Anamla sevincim axşam itəndə,Məni səhər çağı tapdı iztirab.Ayrılıq gələndə, vüsal bitəndəSandım bitdi ömrüm, bağlandı kitab.

Məni salamladı məcnun söyüdlər,Dayanıb yollarda əydi başını.Yuxusuz gecələr, uzun gecələrAy durub göylərdə çatdı qaşını.

Üstümə çiləndi seylan yağışlar,Bəlkə qubarımı dağıtsın deyə.Məni hər diyarda axtardı bahar,Qəlbimə sevinclər axıtsın deyə.

Tale gülümsədi üzümə hərdən,Gəncliyin şənliyi yadıma saldı.Qəlbim ayrılmadı sıx meşələrdən,Baharın, xəzanın hüsnünə daldı.

Dənizlər, bulaqlar, gur çaylar mənim,Meşələr mənimdir, zəngin, varlıyam,Göylərə ay kimi, dan ulduzutək,Yerlərə günəştək etibarlıyam.

Kömək gözləmədim heç bir kimsədən,Köməyim, dayağım zəhmətim oldu.Şöhrət arxasınca gəzməsəm də mən,Ellərdə öz adım, şöhrətim oldu.

Hər dərdə alışdım geniş dünyada,Fəqət ana dərdi unudulmadı.Bəzən qanad açdım azad havada,Hər şeyim oldusa, anam olmadı.

Ellər, qınamayın, bu ayrılıqdanKönül bulağımı qurutdu həsrət.Başımda elə bil od qalar zaman,Hardasan, hardasan ana məhəbbət?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation