Contents
  1. Dördüncü şəkil
  2. Beşinci şəkil
  3. Altıncı şəkil
  4. Yeddinci şəkil
  5. Səkkizinci şəkil

Page 4 of 7 · 43%

Sadıqov

Ancaq sən gecikmə.

Şahsuvarov (qəzəbli halda)

Vaxt keçir!

Sadıqov Cahangirin evinə tərəf gedir. Şahsuvarov harasa yüyürür.

Pərdə

Altıncı şəkil

Cahangirin evi. Yuxarı tərəfdə böyük kitab rəfi qoyulub. Ortada ağ örtüklü stol var. Divan, radioqəbuledici, telefon. Arxa pəncərədən əlvan rənglərə boyanmış qürub görünür... Lətafət və Cahangir. Lətafət dərin həyəcan içindədir.

Cahangir

Demək, siz buraya Sadıqovun işi üçün gəlmisiniz?

Lətafət (həyəcanla)

Bəli.

Cahangir

Görünür, ərinizi çox istəyirsiniz.

Lətafət yerində səbrsiz hərəkətlər edir. Pauza.

Cahangir

Niyə dinmirsiniz?

Lətafət

Məsələ istəməkdə deyil...

Cahangir

Bəs nədədir? (Pauza) Əlbəttə, ərinizdir.

Lətafət (hövsələdən çıxaraq)

Rica edirəm, bu sözü çox təkrar etməyəsiniz.

Cahangir

Əgər, siz Sadıqovu bir ər kimi sevmirsinizsə, niyə onun minnətini edirsiniz? Yoxsa, bu qiymətli daş-qaşlarınızdan ayrılmaq istəmirsiniz?!

Lətafət (ağlamsınmış halda)

Nə üçün siz mənə belə sözlər deyirsiniz? Mən sizdən kömək istəməyə gəlmişəm.

Cahangir

Mən sizin xahişinizin mənasını bilməliyəm. Elə deyilmi? (Pauza) Ona görə də təkrar soruşuram. Əgər, siz ərinizi sevmirsinizsə, nə üçün onun işini öz taleyinizlə əlaqədar hesab edirsiniz? (Pauza) Bəlkə o özü sizi bura göndərib?

Lətafət

Mənim bura gəlməyimdən onun xəbəri yoxdur.

Cahangir

Bəlkə siz onu doğru yola qaytarmaq, öz həyatınızı yenidən qurmaq istəyirsiniz? (Pauza) Bəlkə siz ona acıyırsınız?

Lətafət

Xahiş edirəm, soruşmayın. Əgər, qəlbinizdə mənə qarşı zərrə qədər də mərhəmət varsa, Sadıqovun qurtarmasına çalışın. (Ağır pauza)

Cahangir

Deyirsiniz sizin bura gəlməyinizdən Sadıqovun xəbəri yoxdur?

Lətafət

And içirəm ki, xəbəri yoxdur!

Cahangir (sərt)

Elə isə, düzünü deyin, sizi bura kim göndərib?

Lətafət (hərarətlə)

Heç kim, özüm gəlmişəm. (Pauza)

Cahangir

Yadınızdadırmı, dünən xalanızgildə mən sizdən soruşdum ki, niyə həmişə bikef görünürsünüz. Mən bu sualı təsadüfi vermirdim. Mən hiss edirdim ki, siz nədənsə narazısınız. Ürəyinizi bir dost, bir yoldaş kimi mənə açın. Mən sizə, şəxsən sizə hər cür köməyə hazıram! Bəlkə bir çətinlik içindəsiniz? Bəlkə bir məsləhətə möhtacsınız? (Pauza. Lətafət tərəddüd və iztirab içində susur) Əgər, bu bir sirdirsə, ikimizin arasında qalacağına namusla söz verirəm!

Lətafət (ağlayır)

Yox... bacarmıram... mümkün deyil...

Cahangir

O zaman mən sizə nə deyə bilərəm...

Lətafət

Siz Sadıqova kömək etmək istəmirsiniz?

Cahangir

Sadıqov cinayətkardır, Lətafət xanım!

Lətafət

Bəs, onda mən nə etməliyəm?

Cahangir

Təəssüf ki, siz mənə ürək qızdırıb, gəlişinizin əsl səbəbini açıb söyləmədiniz. Bəlkə də, mən sizə nə etmək lazım olduğunu deyə bilərdim.

Qapının zəngi vurulmadan Sadıqov içəri daxil olur. Pauza.

Sadıqov (Lətafətə)

Sən burada nə gəzirsən?

Lətafət

Onun sənə dəxli yoxdur!

Sadıqov (qışqırır)

Necə dəxli yoxdur? Bəs, mən sənin ərin deyiləm?!

Lətafət

Ər!

Sadıqov

Yoxsa yalandır?! (Cahangirə) Sən cavab ver görüm, mənim cavan arvadımın sənin evində nə işi var?

Cahangir

Qışqırmayın, mən kar deyiləm!

Sadıqov

Mən də sən deyən ərlərdən deyiləm! Cavab ver! Yoxsa, bu saat yerin altını üstünə çevirəcəyəm!

Lətafət

Bura mən özüm gəlmişəm, onun xəbəri yoxdur, bildinmi?

Sadıqov

Xeyr! Elə nömrələr işə keçməz! Cavab verin! Hər ikiniz cavab verin!

Şahsuvarov bir nəfər leytenantla daxil olur.

Şahsuvarov

Bu nə səs-küydür, canım? Leytenantla küçədən keçirdik, eşidib dedik, görəsən, nə olub?

Sadıqov

Nə olacaq?! Xalqın hüququnu, namusunu yaxşı qorumursunuz. Kişinin özünü dolaşdır, arvadını isə, çək gətir evinə?

Şahsuvarov (əli ilə onun ağzını tutaraq)

Yavaş! Qışqırma! Küçədən keçənlər eşidərlər.

Sadıqov (qışqırır)

Qoy eşitsinlər! Qoy görsünlər ki, namuslu şəxslərin başına nə oyun açırlar!

Lətafət

Ax... Bilsəydin ki, mən sənə nə qədər nifrət edirəm?!

Sadıqov

Hə? Belə?! Yaxşı, o necə olur ki, Sadıqovun daş-qaşları ilə bəzənirsən, amma özünə nifrət edirsən?! Hə?!

Lətafət boyunbağısını, saatını, üzüklərini qoparıb onun başına çırpır.

Lətafət

Ah!

Sadıqov

İ... i... yavaş, yavaş! Nə qayırırsan? Dağıtma!

Lətafət sürətlə çıxır. Pauza. Sadıqov yerə tökülmüş daş-qaşları yığışdırır.

Şahsuvarov (Sadıqova)

Sən də qəribə adamsan. Nə olar, adam adamın evinə gələr də.

Sadıqov

Nə münasibətlə? Mən ona demişdim?!

Şahsuvarov

Yaxşı, yaxşı, ayıbdır.

Sadıqov

Ayıb-zad qanmıram. Xahiş edirəm, bu saat oturub bizim bu davamız haqqında akt yazasınız.

Şahsuvarov

Burax, canım! Bu sizin üçün də, yoldaş Cahangir üçün də yaxşı olmaz!

Cahangir (Şahsuvarova)

Rica edirəm, siz mənim qayğıma qalmayasınız!

Şahsuvarov (gülümsəyir)

Görünür, bu vəziyyətin sizin üçün nə demək olduğunu başa düşmürsünüz.

Cahangir

Əksinə! Bu əhvalatın nə demək olduğunu mən sizdən daha aydın hiss edirəm.

Sadıqov

Yoldaş Şahsuvarov, onu bilin ki, siz aktı yazmasanız da, mən bu işi lap bu saat hər yerə... hər yerə xəbər verəcəyəm! (Qışqırır) İşin üstünü basdırmağınız üçün sizin özünüzdən də şikayət edəcəyəm...

Cahangir

Sadıqov! Lətafət buraya siz düşünən mənada gəlməmişdir. Əgər, buna inanmırsınızsa, gedin, nə bilirsiniz edin! İndi isə, rədd olmaq üçün sizə bir dəqiqə vaxt verirəm!

Sadıqov

Dayan... Dayan... Bəs, Liliçka bura nə üçün gəlmişdi?

Cahangir (qapını göstərərək)

Çıxın!

Sadıqov (Şahsuvarovun üzünə baxır)

Bəs akt? (Şahsuvarov çıxmasına him eləyir. Cahangirə) Neynək, çıx deyirsən çıxaram. Ancaq onu bil ki, mən namus üçün hər bir şeyə hazıram. (Çıxır)

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Səriyyə

... Onun son vaxtlar mənə həddindən artıq qayğı göstərdiyini, hər cür vəziyyətdən istifadə edərək mənə xoş sözlər deməyə çalışdığını hiss edirdim... Bu isə məni hər şeydən çox acıqlandırırdı. Çünki mən uşaqlıqdan ikiüzlülüyə, qorxaqlığa nifrət edirəm... Biz körpüsalanlar öz kiçik briqadamızda söz qoymuşduq ki, ürəyimizdən keçənləri bir-birimizdən gizlətməyək.Bəs ər-arvad necə?

57 min
Qəribcan

Mən Səriyyənin gətirdiyi tor köynəklərdən birini geyərkən özümdə qeyri-adi bir fərəh hiss elədim. Səriyyə bizim iş yoldaşımızdır. Bizim briqadanın üzvüdür. O, ayağımı kəsilməyə qoymayaraq, məni götürüb Bakıya qaçdığı kimi, burada mənə lazım olan şeyləri də alıb gətirə bilərdi. Burada təəccüblü heç nə yox idi. Bununla bərabər, tor köynəyi geyərkən mən özümdə qeyri-adi bir fərəh hiss elədim. Elə bil ki, mənə fövqəladə səadət üz vermişdi. Elə bil ki, mən daha xoşbəxt bir dünyaya qədəm qoymuşdum. Tor köynəyin təması məndə tamam yeni bir duyğunun yaranmasına səbəb olurdu.Mən xəstə yoldaşlarımla gülür, zarafat edir, tez-tez yaralı ayağıma toxunaraq, ağrıyıb-ağrımamasını bilmək istəyirdim.

15 min
Sən həmişə mənimləsən, yaxud "Boy çiçəyi"

İştirak edirlərHəsənzadə – zavod direktoru*

19631 h 25 min
Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı

Üçüncü yay gecəsi idi ki, şəhərin sakitliyi içində Xan qızı Gülsənubər tarda çalınan o muğamı eşidirdi. Və üçüncü yay gecəsi idi ki, Xan qızı Gülsənubərin yuxusu göyə çəkilmişdi. O tarçalan oğlanın gözlərindəki qəribə ifadə ilə çaldığı muğamın söylədiyi hekayət arasında ayrılmaz bir bənzərlik var idi. O hekayətin nədən ibarət olduğunu qız dərk eləyə bilmirdi. Lakin hiss edirdi ki, bu, nə isə, uzaqlarda və uzaq zamanlarda olub getmiş bir hekayət idi. Bəs, onda nə üçün o əhvalatı indi tarında hekayə edərkən oğlanın baxışları bu qədər pərişan, bu qədər əlacsız olurdu? Qız onu da hiss edirdi ki, muğamın danışdığı o əhvalatda nəhayətsiz bir kədər, bəlkə də, dünyada heç kəsin duya bilmədiyi bir nisgil var. Və indi bu cavan tarzən o pərişan, o nisgilli əhvalatı çaldığı muğamın gücü ilə hamıya nəql etmək istəyirdi. O qəmli əhvalatın sirri, yəqin ki, bu oğlana aydın idi. Yoxsa böyük Allahın onun gözlərinə bəxş etdiyi işıq muğamı çalmağa başladığı zaman birdən-birə bu qədər gözəl, bu qədər cazibədar, bu qədər dərin görünə bilməzdi.Güllərin, çiçəklərin ətriylə dolu bu aylı gecənin nəhayətsizliyi harada, hansı yalçın qayalıqda isə qurtarırdı. Lakin cavan tarzənin gözlərindəki o işıqlı, anlaşılmaz dünya, muğamı çaldıqca, həm dərinləşir, həm də əsrarəngiz və qavranılmaz olurdu... Və qız, bütün bu düşündüklərinin, hiss etdiklərinin boş bir xəyal olduğuna özünü nə qədər inandırmaq istəyirdisə, ürəyini o aləmdən qoparıb, o cavan tarzəni özündən uzaqlaşdıra bilmirdi...

28 min

Poems by other poets