Page 7 of 10 · 60%

Sən saydığını say, gör fələk nə sayır?..

Orduxan həm də gözəl idmançı idi (əsl idmançı!), Azərbaycanın yığma voleybol komandasında oynayırdı, üç dəfə SSRI yığma komandasında oynamışdı və xəstəliyindən üç-dörd gün əvvəl yenə də Moskvadan teleqram almışdı ki, onu SSRI yığma komandasının məşqlərinə dəvət edirlər.

Vaxtilə Xıdırın idmana həvəsi, idmanla bağlı arzuları indi Əbdül Qafarzadəyə, əlbəttə, sadəlövh görünürdü, amma o sadəlövhlükdə bir kövrəklik, bir əzizlik var idi və Orduxanın beləcə məşhur idmançı olmağı Əbdül Qafarzadə üçün elə bil ki, o kövrəkliyin, o əzizliyin davamı idi. 25 yaşlı Orduxan Bakının ən sayılan hörmətli oğlanlarından biri idi və Qaratel tanınmaz-bilinməz qızların zənginin əlindən az qalırdı qayçını götürüb telefon xəttini kəssin – Orduxan Bakının gözəl qızlarının sevdiyi oğlan idi.

Dekabrın 27-də vəfat etdi (o vaxtdan nə Əbdül Qafarzadə, nə də Sevilgil Yeni ili bayram eləmirdilər və Sevilgildə ənənə belə idi ki, hər il dekabrın 27-dən yanvarın 2-nə kimi yeddi gün Ömər evdə, royalda Şopenin və Skryabinin fortepiano üçün qəmli pyeslərini çalırdı, daha doğrusu, çalmağa məcbur idi; o vaxtdan Vasili də, Mirzəibi də, Ağakərim də Yeni ili qeyd eləmirdilər, dekabrın 31-də axşam Əbdül Qafarzadənin evinə gəlirdilər, ordan-burdan söhbət edib çay içirdilər, çıxıb gedirdilər və Əbdül Qafarzadə dəqiq bilirdi ki, Vasili də, Ağakərim də, Mirzəibi də, hərə öz evinə gedir, yeyib-içib məclis keçirmir), dekabrın 28-də isə bu Tülkü Gəldi Qəbiristanlığında, bax, bu yerdə Orduxanı dəfn elədilər. O dəfn mərasimində Əbdül Qafarzadənin saysız-hesabsız tanışlarından (təkcə Azərbaycanın yox, SSRI -nin bir çox şəhərlərindən də gəlmişdilər və şəxsən gələ bilməyən tanışlar, dostlar isə öz adlarından başsağlığı vermək üçün nümayəndələr göndərmişdilər) savayı, Bakının az qala bütün cavanları da iştirak edirdi, gözəl qızların, qadınların ağlamaqdan qızarmış gözlərində o dəm əbədi görünən bir matəm var idi, amma o dəfn gününün heç bir təfərrüatı Əbdül Qafarzadənin yadında deyildi, çünki Əbdül Qafarzadə o dəfn mərasiminə qədər dünyanın ən dəhşətli bir gecəsini keçirmişdi.

Dekabrın 26-da günorta Binə aeroportundan birbaşa xəstəxanaya, Orduxan üçün xüsusi ayrılmış palataya gələn (Vasili və Mirzəibinin müşayiəti ilə) akademik İvan Sergeyeviç Frolovski: «– K sojeleniyu uje pozdno...» – deyəndən sonra Əbdül Qafarzadə başa düşdü ki, daha heç bir möcüzə baş verməyəcək, fələk Orduxanı aparır və həmin dəqiqədən də son günlərin əzab-əziyyətindən, iztirablarından sonra, kişinin beynində qəribə bir aydınlıq yarandı: taledən qaçmaq mümkün deyildi.

Əbdül Qafarzadə boz gözlərini diqqətlıə akademik I.S.Frolovskiyə zilləyib dedi: «– Ya moqu ustroit yeqo daje v kremlyovskuyu bolnitsu, professor...» I.S.Frolovski dərindən köksünü ötürüb: «– Ne pamojet... Boyus, çto seqodnişniy den posledniy den yeqo jizni....» – dedi.

Əbdül Qafarzadə Vasiliyə və Mirzəibiyə tapşırdı ki, akademiki lap yaxşı hörmətlə Moskvaya yola salsınlar (bu o deyən söz idi ki, akademikə veriləcək nəğd pulun, qara kürünün, konyakın miqdarını və həcmini əvvəlcədən danışılandan da xeyli artıq eləmək lazım idi). Özünü öldürən Qarateli palataya buraxmadı, Ağakərimin vasitəsilə evə göndərtdi və Sevilə də tapşırdı ki, anasının yanında olsun, qohum-əqrəbaya xəbər göndərdi, dost-tanışlara sifarişlər, tapşırıqlar verdi, Şeyxülislamın evinə adam göndərdi ki, ən savadlı mollalardan birini sabah üçün ehtiyatda saxlasın, özü isə bütün günü və gecəni Orduxanın çarpayısının kənarında oturdu. Səhər saat 5 ərəfəsində Orduxan, elə bil ki, diksinib gözlərini açdı, Əbdül Qafarzadənin əlindən yapışdı: «– Heç hara getmə...» dedi və çarpayının kənarında balasının yanında oturmuş Əbdül Qafarzadə hiss etdi ki, oğlu ölümdən qorxur, «– Heç hara getmə...» – sözləri o ölüm xofunun ifadəsi idi və həmin dəqiqədən də Orduxan gözlərini yumsa da, atasının əlini buraxmadı, həkimlər, şəfqət bacıları gəlib xəstə ilə məşğul olanda da əlini atasının əlindən ayırmadı (o əlin istisi də, soyuğu da, o əlin söylədikləri də həmişə Əbdül Qafarzadə ilə birgə idi və birgə də olacaqdı – hər halda, Əbdül Qafarzadə belə hesab edirdi). Səhər saat 8-ə işləmiş Orduxan birdən yerindən dikəldi, məktəbi və universiteti rus dilində oxusa da, evdə də, yoldaşlarıyla da, qızlarla da, adətən, həmişə rus dilində danışsa da, bu son məqamda Azərbaycan dilində «–Ay ata, ölürəm axı...» – pıçıldadı, Orduxanın gözləri doldu, Əbdül Qafarzadə isə çeşməyinin altında gözlərini yumdu. Bütün iyirmi altı illik ömrü ərzində Orduxan yəqin ilk dəfə idi ki, atasını beləcə köməksiz görürdü. Səhər saat 8-ə düz on beş dəqiqə qalmış Orduxan atasının qollarının üstündə son dəfə nəfəsini dərdi və gedər-gəlməzə uçdu.

Orduxanın cənazəsini xəstəxanadan əvvəlcə Təzə pir məscidinə apardılar, yuyub kəfənə bükdülər, sonra evə gətirdilər və o günün, yəni dekabrın 27-sinin bütün təfərrüatı Əbdül Qafarzadənin yadında idi, evə başsağlığı verməyə gələn saysız-hesabsız adamları da sonralar bəzən gözlərini yumub bir-bir xatırlaya bilirdi (o vaxtdan keçən müddət ərzində o adamların da bir qismi indi bu Tülkü Gəldi Qəbiristanlığında yatırdı), elə bil ki, həmin 27 dekabr günü Əbdül Qafarzadənin beyni əlacsızlığın, fələyin qarşısında tamam gücsüzlüyün əlindən elə oyanmışdı ki, saat kimi dəqiq işləyirdi, beyin bəzən dərddən alovlanıb yanmaq istəyən hisslərin, həyəcanların üstünə su səpirdi; Orduxanı layiqincə dəfn eləmək lazım idi.

Yağış həmin 27 dekabr günü başladı.

Orduxanın cənazəsini qonaq otağındakı mizin üstünə qoymuşdular, royaldan tutmuş televizoracan otaqdakı bütün əşyaları boşaltmışdılar və o qırx kvadrarmetrlik otaqda hər tərəfə xalı-gəbə döşəmişdilər, dörd divar boyunca da kürsülər düzmüşdülər, başsağlığı vermək üçün gələn saysız-hesabsız kişilər, Orduxanın cavan dostları o kürsülərdə otururdular. Şeyxülislamın şəxsən göndərdiyi və Bakının məşhur savadlı mollalarından biri olan doxsan yaşlı Axund Fətulla Ağa cənazənin baş tərəfində, Əbdül Qafarzadə isə cənazənin yanında əyləşmişdilər. Qadınlar o biri otaqda oturmuşdular və onların ağlayışı, vay-şivəni kişilər oturan otaqda da aydınca eşidilirdi və Əbdül Qafarzadəyə başsağlığı vermək üçün gələn dəmir kimi möhkəm kişilərin də gözlərini yaşardırdı.

Əbdül Qafarzadə o vaxt iyirmi ildən artıq idi ki, Sov. IKP-nin üzvü idi (1956-cı ildə şəxsiyyətə pərəstiş ifşa olunandan, Xıdır günahsız güllələnmiş şəxs kimi bəraət alandan sonra, partiyaya keçmişdi və indi iyirmi beş illik partiya stajı var idi), amma akademik I.S.Frolovski deyəndə ki: «– K sojeleniyu uje pozdno...», başa düşəndə ki, daha heç bir möcüzə baş verməyəcək, qət etdi ki, belə bir məqamda heç nədən çəkinməyəcək, yeganə oğlunu əsl müsəlman qaydasıyla, «əl-rəhman»la götürəcək. Qoy nə deyirlər-desinlər, qoy çığır-bağır salsınlar ki, partiya üzvlüyü ilə dindarlıq bir araya sığmaz, necə qət etmişdisə, elə də eləyəcəkdi (elə də elədi!).

Yağış başlayandan sonra, həmin 27 dekabr günü Axund Fətulla Ağa həlim səsiylə əzbərdən Quran oxuduqca, Əbdül Qafarzadə o yağışın səsinə qulaq asmağa başladı və yavaş-yavaş Axund Fətulla Ağanın səsini də, arvadların qonşu otaqdan gələn vay-şivənini də eşitmədi, elə bil ki, bütün dünyada təkcə o yağışın səsi idi, vəssalam, daha heç bir səs yox idi dünyada və o yağış səsinin müşayiəti ilə Orduxanın anadan olduğu gündən başlamış qollarının üstündə can verdiyi vaxtacan, bütün uşaqlıq, yeniyetməlik, cavanlıq çağları Əbdül Qafarzadənin gözlərinin qabağından keçməyə başladı: gözünün qabağına gələn o görümlər suyun içində idi, elə bil, hələ qurumamış, yaş fotoşəkillər idi və o su təkcə eşikdə yağan o yağışdan axıb gələn xatirələrə dolmamışdı – heç kim Əbdül Qafarzadənin göz yaşlarını görmürdü (çünki yox idi!), o dəm Əbdül Qafarzadənin hissləri beyninin nəzarəti altında idi, amma buna baxmayaraq, kişinin görünməyən o göz yaşları bir sövq-təbii ilə o xatirələrə dolurdu.

Əbdül Qafarzadə hiss edirdi ki, bütün bu xatirələrin, bütün bu iztirabların arxasında beynində nəsə bir lay, bir qat yaranıb, daha doğrusu, beynində nəsə bir qərar yaranıb və yeganə oğlunun cənazəsinin yanında oturmuş bu adam var qüvvəsi ilə çalışırdı ki, beynindəki o laya, o qata enməsin, elə-eləcə xatirələrə dalsın, çünki əslində həmin qərarın nə olduğunu bilirdi və özü özünün çıxardığı o qərardan qorxurdu...

Gəlib-gedənlərin sayı gecəyə yaxın seyrəlməyə başladı, otaqda təkcə yaxın adamlar qaldı: bəzi qohumlar, dostlar, Ömər, Mürşüd Gülcahani, Mirzəibi, Vasili, Ağakərim, tez-tez o biri otağa keçib Qaratelə sakitləşdirici iynələr vuran həkim Bronşteyn, xüsusi hörmət əlaməti olaraq (aydındı ki, bu hörmət xüsusi də qiymətləndiriləcəkdi!) evinə getməyib gecəni cənazənin yanında oturmuş Axund Fətulla Ağa...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets