İkinci hissə, on doqquzuncu fəsil
Page 2 of 2 · 50%
– Allah rəhmət eləsin!!
– Sağ ol, Elməddin. Rəhmət oxunmalı adam idi, yazıq. Beş il yaşadıq, ondan bir zərrə qədər incimədim. Dilimizi elə gözəl öyrənmişdi ki, elə gözəl öyrənmişdi ki, danışanda heç kəs bilməzdi ki, bu, rus qızıdı, ya əfqan qızıdı. Hər il o ölən günü oğlumla qəbrinin üstünə gedirik, məzarına gül-çiçək dəstəsi qoyuruq, qayıdıb gəlirik,
– Kabildə dəfn etmisiniz?
– Hə. Valideynimin yanında.
Hava işıqlaşanda Anatoli Filipoviç cərrahiyyə otağından çıxdı, onlara tərəf addımladı. İkisi də ayağa qalxıb qabağına yeridi.
Anatoli Filipoviç əllərini çiyninə atdığı dəsmalın ucu ilə qurulaya-qurulaya:
– Yaşayacaq sizin şair! — dedi. — Güllə atan ya naşı imiş, ya tələsib, yaxud həyəcanlı olub! Bir sözlə, sizin əfqanların tez-tez dediyi kimi, Allah üzünə baxıb! O, alınan hökmə görə, ölməli imiş. Ürəyi və başı hədəf imiş! Xoşbəxt təsadüf üzündən güllələrin ikisi də yayınıb. Ancaq... sağ gözü işdən çıxıb, onu götürməli olduq.
– Sağ olun, doktor. Sizə minnətdarıq, — deyə Ziyaülhəqq onun əlini sıxdı. — Çox minnətdarıq, doktor.
Sübh çağı idi. Hava təzə-təzə işıqlanırdı. Elməddin düşünürdü ki, indi Siminbər yatmış olar. Ancaq yatmayıbmış. O, həyətə girən kimi Siminbər əlləri qoynunda artırmaya çıxdı. Elməddinin paltarlarını qan içində görüb irəli cumdu, qorxmuş halda:
– Şəfi öldü? — deyə onun boynuna sarıldı və hönkürdü. Elməddin onun başını sinəsinə sıxdı, kürəyində əlini gəzdirə-gəzdirə:
– Ağlama, Simin. Ölməyib. Xoşbəxtlikdən, ölməyib. Yaralanıb. Ağlama. Qorxulu heç nə yoxdu. — söylədi.
– Düz deyirsən, Elmi?!
– Vallah, hə.
– Təki olsun, təki olsun. Əlləri qurusun. Elə adama da qıyarlar?
– Qıyırlar, mənim ağıllım, qıyırlar, — dedi Elməddin və ah çəkib: — Gecə qorxmadın ki?—deyə soruşdu.
Siminbər başını ərinin enli sinəsindən ayırıb nəmli gözlərilə ona baxdı:
– Yox. Nədən qorxacam? İstədim mən də gələm ora. Ancaq evi tanımırdım.
– Hə. Səni hələ onlara aparmamışam. Şəfi o gün deyirdi ki, sizi novruzdan sonra qonaq çağıracam. Deyirdi gərək təzə gəlin üçün «ayaq açdı» eləyək.
Onlar danışa-danışa içəri girəndə Siminbər dedi:
– Paltarlarını dəyiş, yuyun.
– Hə, dəyişməyinə dəyişərəm. Ancaq sən də yuxusuzsan, sən get yat. Mən ölürəm yuxu üçün. Bu gecə heç çimir də eləməmişik Ziyaülhəqqlə.
– Sənin yerini düzəldim, yat. Mən sonra yataram, Elmi.
– Beş dəqiqə keçməmiş Elməddin artıq yatağında idi. Yorğun, yuxusuz olduğundan elə o saat yuxuya getmişdi.Simin su qızdırdı. Elməddinin pencəyini, şalvarını yumağa hazırlaşırdı. Fikri çaş-baş idi. Şəfinin vurulması xəbərini dünən Bəbrəkdən eşidəndən sarsılmışdı. Onun gözündə Şəfi Elməddinin böyük qardaşı idi, atası idi. Elməddin ustadından o qədər ağızdolusu danışmışdı Siminə; gəlin elə bilirdi ki, Şəfini çoxdan, lap çoxdan tanıyır. Tanış olduqları bu az müddətdə şair öz sadəliyi, mehribanlığı, ağsaqqallığı ilə Siminin nəzərində ilahiləşmişdi. İndi onu vurmuşdular. Simin ha istəyirdi ağlamasın, qeyri-iradi gözlərindən yaş axırdı ki, axırdı. Onun ürəyinə dammışdı ki, xoşbəxtlikləri Şəfinin adı ilə bağlıdı — onun başına bir iş gəlsə, Elməddin də məhv olar. Bu hiss Simini dünəndən bəri tərk eləməmişdi və səhərəcən də yatmağa qoymamışdı. Özünün də yuxusu gəlirdi, məmnuniyyətlə uzanıb iki-üç saat yatardı. Ancaq uşaqlıqdan elədiyi adət üzrə, əlində görməli iş olduqda, ev, qab-qaşıq çirkli olduqda rahatlıq bilmədiyindən indi də paltarları yumamış yatmaq istəmirdi. Sobanın üstündəki su qızmışdı, onu qaldırıb ləyənə tökəndə həyətdə danışıq səsi eşidib dikəldi, pəncərədən boylandı. İki polis nəfəri artırmanın qabağında dayanmışdı. Siminin ürəyi ayağı altına düşdü, sifətində qan qalmadı. Buna baxmayaraq o, qapını açıb çölə çıxdı:
– Siz kimi istəyirsiz, ağayi polis? — deyə o, nisbətən yaşlı, ucaboylu polisə müraciət etdi.
– Bura ağayi Elməddinin evidir?
– Bəli.
– Ağa hardadır?
– Yatıb.
– Zəhmət olmasa, onu çağırın.
Simin qıçı qıçına dolaşa-dolaşa geri qayıtdı. İçəri otağa keçib Elməddinin çarpayısına yanaşdı. O, şirin-şirin yatmışdı. Ayrı vaxt olsaydı, Simin dünyasında qıyıb onu yuxudan oyatmazdı. Lakin indi, deyəsən, vəziyyət ayrı cürə idi. Yəqin Şəfinin vurulması məsələsini aydınlaşdırmağa gəliblər. Ya bəlkə?
Simin ağlına gələn fikirdən qorxmuş halda Elməddini silkələdi:
– Elmi, Elmi, qalx.
Elməddin gözlərini açdı.
– Polislər gəliblər! Səni istəyirlər!
– Polislər?
– Hə. Siz ustadın vurulmasını polisə xəbər vermişdiz?
– Yox! — deyərək o, yeriidən sıçradı, Siminin səliqə ilə stulun başına qoyduğu təmiz paltarları geyindi, pencəyini, yaxasını düymələyə-düymələyə çıxanda Simin ağlamsınıb:
– Onlar səni neynirlər, Elmi? — deyə soruşdu. Elməddin cavab verməyib bayıra atdı özünü. Polisləri görəndə tam ayıldı. Salam verməyi də unudub:
– Buyurun, ağa. Elməddin mənəm, — dedi.
Uzun polis nəfəri, rəsmi qaydada cibindən iri bükülmüş bir vərəq çıxartdı və Elməddinə göstərdi:
– Bizə tapşırıblar sizi şəhər polis idarəsinə aparaq, ağa.
– Niyə? Neynəmişəm ki?
– Biz balaca adamlarıq, ağa. Biz əmri yerinə yetiririk. Bizə deyiblər sizi tapıb aparaq. Odur ki, xahiş edirəm hazırlaşın, gedək. Yaxşı olardı ki, bir dəst də yorğandan, balışdan-zaddan götürəsiniz. Lazım olar.
Elməddin düz polisin gözlərinin içinə baxdı. O gözlər soyuq və mənasız idi. Söz güləşdirməyin, etiraz etməyin də yeri deyildi. O, geri dönəndə Siminin arxasında dayandığını görüb özünü itirən kimi oldu. Günahkar kimi onun ağlar və qorxu dolu gözünə şax baxa bilmədi. İkisi də içəri keçdi. Qapını örtdü dalınca Elməddin.
– Səni aparmağa gəliblər, hə?
– Hə, — dedi Elməddin sakitcə. Ancaq bu zaman Simin onun yaxasından yapışdı, sonra, demək olar ki, qucaqladı:
– Yox, səni buraxmayacağam, Elmi. Səni heç kəsə verməyəcəyəm, Elmi.
– Sakit, Simin, sakit ol, rica edirəm, özünü ələ al. Ona sənin gücün çatmaz. Biz hələ gücsüzük onların müqabilində. Yəqin nə isə bir anlaşılmazlıq olub. Tez qayıdacağam. İşdir geciksəm, tək qalma, anangilə get, ya onlardan bir kimsəni gətir yanında qalsın. Pullar evdədir, korluq çəkmə. Yaxşı? Qibləgahına deyərsən Şəfidən tez-tez xəbər tutsun. Ziyaülhəqq gəlsə, deyərsən polis gəlib apardı.
– Elmi, sən nə danışırsan, Elmi? Mən sənsiz... — o, sözünü bitirməyib Elməddini qucaqladı, üzündən-gözündən öpdü. Elməddin də onu bağrına basıb dodaqlarından öpdü.
Sonra Elməddin çölə çıxdı. Simin dalınca artırmaya gəldi. Elməddin həyətin ortasında polis nəfərlərinə çatanda dönüb geri baxdı. Siminin səssiz-səmirsiz ağladığını görüb kövrəldi, bir an ayaq saxlayıb ona əl elədi, dodaqaltı «xudahafiz!» söylədi.
Onlar darvazadan çıxanda qapı ağzında üstüörtülü yaşıl-boz rəngli maşının dayandığını görüb Siminin ürəyi sıxıldı, Bu, dustaq maşını idi..
Uzun polis kabinəyə, arıq, cavan polis isə Elməddinlə arxaya mindi. Maşın tərpəndi, Simin, hərəkətsiz, için-için ağlaya-ağlaya maşının ardınca baxdı. Və bu an, haradansa Məleykənin onlara gələrkən dediyi bu sözlər yadına düşdü:
«Ürəyimə damıb, sən xoşbəxt olacaqsan, Simin!».
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-ikinci-hisse-on-doqquzuncu
Use ← → keys to move, R for a random poem
More by this author
İltifat bu gün instituta hamıdan tez gəlmişdi. Direktorun qara meşin qapılı otağının ağzında gəzinirdi. Sevincinin həddi-hüdudu yox idi. Əlində tutduğu «Ədəbiyyat və incəsənət» qəzetində iki şeri dərc olunmuşdu. Birinci şerini — «Fədai» adlandırdığı beş-altı bəndlik şeri Nurəddin Osmanzadəyə həsr etmişdi və sərlövhəsinin altından onun adını da yazmışdı. Burada o, elm fədaisi kimi çox yüksək və qanadlı sözlərlə vəsf edilmişdi. İkinci şer isə sevgiyə aid idi — adı bəlli olmayan durna boğazlı bir gözələ olan məhəbbətindən danışırdı.Çox gözlədi, direktor gəlib çıxmadı. Şöbəyə getdi. Hələ heç kəs yox idi. Təzədən qayıdanda katiblikdə Şərqiyyəni gördü.
Birinci hissə, on ikinci fəsilGülmirənin taleyinə yazılmış hər sevincin gözünə bir niskil qatılmalıymış! Qışın çıhxaçıx vaxtında günlərin birində «istitut həmkarlar təşkilatının sədri illərlə ev siyahısında birinci olan Gülmirəni kənara çağırıb sevindirmiş, ona ev verildiyini söyləmiş, order almaq üçün rayon icraiyyə komitəsinə getməyini tapşırmışdı. Gülmirənin bu xəbəri eşidəndən sonra uçmağa qanadı olmamışdı– bu günü o, neçə il gözləmişdi. Əqdəmin sağlığında gözləmişdi, Əqdəm öləndən sonra gözləmişdi. Ancaq son vaxtlar nədənsə bu barədə əsla heç nə düşünməmiş, demək olar ki, unutmuşdu. Həm də illərlə qayğı və mehribanlıq görüb az qala anası kimi isinişdiyi Maşa xaladan, təzə qonşularından — mehriban və sadə insanlar olan Sahibə ilə Mir Sahibdən ayrılıb uzaq düşəcəyini yadına salanda çox vaxt məyus olmuşdu. Xüsusilə Sahibədən heç ayrılmaq istəməzdi Gülmirə. İdarədəki qadınlarla — Ümmügülsümlə, Sarışınla, Fazilə ilə onu bağlayan tellər çox nazik idi, ancaq iş əlaqələri vardı aralarında. Təkcə Nadirə xanımla o, açıq idi, dərdini-sərini istədiyi vaxt açıb deyə bilirdi, onu özünə böyük bacı hesab eləyirdi. Salman — Mirzə Yanar məsələsini ortalığa atandan sonra Nadirə ilə münasibətinin də üstünə su çilənmiş, kölgə düşmüşdü, doğrudur, Nadirə xanım, ona əvvəlki münasibətini dəyişməmişdi, danışırdı, deyirdi-gülürdü, ancaq haradasa heç özü də hiss etmədən yəqin Gülmirənin onun ərinin ad-sanına, nüfuzuna balta çalan, ləkələyən o hərəkəti yadına düşən anlarda tutulurdu, dönürdü, laqeydləşirdi və bu, Gülmirənin qəlbini yaman incidirdi. Gülmirə bu barədə Nadirəyə heç nə söyləmir, onu qınamır, əksinə, özünü günahkar sayır, dərin peşmançılıq hissi keçirir və dərdini ürəyinə salıb susurdu. Bir həqiqət gün kimi aydın idi ki, aralarında qabaqkı səmimiyyət yox idi. Hər ikisi bunu aydın dərk edir, ancaq açıb-ağartmır, zahirdə hər şeyin əvvəlki kimi olduğuna biri-digərini inandırmağa çalışırdı. «İşdə münasibətlər haçalanır, hardasa mənafelər, mühakimələr toqquşur və bu şəxsi münasibətlərin də dəyişməsinə səbəb olur» — bu həqiqəti Gülmirə də, Nadirə xanım da çox yaxşı başa düşürdü. Amma Sahibə ilə onun arasında bu cür qeyd-şərtlər, çəpərlər, hasarlar yox idi, olmayacaqdı da. Ona görə Sahibə ilə dostluğu təmiz idi, bu dostluğun keçmişi yox idi, səhvləri, peşmanlıqları yox idi; bu dostluğun ancaq bugünkü vardı—xoş idi, təmiz idi bu günlər—gələcəyinin də təmiz olacağına inam, ümid çox idi. Sahibə xoşqılıq, şirindil, özünü istədən idi və aralarındakı yaş fərqi az olsa da, kiçik bacı kimi aparırdı özünü, Gülmirəyə, «alim bacısına» hörmətlə, ehtiramla baxırdı həmişə və bu hörmət, onun Sakit Aranlı ilə şəxsən tanış olduğunu, onunla bir yerdə
Birinci hissə, on üçüncü fəsilTəzə direktorun iş başına gəlməsindən üç ay keçməsinə baxmayaraq, ağlına gələn, düzgün hesab elədiyi «islahatları»nın çoxunu həyata keçirə bilməmişdi. Gecə-gündüz düşünür, ölçüb-biçir, hara əlini atırdısa, müəyyən çətinliklərlə qarşılaşırdı, dayanmalı, təzədən götür-qoy eləməli olurdu. Səhər tezdən idarəyə gəlir, axşamacan ya direktor kabinetində oturur, ya da xüsusi səliqə ilə hələ Aslanzadənin vaxtında bəzətdirdiyi, mebelinəcən yeniləşdirdiyi ikinci kabinetində — artıq əməkdaşların xəlvətdə lağa qoyduğu «istirahət otağı»nda vurnuxurdu. Kənardan baxanlara elə gəlirdi ki, o, can yandırır, bütün fikri-zikri institutdur, onun dərdi-səri, qayğılarıdı. Hətta bəzilərində belə təəssürat da yaranmışdı ki, «kişi işləyən adamdır!»Həyata keçirə bilmədiyi planlarından biri İntiqamın məsələsi idi. Nurəddin özü də baş aça bilmirdi ki, İntiqam ona nə pislik eləyib — ancaq gözünə ox kimi batırdı. Yanına çağırmır, otağına getmir, heç nəydə onunla məsləhətləşmirdi. Bircə şey aşkar idi ki, o, İntiqamla işləməyəcəkdi, işləyə bilməyəcəkdi. Bəs kimi onun yerinə qoysun — institut adamlarının hamısını bir-bir gözünün qabağına gətirir, hərəsinə bir pürçüm qoyur, «yox, bu olmaz!» — deyib ürəyində hazırladığı siyahıdan adını elə qaralayırdı ki, daha fələk də gəlsə oxuya bilməzdi.
Birinci hissə, on dördüncü fəsilAna-bala üzbəüz oturmuşdu. Süfrədə təzə təndir çörəyi, kotlet, köy-köyərti vardı. Nadirə tənəffüsə gəlib hazırlamışdı. Ceyhun iştahasız yeyirdi. Bir gözü divar saatında idi.– Niyə belə yeyirsən, ay oğul? Yaman arıqlamısan. Lap hoqqurun çıxıb. Yetim uşaqlara oxşayırsan — elə bil yeməyin, içməyin yoxdur. Şükür allaha, hər şeyimiz var. Yox, gərək mən səni həkimə-zada aparam. Belə olmaz. Bax, işdən qaça-qaça gəlmişəm. Sənə yemək hazırlamışam, sən isə... sərçə kimi dimdikləyə-dimdikləyə yeyirsən.
Poems by other poets
Bizlərə kələkdir, fitnə fəsaddır,Oturub-duruşu, işi keşişin.
Saraltdın məniBir gül idin bitmiş idin bağçadaVermədin bir dənə saraltdın məni.
Çək başuvu yorğan içinə!Dilbər istər apara mülçünü müjgan içinə,Ey xuda, küfr girir din ilə iman içinə.
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.