İkinci pərdə
Page 3 of 7 · 29%
Beşinci şəkil
Böyük park. Sağ tərəfdə Cahangirin yaşadığı bina görünür. Parkın ortasından yol keçir. Xuduş ilə Ağasəlim dalaşa-dalaşa gəlirlər.
Xuduş
Qəribə adamsan... Dünən yüz dəfə başa saldım ki, müstəntiq səndən bir şey soruşanda, əgər, “yox” demək lazım olsa, mən yavaşca sol çiynimi qaldıracağam, “hə” demək lazım gəlsə, sağ...
Ağasəlim
Adə, çuşqanın biri çuşqa, sən solu qaldırdın də.
Xuduş
Çünki “yox” demək lazım idi. Müstəntiq səni dilə tutub soruşur ki, əhaliyə yardım məqsədilə şəhər qırağındakı ev sahiblərinə list dəmir satmısınızmı? Mən o saat sol çiynimi dartıram. Amma sən deyirsən “bəli, satmışıq”.
Ağasəlim
Sən öləsən, Xuduş, çaşbaş salmışam.
Xuduş
Odur də... Mən hələ qorxuram bu danışıqda heçəpuçanın hamısını açıb tökəsən ortalığa...
Ağasəlim
Adə, yeri, maymaq özünsən.
Xuduş
Amanın bir günüdür, Ağasəlim, sərhesab ol. Özü də həmişə “bəli”, “xeyr”lə.
Ağasəlim
Niyə, nə olub bəyəm? O kimdir ki?
Xuduş
A balam, necə kimdir? Müstəntiqdir. Acı danışarsan, tutar basar dama də...
Ağasəlim
Ölmüşdü Ağasəlim!
Xuduş
Lənət sənə, şeytan! Yəni, bu, qoçaqlıq yeridir?
Sadıqov (gəlir)
Nə olub yenə? Niyə boğuşursunuz?
Xuduş
Deyirəm, qardaş, siyasətin olsun, müstəntiqlə qaba danışma, başlayıb...
Sadıqov
Doğrudur. İndi adamlardan mədəniyyət tələb olunur. Bax, yenə də qalstuk bağlamamısan.
Ağasəlim
Vallah, Sadıqov qardaş, qalstuk bağlayanda az qalır bağrım çatlasın.
Sadıqov
Öyrənmək lazımdır. Qalstukun olmasa, deyəcəklər mədəniyyətsizdir. Bu da sənin işinə təsir edəcək. Başa düşdün?
Ağasəlim
Bəli, onu başa düşməyə nə var ki!
Sadıqov
Mənim atam, babam şlyapa qoymuşdu? Ya elə bilirsiniz bu çalağan yuvasından çox xoşum gəlir? Zəmanənin tələbidir... (Xuduşa) Sən də çox əzilib-büzülmə! Özünü tox tut! İnsanın ən güclü müdafiə vasitəsi cəsarətdir! Bir işi tutma, tutdunmu, qorxma! Qabağındakının gözünün içinə dik bax! Özünün haqlı olduğuna inan! Onsuz da, qorxaqlıq səni xilas etməyəcək.
Ağasəlim
A balam, niyə qorxursan axı? Şükür Allaha, anbarımızdan əskiyimiz çıxmayıb, bir şey olmayıb. Özümüz də Sadıqov qardaşdan iki dəfə təşəkkür almışıq.
Sadıqov
Hələlik o barədə danışmaq lazım deyil. Yeri gələndə mən deyərəm. Bilirsiniz, Xuduş demişkən, siyasət lazımdır. Biz gərək özümüz özümüzü yox, bir-birimizi tərifləyək. Bir-birimizin avtoritetini qaldıraq.
Ağasəlim
Məsələn, biz sizin avtoritetinizi necə qaldıraq, Sadıqov qardaş?
Sadıqov
Əslinə baxsanız, heç mənim buna ehtiyacım da yoxdur. Ancaq yenə də işimizin xatirinə deyərsiniz ki, Sadıqov yoldaş həmişə bizə öyüd-nəsihət verir ki, xalqa sədaqətlə qulluq eləyək. Düz olaq.
Ağasəlim
Niyə demirik? Lap üstünə beşini də qoyub deyərik.
Sadıqov
Çox da şişirtmək lazım deyil. Ağlınız özgəsinə getməsin. Bu müstəntiq tükü tükdən seçəndir.
Xuduş (pıçıltı ilə)
Şahsuvarova bir şey boyun olmusan?
Sadıqov
Nə boyun olacağam? Elə bizim qazandığımızın yarısı onun deyil?
Ağasəlim
Siz öləsiniz, zalım oğlu məni lap süngə çəkdi. Özünün də azla işi yoxdur.
Sadıqov
Bağırma! Verməsən, almazsan. İyirmi əngəlinin üstünü basdırıb.
Ağasəlim
Atası xeyrinə eləməyib ki! (Hirslənir) Sən öləsən, onu-munu bilmirəm. Bir köməyi dəyməsə, hamısını açıb deyəcəyəm. Çolaq oğlu Ağasəlimi hərif hesab eləmək olmaz!
Sadıqov
Adə, yaxşı, adə, onu bil ki, indiyə qədər onların sayəsində azad gəzirsən, yoxsa, çoxdan damdaydın.
Xuduş
Düzdür, qardaş, düzdür. Adam gərək tanrısına təpik atmasın!
Sadıqov
Yaxşı, siz gedin, mənim burda mühüm bir adamla görüşüm var.
Xuduş
İşin xeyrinədir?
Sadıqov
Hesabla gərək xeyrinə olsun. Görək...
Xuduş ilə Ağasəlim başqa səmtə, Sadıqov isə başqa səmtə gedərək, bağın dərinliklərində yox olurlar. Bir azdan Cahangirlə Reyhan gəlirlər.
Reyhan
Bu da sənin evin...
Cahangir
Gedək qonağım ol...
Reyhan
Sağ ol. Burada yoldaşım var, onlara gedəcəyəm.
Cahangir
Qoy onda səni ötürüm.
Reyhan
Lazım deyil. Evləri yaxındadır.
Cahangir
Elə isə, xudahafiz.
Reyhan
Nə üçün məndən belə tez ayrılmaq istəyirsən?
Cahangir (onun əlindən tutaraq)
İncimə, Reyhan. Bu saat fikirlərim alt-üstdür.
Reyhan
Hiss edirəm. Bayaqdan telefonda da çox bikef danışırdın.
Cahangir
Sən zəng vuranda mən Sadıqovun adamlarını istintaq edirdim.
Reyhan
Qurtardınmı?
Cahangir
Hələ yox. (Pauza) İşin kökü çox dərinlərə gedir, Reyhan. Qorxuram bizim hər ikimiz üçün ağır olan əhvalat meydana çıxsın.
Reyhan
Mən isə qorxmuram! Yara nə qədər tez üzə çıxsa, bir o qədər yaxşıdır! Sən hər bir şeyi aydınlaşdırmısanmı?
Cahangir
Hələ tamamilə aydınlaşdıra bilməmişəm. Bəzi məsələləri təkrar-təkrar yoxlamaq istəyirəm.
Reyhan
Mən də, hələlik, səndən heç bir şey soruşmuram, Cahangir. Ancaq xəstə kim olursa-olsun, yaxşı cərrahın əlində bıçaq titrəməməlidir! Sağ ol! Axşam sənə zəng edəcəyəm.
Cahangir
Gözləyəcəyəm.
Reyhan gedir. Cahangir onun ardınca xeyli baxır. Sonra qayıdıb evə keçir. Müxtəlif tərəflərdən gələn İldırım Atayevlə Mehrican qabaqlaşırlar.
Mehrican
Salam.
İldırım Atayev
Salam.
Pauza. Hər ikisi həyəcan içindədir.
İldırım Atayev
Niyə siz dünən elə gözlənilmədən çıxıb getdiniz?
Mehrican
Dayanmaq mənim üçün çətin idi.
İldırım Atayev
Mən bilmək istəyirəm, bütün bunlar doğrudanmı həqiqətdir?
Mehrican (cəsarətlə)
Mən sizin yolunuzu çoxdan gözləyirdim.
İldırım Atayev
Necə? Məgər, siz məni əvvəllər tanıyırdınız?
Mehrican
Xeyr. Tanımırdım. Ancaq bilirdim ki, bir gün siz gələcəksiniz. (Qısa pauza) Siz mənim xəyalımda yaşayırdınız.
İldırım Atayev
Təşəkkür edirəm. Min dəfə təşəkkür edirəm! (Qısa pauza) Rica edirəm, öz qəlbinizi təkrar-təkrar yoxlayın. Unutmayın ki, mənim gəmim bir dəfə daşa toxunub.
Mehrican
Mən bunu bilirəm.
İldırım Atayev (həyəcanla)
Elə isə deyin. Tamamilə bitərəf bir adam kimi deyin, mən sizin məhəbbətinizə layiqəm?
Mehrican (gərgin bir təbəssümlə)
Sevənlər bitərəf adamlar kimi danışa bilməzlər.
İldırım Atayev
O... Siz mənim düşündüyümdən də ağıllısınız. (Pauza) Lakin yox! Mən, həyatımda cəmi iyirmi dörd bahar görmüş sizin kimi bir qızın otuz doqquz yaşlı, saçları ağarmış bir adamla həyat yoldaşı olmasını rəva görmürəm! Bu mümkün deyil! Sizin gəncliyiniz mənim üçün öz səadətimdən min dəfə qiymətlidir! (Pauza) Niyə susursunuz?
Mehrican (gülümsəyərək)
Mənim bir qəlbim var idi, onu da sizə açdım. Başqa nə deyə bilərəm ki? Sağ olun. (Sürətlə uzaqlaşır).
İldırım Atayev (tək)
Bu mümkündürmü? (Fikirli halda gedir)
Şahsuvarovla Sadıqov gəlirlər.
Sadıqov
Bu gecə səhərə qədər gözümə yuxu getməyib.
Şahsuvarov
Səbr elə, bu dəqiqə hər şeyi öz gözünlə görərsən!
Sadıqov
Qəribədir.
Şahsuvarov
Doğrudan da, çox qəribədir...
Sadıqov
Ürəyim lap darıxdı.
Şahsuvarov (saatına baxaraq)
Bu ağacın dalına çəkil.
Sadıqov
İ... i... lap qəribənin qəribəsidir.
Lətafət tələsik addımlarla gəlib, Cahangirin evinin artırmasına çıxır.
Sadıqov
İ... i... bu Liliçka deyil?
Şahsuvarov
Məncə, özüdür.
Sadıqov
Hara gedir?
Şahsuvarov
Görmürsünüz?
Sadıqov
Axı, onun Cahangirin evində nə işi var?
Şahsuvarov
Əri sənsən!
Sadıqov
Əgər, mənəmsə, mən bilmirəm. İ... i... odur, zəngi basdı. Qapı açıldı. Liliçka girdi içəri... İ... i... qapı örtüldü. Yurdun kor qalsın, Məşədi Kərim, bu nə işdir? Mənim arvadımın bu vaxt subay oğlanın evində nə işi var?
Şahsuvarov
Dayan! Qışqır-bağır salma! Dünən mənim adamlarım xəbər gətirdilər ki, Lətafət hər axşam gəlir Cahangirin mənzilinə!
Sadıqov (başına vurur)
Hər axşam?
Şahsuvarov
Mən əvvəl inanmadım. Elə ki, dünən gəlib indiki kimi öz gözlərimlə gördüm...
Sadıqov
Ax, namərd arvad! Mən səni brilyantlara qərq edirəm, sən də mənim başımı yerə soxursan?!
Şahsuvarov
Bura bax, bəlkə özün göndərmisən?
Sadıqov
Əşi, sən məni binamus-zad hesab edirsən?
Şahsuvarov
Dedim, bəlkə minnət-filan üçün...
Sadıqov
Sən öləsən, yox!
Şahsuvarov
Elə isə, daha şübhə yeri yoxdur.
Sadıqov
Kor-kor, gör-gör.
Şahsuvarov
Səni dolaşdırıb tutmaq istəməsi də elə bununla əlaqədardır...
Sadıqov
Düz deyirsən.
Şahsuvarov
İndi burada ağılla hərəkət etmək lazımdır. Bildinmi? Fərqi yoxdur, sən biabır olmusan! Çünki bu əhvalatı indi bütün şəhər danışır... Ona görə də, xışı dərindən götürmək lazımdır. Cahangiri ifşa etmək üçün tale özü sənin əlinə fürsət vermişdir!
Sadıqov
İndi mən nə edim?
Şahsuvarov
Bu dəqiqə get gir içəri, bir tufan qopar ki, göy üzü tutulsun!
Sadıqov
Sonra?
Şahsuvarov
Sonrası ilə sənin işin olmasın! Ancaq məni orada görəndə özünü elə aparırsan ki, guya, mənim bu əhvalatdan heç bir xəbərim yoxdur.
Sadıqov
Başa düşürəm.
Şahsuvarov
Di tərpən! Unutma ki, boran nə qədər tez gəlsə, çanavarın işi o qədər asan olar.
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-atayevler-ailesi-ikinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
... Onun son vaxtlar mənə həddindən artıq qayğı göstərdiyini, hər cür vəziyyətdən istifadə edərək mənə xoş sözlər deməyə çalışdığını hiss edirdim... Bu isə məni hər şeydən çox acıqlandırırdı. Çünki mən uşaqlıqdan ikiüzlülüyə, qorxaqlığa nifrət edirəm... Biz körpüsalanlar öz kiçik briqadamızda söz qoymuşduq ki, ürəyimizdən keçənləri bir-birimizdən gizlətməyək.Bəs ər-arvad necə?
QəribcanMən Səriyyənin gətirdiyi tor köynəklərdən birini geyərkən özümdə qeyri-adi bir fərəh hiss elədim. Səriyyə bizim iş yoldaşımızdır. Bizim briqadanın üzvüdür. O, ayağımı kəsilməyə qoymayaraq, məni götürüb Bakıya qaçdığı kimi, burada mənə lazım olan şeyləri də alıb gətirə bilərdi. Burada təəccüblü heç nə yox idi. Bununla bərabər, tor köynəyi geyərkən mən özümdə qeyri-adi bir fərəh hiss elədim. Elə bil ki, mənə fövqəladə səadət üz vermişdi. Elə bil ki, mən daha xoşbəxt bir dünyaya qədəm qoymuşdum. Tor köynəyin təması məndə tamam yeni bir duyğunun yaranmasına səbəb olurdu.Mən xəstə yoldaşlarımla gülür, zarafat edir, tez-tez yaralı ayağıma toxunaraq, ağrıyıb-ağrımamasını bilmək istəyirdim.
Sən həmişə mənimləsən, yaxud "Boy çiçəyi"İştirak edirlərHəsənzadə – zavod direktoru*
Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılıÜçüncü yay gecəsi idi ki, şəhərin sakitliyi içində Xan qızı Gülsənubər tarda çalınan o muğamı eşidirdi. Və üçüncü yay gecəsi idi ki, Xan qızı Gülsənubərin yuxusu göyə çəkilmişdi. O tarçalan oğlanın gözlərindəki qəribə ifadə ilə çaldığı muğamın söylədiyi hekayət arasında ayrılmaz bir bənzərlik var idi. O hekayətin nədən ibarət olduğunu qız dərk eləyə bilmirdi. Lakin hiss edirdi ki, bu, nə isə, uzaqlarda və uzaq zamanlarda olub getmiş bir hekayət idi. Bəs, onda nə üçün o əhvalatı indi tarında hekayə edərkən oğlanın baxışları bu qədər pərişan, bu qədər əlacsız olurdu? Qız onu da hiss edirdi ki, muğamın danışdığı o əhvalatda nəhayətsiz bir kədər, bəlkə də, dünyada heç kəsin duya bilmədiyi bir nisgil var. Və indi bu cavan tarzən o pərişan, o nisgilli əhvalatı çaldığı muğamın gücü ilə hamıya nəql etmək istəyirdi. O qəmli əhvalatın sirri, yəqin ki, bu oğlana aydın idi. Yoxsa böyük Allahın onun gözlərinə bəxş etdiyi işıq muğamı çalmağa başladığı zaman birdən-birə bu qədər gözəl, bu qədər cazibədar, bu qədər dərin görünə bilməzdi.Güllərin, çiçəklərin ətriylə dolu bu aylı gecənin nəhayətsizliyi harada, hansı yalçın qayalıqda isə qurtarırdı. Lakin cavan tarzənin gözlərindəki o işıqlı, anlaşılmaz dünya, muğamı çaldıqca, həm dərinləşir, həm də əsrarəngiz və qavranılmaz olurdu... Və qız, bütün bu düşündüklərinin, hiss etdiklərinin boş bir xəyal olduğuna özünü nə qədər inandırmaq istəyirdisə, ürəyini o aləmdən qoparıb, o cavan tarzəni özündən uzaqlaşdıra bilmirdi...
Poems by other poets
Eşqin şəhərində dəllal olmuşam,Bilmirəm yar üçün nə aləm indi.
YoxsulBir yoxsul, bir zaman gedib hamama,Soyunub, əl atıb çanağa, caına,
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.