O ocaq da, bu ocaq da eynidir,Saz-söhbət də, səs-soraq da eynidir.Bu dil o dil bir dodaqda eynidir,O tərəfə, bu tərəfə əyiblər.

O dəftərə, bu dəftərə bölündük,Baxa-baxa, görə-görə bölündük.Bir ürəkdik, neçə yerə bölündük,Neçə yerdən dağlayıblar, döyüblər.

Ana torpaq nə oğullar yetirdi,Haqq danışdı, haqq əmrini bitirdi.Ulu Kərkük meh ətrini gətirdi,Çöllər, düzlər əlvan-əlvan geyiblər.

Mən nə deyim bu dünyanın səbrinə,Azmı dözdük əzabına, cəbrinə.Toxunmayın Füzulinin qəbrinə,Ömür köçər, qəbir köçməz deyiblər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death