Xətlər variasiyaları
Oğlum Paşaya
1. Əyləncəli həndəsə
(İki nöqtəni düz xətt birləşdirir)
Saat 1-dir...
Baxmayıb gecənin bu çağına,
Oğlum düz xətlər çəkir
Ərzin hər bucağına.
Birləşdirir otağı
uzaq Nigeriyaya,
Stolüstü lapmanı
bizdən nigaran Aya.
Gah da mənim burnumu
uzaq Odlu torpağa.
İşini qurmamış
dura bilmir ayağa.
Hindistana üz tutur,
qırılır xətti onun,
Yenə hay-küyü qopmuş
Bizə qoşa qonşunun.
Qurtarmamış onların
bu otaq - hind dastanı
Oğlumdan bu gecə də
alıram Hindistanı.
Sonra mətbəximizdən
cızıq çəkir
kədərli
və dönməz Vyetnama
Amma qəflətən əli
Donur:
Cızıq qırılır.
Onun yarısı qalır
Uşaq stolu üstdə
xırdaca bir varaqda.
Yarısı bombalanır
evimizdən uzaqda.
Oğlum məyus olur çox,
Amma demə usanır.
Xətt buzqıran dalınca
Arktikaya uzanır;
Hücum çəkir buzlara.
Onları birləşdirir –
hələ korlamadığım
ağappaq kağızlara.
Xətt durur birdən yenə;
Buzqıran çatmamışdır
buzun son güşəsinə.
Oğlum gözləyir, bizim
qəhrəman qütbçülər
İşığı başdan-başa
nə zaman qütbə çilər.
Gecə keçir...
Çalışır neçə saatdan bəri.
Baş-başa çata bilmir
Oğlum bütün xətləri.
2. Açıq pəncərə
Mən oğlumun fikriylə
yatmışdım gecə.
Yuxuda ölkədən-ölkəyə keçə-keçə.
Səhər ayılıb səsə
düşürəm çarpayıma
hansı ölkədənsə.
Dururam
Açılıb pəncərə
Günəşə,
qarışqaya,
ota,
pəncərə -
iyula,
yanvara.
Pəncərənin gözləri nə qədər böyüyür
Günəş şüaları kimi
açıldıqca yanlara.
Pəncərənin gözləri tuşuyla
Yanlara düz xətt çəkirəm fikrimlə.
Sakit okean calanır bir ucuna.
Ürəyim az qalır uçuna.
O biri xətt meridian üstə düşüb,
Olur dünyəvi bir cığır.
Yerin axırıncı nöqtəsinə gedib çıxır.
Tuturam xətləri
Atamın tutduğu yüyən kimi.
– Ey kainat.
Sən bir kəhər at,
Çapıram səni mən ləyaqətli yiyən kimi.
Çəkirəm üçbucaq xətti
geriyə,
"gəl-gəl" deyə-deyə,
Ağrısa da əllərimin qabarı.
Dünya bəri gələ-gələ
pəncərəmin qabağında qabarır.
Dolur evimə dünya.
insan,
okean səsi,
Açılır evimə
dünyanın pəncərəsi.
3. Meridian üstündə oyun
Bir kötük üstə o vaxt
Uzun ağac qoyardıq.
Hər ucunda birimiz,
Sevinclə oynayardıq.
Meridian üstündəyəm,
Uşaqlıq hissindəyəm,
Deyirəm ki, ölkələr
Razılığa gələrlər.
Hərdən dincəlmək üçün,
İlhama gəlmək üçün,
Sevinc aşiqi olub
Coşalar, qaynayalar,
Meridian üstə çıxıb
Uşaq tək oynayalar.
4. Gözlərim sənə heyran olub
Gözlərim sənə heyran olub...
Baxışlarım meridian olub
Sancılıb dünyanın ən uzaq yerinə,
Baxışımda ölkələr,
Kənd,
şəhər,
Baxışım dönüb meridiana;
Gah qatarla,
təyyarəylə yan-yana gedir,
Gah burulur yana.
Gah dağ olub ucalır,
Gah çırpınır okean kimi.
Niyə gəlmirsən?
Könlüm bunu necə anlar...
Duymursan,
Dinmirsən,
gəlmirsən,
Qırılıb tökülür, meridianlar...
5. Oğlum şəkil çəkir
Dostumla bayaqdan bir qoca haqda
Yenə nə bilirik deyirik bir-bir.
Oğlumun çərtdiyi rəngli karandaş
Bizim kəlmələri göydə dənləyir.
Deyirik: - Bu qoca bəlkə dünyanın
Bağlanıb könlüylə hər bucağına, -
Gah Şərqdə vuruşub,
gah Qərbdə qoca,
Yaxın düşməyibdir ölüm də ona.
O tutqun alnının hər qırışığı
Bir elə,
ölkəyə,
yurda bağlıdır.
"Dünyanı sabaha aparanlardan
Biri də özüməm!" - desə haqlıdır.
Baxıram oğlumun çəkdiyi şəklə,
Qocanın alnının qırışıqları
Dönür ekvatora,
meridiana,
Gah Şərqə yollanır,
gah Qərbə sarı.
Alnında birləşib xətlər düyünü,
Hər xəttə bağlanan, -neçə ölkədir.
Qoca az əyilib, xətləri çarpaz,
Alnını irəli verərək gedir.
Dönüb ulduz olur ulduzlar içrə,
Tökülür alnından tər puçur-puçur.
Ardınca Yer gəlir,
qalaktikalar
Dopdolu,
rəngbərəng şar kimi uçur.
Şimşəkli gözündən nur saça-saça
Çəkib kainatı aparır qoca.
Kitabxana.az · https://kitabxana.az/en/works/eli-kerim-xetler-variasiyalari
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Biz dünyanın qorxu bilməz bir qəhrəman eliyik,Alovlardan yaranılmış Azərbaycan eliyik.
NişanasıDuman, çiskin qalxdı ərşi-səmaya,Görünmür gözümə dağ nişanası,
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
TövbənaməSənə zahirdir, ey Hayy, xəbirü dana,Olsa hər mazi və müstəqbil və məxfi peyda,