Page 6 of 10 · 50%

Sevilin zövqündə bir qız zərifliyi var idi və Orduxanın qəbrində də o qız zərifliyi hiss olunurdu; elə bil ki, bu qız zərifliyi ilə Orduxanın taleyi arasında bir yaxınlıq, doğmalıq var idi. Sevil atasından xahiş etmişdi və qəbir sahəsini kvadrata almış o qısa hasar üçün mişar daşı yox, mərmər yox, irili-xırdalı adi çay daşları gətirtmişdi və Əbdül Qafarzadə bu altı ildə bura o qədər gəlmişdi ki, hasar hörülmüş o çay daşlarını da bir-bir tanıyırdı. Sevil də, ən azı, həftədə bir dəfə, iki dəfə, çox zaman da balaca Əbdüllə birlikdə maşını sürüb bura gəlirdi. Əbdül Qafarzadə istəmirdi ki, balaca Əbdül qəbiristanlığa gəlsin, bu vaxtından uşağın ürəyi qısılsın, amma Sevil « – Net, papa, – deyirdi. – Pust on vseqda pomnit yeqo... Pust znayet kem on bıl dlya nas!..» – və Sevil dolmuş gözlərini gizlədirdi, istəmirdi ki, atası bu dolmuş gözləri görsün və ürəyi daha artıq sıxılsın: sağ olsun, yaxşı övlad idi, qeyrətli bacı idi, amma həyat da öz işini görürdü, hər şey vaxta baxsa da, vaxt heç nəyə baxmırdı, balaca Əbdül Orduxanı daha tamam yadından çıxartmışdı, yəni bilirdi ki, Orduxan adında bir dayısı olub, bura onun qəbridir, Orduxan anası üçün də, nənəsi üçün də, babası üçün də həddən artıq əziz bir adam olub, bu qəbir də onlar üçün müqəddəs bir yerdir, amma Orduxanın özünün sifətini, Orduxanın səsini, Orduxanın gülüşünü tamam yaddan çıxarmışdı, çünki Orduxan öləndə balaca Əbdülün cəmi iki yaşı var idi.

Orduxandan da Xıdır kimi, heç nə qalmamışdı bu dünyada, təkcə özü atasının, anasının, bacısının xatirələrində qalmışdı, bir də ki, yəqin dostlarının, gəzdiyi qızların, qadınların xatirələrində qalmışdı, illər keçəcəkdi, nəsillər bir-birini əvəz edəcəkdi, Orduxanın xatirəsi o dostlarla, o qızlarla birlikdə qəbrə gedəcəkdi, dünyaya gələn yeni Qafarzadələr isə, yəni Sevilin törəmələri (onların famili nə olacaqdı? Allah bilir...Balaca Əbdülün famili Gülcahani idi və Əbdül Qafarzadə bunu da daxilən heç cürə qəbul edə bilmirdi) Orduxan barədə heç nə bilməyəcəkdilər; Orduxanın saralıb solmuş şəkilləri yəqin ki, köhnə ailə albomlarında qalacaqdı və həmin aprel günü o ağ mərmərlə, o çəhrayı qranitlə üzbəüz dayanmış Əbdül Qafarzadə elə bil ki, əlli il bundan sonra öz gələcək törəmələrinin Orduxanın o saralıb-solmuş şəklinə baxa-baxa dedikləri sözləri eşitdi: «– Ana, bu kimdi, belə?» « – Nə bilim, deyəsən, mənim nənəmin qardaşıdı...»

Orduxanla bağlı əlli ildən sonrakı o danışıq elə bil ki, kobud, döyənəkli bir ovuc olub Əbdül Qafarzadənin ürəyini sıxdı və kişi fikirləşdi ki, təkcə adamlar adamlara oxşamır, ağaclar da adamlara oxşayır: bax, bu sütül söyüd, elə bil ki, Orduxan özüdür, təmiz, köməksiz, günahsız, amma vaxt gələcək bu söyüd də qol-budaq açacaq və o zaman bu söyüd daha Orduxana oxşamayacaq, o zaman o söyüd...

Əbdül Qafarzadənin özünə oxşayacaq.

Bu gözlənilməz müqayisə kişini diksindirdi və bu dəfə Əbdül Qafarzadə o çəhrayı qranitin üstündə yazılmış o

ƏBDÜLƏLI

sözündə qara torpaq nəmliyi, qara torpaq zülməti hiss etdi; bu hiss kişinin içinə bir havasızlıq gətirdi və Əbdül Qafarzadə özünü ələ alıb bu hissi uzaqlaşdırmaq istədi, bu hissdən qaçmaq istədi və Qarateli yadına saldı.

Əbdül Qafarzadə də, Sevil də, Qarateli buralara qoymurdu, çünki ikisi də yaxşı bilirdi, Qaratel bircə dəfə də bura gəlsə idi, daha evə sağ qayıtmayacaqdı. Qaratel hərdən için-için, səssiz-səssiz ağlaya-ağlaya: «– Eybi yoxdur, – deyirdi, – dirimi buraxmırsız balamın yanına, ölümü apararsız onun yanına...» Qaratelin taqəti yox idi ki, dava-qırğın salsın, özü bura gəlsin...

Dünyada nə qədər ev var, hərəsinin də bir dərdi, bir faciəsi var...

Kənardan baxanda nə var ki?..

Əbdül Qafarzadə, o ağ mərmərə, o çəhrayı qranitə baxa-baxa fikirləşdi ki, bu altı ildə o qədər özü öz içində ağlayıb ki, əslində, bütün bədəninin nəmi çəkilib və bayaqkı o quruluq hissi də elə buna görə yaranmışdı.

Oğluna ağlayıb, yoxsa öz gününə?

Bu dəm saqqallı bir adamın tanış siması, sapsarı şəkli, elə bil ki, birdən-birə o çəhrayı qranitə həkk olundu və o saqqallı kişi o aprel günü qəbiristanlıqda Əbdül Qafarzadəyə elə baxırdı ki, elə bil, dünyanın bir dərdli adamı nəhayət ki, başqa bir dərdli adam tapıb. Yox, Əbdül Qafarzadə heç vəchlə o saqqallı kişinin o sapsarı baxışları ilə beləcə üz-üzə dayanmaq istəmirdi. Heç vəchlə o dəhşətli, o yağışlı qış gecəsini xatırlamaq istəmirdi, amma ayaqları onu bu ağ mərmərin, bu çəhrayı qranitin yanına dartıb gətirəndə bilirdi ki, hər şey bununla qurtaracaq, bu dəhşətli xatirə yenidən gəlib gözlərinin qabağından keçəcək, yenidən onu qocaldacaq, yenidən onu öldürəcək...

O sapsarı baxış elə bil ki, güclü bir maqnit kimi Əbdül Qafarzadənin bütün içini çəkib çıxarırdı və belə anlar Əbdül Qafarzadə, doğrudan da, az qalırdı ki, həlak olsun.

O saqqallı adam, o sapsarı baxışların sahibi Nikolay Romanov idi, keçmiş imperator II Nikolay və o sarı da qızıl sarısı idi – II Nikolayın bu dəm çəhrayı qranitdən baxan siması qızıl onluğun, qızıl beşliyin üstündəki sifət idi və elə bil, o qəbiristanlıq sakitliyi içində, o aprel günündə II Nikolayın hissiz-həyəcansız, donub qalmış o sapsarı sifəti birdən -birə titrədi, tərpəndi və II Nikolay qarşısında dayanmış bu hündürboylu, iri sümüklü, qaraşın, qalın çeşməkli adama daha da zəndlə baxdı və soruşdu:

«– Nə var, nə yox?»

Əbdül Qafarzadə bu sözləri aydın eşitdi, bu sözlər elə bil ki, tamam başqa bir dünyadan gəlirdi, tamam başqa bir keyfiyyətdə idi, amma o səsdə bu dünyanın dəhşətli bir ağrısı, dəhşətli bir ələmi var idi, bu ağrı, bu dərd, əlbəttə, II Nikolayın özünün içindən tökülüb gəlirdi, bu, Nikolay Romanov taleyinin ağrısı, ələmi idi, amma eyni zamanda o səs Əbdül Qafarzadənin də halına acıyırdı:

«– Nə var, nə yox?»

Sonra o sapsarı sima ən dərin bir təəssüf hissi ilə ən yaxın bir həmdərd kimi, elə bil, Əbdül Qafarzadənin dərdini bölüşdü:

«– Hər şey var, heç nə yoxdu... Hə?»

Sonra o sapsarı sima yenə də dondu, o sapsarı bəbəksiz gözlər heç nə görmədi, heç hara baxmadı və o sarı sima, o bəbəksiz gözlərlə birlikdə çəhrayı qranitin üzərində yavaş-yavaş əriyib yox oldu...

Əbdül Qafarzadənin gizli işləri çox idi, amma bütün o gizli işlər içində bu adamın elə bir sirri var idi ki, bu sirdən dünyada heç kimin xəbəri yox idi və əlbəttə, heç kimin də xəbəri olmayacaqdı; bu işdən, görünür, heç Allahın da xəbəri yox idi, çünki xəbəri olsaydı, qoymazdı.

Altı il bundan əvvəl, o 27 dekabr günü, qışın o oğlan çağında Bakıda şıdırğı bir payız yağışı yağırdı və həmin o yağışın səsi indiyə qədər Əbdül Qafarzadənin yadından çıxmamışdı və nə qədər ki, yaşayacaqdı, heç vaxt yadından çıxmayacaqdı. Əlbəttə, yağış yağışdı, amma o 27 dekabr gününün, o qara günün, o amansız, o cəllad günün yağışının şırıltısında Əbdül Qafarzadənin ürəyinə hopmuş xüsusi bir ahəng, xüsusi bir inilti, ümidsizlik var idi; Qaratelin o dəli fəryadı da, Sevilin o hönkürtüləri də, qohumun, tanış-bilişin o ağlayışı da bir tərəfə idi, o şıdırğı yağış şırıltısının həmin xüsusi ahəngi, həmin iniltisi, ümidsizliyi bir tərəfə idi.

Orduxan bircə həftənin içində getdi, qripdən getdi, o bədbəxtin görünür, alnına belə yazılıbmış: qrip oldu, qripin fəsadı böyrəklərinə verdi və heç kim uşağı xilas edə bilmədi. Hətta Vasili ilə Mirzəibinin təcili uçub bir günün ərzində Moskvadan gətirdikləri akademik İvan Sergeyeviç Frolovski də Orduxanı müayinə edib rentgen şəkillərinə baxaraq: «– K sojeleniyu uje pozdno...» – dedi və elə həmin gün də Vasili ilə Mirzəibi akademiki təyyarə ilə Moskvaya yola saldı. Əbdül Qafarzadə oğlunu Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsinə qoymuşdu ki, prokuror olsun (yazıq Orduxanın görkəmi, yaraşığı, elə bil, deyirdi ki, «məni prokuror elə!», amma sonra fikrini dəyişdi – Orduxan partiya işində işləməli idi, raykomun birinci katibi olmalı idi (özü də Bakı rayonlarından birinin!), çünki Sovet İttifaqında raykom katibindən yaxşı vəzifə yox idi; restoran müdirinin də, sex müdirinin də, univermaq müdirinin də hamısının bir yerdə qazandığı raykom katibinin qazancının yanında bir heç idi. Hörmət, izzət də öz yerində: deputat, ordenlər, Sov. IKP MK-nın gül kimi sanatoriyaları, maşın, sürücü– nökər... buna görə də universiteti bitirdikdən sonra uşağı aspiranturada saxlatdırdı ki, qoy əvvəlcə müdafiə eləsin...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets