat baha qiymətə alırdılar (həmin pula birotaqlı kooperativ mənzil tikdirmək olardı) və əlbəttə, bu qəbirlər Qəbiristanlıq İdarəsində heç bir qeydiyyatdan keçmirdi; amma axır vaxtlar yavaş-yavaş bir dəb əmələ gəlirdi: sex açıb dövlətin müəssisəsini əslində öz şəxsi gəlir mənbəyinə çevirən, yaxud alverə qurşanıb birdən-birə pul qazanan (və s.) qırx beş-əlli yaşlarında cavan və sağlam adamlar da ev, bağ, maşın alandan sonra özlərinə qəbir yeri də götürürdülər, hətta özlərinə heykəl də qoydururdular. Əbdül Qafarzadə bu cür adamlar üçün qəbir yerinin qiymətini xüsusi qaldırırdı və ürəyində bu adamların hamısını, əlbəttə, axmaq hesab edirdi...

Əbdül Qafarzadə əllərini eləcə arxasında birləşdirib, sinəsini irəli verib, qəbirlərin arası ilə asta-asta addımlayıb gedirdi və özü də yaxşı bilirdi ki, ayaqları onu hara aparır; indicə bu adamın içində baş qaldırmış o nikbinlikdə, ruh yüksəkliyində yavaş-yavaş bir nigarançılıq əmələ gəlirdi və yarımca saatın içində bu cür müxtəlif ovqatlara düşməyi onu yorurdu.

İki gün bundan əvvəl o fotoqraf Əbülfəz (o əclafı buralardan qovmaq lazımdır!..) necə oldu ki, gəlib o bulağın üstünə çıxdı və Molla Əsədulla ilə birlikdə şəklini çəkdi?

Niyə gəlib o şəkli çəkdi?

Yəni bunun bir mənası var? Çəkdi, çəkdi də...

Hər halda, həmin aprel günü Tülkü Gəldi Qəbiristanlığındakı qəbirlərin arası ilə gedən Əbdül Qafarzadə bir fotosoyuqluğu, bir fotocansızlığı hiss etdi və həmişə belə məqamlarda olduğu kimi, Əbdül Qafarzadə fikrini yayındırmaqdan ötrü öz işi barədə, təsərrüfatı barədə fikirləşməyə başladı.

Əbdül Qafarzadə bir anlıq ayaq saxlayıb başını daha da qaldırdı və yalnız ətrafındakı qəbirlərə yox, bütün qəbiristanlığa baxdı: bu Tülkü Gəldi Qəbiristanlığı bir xəzinə idi, özü də yalnız məcazi mənada yox, elə həqiqi mənada xəzinə idi; burada torpağın altında nə qədər qızıl diş protezləri var idi, yığsaydın, yəqin ki, tonqan az eləməzdi... Bir ton qızıl... Heç ton olmasın, yüz kiloqram olsun... Lap əlli kiloqram olsun...

Nə vardı ki, iki alkoqolikə tapşıracaqdı, gecə düşəndən sonra gəlib qəbirləri açacaqdılar, meyitlərin, skeletlərin çənəsini götürüb protezləri çıxaracaqdılar, sonra da qəbrin üstünü əvvəlki qaydasında düzəldəcəkdilər. Kimin xəbəri olacaqdı? Heç kimin... Kim biləcəkdi, eşidəcəkdi? Heç kim...

Son üç ildə bu fikir itirdi, batırdı, yenə də təzədən pırtlayıb çıxırdı və Əbdül Qafarzadə hər bir yeni ideyasını həyata keçirməzdən əvvəl hərtərəfli hazırlıq gördüyü üçün, yüz ölçüb bir biçdiyi üçün, hətta həmişə kabinetindəki seyfdə saxladığı Azərbaycan SSR Cinayət Məcəlləsini götürüb baxmışdı da. Azərbaycanda indiyə qədər belə hadisə olmamışdı – Əbdül Qafarzadə bunu dəqiq bilirdi və elə buna görə də Cinayət Məcəlləsinin 231-ci maddəsində belə bir işdən ötrü cəmi 2 il həbs cəzası nəzərdə tutulurdu. Pudlarla qızılın müqabilində cəmi 2 il həbs – bu lap gülməli idi... Hərgah bu işin üstü açılsaydı da, – amma Əbdül Qafarzadə bu əməliyyatı elə tədbirlə keçirə bilərdi ki, heç vaxt üstü açılmazdı – hər halda, açılsaydı da, Əbdül Qafarzadə elə Mirzəibinin özünə tapşırardı ki, get, başına dönüm sənin, iki ili yat, bu da əvəzində sənin üçün bir pud qızıl! Qalan ömrünün sonuna kimi ye iç, kef elə...

Düz üç il idi ki, bu fikir Əbdül Qafarzadəyə rahatlıq vermirdi və kişi bütün həyatında, bütün fəaliyyətində ilk dəfə qəti bir qərara gələ bilmirdi və bundan əzab çəkirdi. Əlbəttə, dünyada gor eşməkdən murdar bir iş ola bilməzdi, amma o biri tərəfdən də baxanda, axı, bu qədər qızıldan (havayı, tamam havayı qızıldan!)

keçmək də düzgün deyildi; o rəhmətliklərin ki, indi az qala sümükləri də çürüyür (heç çürüməsin! nə fərqi var? Dünən ölən adamla, 1913-cü ildə bu dünyadan getmiş və Tülkü Gəldi Qəbiristanlığında torpağa tapşırılmış o Məşədi Mirzə Mir Abdulla Məşədi Mir Məmmədhüseyn oğlu arasında heç bir fərq yox idi, ikisi də haqq dünyasında idi...), indi o qızıl diş protezlərinin onlar üçün nə əhəmiyyəti, nə mənası var? Əbdül Qafarzadə dəfələrlə özü özünün bu sualına cavab verirdi ki, heç bir mənası və heç bir əhəmiyyəti yoxdur! Amma yenə də qəti qərara gələ bilmirdi...

Yenə o dözülməz, hər dəfə ürəyinə saplağına qədər xəncər soxan o dəli hiss bir ildırım kimi, Əbdül Qafarzadənin içindən keçdi: bu torpağın altında onun öz balası da yatır və onun balasının da qızıl dişləri var idi...

Bilirdi, bilirdi ki, ayaqları onu hara aparır, bilirdi ki, niyə hər dəqiqədə bir ovqata düşür, bilirdi ki, o yazığın qəbri çəkir onu, yəqin elə gecə ikən, elə yuxuda ikən o yazığın qəbri sövq-təbii onu özünə çəkirmiş və sübh tezdən birdən-birə ovqatının o cür təlx olması da yəqin elə həmin sövq-təbiinin nəticəsi idi...

Düz altı il bundan əvvəl o soyuq dekabr günü Orduxanı da burada, bu Tülkü Gəldi Qəbiristanlığında dəfn eləmişdilər və Orduxanın qəbri qəbiristanlığın yuxarı hissəsinin qurtaracağında, kiçik bir təpəciyin üstündə idi, o təpəcəyin arxa tərəfi Sulu dərə idi, qarşıda bütün qəbiristanlıq, qəbiristanlıqdan aşağıda isə bütün şəhər görünürdü. O vaxt Əbdül Qafarzadə özü bu yeri seçmişdi, bu yerin axar-baxarlı olması, elə bil ki, nə isə kiçicik bir təskinlik idi.

Əbdül Qafarzadə əvvəlcə Orduxanın qəbrini elə düzəltdirmək istəyirdi ki, həmin qəbir dünyadan nakam getmiş o gözəl, o günahsız məxluqa layiq olsun, bütün başqa qəbirlərdən seçilsin, istəyirdi burada elə bir abidə ucaltsın ki, o abidənin yüz illərlə ömrü olsun, Bakının ən görkəmli – Babəkin, Koroğlunun, Leninin, Kirovun, əvvəllər isə Stalinin heykəllərinə görə yüksək adlar, böyük mükafatlar almış – heykəltəraşlarını, arxitektorlarını bu işə cəlb etsin, lap gedib Moskvadan məşhur sovet sənətkarlarını bu işdən ötrü Bakıya gətirsin, amma yavaş-yavaş həmin istək soyudu və Əbdül Qafarzadənin həmişə ayıq olan zehni bu dəfə də o ehtiraslı atalıq hissini üstələdi; o cür dəmdəstgahlı qəbir, əlbəttə, camaatın diqqətini cəlb edəcəkdi, söz-söhbətə səbəb olacaqdı, toyda da deyəcəkdilər, yasda da və əlbəttə, ayda 135 manat maaş alan bir adamın camaatın gözü qabağında öz oğlu üçün o cür cəh-cəlallı bir qəbir düzəltdirməyi düzgün deyildi...

Kapitalist ölkəsi olsaydı, Türkiyə, İran olsaydı, başqa məsələ... Sovet İttifaqı qəribə bir ölkə idi, burada hökuməti də, camaatı da aldada-aldada nə qədər istəsən şəxsi varidat qazanmağa imkan, şərait var idi, amma o varidatı açıq xərcləməyə imkan yox idi... Hər halda, ehtiyatlı olmaq lazım idi – dünyada hələ heç kim ehtiyatdan zərər çəkməmişdi...

Orduxanın qəbri sadə, səliqəli və yaraşıqlı idi... Yaşıllıq, güllər, çiçəklər, kiçik bir çarhovuz, çarhovuzun yanında hələ qol-qanaq açmamış sütül bir söyüd ağacı, bir az aşağıda yayda qıpqırmızı güllər açan, payızda ovuc dolusu iri-iri bar gətirən nar ağacı, o nar ağacının yanında ağ mərmərdən sinə daşı, çəhrayı qranitdən başdaşı və üstündə də yazı:

QAFARZADƏ ORDUXAN ƏBDÜLƏLI OĞLU

(1951-1976)

Hər dəfə çəhrayı qranitin üstündə həkk olunmuş bu yazını oxuyanda Əbdül Qafarzadənin bütün bədəni uçunurdu, altıncı il idi keçirdi, amma kişi heç cürə bu yazıya alışa bilmirdi, onun şüuru, əlbəttə, dərk edirdi ki, bu çəhrayı qranitin, bu ağ mərmər daşın altındakı onun balasıdır, amma ürək bunu heç vəchlə qəbul eləmirdi.

Həmin aprel günü Əbdül Qafarzadə yenə də o çəhrayı qranitlə üzbəüz dayandı, dəsmalını cibindən çıxarıb çeşməyinin şüşələrini sildi, yenidən çeşməyi gözunə taxdı və indi o çeşməyin tərtəmiz şüşələrinin arxasından baxan o boz gözlərdə bir dünya dərd, ələm var idi.

Hər gün, Qəbiristanlıq İdarəsinin başqa işçiləri yox, şəxsən ya Ağakərim, ya Mirzəibi, ya da Vasili gəlib Orduxanın qəbrinin ətrafındakı gülləri, çiçəkləri, o sütül söyüd ağacını, o narı sulayırdılar, təzə-tər otların üstünü eyni ölçüdə biçirdilər, o ağ mərməri, o çəhrayı qraniti dəsmal ilə tər-təmiz silib par-par parıldadırdılar, bu geniş qəbir sahəsini səliqə ilə kvadrata almış qısa daş hasarın dişarını da silib süpürürdülər; bu işi hər gün – qışın qarında-çovğununda da, yayın cəhənnəm istisində də gəlib görürdülər, bu iş bir növ rituala çevrilmişdi, Vasili də, Ağakərim də, Mirzəibi də bunu Əbdül Qafarzadənin qarşısında özlərinin mənəvi borcları bilirdilər və Əbdül Qafarzadə də hər dəfə bura gələndə bunu görürdü, torpağın üstündəki təzə süpürgə izi, o ağ mərmərin, o çəhrayı qranitin eləcə tərtəmizliyi, o biçilmiç təzə tər otun ətri, elə bil ki, belə məqamlarda kişinin uçum-uçum uçunan ürəyinə bir təpər gətirirdi; Vasilinin, Mirzəibinin, Ağakərimin belə bir sədaqəti, vəfadarlığı az qalırdı Əbdül Qafarzadəni kövrəltsin və bəzən kövrəldirdi də.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets