Bu xatirə də Əcəmi dilindəndir
Page 2 of 2 · 50%
Zəhra əlində gümüş sini səkidə göründü, ona gizli işarə elədim ki, gətirmə, özün də gəlmə... Başını aşağı dikib fikirli-fikirli niqabının uclarını eşən Dəryanur bunu görsə də üstünü vurmadı. Zəhra tabe olub geri qayıtdı. Dəryanur ah çəkdi, əllərilə qulaqlarını qapadı: “Axı bu mümkün olan iş deyil...” Mən təəccüblə soruşdum: “Niyə?!” Şeyxin qızı üzünü yana çevirib elə bil başqasına dedi: “Birini bilirsiniz, birini yox...
Marağım artdı:
– “Başa düşmədim!”
Dəryanurun sinəsindən bu dəfə daha dərin “ah” çıxdı: “Uzun söhbətdi. Nağıl kimi çox uzun...”
– Təəccüblə xəbər aldım:
– “Nə?” Dəryanur bir az fikrə gedəndən sonra mənə yaxın gəlib əlimdən tutdu: – “Heç... Bilirsiniz nə var?.. Şeyx burada deyil, bu gün sübh çağı Təbrizə getdi. İki həftə burada olmayacaq... Axşam Ay doğanda gələrsiniz... Mən özümü sizə tanış verərəm... Sonrasına baxarıq. Razısız?.. İndi dərzi gələcək, təzə çələbiyyə tikdirirəm, sizinən görüşəndə geyəcəyəm. Zəhranı göndərəcəyəm məscidə, xatir axşamıdı, qalsın orda, dua eləsin özünə, mənə... Ay doğanda həyətdə təkcə mən olacağam. Darvazanı Ay doğan kimi açıq qoyacağam...”
Dəryanurun bu sözlərindən nə qədər sevinmişdimsə, əş-şeyx ər-rəisin qızının “özümü sizə tanış verəcəyəm” sözündən bir o qədər narahat oldum, nigarançılıq keçirdim... Elə bil Dəryanur bunu başa düşdü, o biri əlini də mənə uzatdı. Onun ipək kimi yumşaq əllərini iki ovcum içərisinə aldım, istədim dodaqlarıma yaxınlaşdıram, başımı qaldıranda əş-şeyx ər-rəisin qızının pərişan olduğunu görüb fikrimdən çəkindim. Dəryanurun sifətinə müəammalı bir kölgə enmişdi, həmişə çıraq kimi yanan iri qara gözlərinə bir pərdə çəkilmişdi. Dəryanur əllərini ovuclarımın içindən çəkdi, geri dönüb pillələri qalxdı.
Daha heç nə soruşmadım, darvazanın balaca qapısını açıb çıxdım. Ancaq mənə agah idi ki, Dəryanur özünü saxlaya bilməyəcək, otağa girən kimi göz yaşları tökəcək, yanaqlarını xeyli vaxt ovucları içərisində gizlədib ağlayacaq...
...Onun dediyi vaxt gəldim. Darvaza həqiqətən açıq idi. Amma Dəryanur dediyi yerdə deyildi. Pillələri sakit-sakit çıxıb eyvanı bir çətir kimi tutan tənəyin altında dayandım. Nəfəsimi dərdim. Ömrümdə ilk dəfəydi ki, gecə vaxtı başqasının həyətinə ayaq basırdım.
İlk addım həmişə çətin olur, ilk addımda həmişə qorxu, həyəcan var, həm də, cürət, igidlik, arzuya çatmaq məramı... Keçilən yolu keçməyə nə var ki!
Tənəyin arasından on dörd gecəlik Ay işığı eyvana səpildi. Yuxarı baxdım. Səma aydın idi. Ay bütün nurlu sifətilə özünü buludların arasından yerdəki aşiqlərinə göstərirdi. Onun süd kimi şəfəqləri eyvanın küncünə də süzülürdü. Dəryanur açıq çəhrayı Təbriz ipəyindən tikilən çələbiyyəsində¹ küncə qoyulan təxti-xabun² üstündə uzanmışdı. Yaraşıqlı sifəti, balıncın üzərinə tökülən şəvə saçları ona nağıllarda təsvir olunan mələklərə məxsus ilahi bir görkəm vermişdi...
Pəncələrim üstə yaxın gəldim, qamışdan toxunan kətilə əyləşdim, Dəryanura baxdım... Nitqim qurudu, nə çağıra bildim oyansın, nə toxuna bildim diksinsin. Bir də ürəyimdən gəlmədi ki, ulu təbiətin bu gözəl növraqını pozum, ona kiçik də olsa, bir xələl gətirim...
Kətili bir az yaxına sürüdüm, dinməz-söyləməz maddım-maddım baxdım. Ürəyimdən qəribə bir hiss keçdi: “Ey ulu qüdrət! Amandı, Aya hökm elə dayansın, buludun arxasına girməsin... İşığını bu balaca eyvana çox göndərsin... mən baxmaq istəyirəm təbiətin bu möcüzəsinə, dönə-dönə tamaşa etmək istəyirəm...”
Yox, ilahi öz ilahiliyini, qüdrət və ululuğunu göstərmədi. Ay buludda gizlənib öz şüalarını eyvanın küncündən çəkdi. İstədim ayağa durub Ayın şüalarını dəstələyib ovuclarıma yığam, çəkilib getməyə qoymayam. Bacarmadım, qüdrətim çatmadı. Nağıl bitdi, möcüzə də qeyb oldu... Elə bu vaxt Dəryanur çarpayıda böyrü üstə döndü, nəsə pıçıldadı. Cəld irəli çıxıb yavaşca dedim: “Mənəm, Dəryanur... Gəlmişəm..” Dəryanur gözlərini açdı: “Oy qorxdum!..” Kətili çarpayıya
¹ Qadın geyimi
² Yatmaq üçün çarpayı yaxın çəkdim, diz çökdüm: “Qorxma, Dəryanur, mənəm...” Birdən gözləmədiyim halda məni qucaqladı. Qollarımız bir-birimizin boynuna dolandı, dodaqlarımız bir-birinə yapışdı...
Bir az sonra eyvanda yanaşı oturmuşduq. Ay göy qübbəsindən xeyli aralanıb məğribə enmişdi. Özü də kiçilmişdi, nuru azalmışdı. Deyərdin boz-qara buludlar bu saat onu bürələyib üfüqün dalına atacaqlar... Dəryanur ah çəkdi: “Ay batdı, Əcəmi...” Dedim: “Nur lazımdı...” Dəryanur eyhamımı başa düşdü: “Sənin Dəryanın nuru da gündən-günə azalır...” Əlimi çiyninə qoydum: Elə danışma, Nur... Sən elə danışanda mənə elə gəldi ki, bulaqlar qurudu, çaylar dayandı, güllər soldu, bülbüllər susdu... Mən sənə yaman öyrəşmişəm, Nur... Sənsiz gündə min dəfə gedib-gələn nəfəsimdə bir nalə olar. Gündə min dəfə dünyaya baxan gözlərim də sənsiz heç nəyi görməz... Sənin kimi bir gözəlin əli ilə Suquləbr bazarında qul kimi satılmağa aparılsam da boyun qaçırmaram...” Dəryanurun könlünü almaq istədim və zarafata keçib dedim: “Amma bir şərtlə...” Dedi: “Nə şərtdi o?” Dedim: “Həmin bazarda məni qul kimi gərək özün alasan... Həmişə qulluğunda durmaq üçün... Mən indi bilirəm ki, sevgi, məhəbbət nə olan işdi bu dünyada, birinə vurulmaq nədi, birini sevmək nədi bu aləmdə. Sən nə gözəl imişsən, həyat! Var ol məhəbbət!” Dəryanur birdən dedi: “Bəlkə dedim ki, sevmirəm səni..” İnanmadım: “Bu ona bənzəyir ki, yağışa deyəsən yağma, Günəşə deyəsən, doğma! Mümkün deyil! Və mənə deyəsən sevmə... bu heç mümkün deyil..!” Dedi: “Mümkündü..” Dedim: “Necə mümkündü?..” Gözümə bir təhər dəyirsən?” Dedi: “Nə təhər?”Dedim: “Necə deyim, qəmgin, fikirli... bir az da...” Dedi: “Bir az da müəmmalı, anlaşılmaz... başa düşülməz...” Dedim: “Yenə nəsə qaldı”. Dedi: “Bir az da utanmaz... bihəya” Ayağa durdum: “Sən nə danışırsan?..”
Dəryanuru qəhər boğdu, əli ilə göz yaşlarını sildi, özünə bir az toxtaqlıq verib dedi: “Görmürsən... dəyişmişəm... Əvvəlki deyiləm?.. Niyə dinmirsən?” Sualına cavab vermədin, özüm sual verdim: “Niyə qəmlisən Nur?” Bir müddət üzümə baxdı: “Birini bilirsən, birini yox... ” Dedim: “De, ikisini də bilim...”
Əş-şeyx ər-rəisin qızı əvvəlki deyildi, həqiqətən xeyli dəyişmişdi... Bu gün onun təxti-xabdakı yatışı, mənimlə birdən-birə yaxınlıq etməsi də bundan xəbər verirdi. Bəs nə olmuşdu? Bu dəyişikliyə səbəb nə idi?.. Bəlkə mən də iradəsiz cavanlardan olaydım, nəfsim güc gələydi, özümü ələ almağa iradəm çatmayaydı... Yaxşı ki, hər şey yaxşı qurtardı. Ürəyimdə bir neçə dəfə öz-özümə sual verdim: “Görəsən Dəryanur birdən-birə niyə məni özünə yaxın qoydu?” Amma cavab tapa bilmədim. Ürəyimdən keçən sualı bilə-bilə qəsdən dilimə gətirmədim. “Qoy nə varsa özü açıb desin. Bilirəm ki, qadınlar sirri uzun zaman özlərində saxlaya bilməzlər. Zəif məxluqdu qadınlar, bədəncə də zəif olurlar, iradəcə də... Tez inanırlar, tez küsürlər, tez də barışırlar. Bu, onların həm yaxşı cəhətidi, həm də pis. Bu xasiyyət onlara gah xeyir verir, gah da ziyan gətirir...” Fikirləşdiklərim düz çıxdı. Dəryanur dedi: “Şeyx təzə eşqə düşüb...” Soruşdum: “Nə eşq, Dəryanur?! Yoxsa atan evlənmək istəyir?..” Dəryanur ayrı cavab verdi: “Bizim möhtərəm şeyx, adamları tez-tez xəbərdar edib deyər: Quranda yazılıb ki, zalım olmaq günahdı...” Sözünə qüvvət verdim: “Günah yox, cinayətdi!” Dediklərimi elə bil təsdiq etdi: “Daha bilmir ki, zalımlardan biri də özüdü!..” Təəccübləndim: “Bu nə sözdü, dəli olmusan?.. Adam atası barədə elə danışmaz. Ələlxüsus qızlar”. Dəryanur ağladı: “Eh, Əcəmi, birini bilirsən, birini bilmirsən”. Ürəyim sıxıldı: “Ağlama Nur... Mən sənin göz yaşlarını görəndə sarsılıram... Açıq danış görüm nə olub? Dəryanur göz yaşını silə-silə dedi: “Bizim sevincimiz də, kədərimiz də göz yaşlarımızdı. Ürəyimizdən qalxıb didələrimizə toplaşır, oradan da kirpiklərimizə, yanaqlarımıza axır... Yastığımızı, yorğanımızı isladır... Allah Təalaya inayət qılıb heç birimizi axıra kimi xoşbəxt etmir, öz əlsiz-ayaqsız kəsiklərinə ilk qisməti ahu-zardı, dərd-sərdi...” Bu dəfə hönkürdü. Dedim: “Bir toxta, bir danış görüm axı...” Sözümü kəsdi: “Danışa bilmirəm... Bilmirəm deyəndə ki... Axı səni necə başa salım, axı necə danışım?.. Bilirsən şeyx... şeyx mənim atam deyil!..” Özümü itirdim: “Sən nə danışırsan?!” Dedi: “Biz iki bacıydıq. Atam kasıb bir kişiydi. Anamız tez ölmüşdü. Atam kiçik bacım Cahannurla məni Təbrizdən götürüb Xorasana gəldi. Bir koma tapıb yaşamağa başladıq. Hatib ibn Mübarək də bizə qonşu idi... Atamı mücövür götürdü. Bir azdan sonra atam sətəlcəmdən öldü. Qaldıq kimsəsiz. Bir gün şeyx bizi yanına çağırdı. Cahannura dedi: “Hazırlaş, səni özümlə aparacağam Təbrizə. Bir dostum var, ona xidmət edərsən. Tapşıracağam səndən muğayat olsun. Dəryanuru isə özüm saxlayacağam, qızım kimi. Yekə qızsız, sizə demək olar... Mən evlənməmişəm və evlənən də deyiləm. Mənə xidmət edən gərəkdi. Mən bu fikirdəyəm ki, Dəryanur mənə yaxşı xidmət edər.” Biz ağladıq. Cahannur dedi: “Yalvarıram, məni bacımdan ayırma”. Mən də istəyirdim ki, ağzımı açam, şeyx hirslənib özündən çıxdı: “Yaxşı, onda verərəm ikinizi də qul kimi satarlar bazarda. Atanızın mənə xeyli borcu var... Vəssalam!..” Dəryanur dayandı. “Bəs sonra?” Sualıma cavab belə oldu: “Sonra şeyx, bacımı apardı Təbrizə, məni də gətirdi bura. Beləliklə, neçə illərdi ki, bir-birimizdən xəbərsizik... Ölüsün-qaldısını bilmirəm. İndi də məni Bağdada aparmaq istəyir”. Soruşdum: “Nədən ötrü?” Dəryanurun cavabı qısa oldu: “Allah bilər...” Soruşdum: “Sən də getmək istəyirsən?” Cavab əvəzinə sual verdi Dəryanur: “Dalımca gələcəksən?” Dedim: “Yox! Məyus oldu: “Niyə?” Bir xeyli fikirləşəndən sonra cavab vermişdim: “Əvvəlki Dəryanur olsaydın gələrdim... Amma sənin dalınca gəlmərəm... dedi: “Niyə” Cavabım bütöv olmadı: “Ona görə ki...” Soruşdu: “Niyə dayandın?” Tərəddüd etdim: qəlbinə dəymək istəmədim. İsrar etdi: “Danış, Əcəmi... Sözlü adama oxşayırsan”. Fikrimi açıq dedim: “Mənim də iki-üç ay olar ki, ürəyimə dammışdı... Səndən belə bəd xəbəri gözləyirdim... Onu da yəqin etmişdim ki sən xeyli dəyişmisən!” Dəryanur əl çəkmədi: “Nədən yəqin etmişdin?” İzah elədim fikrimi: Baxışlarından, davranışından...” Dəryanur fikrə getdi, mənə məlul-məlul baxdı: “Mən səni ləyaqətli bir cavan kimi həmişə yad edəcəyəm, Əcəmi...” Dəryanur eyvanın məhəccərinə söykəndi, mahnıdan daha çox ağıya bənzər bir səslə dedi: “Bu fani dünya kuzəyə bənzər, suyu gah şirindi, gah da zəhər...”
Daha dayana bilmədim, pillələri də enmədim, səndəl ağacını qurağıma taxıb eyvanın məhəccəri üstündən düşdüm və sübhün alatoranında qeyb oldum...
Yol gələ-gələ fikirləşdim: “İnsafı itirmək olmaz. Dəryanur təbiətin yaz fəsli kimi, bahar səması kimi gözəl idi. Guruldadı, səs-küy saldı. Sonra da yaz fəsli bitdi, yay keçdi, hərarət azaldı, payız gəldi, təmiz bir eşqin sədaları da xırp kəsildi... Axı qadın da səma kimidi, gah gülür, gah ağlayır. Haray o gündən ki, ürəyinə kin-küdurət dola. Onda üzünü görmə bu yarımışların, bu yarımamışların...” Evə qayıtdım. Darvazanı açıb həyətə girəndə yağış başladı, sonra külək əsdi. Həyətdəki bütün ağacları silkələdi, yarpaqlarını yolub yerə tökdü...
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-ibrahimov-esrin-onda-biri-bu-xatire-de-ecemi-dilindendir
Use ← → keys to move, R for a random poem
More by this author
Cahan Pəhləvan bir aya yaxın idi ki, Həmədandan çıxıb Azərbaycan Atabəylər dövlətinin tabeliyində olan şəhərlərə – İsfahana, Mazandarana, Xızıstana baş çəkəndən sonra ən böyük şəhərə – Gəncəyə gəlmişdi. Gəncə səfərindən sonra isə oradan birbaşa Naxçıvana təşrif gətirmişdi, özü də qəfil, təmtəraqsız, heç kimə xəbər vermədən, bir dəstə şəxsi xidmətçi və mühafizəçiləri ilə. Onsuz da Şərur məliki Oğuzun əhvalatından sonra bütün əmirlər, məliklər, rəislər ondan bərk ehtiyat edir, xüsusi mürasilələr¹ almamış, xüsusi çaparlar gəlməmiş hüzuruna təşrif gətirmirdilər, imkan daxilində sarayla əlaqədən, onun sahibi ilə ünsiyyətdən kənar qaçırdılar. Həm də Cahan Pəhləvan son vaxtlar yaman səbirsiz olmuşdu. Onun ova çıxanda təntiklik etməsindən, fərman verəndə tələsməsindən, hökm çıxaranda özünü dalıqaçaraq göstərməsindən, saray adamlarını tez-tez cəzalandırmasından, şuluqluq salan kəndliləri, hərbi qaydanı pozan döyüşçüləri zindanlara saldırmasından, saraydan, darülmülkdən kənarda söz-söhbət gedir, dedi-qodular artırdı. Bəziləri bunu şahın yaşlanmasına yozur, bəziləri əsəbiliyinin artması kimi baxır, bəziləri də Eldəgəzlər nəslindən olanların çox yaşamaması kimi mənalandırırdılar...Amma həqiqət bu idi ki, Əcəmi darıxan kimi, hökmdar da darıxırdı.
Ay işığındaAylı yay gecələrindən biri idi. Havadan elə bil od-alov yağırdı... Ancaq bir az keçəndən sonra hava yavaş-yavaş sərinlədi, Yəzdi-Kürd tərəfindən əsən meh bürkünü qovub içəri küçələrdən, həyətlərdən, sonra da şəhərdən uzaqlaşdırmağa başladı...Şəhdigül yataqlarını axşam həyətdəki kətildə salmışdı, bürküdən darıxdıqları üçün Əcəmi balaca kilimi də, yorğan-döşəyi də çiyninə alıb pilləkənlə damın üstünə qaldırmışdı. Onun dalınca pillələri qalxan ev sahibəsi yatacağı yer-yurd eləmiş, sonra ərinin yanına uzanaraq gözlərini bədirlənmiş aya dikib dərin fikrə getmişdi. Əcəmini yorğun bildiyi üçün onu sual-cavaba da tutmamışdı. Fikirləşmişdi. “İşinin qızğın çağıdı... tez gedib, gec qayıdır... qoy yatıb dincəlsin...” Ancaq Əcəminin döşəkdə tez-tez böyrünü dəyişdiyini görüb Şəhdigül yenə dinc durmadı:
PişgahdaNaxçıvandan təzəcə qayıdan Cahan Pəhləvanın yanına bəzi məliklər çağırılmışdı.Hamı təzim edib yerlərin tutandan sonra hökmdar adəti üzrə çənəsini sol ovucunun içərisindən qaldırıb pişgaha toplaşanları bir-bir nəzərdən keçirdi və birbaşa məqsədini bəyan etməyə başladı:
Üz-üzə, göz-gözə...Qədim Dvin ətrafındakı düzənlikdə Cahan Pəhləvanın qoşunu ilə Georginin qoşunu arasındakı döyüş get-gedə qızışırdı. Atabəy-əzəmin sağ olmadığını bilən Gürcüstan hakimi Azərbaycan Atabəylər dövlətinin möhkəmlənməsindən, Təbrizin, Marağanın Eldəgizlər xanədanının tərkibinə daxil edilməsindən bərk narahat olmuşdu və vədini pozaraq otuz minlik qoşunu ilə Dvin üzərinə yenə yürüş etmişdi.Cahan Pəhləvan qardaşının, oğlanlarının bu döyüşdə iştirakına razılıq verməmişdi. Onlar nə qədər təkid etsələr də, şah öz dediyinin üstündə durmuşdu: “Gürcüstan hakimi mənimlə təkbətək üz-üzə gəlmək niyyətindədir. Buna görə də mən necə istəyirəmsə, elə də olmalıdır... Mən sizinlə qardaş və ata kimi yox, hökmdar kimi danışıram. Hökmdarın dediklərini müzakirəyə qoymazlar, onun hökmlərinə düzəliş verməzlər. Mənim əmrim olmadan siz Təbrizdən kənara çıxmırsız. Demetre törəməsinin pişvazına özüm çıxacağam...”
Poems by other poets
Ey ziyadə ləhzə-ləhzə hüsnünə heyranlığım,Günbəgün artux ğəmi-eşqində sərgərdanlığım.
AğlaramFikr eylərəm, didəm dolur yaş ilən,Mən olmuşam bəxti qarə ağlaram,
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
Çəməndə naləni ögrəndi mürğani-çəmən məndənÇəməndə naləni ögrəndi mürğani-çəmən məndən,Qəmalud olmağı kəsb etdi bərgi-yasəmən məndən.