Haralısan?
Haralısan soruşanlara
Qırx ildir vətəndən aralıyam mən,Özüm də bilmirəm haralıyam mən.Bir bunu bilirəm yaralıyam mən,Yaralı hicrandan, yaralı könlüm,Söylə haralısan, haralı, könlüm?
Yadlar soruşmadan ayırmış bizi,Ayırmış Bakıdan ana Təbrizi.Ayırmış qılıncla, itirmiş izi,Düşmüş ocağından aralı könlüm,Söylə haralısan, haralı, könlüm?
Sazın nəğməsində dil açır bu dərd,Arazın səsində dil açır bu dərd.Ana nəfəsində dil açır bu dərd,Bu dərddən kül olub, qaralı könlüm,Söylə haralısan, haralı, könlüm?
Vətəndə vətənə, anaya həsrət,Sevənlər sevdiyi sonaya həsrət,Düşdü ayaqlara ilkin məhəbbət,Xəzan yarpağıtək saralı könlüm,Söylə haralısan, haralı, könlüm?
Bəlkə sahibsizmiş bu böyük ölkə,Qoy yadlar salmasın üstünə kölgə.Bəlkə bakılıyam, təbrizli bəlkə,Danış, oralısan, buralı, könlüm,Söylə haralısan, haralı, könlüm?
Qoy kimsə düşməsin biz düşən oda,Xalqım baş əyməmiş namərdə, yada,Babəkim, Koroğlum qalır dünyada,Düşmə öz kökündən aralı, könlüm,Söylə haralısan, haralı, könlüm.
Kitabxana.az · https://kitabxana.az/en/works/hekime-billuri-haralisan
Use ← → keys to move, R for a random poem